Страницы

25.08.2011

“HUMMER” niyə səhnəyə çıxmasın?



Müasir dövrümüzdə teatra marağın az olması hamıya məlumdur.Bu həmdə onun göstəricisidir ki, dram əsərlərinə maraq azdır. Üçpərdəli, dördpərdəli dramların yerini bugün televiziya ekranlarında seriallar əvəz edir.
Amma yenə də teatrlarımızda səhnələşdirilən əsərlər var.Bu əsərlər içərisində isə bugünün yazarlarının əsərlərinə rast gəlinmir. “Mərkəz
” bunun səbəbini öyrənmək üçün yazarlara üz tutdu:

Əyyub Qiyas, yazar: “Rəsmi statistikaya görə, bu gün ölkədə qırxa qədər irili-xırdalı teatr fəaliyyət göstərir və mən deyərdim ki, 90%-i də bərbad vəziyyətdə fəaliyyət göstərir. Repertuara baxanda artıq hər şey məlum olur. Məni heç kəs ittiham edə bilməz ki, nədən belə inamla danışa bilirəm?! Çünki, sənətim və peşəm teatrla bilavasitə bağlı olduğundan və bir müddət Mədəniyyət Nazirliyi sistemində işlədiyimdən bu faktları dəqiq bilirəm. Düzdü, deyə bilərlər ki, bu günün teatr binaları təmir olunur, teatrlara diqqət və qayğı artır filan. Amma teatrın fəaliyyəti üçün bina, texnika nə qədər vacib olsa da, orada əsas faktor insandır, yəni ilk olaraq aktyor, rejissor, rəssam, bəstəkar. Nahaqdan demirlər ki, teatr sintetik sənətdir. Ora incəsənətin bir çox sahələrinin qovuşduğu yerdir.Və tamaşaçı ilə canlı təmasda olan məsuliyyətli bir sənət məbədidir. Hər teatrın öz müəllifləri olmalıdır, özü də yaxşı müəllifləri. Şikayətlər gəlir ki, teatra tamaşaçı gəlmir. Gəlməz də… Nə qədər “Ölülər”ə əmmamədə, əbada baxmaq olar. Nədən müasir Şeyxnəsrullahlar qalstukda, qara kostyumda olmasın ki? Nədən “İblis”dəki İblis qadın olmasın, ya da “HUMMER” də çıxmasın səhnəyə ki? Bax tamaşaçı elə quruluşa baxmağa gələr. Çünki onunla eyni cəmiyyətdə yaşayan tipaj maraqlıdır ona, 100 yaşlı nadan Məmmədhəsən əmilər yox. Bu gün Azərbaycan teatr sənətində dönüş yaratmaq üçün prodüser institutunun yaradılmasına böyük ehtiyac var. Sənəti yaşatmaq üçün isə sənət eşqiylə döyünən ürək olmalıdır adamda, yoxsa hər şeydən nəsə qoparmaq meylində olan ürəklə Biləcəridən o tərəfə keçməyəcək teatr”.
Əkbər Qoşalı, şair, DGTYB başqanı: “- Çağdaş Azərbaycan teatr səhnəsində daha çox klassiklərin və yaşlı nəslin əsərlərinin səhnələşdirilməsi faktdır. Bu faktı hər hansı bir teatrımızın repertuarına baxaraq aydın görmək olar. Ancaq bu, gənc və yeni nəsil yazarlarımızın dram əsərləri yazmamasından qaynaqlanmır, deyə düşünürəm. Belə ki, Rəvan Tohidoğlu, Aygün Həsənoğlu, Samir Sədaqətoğlu, İlqar Fəhmi, Elçin Hüseyinbəyli və başqa neçə yazarımız məhz güncəl dram əsərləri ilə çıxış edirlər. Doğrudur, onların hər birinin müəyyən vaxt hansısa teatrda əsəri oynanılmışdır, lakin belə hallar özünü həlledici kəmiyyətlə ifadə edə bilməməkdədir. – Yəni, yenə də, repertuarın o biri (klassiklər, yaşlı nəsil) qanadı ağır basır… Yaxşı olar, teatrlarımız yeni nəslə, özəlliklə, gənclərə gen qapılar açsın, onlara güvənsin, onlara şans versin. Yanlışlıqlar olmayacaqmı? –Olacaq; uğursuz yaradıcılıq örnəkləri olmayacaqmı? – Olacaq! – Belə hallardan çəkinmək lazım deyil, məncə. Zamanla hər şey öz yolunu bulacaq.
Bir də, könül arzu edər ki, teatrlarımızın elə maddi imkanları olsun, onlar təqdim olunan işlərə, yazarın maddi imkanı baxımından yanaşmaya bilsinlər; sponsora ehtiyac yaranmasın…
