Страницы

01.07.2011

Yuri Alekseyeviç Qaqarin


Yuri Qaqarin-ilk kosmonavt
Aleksey İvanoviç Qaqarin və Anna Timofeyevna Matveyevanın ailəsində 1934-cü il, mart ayının 9-da Rusiyanın Smolensk vilayətindəki Qjatsk rayonunun Kluşino kəndində bir oğlan dünyaya gəldi. Sarışınsaçlı və mavigözlü bu körpənin adını Yuri qoydular. Amma o vaxt heç kim bilmirdi ki, dünyaya gələn bu körpəni bir vaxtlar bütün dünya tanıyacaq və hər dəfə onun adı gələndə milyonlarla insanın qəlbi coşacaq.
Müharibə başlayanda Yurinin 7 yaşı vardı və o, məktəbə getməyə hazırlaşırdı. Amma məktəbə getmək ona nəsib olmadı. 1941-ci ilin iyunun 22-də Almaniya SSRİ üzərinə hücum etdi və müharibə başladı. Cəbhədə sovet ordusuna sarsıdıcı zərbələr endirən almanlar 1941-ci il, oktyabr ayının 12-də Smolensk vilayətini işğal etdilər. Nəticədə, balaca Qaqarin bir neçə il ərzində alman işğalı altında olan ərazidə yaşamalı oldu. Ancaq 1943-cü il, aprel ayının 9-da isə hücuma keçən sovet ordusu yenidən Smolensk vilayətini azad etdi. 1945-ci ildə Qaqarinlər ailəsi Qjatska köçdülər.
Qaqarin 6-cı sinfi bitirdikdən sonra peşə məktəbinə daxil oldu. Oranı bitirdikdən sonra isə Saratov Sənaye Texnikumuna daxil oldu. O, təhsil almaqla bərabər, aeroklubda da məşğul olmağa başladı. 1955-ci ildə “YAK-18“ təyyarəsində ilk uçuşunu etdi. Qısa müddətdə 196 dəfə havaya qalxdı və 42 saat 23 dəqiqə uçuş keçirdi. Elə həmin ilin payızında hərbi xidmətə çağırıldı və Orenburqda xidmət etməyə başladı. Təyyarəni sərbəst idarə edə bildiyi üçün Qaqarini Orenburqdakı Hərbi Aviasiya Məktəbinə oxumağa göndərdilər.1957-ci ildə o, bu məktəbi uğurla bitirdi və Şimal dənizindəki hərbi dəniz donanmasının 122 saylı qırıcı aviasiya diviziyasının 169 saylı polkunda xidmət etməyə başladı. Ona həmin dövr üçün olduqca müasir hesab edilən “MİQ-15“ qırıcı təyyarəsini idarə etməyi tapşırmışdılar.
Yuri Qaqarin 1959-cu ildə ailə həyatı qurdu. Həmin dövrdə SSRİ-də kosmosun fəthi sahəsində bir-birinin ardınca uğurlar əldə edilməkdə idi. Ona görə də bu sahə əksər gəncləri maqnit kimi özünə çəkirdi. Qaqarin də kosmosa can atırdı. Bu məqsədlə o, 1959-cu ilin dekabr ayının 9-da Moskvadakı Kosmik Tədqiqatlar Mərkəzinə müraciət edərək, kosmonavtlar sırasına daxil olmaq istədiyini bildirdi. Onu da deyək ki, artıq o vaxt Qaqarin kifayət qədər təcrübəli idi və ən çətin hallarda belə soyuqqanlılığı ilə diqqəti cəlb edirdi. Qaqarinin ərizəsi nəzərə alındı və həmin il Moskvaya çağırıldı. O, burada digər namizədlərlə birlikdə kosmosa uçuşa hazırlaşmağa başladı.


