Ancaq bizdə oxuyun!
Sofiya Sadıqlı Azərbaycan şor-biznesi barədə
İbrahim Borçalı müğənniləri sevmir
Rusiyada kartof satan azərbaycanlıların sevimli müğənnisi, orada keçrilən palatka toylarının kralı, Telli və Vidadi Borçalıların yerlisi, şouxanamızın göz- bəbəyi İbrahim Borçalı müsahibə verib. “Stilimi dəyişsəm, sevənlərimi itirərəm” deyən Borçalı nə oğlunu, nə də qızını müğənni görmək istəmədiyini də bildirib: “Qızımı müğənni olmağa qoymaram”.
Şou-biznesə gəlməyinin əsas səbəbi kimi mahnı bəstələməyini göstərən İbo 10 ildir ki, şouxananı öz qədəmləri ilə bəzədiyini deyib. 10 ildə 3 albomu ilə camaatı feyziyab edən İbo insafən digər həmkarlarından çox qürurlu görünüb. O, xalq və əməkdar artist adı istəmədiyini deyib. Digər həmkarları kimi zarıyıb titul, ev istəməyib. Halal olsun Borçalı torpağına.
Hamını bəzər, özü də lüt gəzər
İşi-peşəsi ərə vermək, arvad tapmaq olan Ulviranın ona-buna atdığı daşlar öz başına qayıtmaqdadır. Amma indiyə qədər ölkəni bir-birinə vuran Ulvira ərə getməsi haqqında yayılan xəbərlərdən qəzəblənib. Bir qız anası olan aparıcının Ramazan ayından qabaq özündən yaşca kiçik bir kişi ilə nikaha girdiyi deyilsə də o, bunu şayiə adlandırıb: “Başa düşə bilmirəm ki, kimlər bu tip şayiələri yayır. Hətta hansı gözəllik salonunda gəlin kimi bəzəndiyim, toyumda ifa edən musiqiçilərin kimliyi barədə də “inandırıcı” söz-söhbətlər qulağıma çatır. Ayıb olsun uydurma məlumatlar yayanlara! Birincisi, ərə getməmişəm, ikincisi də lap növbəti dəfə ailə qurmuşam, bundan kimə nə? Şəxsi həyatımla bağlı danışmaq məcburiyyətində deyiləm, axı. Bəzi insanlar niyə sözbazlığa meyllidirlər, bunu başa düşməkdə çətinlik çəkirəm”.
Adama deyərlər ki, bəs sən birinə arvad, birinə ər düzəldəndə, yengəlik edəndə yaxşıydı? Əgər başqasının işinə qarışmaq ayıbdırsa, onda ay Ulvira, sən niyə camaatın tumanının altını qurdalayırsan?
Faiq Ağayev reketlik edir
Ötən ayın 24-də Masallıya palatka toyuna oxumağa gedən Faiq Ağayevin Orxan adlı mühafizəçisi rayon sakini Hikmət Babayevin maşınını xurd-xəşil edib. Qiymətləndirmə zamanı Hikmətə 940 manat zərər dəydiyi məlum olsa da Faiq dəymiş ziyanı ödəməkdən qaçır. İllər öncə Milli Məclisdə uşaqpullarının ləğvinə bais olan müğənni Zeynəb Xanlarova da belə bir addım atmışdı. Onun oğlu kasıb, kreditə götürdüyü maşınla ailəyə çörəkpulu qazanan bir sürücünün maşınını əzib yararasız hala salmışdı. İş məhkəməlik olsa da Zeynəb Xanlarova məhkəmənin qərarını heç vecinə də almamışdı. Bəs nə, axı Zeynəb Xanlarova adi adam deyil, manısdır, üstəlik Milli Məclisdə oturub bizim gələcəyimizi həll edir.
“Bakılı qız”la məşhurlaşıb, həyat yoldaşının qatili kimi gündəmi zəbt edən müğənni Vasif Məhərrəmli də villa alacağını deyir. Deyir ki, villası Xəzər dənizi sahilində olacaq. Guya ki, bu romantikdir, səhər pəncərədən baxanda mütləq Xəzər dənizi görünməlidir. Amma müğənni bu villa məsələsini eşidən kimi təkzib verib: “Mənim dəniz sahilində bağ evim var, ikinci ev nəyimə gərəkdir? Üstəlik, indi belə ev almaq üçün pulum da yoxdur. Bilmirəm, bu söhbətləri kim yayır?”.
Yəqin deyir, indi düşər-düşməzi olar da. Hərənin iki gözü var, hər gözün də bir enerjisi.
Məsələn, ötən gün “Azərstar” yarışmasından məşhurlaşan müğənni İlhamə sürdüyü maşının qiymətinin 150 min olduğunu deyən kimi qəza törətdi. Maşını şil-küt olsa da özü salamat qurtarıb. Hamısı göz nəzərdəndir. Özünün 150 manat dəyəri olmayanların belə bahalı avtomobillərdə fırlanmasını çoxları həzm edə bilmirlər. Çünki “150 mini necə qazanmısan?” sualı həmişə cavabsız qalıb.
Onu da deyim ki. Hollivud ulduzu Ancelina Coli də tez-tez bu villa məsələsi ilə gündəmə gəlir.
