Страницы

13.08.2011

Hüzr məclisləri

Təklif olunur ki, hüzr məclislərinin 3 gün olmasına, bu məclislərin sadələşdirilməsinə icra strukturlarında, bələdiyyələrdə, media sahəsində çalışanlar birinci özlərindən başlasınlar.

Xəbər verdiyimiz kimi bu il iyulun ortalarında redaksiyamızda növbəti “Dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da, əsasən, hazırkı toyların müzakirəsi nəzərdə tutulsa da, hüzr məclisləri söhbəti daha önə keçdi. Tədbirdə iştirak edən müəllimlər, ağsaqqallar, jurnalistlər, musiqiçilər, eləcə də icra hakimiyyətinin rəsmiləri ürək ağrısı ilə qeyd etdilər ki, hazırkı hüzr və toy məclisləri əksər insanlar üçün əsl əzaba çevrilib.
Öncə qocaman müəllim Xanəli Tolış söz aldı. O bildirdi ki, bəzi yerlərdə hüzr məclisləri az qala dözülməz həddə çatıb. Nə qədər qəribə olsa da, Kolatan və onun kimi bəzi kəndlərdə kimsə rəhmətə gedəndə qəbiristanlıqda, ölən şəxsin qəbri üstə çadır qurulur və orada 3 gün 3 gecə molla əyləşir. Bəzi yerlərdə 40 gün, ən yaxşı halda 7 gün qəbir üstə gedilir. Günlərlə hüzr çadırı yığışdırılmır. Həm ziyalılar, həm dindarlar, həm məmurlar bu sahədə anormallığa son qoymaq üçün bütün səylərini birləşdirməlidirlər.
Tədbirə aparıcılıq edən qəzetin baş redaktoru Zahir Əmənov bildirdi ki, biz bu mövzuya dəfələrlə toxunmuşuq. İndi başlıca iş nümunə göstərməkdir. İcra aparatının ərazi nümayəndələri qarışıq 50-dən artıq işçisi var, 100-ə yaxın din xadimi var, üstəlik bələdiyyə sədrləri, elə media işçiləri... hərə bu işdə bir nümunə göstərsə, digərləri də onlara baxar.
Rafiq Mahmudov (müəllim)- Belə bir nümunə olub. Əslən Mollaobadan olan, Bakı İslam Universitetində prorektor işləyən Hacı Fuad anasının hüzr məclisini 3 gün etdi. Etiraz edənlərə də bildirdi ki, dini məndən çox bilməyəcəksiniz ki? 
Sığdaş məktəbinin müəllimi Bağır Bağırov da keçmişdən xeyli misallar çəkdi. O bildirdi ki, müharibə illərində bəzən 4 adam tapılmırdı ki, vəfat edəni yerdən götürsün. İmkansızlıqdan ölüləri həyətimizdə basdırırdıq. Bəzən ölünü bükməyə kəfən tapmazdıq. Toyda cəmi bir, yaxud iki cür yemək, xırda-mırda cehiz verilirdi. Şəxsən mən başqasının şalvarında bəy kimi toyxanaya girmişəm. İndiki təmtəraqlar isə göz deşir. Bəzən bəyə 400-500 manatlıq kostyum verilir. Hüzr ehsanı toy məclisindən fərqlənmir.
Mənim 74 yaşım var. Bəzən toya getməyə utanıram. Bəzi qadın müğənnilər elə biabırçı geyinir ki, adam onlara deməyə söz tapmır. 
Seyfəddin Əliyev (Masallı RİH-in şöbə müdiri): – Ağsaqqallarımız gözəl çıxış etdilər. Bu, çox aktual məsələdir. Və elə məsələdir ki, bunu inzibati üsullarla, icra strukturlarının sərt tədbirləri ilə etmək mümkünsüzdür. Elə bilirəm ki, bu məsələdə bütün əhali qruplarının fikirləri üst-üstə düşür. “Cənub xəbərləri” qəzeti də sağ olsun ki, bu sahəyə ardıcıl diqqət yetirir. Mən özüm qəzetin internet saytında redaksiyanın keçirtdiyi sorğuda iştirak etmiş və hüzr məclisinin 3 gün olmasına səs vermişəm. Yuxarıda qeyd etdiyim kimi hüzr məclislərinin hazırkı vəziyyətindən çoxumuz gileyliyik. Hüzr məclisinin bir neçə gün davam etməsi, bu mərasimlərdə hədsiz təmtəraq o qədər problem yaradır ki, az qala rəhmətə gedən yaddan çıxır. 