Kosmik Tədqiqatlar Mərkəzində

Məktəbdə Qaqarinlə bərabər 20 nəfər də var idi. Amma onların heç biri Qaqarin qədər təcrübəyə malik deyildi. Həmin dövrdə namizədləri SSRİ-də kosmosun atası hesab edilən Korolyov şəxsən özü seçirdi. Kosmonavt olmaq istəyənlərin isə boyu 170 sm-dən hündür, çəkisi isə 72 kiloqramdan ağır ola bilməzdi. Çünki yerətrafı orbitə çıxarılması nəzərdə tutulan “Vostok-1“ kosmik gəmisi çox da böyük deyildi. Qaqarinin isə boyu 165 sm, çəkisi isə 57 kiloqram idi. O, bu göstəriciləri ilə Korolyovun istəklərinə cavab verirdi. Korolyov kosmosa göndərilməsi üçün 20 nəfər namizəddən yalnız 6-nı seçdi. Qaqarin də onların arasında idi. Korolyov çox tələsirdi. Çünki amerikalılar 1961-ci il, aprel ayının 20-də kosmosa ilk astronavtlarını göndərməyə hazırlaşırdılar. Ona görə də kosmosa ilk uçuşun aprel ayının 11-17 arasında keçirilməsi qərara alınmışdı. Korolyov 6 namizəddən sonda yalnız iki nəfəri — Qaqarini və German Titovu saxladı. Qaqarin kosmosa uçmalı idi, Titov isə hər hansı bir hadisəyə qarşı onun əvəzedicisi kimi ehtiyatda saxlanılmışdı. Hər ehtimala qarşı kosmosa ilk insan göndərilməsi ilə bağlı “İTAR TASS“ üçün 3 bəyanat hazırlanmışdı. Bunlardan birincisi, uçuş uğurla baça çatacağı halda, ikincisi, kosmik gəmi hansısa bir səbəbdən dənizə və ya başqa bir ölkənin ərazisinə düşəcəyi, üçüncüsü isə, Qaqarin faciəli şəkildə həlak olacağı halda səsləndirilməli idi.


Dünyaya səs salan uçuş

SSRİ-nin ABÅž-ı növbəti dəfə kosmosda ötüb keçmək istəyi və bunu sosializmin kapitalizmdən üstünlüyü kimi ideoloji mübarizə vasitəsinə çevirmək cəhdləri öz bəhrəsini verdi. 1961-ci il, aprel ayının 12-də Moskva vaxtı ilə saat 09.17-də Qazaxıstandakı Baykonur Kosmodromundan “Vostok-1“ kosmik gəmisi start götürdü. Yer ətrafında dövrə vuraraq, 108 dəqiqə orbitdə qalan Qaqarin yenidən geri qayıtdı. Amma enmə aparatında baş verən texniki nasazlıq ucbatından o nəzərdə tutulduğu kimi, Stalinqraddan (indiki Volqoqraddan) 110 kilometr aralı deyil, ondan xeyli uzaqda olan Saratov vilayətindəki Engels şəhəri yaxınlığında yerə endi. İlk dəfə gözlənilməz qonağı qarşılayan yerli meşəbəyinin həyat yoldaşı Anna Akimovna Taxtarova və onun 6 yaşlı nəvəsi Rita oldu.

Qeyri-adi şöhrət

Qaqarinin Engels yaxınlığında enməsindən az sonra yerli aeroportdan “Mİ-4“ təyyarəsi havaya qalxdı. Ona Qaqarini axtarıb tapmaq tapşırılmışdı. Amma təyyarə hadisə yerinə gələnə kimi Qaqarin ilk rast gəldiyi yük maşınına minərək, Engels şəhərinə gəlmişdi. Onu buradan dərhal hərbi hava limanına apardılar. Moskvaya isə belə bir teleqram göndərildi: “Qaqarin tapılıb və Moskvaya yola salınacaq“. Bu arada isə təcili şəkildə Baykonurdan Engels şəhərinə “İL-18“ və “AN-10“ təyyarələri göndərildi. Həmin təyyarələrlə Engelsə gələn SSRİ Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Aqaltsov və bir qrup jurnalist Qaqarinin Moskvaya uçuşu ərəfəsində ondan müsahibə götürdülər. Engelsdən də Qaqarin SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşovla telefon əlaqəsinə girərək, ona uçuşun uğurla başa çatdığı barədə raport verdi. Bundan sonra onun Moskvaya uçuşu ilə bağlı planda dəyişiklik edildi. Qaqarini “İL-14“ təyyarəsi ilə, əvvəlcə, Kuybışev (indiki Samara) şəhərinə gətirdilər. Bu səfər gizli olsa da yerli əhali haradansa bundan xəbər tutmuşdu və bütün şəhər ayağa qalxaraq hava limanında Qaqarini alqışlayırdı.

