Страницы

16.08.2011

“Ayıb olmasın, mən AYB sədri olaramsa...”

Hafiz Mirzə


 Sədr olmaq istəməyən yazıçı heç də general olmaq istəməyən əsgərə bənzəmir

Azərbaycan Yazıçılar Birliyinin sədri olmaq arzusu bəlkə də mənim bu həyatda çatmaq istədiyim ən axırıncı arzu idi. Amma AYB sədri Anarın qarşıdan gələn qurultayda namizədliyi irəli sürülməyəcəksə və bu barədə qulağıma səslər dəyirsə, o halda birinci arzu olacağına inanmamağa heç bir əsasım qalmır. Ona görə yox ki, Anardan sonra o posta namizəd göstəriləcək hər hansı bir qələm dostumu o posta layiq bilməyəcəyəm, ona görə ki, özümün Azərbaycan yazıçısı və ədəbiyyatı üçün edə biləcəyim işlərin çəkisinin daha ağır olacağına şübhəm yoxdur. Çünki son aylar özünün sədrliyə namizədliyini irəli sürmüş bəy-əfəndilərin heç biri konkret nəsə demir, əsaslı heç nə vəd etmir və özünün bu iddiaya düşməsini əsaslandırmır. Bəzilərinin şou yapdığı açıq-aşkar hiss olunur. Adını çəkməklə reklam etmək istəmədiyim bir gənc “namizəd” o qədər hikkəli və AYB-nin hazırkı rəhbərliyinə qarşı o qədər qərəzlidir ki, əminəm, əgər kainatda qlobal dəyişikliklər baş verərsə, necə deyərlər, yer göyə gedərsə, göy yerə gələrsə və o minvalla birdən o adam sədr olarsa, elə birinci iş günü “Təcili yardım” maşınları Xaqanı 25 ünvanı üçün işləyəcək. Dəhlizlərdə dizə qədər qan çıxacağına və həmin yeni sədrin binanın qarşısındakı səkiyə paraşutsuz atılacağına da tam əminəm. Daha bir-iki namizəd var ki, böyük qardaşımız Anar müəllimə yaltaqlanmaqdan ötrü bu fürsəti qaçırtmadıqları və bəlkə də AYB rəhbərliyi ilə danışılmış qaydada irəli atılıblar. Bəlkə də bu, əsil namizədin qarşısını açmaq arzularından irəli gəlir- ola bilər. Amma əgər ağsaqqalımız Anar müəllim sədrliyə namizəd olmayacaqsa və hökumətdə böyük rəğbət sahibi olan cənab “Dranqo” da bu sevdadan vaz keçəcəksə, mən orada müstəqil iddialarda bulunan daha bir kimsə görmürəm və deməli, növbəti real namizədi Xaqani küçəsindən kənarda axtarmaq lazımdır. Kənarda isə Sabir Rüstəmxanlı və Elçin Əfəndiyevdən daha güclüsü tapılmaz. Sabir bəy mənim nəzərimcə bu vəzifəyə ən çox layiqli və daha güclü olan namizəddir. Amma VHP sədri olduğuna görə onun namizədliyi qəribçiliyə salınacaq. Elçin Əfəndiyev isə... Mənim nəzərimdə ondan daha real və bu vəzifəni daha uğurla apara biləcək ikinci namizəd axtarmağa heç dəyməz. Amma o özü bunu istəyərmi? Baş nazirin müavini olmaq hara, gəlib hikkəli yazarlara sədrlik etmək hara! Amma nə qədər ki, bu variantlar ehtimal olaraq qalır, onda biz yaxşıya ümid edək və əmin olaq ki, Anar müəllim namizədliyini irəli sürməyəcəyi təqdirdə, tam demokratik seçki keçiriləcək! Allah xatirinə, gülməyin! Bu dünyada hər şey ola bilər! O halda Azərbaycan Ədəbiyyatı və onun yazıçı-şair ordusu üçün daha çox iş görə biləcək bir nəfər sədr seçilməlidir. O halda, həmin o “seçiləcək” adam nə üçün də mən olmayım?! Buna mənim əksər göstəricilərim müvafiq gəlir. Soyadım rəsmən Mirzədir. Mirzə, yəni yazar! Məndən başqa soyadı da “Yazar” olan ikinci bir namizəd ola bilərmi? Deməli, mənim Yazarlara sədr olmağa daha çox mənəvi haqqım çatır. Mənim tay-tuşlarım İranda prezident, İngiltərədə baş nazir, Rusiyada spiker seçilə bilər, mən balaca bir ölkədə AYB sədri də seçilə bilmərə-ə-ə-ə-ə-m!? Bir-birimizə “vedrə başlamasaq”, bizimkilər lap BMT-ə sədr, AŞ prezident, Pentaqona komandan, “ÇRU”-ya şef , heç olmayan yerdə... o ABŞ-dir, ABIŞ-dır nədir, ona prezident də seçilə bilər. Yəni bizim Qarabala bir Keniyalı qarabaladan elə aciz oldu? “Prosto” Keniyada adamlar bir-birlərinə “vedrə bağlaya” bilmirlər, çalışıb daha irəliyə itələyirlər, bizimkilər isə nəinki “vedrə bağlamaq”, üstəlik “quyu qazmaq” işlərində də dünyada birincidirlər. Məsələn, mən indi bəyan edim ki, AYB sədrliyinə namizədliyimi irəli sürəcəyəm. O saat “dəmirçilər” işə başlayacaq. “Vedrələr” düzəldiləcəy-e!!! Əvvəlcə milli mənsubiyyətimə müdaxilə edəcəklər və mən zorla talış hesab olunacağam. Guya ki, talışın AYB sədri olması qəbahət imiş və bununla da yeni ümumdünya tufanı başlayacaqmış. Sonra mənim inanclı şiyə olmağımı bayraq edəcəklər. İran agenti hesab ediləcəyimə əsla şübhəm yoxdur. Amma vaxtında İran əleyhinə yazdığım palaz-palaz məqalələrim karıma yetəcək. Əslində birinci rəsmi münasibət AYB-nin “podvalında süpürgəçi işləyənlərdən” gələcək. Başlayacaqlar mənim uşaq vaxtı yazdığım hansısa uğursuz bir cümlənin quyruğundan yapışmağa. Hər kəs özünə və səviyyəsinə münasib tərzdə mübarizə aparar axı. Sonra “Bayatı” mağazasından kitablarımı yığışdırıb xəlvətə soxuşduracaqlar. Daha sonra 2-ci mərtəbədə oturanlar bizim dosta-tanışa öz istehzasını və narazılığını ifadə edəcək. Və birdən 3-cü mərtəbədən bir tənqidi yazı gələcək – “şarrak”!!! Həmin yazıda məni anadan olduğuma peşiman etməyə çalışacaqlar. Amma mən də peşiman olan deyiləm axı. Başlayacam kimlərisə şvabra kimi yıxıb sürüməyə. Zatən dəhlizlərin parketini bir az “maztika” ilə işıldatmağa ehtiyac var. Bu arada ədəbi gənclik gah məni müdafiə edəcək, gah da “AYO”-çuların “tirkəsinə” gedib şəbədəyə tutacaq. Gəzmirəm belə şeylərdən ötrü? Biz də özümüzə görə “əfqanıq”. Yəni mübarizələrə vərdiş eləmişik. Qəzetlər mənim əlimdən bezəcək, elektron mətbuat müsahibə və yeni cavablardan ötrü növbəyə duracaq. Televiziyalar bu məsələyə qarışmayacaq. Zatən onları ədəbiyyat heç vaxt ciddidən ciddiyə maraqlandırmayıb. Onların işi şou-biznesdir. Şou-biznesdə hər hansı gənc müğənniçəyə bir balaca çimdik vuranda sonra özləri həmin əli istənilən yerlərində gəzdirməyə çalışırlar. Şair-yazıçı belə deyil axı; hətta erotik şeirlər yazanlar da o saat həmin əli, barmağı burub o adamın daha yaxın yerinə tərəf istiqamətləndirər- vallahi-billahi! Ona görə də bu məsələdə yazılı KİV öndə olacaq. Cənublu yazarlar indi ortada və dəbdə olduqları üçün məni ikiəlli müdafiə edəcəklər. Ədəbiyyatda kök salmış iki məlum bölgənin mənsubları buna qarşı birləşəcəklər. Bu arada bizim uşaqlara yaxşıca yeyib-içməklik veriləcək. Ki, bizimkilər bölgəçilik siyasəti