Страницы

25.08.2011

Elnur Astanbəylinin qonorardan törənən inqilab hayqırtıları

Rafiq Tağı

Allah, səni tanımayana lənət, Elnur Astanbəyli də Rafiq Tağının “populyarizator”u şərəfinə yüksəldi. Onda “şərəf”in hər cürü vardı, bir tək bu çatmırdı.
Təbriklər! Uğurlar!
“Azadlıq” qəzeti, 19 avqust 2011-ci il. Təxəllüslərindən biri “murdar” olan, ancaq mənim, ideallaşdırıb adını “sevimli” çağırdığım Elnur qonorardan törənən inqilab hayqırtıları ilə üstümə yeriyir. Qorxduq? Əsla. Öyrəncəli canıq. Sadəcə, əvvəl bir az çimçəşib, sonra tamam iyrəndik. Mən dostları namərd görməyə alışmamışam. Buna alışa bilməyəcəyəm də. Hər köşəsində üç-dörd adama “cani” ayaması qoşub “pırakratura”ya “işverən”lik edən özü, İstanbuldan Azərbaycan xalqını dövlət çevrilişinə səsləyən Yəhya Taşdələnin bu əhya günlərində başını dəldiyimə görə “işverən” oldum mən? Elə bil Elnura deyirəm, qardaş, “Vətəni sevməyən insan olmaz”, o deyir, olar. Sanki Elnur deyir, olar, mən deyirəm  - “ol şəxsdə vicdan olmaz”. Azərbaycanın xingal və başı xəmirli araq həvəskarının məntiqi ilə biz dövlət çevrilişi etməliyik.
Qəzet qonorarından doğan inqilabçılığın fəsadları anadangəlmə inqilabçılığın fəsadlarından eybəcər olurmuş.
Dövlət çevrilişi inqilab adlanmaz, Elnur Astanbəyli. Yaxud dörd yanı düşmən olan bir ölkədə inqilab dövlət çevrilişi cəhdidir. Üstəlik, bizdə siyasi savadsız kütlələr inqilabı həmişə talançılığa zəmin kimi anlayır. İraq olsun, göydən Bakıya bir bomba düşsə, ölkədə qəsbkarlıq-qarətçilik baş alıb gedər.
Elnur hər şeyi, adına arşın dediyimiz, səthi ağlı ilə ölçür. Qarayaxmalarını dərrakə təzahürü sanır. Xaraktercə də rusfason-qırmızı – ovuclayıb su içdiyi bulağın gözünü murdarlamağa aludədir. Deyim necə: Qorbaçov Yeltsini hakimiyyətə gətirdi, Yeltsin ona şıllaq atdı, təxminən belə. Axı, o, Yeltsin idi – Rusiyanı puça çıxaran alkaş-deqradant. Bəyəm Elnur da alkaşdeqradantborisyeltsinkimilərdəndirmi?
Günlərin bir günü Əkrəm Əylisli, mənim həbsdən çıxmağım münasibəti ilə və sanki Elnur da azadlığa çıxıbmış, ikimizə birdən qonaqlıq verdi. Beş gün keçməmiş Elnur qəzetdə Əkrəm müəllümi topa tutur, “biabır” edir – “Bu pul səndə hardandır və elə bilmə ki, bu qonaqlıqla ağzımı yumacaqsan”. Halbuki Əkrəm müəllim olsa-olsa onu bir insan sanmış və heç də ağzını yummaq məqsədi güdməmişdi.
Lümpen-proletar cibində beş manatı olanları dərhal burjuy sanar.
Elnur təmiz əməklə böyük məbləğdə pul qazanmaq imkanını təsəvvür etmir.
Dəli olana, ya dəli rolu oynayana Koroğlu dəlisi deməzlər, Elnur Astanbəyli. Yaşlaşanacan “dəlioğlan” qalanlarsa, həqiqətən, zır dəli olur.
Keçmişdə qəhrəman Azərbaycanı əlində sazla gəzərdi, Elnur çomaqla gəzir. Çomaq da Elnuru inqilabçıya yox, daha çox çobana bənzədir. Özü demiş, “bayram deyil, seyran deyil”, yetənə yetir, yetməyənə bir daş atır. Dəli-cinli ərəb cəmiyyətində onu belə öyərdilər: Elnur çomağını uzaqdan çəkdi, minlərlcə korrupsionerin başı qarpız kimi partladı.
Cəmiyyətdə pozitivi görməyəcək dərəcədə qabiliyyətsizdir. Şair olacaqdı, yalançı inqilabçı oldu. İnqilabçı olub da son məqsədi peysərlənmək-piylənməkdir. Lirikası həcvləri arasında itib-batıb. Şeirlərini köşə yazıları arasından güclə tapır. Eyvah, baballığım gəlir ona. Bizim əxlaqımızca, yeyib-doyub qarnı xaşallanan, restorandan tox çıxan insanın qarnına bıçaq soxmazlar. Elnur deyir, nəinki soxar, hətta soxub burarlar.