Moskva coşub-daşırdı

Həmin tarixi anlarda bütün dünyanın dilində ancaq bir ad gəzirdi: Yuri Qaqarin. SSRİ də isə Qaqarinin kosmosa uçması milyonların bayramına çevrilmişdi.
Əvvəlcə Moskvada Qaqarini təmtəraqla qarşılamağı planlaşdırmamışdılar. Amma son anda Xruşşov fikrini dəyişdi. Belə ki, Qaqarinin Moskvaya səfəri ərəfəsində Xruşşovla müdafiə naziri marşal Malinovski arasında belə bir dialoq baş verdi:
Xruşşov:
— Təcili şəkildə leytenant Qaqarinin rütbəsini artırmaq lazımdır.
Malinovski:
— Mən onun kapitan rütbəsinə layiq görülməsi barədə əmr imzalamışam.
Amma onun bu cavabından Xruşşov inciyən kimi olmuşdu.
Xruşşov:
— Kapitan nədir? Heç olmasa, ona mayor rütbəsi verin.
Malinovski:
— Bu, bizim hərbi qanunlarımıza ziddir və mən buna gedə bilmərəm.
Amma Xruşşovun israrlı tələbləri nəticəsində Malinovski geri addım atmağa məcbur oldu. Beləliklə, Qaqarin Moskvaya artıq leytenant kimi deyil, mayor kimi uçurdu. Yalnız bundan sonra Xruşşov artıq mayor rütbəsinə layiq görülən Qaqarinin təntənəli şəkildə qarşılanması barədə göstəriş verdi. “Vnukovo“ təyyarə meydanında Qaqarin böyük təmtəraqla qarşılandı. Oradan onu birbaşa Qızıl meydana apardılar. Yüz minlərlə insanın yığıldığı Qızıl meydanın tribunasında Xruşşov tərəfindən hərarətli şəkildə qarşılanan Qaqarin daha bir gözlənilməz hadisənin şahidi oldu. Xruşşov SSRİ Ali Soveti tərəfindən Qaqarinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bəyan etdi və “Qızıl ulduz“u ona təqdim etdi. Bu sovet imperiyasının II Dünya müharibəsindən sonra yaşadığı ən sevincli anlarından biri idi. Həmin təntənəli günlərdə Rusiyanın doğum evlərində anadan olan oğlan uşaqlarının böyük əksəriyyətinə Qaqarinin şərəfinə Yuri adı verdilər.
1961-62-ci illərdə Qaqarin sovet ideologiyasını təbliğ etmək məqsədilə sosializm və kapitalizm bloku ölkələrinə, o cümlədən Böyük Britaniyaya, Kanadaya, Polşaya, Braziliyaya, Hindistana səfərlər etdi. Hər yerdə də onu böyük coşqu ilə qarşılayırdılar. Bu səfərlər zamanı keçirdiyi görüşlərdə onu bəzən gündə azı 18-20 dəfə çıxış etməyə məcbur edirdilər.
Lakin Qaqarin son dövrlərdə özünə münasibətin xoşagəlməz şəkildə dəyişdiyini hiss edirdi və o, özü də artıq yaşadığı həyatdan bezməyə başlamışdı.
ilk kosmonavt-Yuri Qaqarin hamının sevimlisi idiYerətrafı orbitdə 108 dəqiqəlik uçuş Qaqarinin həyatını başdan ayağa dəyişmişdi. O, dünyanın ən məşhur insanlarından birinə çevrilmiş və bunun təsiri altında dəyişilərək tamam başqa bir adam olmuşdu. Necə deyərlər, Qaqarin həmin dövrdə artıq şəxsiyyətə pərəstişin şirin anlarını yaşamağa başlamışdı. Həmin vaxtda istər ölkə daxilində, istərsə də xaricə səfərləri zamanı çoxsaylı insanlarla görüşməsi və bu görüşlərin yemək masası arxasında başa çatması onun sərxoşluğa meylini gücləndirmişdi. Eyni zamanda Qaqarin xeyli kökəlmişdi. Bu isə onun idmanla məşğul olmasına və aviauçuşlarda iştirak etməsinə imkan vermirdi. Buna baxmayaraq, rəsmi dövlət rəhbərləri belə, onun sərxoşluğuna və şıltaqlığına göz yumurdular.
1964-cü ildə Qaqarini kosmonavtlar hazırlayan məktəbin rəhbərinin müavini təyin etdilər. Eyni zamanda onu iki çağırış SSRİ Ali Sovetinin deputatı seçdilər. Bunun ardınca o, N. E. Jukovski adına Hərbi Hava Mühəndisləri Akademiyasında təhsil aldı. Uzun fasilədən sonra — 1967-ci ildə Qaqarin yenidən uçmağa başladı. Bu dəfə Qaqarin özünü “MİQ-17“ təyyarəsində sınadı. Amma bu uçuş onun əvvəlki bacarığını itirməkdə olduğunu göstərdi. Belə ki, yerə enən zaman o, düzgün hesablama apara bilmədi və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur oldu. Çətinliklə də olsa hava limanına enən Qaqarin az qala böyük qəza törədəcəkdi. Amma bu, ona Aya ekspedisiyanı nəzərdə tutan kosmik gəmidə Vladimir Komarovun əvəzedicisi təyin edilməsinə mane ola bilmədi. Lakin Qaqarin son dövrlərdə özünə münasibətin xoşagəlməz şəkildə dəyişdiyini hiss edirdi və o, özü də artıq yaşadığı həyatdan bezməyə başlamışdı. Ona görə də buraxdığı səhvləri düzəltmək və yenidən şöhrətin zirvəsinə ucalmaq üçün növbəti dəfə kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq, gecə-gündüz hava limanından ayrılmırdı. Bununla belə, kosmonavtlar hazırlayan mərkəzdə hamıya aydın idi ki, Qaqarin artıq təkbaşına uçuş etməyə hazır deyil və bu onu faciəyə doğru aparır. Qaqarin isə sınaq uçuşlarında iştirak etməkdə israrlı idi. Buna görə də onun istəyi ilə hesablaşmağa məcbur oldular və xahişini nəzərə alaraq, Qaqarini Aya enməyi nəzərdə tutan kosmik gəmilərdən birinin ekipajı təyin etdilər. Qaqarin eyni zamanda qırıcı təyyarələrin sınaq uçuşlarında sınaqçı təyyarəçi kimi iştirak etmək üçün rəhbərliyi razı sala bildi.