aparmasınlar. Heç onsuz da cənublular heç vaxt bölgəçi olmayıblar, sadəcə, illər boyu gördükləri ögeylikdən boğaza yığıldıqlarını nə vaxtsa biruzə verməlidirlər deyə hərəkətə gələcəklər, o da düşəcək mənim bəxtimə. Mən də onların həssas tellərində bir az “Yanıq Kərəmi” çalacağam! Yeri düşməmişkən, o Kərəmin bir erməni qızından ötrü “yanıq” olması mənim heç xoşuma gəlmir. İndiki zamanda ermənilər bu faktı əldə əsas götürüb dünyaya səs sala, “siranuşların-haykanuşların” tranzit qiymətini və aksiz vergisini qaldırıb, onları beynəlxalq seks-biznesdə ulduza çevirə bilərlər. Nəticədə, Ermənistanı dəstəkləyən müştərilərinin sayı artacaq. Sədr olan kimi elə birinci iclası “Əsli və Kərəm” dastanının redaktəsinə həsr edəcəyəm. Orada Kərəm Əslinin eşqındən od tutub yanmasın deyə onu əvvəlcə qulluqçu Haykanuşun, sonra yengəliyə namizəd Siranuşun yanına göndərdəcəm, daha sonra isə Qarabalanı...yəni Kərəmi qəlyanını tüstülədə-tüsdülədə Əslinin otağına saldıracağam. Qoy bundan sonra Əsli “yanıq” olsun! Toylarda isə “Doymuş Kərəmi” havasını çalacaqlar. Elçin müəllim yazarlar arasında həmişə özünün güclü “ponyatkası” ilə seçilib. Ondan xahiş edəcəyik, o da “Mahmud və Məryəm”ə bir az əl gəzdirəcək. Əl gəzdirmək demişkən, sədr olan kimi O... ayıb olmasın, AYO-nun liderləri Rasim Qaracanı, Seymur Baycanı və Aqşin Yeniseyi “Qurd qapısı”na dəvət edəcəyəm. Bir dənə zırıltılı qonaqlıq onlara – “şarrak”! Mən içməyən, hacı adam, onlar isə küpünə daş atan. Dubl piyan edəndən sonra onların gələcək strateji planlarını öyrənəcəm və bəzi təyinatlarıma razılıqlarını alacam. Sonra ilk əmrimlə Rasimi tarixi Qaraca çobanın yurduna Dərbənd zona şöbəsinə sədr təyin edəcəyəm. Aqşin Yeniseyi qədim türk torpaqlarından bu qədər uzaq saxlamaq günahdır, onu Ural, Sibir və Uzaq Şərq üzrə nümayəndəliyə sədrliyə göndərəcəyəm. Qoy gedib beynəlxalq əlaqələrimizi inkişaf etdirsin. İnan ki, edər, gözlərinə baxan kimi bilirəm! Yoxsa ki, Şimali Azərbaycan onun üçün çox dar məkandır. Burada o əlbəttə hərdən qızışıb ona-buna kəllə, şillə-təpik atacaq! Seymur Baycanı isə... Hə-ə-ə, bu çox əhəmiyyətli məsələdir. Neçə vaxtdır ki, adam parçalanmış, ikiyə bölünmüş Vətənimizin adının bir hissəsini özünə təxəllüs edib gəzdirir və bununla da bütün dünyaya Azərbaycanın ikiyə bölündüyünü rəsmən bəyan edir. Amma ölkədə onun qədrini bilmirlər... Ölkəmizin coğrafi və tarixi adı yazılanda bizə şimal olaraq sözün “...baycan”, cənuba isə “Azər” hissəsi düşür deyə bu tarixi ədalətsizliyi əvvəlcə Seymur Baycanın şəxsində bərpa edəcəyəm. Onu Cənubi Azərbaycan nümayəndəliyinə sədr təyin etmək əsil savab işdir. Elə bil gedib Corc Buşun dədəsinin qəbri üstündə “lənətullah” oxuyub gəldin! Bundan sonra o olacaq Seymur Azərbaycan! Sonrakı işlərimdən biri Birliyin orta foyesində pulsuz çayxana açmaq olacaq. Pivə həvəskarlarına yaxşı “Xırdalan” pivəsi də pulsuz veriləcək. Bizim yazarların və siyasi müxaliflərin iş potensialı həmişə ya çayxanada, ya da pivə bakalının arxasında