Çoxunuza məlumdur ki, dində ancaq dəfn günü üçün vacib əməllər var. Heç yerdə yazılmayıb ki, hüzrü 7 gün elə, yaxud ehsanı bu qədər təmtəraqlı et. Buna görə qonşu rayonlarda olduğu kimi bizdə də hüzr məclislərinin 3 gün olması, bu məclislərin təmtəraqdan uzaq olması məqsədəmüvafiqdir. Biz bu işdə ictimai qınağa nail olmalıyıq. Yeri gələndə bəzi adamlarla fərdi iş aparırıq. Son aylarda bir imkanlı adamın yaxını rəhmətə getmişdi. Ona məsləhət gördük ki, məclisdə təmtərağa yol verməsin. Razılaşdı. Bir neçə gün sonra başqa bir imkanlının atası rəhmətə getdi. O da təklifimizlə razılaşıb, hüzr məclisini sadə təşkil etdi və hüzr məclisini 3 gün keçirtdi. Həmin ərəfədə bir kasıbın da atası dünyasını dəyişdi. Bu təklifi ona edəndə bizi top-tüfənglə qarşıladı. Əvvəlki imkanlıların əməlini ona xatırladanda: “Onlar atasının qədrini bilmir, ” - dedi. Sirr deyil ki, hər məclisdə, yaxud qəbir üstündə hamı öz dərdindən danışır, marağında olan məsələləri - futboldan tutmuş bazar məsələlərinədək hər şeyi müzakirə edir. Belə olan halda günlərlə qəbir üstə getməyin mənası nədir?
Bu yaxında yaşadığım Kəlbəhüseynli kəndində qohumumun hüzr məclisində stolun üstünə xurmadan və çaydan savayı heç nə qoyulmadı. Hamı da razı qaldı. Biz hüzr məclisini təmtəraqlı edib sabah borca düşməməli, icra hakimiyyətinə gəlib: “Hüzrün borcun verə bilmirəm, ” - deyib ölənin ruhunu narahat etməməliyik.
Təsəvvür etmirəm ki, xaricdən gələn olsa, günün istisində yüzlərlə kişinin başına gün döyə-döyə qəbir üstə getmək mənzərəsini görsə, bizim haqqımızda nə düşünər. 
Zahir Əmənov. Elə kəndlər var ki, bu sahədə nümunə göstərir. Belə tədbirləri məhz həmin kəndlərdə təşkil etməli, yaxud ona qonşu kənddə “Dəyirmi masa” ətrafında toplaşıb bu nümunələrlə onları tanış etməliyik.
Xanəli müəllim:- Bir neçə nəfər yaşadığım Qızılavar kəndində valideyni rəhmətə gedəndə pul yığmadı. Bu da yaxşı nümunədir. Bundan da faydalanmaq pis olmazdı.
“Dəyirmi masa” da bir maraqlı məqama da toxunuldu. Hüzrlərin 3 gün olmasına kimlər maraqlı deyil? Fikirlər səsləndi ki, əksər mollalar bunu istəməz. Çünki hüzr nə qədər çox olarsa, hər günə alınan pul da çox olar. Eləcə də, çadır icarəyə verənlər. Digər xidmət sahəsinin işçiləri də hüzr məclisinin uzun çəkməsinə maraqlıdır. Salavatın birini 1-2 manata çəkən qadın mollaların haqqında danışmaq isə ayrıca bir söhbətin mövzusudur.
Abdul Əsgərli müəllim ((Məmmədoba məktəbi):- Yaxşı olardı ki, bu məclisə mollalardan da dəvət edilə idi.
Zahir Əmənov- Kimi dəvət etdik, dedilər, hüzrümüz var.
Abdul Əsgərli:- Qəbirüstü daşların da dəbdəbə ilə hazırlanması məntiqə sığmır. Bəzən el içində heç nüfuzu olmayana az qalır qəbiristanlıda heykəl qoyalar. Bəziləri özünü göstərmək üçün məclisə 4-5 molla dəvət edir. Çox acınacaqlı haldır ki, bəziləri kredit götürüb hüzrü yola verir.