20 Yanvar ərəfəsində Bakıdakı çapovulların hamısına Elnur inqilabçı deyərdi.
Dabanı əzilən kimi Vətənə nifrəti şahə qalxır. Elnur Astanbəylinin inqilabçılığında yeganə texnoloji Azərbaycana nifrətdir. Nifrəti panaseya sanır və onu sevgidən üstün tutur. Sevgini sekslə qarışıq salandır. Elnurun davası insanların işləmədən dişləməsi, səbəbsiz firavanlığıdır: Allahdan buyruq, ağzıma quyruq. Elnur Astanbəyli müxalifəti dövlət çevrilişi etmək iqtidarında yetkin sayır. Müxalifətə sevgisində gözü kordur. Sevdiyi insanların hamı tərəfindən qəbul olunmaması ilə barışmır.
Dövlət çevrilişlərini ancaq quldurlar edir.
İnqilabçılıq quldurluq formasıdır.
Quldurlar seçilməmişlərdir. Seçilməmişlərin bütün yaratdıqları iblisanədir. Dünya tarixi, bizə ən yaxın olan sovet tarixi də, bunu tam sübuta yetirib.
İnqilabçı cəmiyyəti talan etməyə ixtiyar qazanmış quldurdur.
Mahatma Qandi ingilislərə dinc mübarizə yolu ilə qalib gəlmişdi. Elnur, məni belə saydığı kimi, Mahatma Qandini də yatmış sayacaqdı.
Nevrozuna görə yata bilməyənlərə oyaq deməzlər, Elnur Astanbəyli.
Küyəgedənsən - səndən fərqim bu.
Elnur ədəbiyyatda yatıb, müxalifət qrupları arasında oyanmışdır. Kəmsavad müxalifət qrupları arasında cümlə qura bilmək qabiliyyətinə görə inqilabçı sayılır.
Həyatda ac və acınacaqlı bir inqilabçıcasına vurnuxur.
Elnur Astanbəyli Azərbaycanın vətəndaş qüsurudur.
Köşə yazmaqdan da siyasi ədəbiyyat oxumağa vaxt tapmır. İnşallah, haçansa oxuyar, bir vaxt inqilabçı olmadığını özü görər.
Elnur ancaq korrupsionerlərə müxalifətdədirsə, mən ümumən şərə müxalifətdəyəm. Şər iqtidar səmtdən də gələ bilər, müxalifət səmtdən də. Müxalifət səmtdən gələn şərə göz yummaq, onu sovuşdurmaq mənəvi aşılanma əlamətidir.
Hakimiyyətə gəlmək üçün konstitusion zaman mövcuddur – seçkilər.
Vladimir Leninin bir filosof kimi yel olub yanından ötə bilmədiyi və əlacsızlıqdan Rusiyadan qovduğu, Oktyabr inqilabını bəyənməyən Nikolay Berdyayevi də bizim Elnur yatmış sayardı. İnqilabçı – oyanıqlı Fidel Kastro deyildimi: ölkəsi ibtidai icma quruluşundakı kimi yaşayır? Dünyada mövcud ac sosialist ölkələrini zorakı inqilabçılar yaratmayıbmı?
Mədəniyyətə yatıb, zorakılığa oyanmağı Elnura rəva görməzdim.
Getmişdik o yana, indi gələk bu yana.
Şahidi olduğumuz ərəb hərəkatları inqilab deyil, Elnur Astanbəyli, mədəni Avropanın Şərqi təzələmək əməliyyatıdır. Şərqin keçəl başına bağırda-bağırda dərman yaxırlar – iş bu. Ərəb “inqilab”ları, sadəcə, qloballaşma transformasiyalarıdır. “Sürətli informasiyalar erasında diktaturalara yer qalmayacaq” - bunu mən hələ on il əvvəl yazmışdım, onda sən hecada it-pişiyə şeirlər qoşurdun. Əslində bəşəriyyət “ərəb inqilabları”na evolyusyon yolla gəlib çıxıb – bu, başa çatmaqda olan bir mərhələnin cingiltili son akkordlarıdır.
Nadinclik edib də hey kimlərəsə daş atmaqdansa, artıq bir az müdrik olub prinsipial şeylərdən yazmaq vaxtındır, Elnur. Başını divara çırpanı qoçaq saymırlar. Fərdlərdən yox, ideyalardan, xüsusidən yox, ümumidən yaz. Dünyanı emosiyalarla yox, məntiqlə idrak et.
İsteriklər heç vaxt həqiqət söyləməz.
Dünyanın yalnız inqilab yolu ilə dərki yarımçıqlıq təzahürüdür.
Poeziyaya qayıt, Elnur Astanbəyli, bəlkə onda böyük görünəsən...

Комментариев нет:

Отправить комментарий