çox güclü olur. Həmin vaxt onların beyninin ixrac etdiyi enerjini toplaya və elektrik enerjisinə çevirə bilən bir kompüter proqramçısı tapacağam və bununla da Birliyin elektrik enerjisinə ayrılmış maliyyə vəsaitinə qənaət etmiş olacağam. Məhz həmin vəsaiti pulsuz işləyəcək çayxananın xərclərinə yönəldəcəyəm. Bu minvalla həm Maliyyə Nazirliyi bizdən razı qalacaq, həm də böyük qisim boşboğaz yazarlar. Hər gün gəlib öz giley-güzarları və yalan-böhtanları ilə katibliyin vaxtını almaqdansa, çayxanada oturub şellənməkləri yaxşıdır. Katiblik demişkən,.. Qurultaydan xahiş edəcəyəm ki, “Katib” ifadəsini dəyişdirsinlər. Çünki bu ifadədən kommunist qoxusu gəlir! Kommunist partiyasının baş, qarın və ya ayaq katibləri olurdu. Bundan sonra o vəzifələr “müşavir” sözü ilə əvəzlənəcək. Məsələn, “AYB Sədrinin ədəbsiz tənqid üzrə müşaviri”! Sədr seçilsəm, Birliyin inhisarında olan qəzet və jurnallara da əl gəzdirəcəyəm. Təzə seçilmiş sədrin sözündən kim çıxar, qurultaydan xahiş edəcəyəm ki, bəzi ədəbi qəzet və jurnallarımızın adını dəyişdirsin. Götürək “Azərbaycan” jurnalını! Ölkənin adına da jurnal olar? Elə çıxır ki, qəzet köşkündə birisi pul verib “Azərbaycan” almaq istəyəcək. Biz onda hansı günün vətənpərvəri oluruq?! Vətən bölünməz, Azərbaycan satılmaz! Bu fikirlərimdən sonra “Azərbaycan” jurnalının adını “şıppıltı” ilə dəyişib qoyacağıq “Dünya”! Bəli, biz Azərbaycan səviyyəsindən çıxmalı, dünya ədəbiyyatını fəth eləməliyik! Yazarlarımızı dünyaya tanıtmaq baxımından bu çox mühüm addım olacaq. “Ulduz”un da adı dəyişməlidir. İndiyədək bircə ədəbi ulduz yetişdirə bilibmi? Biz Günəş yetişdirməyə çalışaq ki, heç olmayan yerdə ulduzdan-mulduzdan alınsın. “Ədəbiyyat” qəzetinin adına bir müddət dəyməyəcəm, çünki Ədalət Əskəroğlu ilə çörək kəsmişəm, çay içmişəm,.. Yerimi bərkitdikdən və onu müşavir təyin elədikdən sonra elə Ədalətin öz təklifi ilə o qəzeti tamam ləğv edərik, problem də həll olunar. Onsuz da əsil ədəbiyyata bir elə aidiyyatı yox idi. Qəzeti nəzərdə tuturam. Yaşlılar-cavanlar arasındakı dartışmanı da birdəfəlik ləğv etmək fikrindəyəm. Yaşı 70-i ötmüş bütün birlik üzvlərinə “xalq şairi,... yazıçısı” adları, 60-ı keçənlərə “Əməkdar artist”,..pardon, “əməkdar incəsənət xadimi” adlarını verdirəcəm. “Davay” adlarınızı götürün, marş evə, nəvələrnən oynamağa! Arifə xanıma tapşıracam və o da daha üzvlük haqqı almayacaq, əksinə bütün üzvlərə zəhmət çəkib üzv olduqları üçün üzvlük pulu verdirəcəyəm. Bunu eşidən “AYO”çular oranı atıb “urrey” ilə bu tərəfə keçəcəklər. Daha sonra isə, digər yaş mənsubu olan və ədəbiyyatla aktiv məşğul olan bütün yazarlara xəbər göndərəcəyəm ki, haydı, noutbuklarınızı götürüb təcili gəlin!
Ədəbiyyatımızı qaldırmaq üçün!
Bax, belə! Soruşacaqsınız ki, bəs mən özümün platformamı niyə bəyan eləmirəm? Hərifəm indidən elan edim, digər namizədlər də məndən köçürtsünlər?!
Qarşıda bizi əntiqə günlər gözləyir! Əgər mən sədr olsam, ədəbiyyatımızı da... 


Комментариев нет:

Отправить комментарий