Faciəyə gedən yol

Jukovski adına Hərbi Hava Mühəndisləri Akademiyasını bitirəndən sonra Qaqarin “MİQ-15 UTİ“ qırıcı təyyarəsində sınaq uçuşlarına başladı.1968-ci ilin mart ayının 13-dən 27-nə kimi tərəfdaşı ilə birgə 18 uçuş keçirdi və 18 saat havada oldu. Amma bu onun təkbaşına uçuşu üçün bəs etmirdi. Ona görə də Qaqarin sınaqçı təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Vladimir Sereginlə daha iki sınaq uçuşu keçirmək qərarına gəldi. 1968-ci il, mart ayının 27-də, Moskva vaxtı ilə saat 10.18-də Qaqarin və Seregin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxdılar. Hava olduqca sakit və açıq idi. Sınaq uçuşu 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10.30-da Qaqarin yerə enmək üçün icazə istədi. Bundan sonra təyyarə ilə əlaqə kəsildi. Əvvəlcə, bunu heç kəs faciə kimi qiymətləndirmək istəmədi və hamı səbrlə təyyarənin tezliklə yerə enəcəyini gözlədi. Amma az sonra artıq uçuş-sınaq meydanında hamı təşvişə düşdü. Çünki ötən müddət ərzində təyyarənin yanacağı artıq qurtarmışdı və onun sağ-salamat geriyə qayıtması inandırıcı görünmürdü. Dərhal həyəcan siqnalı verildi və itən təyyarənin axtarışına başlanıldı. Bu məqsədlə havaya xüsusi axtarış-xilasetmə təyyarələri qaldırıldı. Yalnız 3 saatlıq axtarışdan sonra, saat 14.50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün oldu. Ertəsi gün Qaqarinin yay uçuşlarında geydiyi gödəkcənin parçaları və onun adına olan yemək talonu aşkar edildi. Faciənin səbəblərini araşdırmaq üçün dövlət komissiyası yaradıldı. Bu komissiyaya yüzlərlə ekspert cəlb edilmişdi. Onlar qəza baş verən ərazini metr-metr təhqiq edir və xırda bir detalı belə, nəzərdən qaçırmırdılar.
Yuri Qaqarini itirən sovet xalqı həmin günlərdə yas içərisində idi. Çünki Qaqarinin ölümü SSRİ-nin kosmosda ağalıq etməsinin, demək olar ki, sonu idi. Digər tərəfdən, ölkə Qaqarindən başqa, daha bir neçə kosmonavtını faciəli şəkildə itirmişdi. Moskvada və dünyada çoxları bu qəzanın arxasında düşmən əli olduğu qənaətində idi. Amma bunu sübut etmək üçün tutarlı bir dəlil yox idi. Qaqarinin faciəli şəkildə ölümünü təhqiq edən komissiya da uzun araşdırmalardan sonra məsələ ilə bağlı qəti bir söz deyə bilmədi. Ona görə də komissiyanın çıxardığı yekun nəticə ictimaiyyətdən gizli saxlanıldı. Yalnız o məlumdur ki, Qaqarin uçuşdan əvvəl həyat yoldaşına məktub yazaraq, onunla vidalaşıbmış. Nə üçün? Bu suala birmənalı cavab vermək çox çətindir. Bununla bağlı istər-istəməz sual ortaya çıxır: Qaqarin sonuncu dəfə uçuş etdiyini haradan bilirmiş? Bəlkə də, ona bununla bağlı nə isə məlum imiş? Bu suallara isə bu günə kimi cavab tapılmayıb. Åžübhələri artıran bir məsələ də Qaqarinin həyat yoldaşına ünvanladığı son məktubunun mahiyyəti barədə mətbuata açıqlama verilməməsidir. Ola bilsin ki, Qaqarin bu məktubunda nəyə isə işarə vurubmuş. Əgər Qaqarin son məktubunda həyatından və ya yaşayışından razılığını ifadə edəcək bir söz belə yazsaydı, sovet ideologiyası dərhal bundan vətənpərvərlik təbliğatı üçün gen-bol istifadə edərdi… Amma, görünür, Qaqarinin vida məktubunda ətrafındakılardan narazılıq ifadə edən sözlər daha çox olub. Bütün bunlar da Korolyovun ölümündən sonra SSRİ Kosmik Uçuşlar Mərkəzində hansısa xoşagəlməz proseslərin getdiyini ehtimal kimi irəli sürməyə imkan verir.
Qeyd etdiyimiz kimi, Qaqarinin faciəli şəkildə həlak olması ilə bağlı məsələni araşdıran komissiya bununla bağlı açıqlama vermədi və onun nəticələrinin gizli saxlanılması məqsədəuyğun bilindi. Bununla belə, mətbuata sızan məlumatlara görə, komissiya qəzaya uğrayan təyyarənin qalıqlarının 95 faizini bir yerə yığmağa nail olmuşdu. Qəza yerində diametri 6, dərinliyi isə 7 metr olan çuxur əmələ gəlmişdi. Qəza Qaqarinin yerə enmək üçün icazə istəməsindən 50-60 saniyə sonra baş vermişdi. Həlak olan hər iki təyyarəçinin cəsədləri axtarılıb. Amma yalnız Sereginin cəsədinin ayrı- ayrı hissələrini tapmaq mümkün olmuşdu. Tapılmış qalıqların DNK yoxlaması isə onların yalnız bir adama-Sereginə aid olduğunu aşkara çıxarıb. Komissiya bu qənaətə gəlmişdi ki, qəza uçuş vəziyyətinin qəfildən dəyişməsi və gəmi heyətinin olduqca riskli sayılan manevr etməsi nəticəsində baş verib. Belə ki, kəskin və riskli manevr təyyarənin ştoporunun sınmasına səbəb olmuşdu. Amma bu hadisədə düşmən əli axtaran Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları apardıqları təhqiqat nəticəsində bu qərara gəlmişdilər ki, baş verən qəzaya səbəb aerodromun texniki heyətinin təhlükəsizlik qaydalarını pozması olub. Amma bütün bunlar Qaqarinin müəmmalı şəkildə yoxa çıxmasını və onun cəsədinin qalıqlarının tapılmamasını izah etmək üçün bəs etmədi. (Son)