Sizə deyim, ədalət naminə söyləyək, teatrlarımızın yeni ədəbi nəslə, gənc yazarlara gözlənilən meydanı verməməsinin bir qaynağı da, yeni nəsildə istər yazar, istər tamaşaçı qismində olsun – böyük ilginin olmaması ilə bağlıdır. Bu, bəlkə bir başqa söhbətin mövzusudur, lakin, ötəri də olsa deyək, sanki məhz bu amil, teatrlarımızı daha çox gələnəksəl üsluba köklənməyə vadar edir. Bir az da açıq desək, yəqin, onsuz da bizim filan kontingentimiz var, auditoriyamız filan yaş qrupundan oluşur, onlar da klassikaya meyl edirlər – deyə fikirləşirlər…
Bütün hallarda, mən öz ədəbi nəsil və ədəbiyyat-sənət maraqlarımdan çıxış edərək, yeni ədəbi nəsilə, gən yazarlara daha inamla yanaşılmasının, onlara daha geniş meydan verilməsinin tərəfdarıyam. Bu, həm yeniliklərə səhnə olar; olsun ki, həm də yeni nəsil tamaşaçılarını, gəncləri teatra yönələndirsin.”
Ülviyyə İsmət, yazar: “Müasir yazıçılarımızın əsərləri tanınmadığına görə əksər gənclər oxucular köhnə yazıçıları ancaq tanıyır, yenilərin adlarını belə bilməyənlər var. Gənc yazıçılarımızın reklama ciddi şəkildə ehtiyacı var! pis və ya yaxşı, fərq etməz. Necə yazmasından aslı olmayaraq əsərlər oxucuya verilməlidir. Onsuz ağıllı oxucu özü müəyyən edəcək hansı yazıçını oxumağa dəyər olduğunu. İndi gənc yazarlar birliyi var, fəaliyyət göstərir. Gənclərin kitab nəşrində müəyyən qədər kömək edir, müsabiqələr keçirir. Bu biraz son zamanlarda həm oxucu kütləsinin sayını artırıb həm də gəncləri yazmağa sövq edib. Sadəcə bizdə mütaliyə dərəcəsi çox aşağıdır. İlk öncə mütaliyə həvəsində yaratmaq üçün yeni əsərlər, yeni nəşrlər və reklam”.
Əlirza Həsrət, şair: “Müasir yazıçılarımızın əsərlərində müasirlikdən çox nağılçılıq daha çox yer tutur. Bir çox əsərlərdə yalnız hadisələrin nəsrə gətirilməsi halları mövcud olduğundan. Onların tamaşaya qoyulmasına ehtiyac da qalmır. Çünki,bütün tamaşaçılar o ənənəvi hadisələri televiziyadan,internetdən, radiodan izləyə bildiyindən,o əsərlərin tamaşaya çıxarılması elə də maraqlı deyil. Əsil əsər odur ki, yazıldıqdan sonra hadisəyə çevrilə bilsin”.
İbrahim Sel, Professional oxucu Liqası: “Əsərinin tamaşa qoyulması üçün gərək iveroalien olasan. Sovet vaxtı da bizdə həmişə müəllifin “blat”ına görə əsər səhnələşdirilirdi, sadəcə o vaxt yaxşı rejissorlar vardı, zibildən də konfet düzəltməyi bacarırdılar. Natiq Rəsulzadənin gözəl pyesləri var, səhnələşdirsinlər də, niyə səhnələşdirmirlər? O əsərləri başa düşən tamaşaçı da yoxdur axı. Və yaxud cənubi azərbaycanlı yazar Rəsul Yunanın “Duel” əsəri var, səhnələşdirməyə layiqdi. Bunlar mədəniyyət etalonlarıdı. “Yeddi oğul istərəm” kimi çürük, İlyas Əfəndiyev pyesləri kimi əttökən “şirpotreb” məhz güclü rejissor müdaxiləsi sayəsində tamaşaçıların sevimlisinə çevrilmişdi. Mən ümumiyyətlə Rus Dram Teatrından başqa heç bir teatrı “priznavat” eləmirəm, vaxtım olanda arada hökmən burdakı tamaşalara baxmağa çalışıram, ruh sakitçiliyi tapıram. Sizi də o tamaşalara çağırıram. Qalan teatrların mənimçün öz daxili aləmimdə yalnız bir adı var: “qaçqınkom”.
Tural BALABƏYli

Комментариев нет:

Отправить комментарий