Brilliantın strpitizi 15 min imiş
Bir ara şouxanamızın seksi müğənnisi Brilliant Dadaşova yaman bərkgedənlik edirdi. Türkiyənin Kral TV-si onun “Gecə yaman uzundur” mahnısına çəkdirdiyi klipini gündə bir-neçə dəfə yayımlayırdı. Əslində buna klip də demək olmazdı. Yarıçılpaq şəkildə çarpayıya uzanan Brilliant ayaqqabısının uzun dabanlarından tutub, yeri eşirdi. İndi Brilliantdır da, nə istəyirdi, niyə eşələnirdi özü bilər. Neyləsin e, türk rejissor ona deyib, seksi hərəkətlər et, o da edib. Artistidr də, bu onun əslində yaratdığı obrazdır.
Söhbət ondan gedir ki, o, bu yayımlanmadan çox şişmişdi. Amma bu günlərdə yerli saytlardan birinə Türkiyədə yaşayan modelimiz Günay Musayevanın verdiyi müsahibə hər şeyi alt-üst edib. Günay açıb sandığı, töküb pambığı. Deyib ki, Kral Tv-yə ayda 15 min dollar ödəyib, bütün günü reklam olunmaq mümkündür.
Şouxanamızın Rembosu-Nüşabə Ələsgərli
Deyirəm, doğrudan bizim şir ürəkli, bəbir biləkli qadınlarımız var. Elə götürək, Rəqsanəni, Nüşabə Ələsgərlini. Bu şir biləkli, ayı cüssəli qadınlar qarşılarına keçən polisdi-milisdi nədi bilmirlər, hamısını süpürləyib kənara atırlar. İndi insafən, Nüşabənin bütün bunları etməyə fiziki göstəriciləri də imkan verir. Elə bu yaxınlarda onu saxlayan yol polislərini də ona görə yeddimərtəbəli söyüşə qonaq edib. Bir sözlə, Nüşabədən danışmaqla qurtarmaz. Bu adam əsl səviyyə dağarcığıdır. Birdə görürsən ki, soyunub, yarıçılpaq şəkillər çəkdirib. Bəh-bəh, baxan deyir, ömrüm boyu üzümü bu yana tutmayım. Yoğun, əti sallanan qollarını, enli, pəhləvan çiynini çöldə qoyan Nüşabənin baxışlarından qadınlıqdan çox qəssablıq yağır. Amma mənə elə gəlir ki, Nüşabə qəssaba deyil, amerikalı aktyor Slivister Stallonunun yaratdığı gopçu Rembo obrazına daha çox oxşayır. Çünki Nüşabə də Rembo kimi əzələlidir. Nədənsə həmişə Nüşabə Ələsgərliyə baxanda ağlıma dana basdırması gəlir. Çünki ancaq dana basdırması yeyən manısın gözləri belə olar. Eyni zamanda dana basdırması da görəndə yadıma Nüşabə Əlsəgərli düşür.
Aynişan ermənin elə sevdi ki, ölkədən qaçdı
Daim telekanallarda vətənpərvərlikdən, milət sevgisindən dəm vuran müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Vitebskdə keçrilən “Slavyan bazarı” mahnı yarışmasında ölkəmizi “ləyqaətlə” təmsil edib. Bayrağımızı tərs tutan Aynişan əsl vətənpərvər anadan tərbiyə aldığını bir-neçə dəlillə sübut etməyə çalışıb. O, yarışmanın ermənistanlı təmsilçisi ilə qucaqlaşıb şəkil çəkdirib. İndi anası deyə bilərdi ki, Aynişan uşaqdır, özü də qəlbitəmiz uşaq. Amma deyə bilməyib. Çünki adama deyərlər, uşağın, Slavyan bazarında nə işi var? İkincisi, Aybəniz özü də qızına qoşulub, erməni gədəsinin ağzına girdiyi yerdə şəkilləri çəkildiyi üçün bu iddiada bulunmayıb. Amma deyir utanmasan oynamağa nə var ki. Qızının yarışmada birinci olacağını qabaqcadan desə də Aynişan 19-cu yeri güc-bəla ilə tutdu. Yazıq neyləsin, elə bilib ki, azərbaycanlı münsiflərdir də, hərəsinə bir adam tapıb minnətçi salacaq ki, qızına bal versin, qalib eləsin.
Aybəniz qızının 19-cu yerindən utanmaq əvəzinə çıxıb telekanallarda bu “böyük uğurdan” danışdı.
Üstəlik, qızının ermənini əzizləməsinə haqq qazandırıb, əslində Aynişanın böyük siyasi performans nümayiş etdiyini iddia etdi. Belə yerdə deyiblər e, olmasın qızıl teştin, olsun Aybəniz kimi anan.
İndi xarici ölkələrdən birində erməni və qeyri dostlarıyla dincələn Aynişanın bu gedişinə də siyasi çalar qatmaq istəyən anası qızının bu söz-söhbətlərdən depresiyaya düşdüyünü deyir. Guya Aynişan depresiyadan qurtulmaq üçün ölkədən çıxıb. Yaxşı, onda bəs bu zavallı millət hara qaçsın bütün günü telekanallarda özünü tərifləyən Aybəniz Haşımovanın əlindən?
Sofiya Sadıqlı
Комментариев нет:
Отправить комментарий