Страницы

07.08.2011

Bəylə gəlinin sağlığına...

Akif ABBASOV. Hekayə
Avtobusda basa-basa idi. Salona keçməyə imkan olmasa da, Məmməd qapıdan sallana-sallana axır ki, özünü yataqxanaya çatdırdı. Nəzir bayaqdan oturub onu gözləyirdi. Məmmədin gəldiyini görüb cəld ayağa qalxdı. Əl-qolunu ölçə-ölçə:
         -Harda qalmısan? -  deyə soruşdu. - Gözləməkdən gözümün kökü saraldı.
         Məmməd özünə haqq qazandırmağa çalışdı:
         - Axırıncı mühazirədən nə billah elədim, çıxa bilmədim. Aşağıda dekana rast gəldim. Elə bil dayanıb məni gözləyirdi. Auditoriyaya qaytardı.
         - Yaxşı, tez ol. Qurt-quran açma. Gecikirik. Toy nə vaxtdırbaşlayıb.
         - Tez ol deyəndə mən hazıram. Ayaqqabılarıma yaş əskiçəkim, gedək. Toz-torpaq içindədir.
         Az sonra dostlar artıq «Nərmin» şadlıq evində idilər. Musiqininşən, oynaq sədaları ətrafı başına götürmüşdü. Deyən kim, gülən kim,oynayan kim. Arada masa bəyi məclisi ələ alır, sağlıq istəyənlərə sözverirdi. Bəylə gəlin, adəti üzrə yuxarı başda əyləşmişdilər. Üz-gözlərindən sevinc, xoşbəxtlik oxunurdu.Qohum-qonşu yığılıb bu iki gəncin eşqinin təntənəsini qeyd edirdi. Qız gəlinlik paltarında ağ göyərçinəbənzəyirdi. Yanaqları dağ laləsini, dodaqları çiyələyi xatırladırdı. Oğlan də sevglisindən geri qalmırdı. Gursaçları, nazik bığları, qədd-qaməti xoş təəssürat oyadırdı. Bir sözlə, bu iki novcavan bir-birinə yaraşırdı.
         Məmmədlə Nəzir inistitut tələbəsi idilər. Məmməd üçüncü, Nəzir dördüncü kursda oxuyurdu. «Nərmin» şadlıq evində keçirilən toylardan qalmazdılar. Gələr, təzə evlənənlərin sevincinə şərik olar,yeyib içər, deyib-gülər, durub oynayar, sonra şad-xürrəm, kefləri saz yataqxanaya qayıdardılar. Yoldahələ bir çayxanaya da baş çəkərdilər. Yaxşı yeyib-içəndən sonra limonlu çayın öz ləzzəti var.Yataqxanaya dönəndə yoldaşlarına harada əyləndikləri, yeyib-içdikləri barədə məlumat verməzdilər.
         Məmmədlə Nəzir məclisi gözdən keçirirdilər ki, müğənni «Əjdər əmi» mahnısını oxumağa başladı:
                                               Samavarı alışdırın,
                                               Maşa verim, qarışdırın.
                                               Yarım məndən küsüb, gedib,
                                               Məni onnan, onu mənnən barışdırın…
         Mahnı oynaq və şən olduğundan ortaya düşüb oynayanların sayı get-gedə artırdı. Qadınlar kişiləri,kişilər qadınları rəqsə dəvət edirdilər. Nəzir çörəyin üstünə yağla kürü yaxıb araq dolu badəsini qaldırdı vədostuna göz vurdu:
        - Məmməd, əzizim, bəylə gəlinin sağlığına… Xoşbəxt olsunlar. Qoşa qarısınlar.
          Dostlar qədəhləri bir-birinə vurub içmək istəyirdilər ki, bir nəfər Məmmədə, başqa birisi də Nəzirəyaxınlaşıb nəsə dedilər. Qeyri-ixtiyari hər ikisi qədəhləri yerə qoyub qalxdı. Lal-dinməz həmin adamlarınarxasınca yollandılar. Müğənni şirin cana qəsd etməkdə idi:
                                   Telloyu çal, telloyu çal, Əjdər əmi.
                                   Telloyu çal, telloyu çal, Əjdər əmi…
             Mahnı adamın sümüyünə düşdüyündən addımladıqca dostların yerişi də dəyişmişdi, əl-ayaqları azqala oynayırdı.
        Bayaqkı iki nəfər onları müdirin otağına ötürüb özləri içəri girmədilər. Qapının ağzındaca dayanıb,rəqs edənlərə baxmağa başladılar. Müdir iri şaqqalı, pəhlivan cüssəli kişi idi. Dostları görəndə qımışdı,yerindən qımıldanmadan qarşısındakı dəftəri açdı:
        -Həmişə toyda, şənlikdə, uşaqlar, - deyib xəbər aldı. - Adınız nədir?
         Məmmədlə Nəzir özlərini təqdim etdilər. Müdir dəftərə yazıb:
        -Subaylarınızdan görəsiniz, - dedi və sonra soruşdu: - Nə qədər yazdıracaqsınız?
          Dostlar ikisi də birdən:
       - Nəyi?
         Müdir özünü o yerə qoymadı:
        -Toy pulunu soruşuram. Bu məclisdəəvvəlcə pulu yazdırıb, sonra oturur,yeyib-içirlər…
         Dostlar başlarını aşağı saldılar.
         -Hə, cavan oğlanlar, sizi eşidirəm.
         Ovqatına soğan doğranmış Məmmədmızıldandı:
         -Pulumuz yoxdur.
         Bunu eşidən müdir:
         -Toy sahibi nəyinizdir?
         - …
         - Bəs bəylə gəlin?
         - Heç birini tanımırıq.
         Müdir əllərini stola dayaq edibqalxdı:
         - Ədə, düdüklər, camaatıhərifləmisiniz? Bir aydır sizə göz qoyuram.Hər dəfə toy məclisi qurulanda şəstlə gəliboturur, yeyib-içir, toy sahiblərinin yaxınadamları kimi oynayır, sonra da, araxəlvət, tulkü bəy, aradan  çıxırsınız. Dünyadərəbəylikdir bəyəm?!
         -Səhv eləmişik, dayı.
         Müdir təzədən kreslosunda əyləşərək, siqaret yandırdı. Bir-iki qullab vurub xəbər aldı:
         - Tələbəsiniz?
         Bu dəfə Nəzir dilləndi:
         -Bəli, tələbəyik.
         -Harada oxuyursunuz?
         Dostlar dedilər. Müdir onların tutduqları əməldən xəcalət çəkdiklərini görüb  yumşaldı:
         - Utanmırsınız?.. Yaxşı, polisə demirəm, amma oxuduğunuz yerə yazacağam, qoy tədbir görsünlər.
         Məmmədlə Nəzir yalvarmağa başladılar:
         - Dayı, bizi institutdan çıxararlar. Axırıncı dəfə olsun…
         Onlara yazığı gələn müdir:
         - Bu dəfə sizi bağışlayıram,- dedi. - Gedin, yerinizdə oturun. Yeməyinizi yeyin, içkinizi də için. Sonrada çıxıb gedin evinizə-eşiyinizə. Özünüzü hamıdan  ağıllı bilirsiniz. Bir də ayağınız buralara dəyməsin…
         Dostlar suyu süzülə-süzülə otaqdan çıxdılar. Amma məclisdəki yerlərinə qayıtmadılar. Şadlıq evinintərk edib küçəyə çıxdılar.
Xəfif külək əsirdi. Adi payız günlərindən biri idi. Təmiz hava dəydikcə ağılları başlarına gəlir,tutduqları əməlin xəcalətini çəkirdilər.
                                 Akif ABBASOV,
                  pedaqoji elmlər doktoru, professor,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
      

Комментариев нет:

Отправить комментарий