Seyfəddin müəllim: – Molla bura gəlsə də, üzdə bu işi bəyənəcək, amma özünə sərfəli olanını edəcək.
Bağır müəllim bir daha söhbətə qoşularaq bildirdi ki, bəzən bu sahədə yarışa girib Lerikdən və daha ucqarlardan molla dəvət edir, ona ikiqat-üçqat haqq verirlər. Hansı ki, mən belələrinin söhbətinə qulaq asmışam, həmişə eyni şeyləri təkrarlayırlar. 
Zahir Əmənov:- 7 gün hüzr keçirən pul yığmağa məcburdur. Amma hüzr məclisi 3 gün olsa, xərclər də xeyli azalar. Hüzr sahibi də pul yığmaya bilər.
Baba Həsənov-(RİHB-nin işçisi) Çox gözəl tədbirdir. Mən də tərəfdar deyiləm ki, 7 gün qəbir üstə getsinlər. Cənub bölgəsinin Qazisi Mirqiyas ağa bizim kənddə yaşayır. O özü dəfələrlə nümunə göstərib ki, qəbir üstə dəfn günündən başqa ancaq 3-də və 7-də gedilsin. Hədsiz isti və şaxtalı havalarda insanların dəstə ilə qəbir üstə getməsini məcburi saymayıb.
Məsləhət Rəhimov (Musiqi müəllimi) : - Cabbar Qaryağdı deyərdi, sən sənəti öyrən, get, otur samanlıqda, səni tapacaqlar. 50 ildir toylardayam. Amma bu gün sənətini çox ucuz tutanlar var. Təəssüf ki, əhalimiz də sənətkarla oyunbaza fərq qoymaq istəmir. Mollalar attestasiyadan keçən kimi, qoy musiqiçilərin də attestasiyası keçirilsin və yaxşı-pis əsl qiymətini alsın.
Daha sonra Məsləhət müəllim təklif etdi ki, bizdə də Naxçıvan variantı tətbiq edilsin – icra hakimiyyəti səviyyəsində hüzr məclislərinin 3 gündən artıq və təmtəraqlı keçirilməsinə qadağa qoyulsun.
Şair Rafiq Məmmədli isə bunun qəti əleyhinə çıxaraq, belə addımın Konstitusiyaya zidd olduğunu göstərdi. Dini Qurumlarla iş üzrə komitə var, Qafqaz MüsəlmanlarI İdarəsi var, onlarla QHT var, bələdiyyələr var, iş adamları var.
Tədbirdə az da olsa, toy mərasimləri barədə də müzakirələr oldu. Xanəli müəllim dedi ki, mən də övladımın toyunda təmtərağa yol vermədim, toyda spirtli içki olmadı. Toydan da borcla çıxmadım. Amma əvvəlki toylarda evdə olan-olmazı satsaq da, borcdan çıxa bilmirdik.
Məsləhət müəllim bildirdi ki, qız toyları lap gülünc forma alıb. Əksər hallarda belə toylarda gündüz kişilər yeyir, axşam qadınlar oynamağa gəlir. Bir gündə evə bəzən 4-5 dəvətnamə gəlir. Biz belə hallara qarşı da öz sözümüzü deməliyik.
Tədbirdə Mirzəkişi Mirzəyev, Əlzaman müəllim maraqlı təkliflər söylədilər. Gəlin gətirərkən onlarla maşının yollarda tıxac yaratması, toylarda gücləndiricilərin insanları narahat etməsi, toyların bəzən gecə 3-ə, 4-ə qədər davam etməsi tənqid hədəfi oldu.
Sonda tədbiri yekunlaşdıran Zahir Əmənov bildirdi ki, biz bu işdə pis adam olmaqdan qorxmamalıyıq, ilk addımı atmaqdan çəkinməməliyik. Yuxarıda qeyd etdiyimiz kimi, təkcə bizi rayonda 100-dən artıq məmur, hökumət işçisi, bələdiyyə, media nümayəndəsi var. Hər həftə bunlardan biri nümunə göstərsə, biz də bunu işıqlandırsaq, yəqin ki, müəyyən nəticəyə nail olmaq olar.



http://www.cenubxeberleri.com/

Комментариев нет:

Отправить комментарий