Ehtimallar müxtəlifdir
Bu gün də Qaqarin və Sereginin ölümü ilə bağlı çoxlu sayda ehtimallar var. Bəzi ehtimallara görə, Seregin son vaxtlar xəstə idi, ancaq onu sınaq uçuşu keçirməyə məcbur edirdilər. Nəticədə, guya havada Sereginin ürəyi ağrıyıb və bunu görən Qaqarin onu darda qoymaq istəməyib. Bu da nəticədə təyyarənin idarəsinin itirilməsinə və qəzaya səbəb olub. Amma ortada bir acı fakt da var: Sereginlə müqayisədə Qaqarinin cəsədinin qalıqları aşkar edilməyib. Bu da Qaqarinin sirli ölümü ətrafında çoxsaylı əfsanələrin yaranmasına səbəb olub. Vəfat edəndən sonra onun adı əbədiləşdirilib. Qjatsk rayonu Qaqarin adlandırılıb. Moskvada və SSRİ-nin hər yerində onun adına küçələr və parklar salınıb. Bütün bunlara baxmayaraq, bu günədək Qaqarinin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı sirrin üstünü açmaq mümkün olmayıb.

Yazını Ali Çimenin “Tarixin axarını dəyişən hadisələr“ kitabı və internet materialları əsasında Əziz Mustafa hazırlayıb.

http://kayzen.az/                      Həmçinin bax:                     Yuri Qaqarinin həyatı

Комментариев нет:

Отправить комментарий