Страницы

02.08.2011

Nə Əlahəzrət, Nə Bizimki... O, Prezidentdir!


    Oktay Hacımusalı
    Mənə olduqca yaxın olan bir insan deyəndə ki, bu gün Xaliq Bahadırın kitabının təqdimatıdır, Xaliq Bahadırın imzasına hörmətim olduğu üçün və zaman–zaman Xaliq Bahadır Haqqın hayqıran səsinə çevrildiyindən bu dəvətə icab edib heç nə düşünmədən yollandım tədbirin keçirildiyi ünvana. Həm də gedərkən içimdə bir maraq oyanmışdı ki, görüm bu tədbirdə maraqlı nə baş verəcək? Və həm də mənim üçün maraqlı idi ki, görüm Əli Kərimlinin rəhbərlik etdiyi AXCP–nin gənclər təşkilatı hansı təfəkkürdədir? Yəni, onlar klişeləşmiş müxalifət məmurlarından fərqli düşünə bilirlərmi? Meydan havasından çıxıblarmı? Hadisələrə sakit qafa ilə baxa bilirlərmi? Yoxsa yenə “Qəhr olsun iqtidar!” məntiqini yaşadırlar? Bu suallar beynimdə ola–ola özümü yetirdim Vətəndaş Həmrəyliyi Partiyasının yeni binasına. Və tədbir başladı. Hər şey öz axarı ilə gedirdi. Tədbiri aparan gənc çox səlis danışırdı, adamın Allahı var! Hətta, bunu yanımdakı şəxsə də bildirdim ki, pis danışmır. Tədbirin aparıcısı qəzetin nə vaxtsa köhnəlib sıradan çıxa biləcəyini, kitabın isə daim rəflərdə qalacağını bildirdikdən sonra sözü verdi Xaliq Bahadıra. Xaliq Bahadır iqtidar-müxalifət münasibətlərindən, radikal müxalifətin keçirdiyi aksiyalara qarşı olmasından, bunu heç nədən çəkinmədən yazmasından, radikal müxalifəti ciddi şəkildə tənqid etməsindən danışdı. Sözümün canı var: Xaliq Bahadırın dediyi bir söz diqqətimi çəkdi: SİZ GƏNCLƏRƏ ARZU EDİRƏM Kİ, XALİQ BAHADIRIN BELƏ SƏHVLƏRİNƏ QARŞI DÖZÜMSÜZ, ACIMASIZ OLASINIZ! Bax, bu idi demokratiya! Və bu idi işıqlı ziyalı kimi Xaliq Bahadırın gənclərə verə biləcəyi mesaj! Xaliq Bahadır sözlərini bitirdikdən sonra müxtəlif adamlar danışdı. Ümumi şəkildə Anarı da yamanlayanlar tapıldı, iqtidarı pisləyənlər də! Hamının ürəyi dolu idi və əslində hamı bir məqamı reallaşdırmaq istəyirdi: “Az qalıb biz iqtidara gələcəyik!”–deyərək özünə təskinlik vermək! Ora təbii ki, “necə” və “hansı şəkildə” – suallarının ünvanlanacağı yer deyildi. Hətta bu sual ünvanlansaydı belə, mən inanıram ki, orda o sualı ünvanlayanı qalmaqal salmaqda günahlandıracaqdılar. Inanın ki, elə olacaqdı. Hamı danışırdı və mən özlüyümdə dəqiqləşdirirdim ki, yox e, qardaş, alınmaz! Bizimki bu müxalifətlə alınmaz! Istəyirsinizsə, lap heca–heca deyim sizin üçün: “A – LIN – MAZ!” Səbəblərini sayıram, istəyənlər qeyd eləsinlər: 1.Bizim radikal müxalifət təfəkkür etibarı ilə romantik meydan təfəkküründən xilas ola bilməyib. Hər şey var: Vətən sevgisi, İman, güvən duyğusu (baxmayaraq ki, onların güvənini neçə illərdir liderlər geninə-boluna, sağa–sola çapırlar). Amma əsas məsələ unudulub, hadisələrə istibaşla yox, sağlam beyinlə yanaşmaq! Siyasi arenada olan bir insan üçün baş verən hadisələrə soyuqqanlı yanaşıb analiz edərək nəticələr çıxarmaq qabiliyyəti çox vacibdir. Bəzən bu fövqəlqüvvə kimi verilir insana, bəzən isə insan bunu təcrübə artı mütaliə ilə özündə formalaşdırır. 2. Bizim radikal müxalifət bu gün ya hüquqları pozulmuş şəxs, yazıqlıq sindromu yaşayır, ya da özünü o cür göstərməyə çalışır. Və təəssüflər olsun ki, bu belədir. Əgər ölkədə sağlam bir şəkildə siyasi rəqabətin olmasını istəyiriksə, o zaman zəhmət çəkib iqtidarlı–müxalifətli özümüzü güclü görməli, adi həyatda olan komplekslərimizi bir kənara qoyub potensialımızı ortaya qoymalıyıq. Baxın, görün o zaman ölkədə nələr olar? O dediyiniz əyintilərdən biri baş verərmi? 3. Bizim radikal müxalifətdə partiyanın başında dayananlar müqəddəsləşdirilir. Toxunulmaz qılınır. Imkan yaransa, partiya funksionerləri pişnamaz kimi gedib həmin şəxsin ya da şəxslərin ətəyində millətə namaz qıldıracaqlar. Bəzən iqtidarı şəxsiyyətə pərəstişdə ittiham edən radikal müxalifətin ağaları özləri bilərəkdən ya da bilməyərəkdən müqəddəs ata rolunu oynamağa başlayırlar. Onlar üçün toxunulmazlıq barieri yaradılır. Onlar haqqında nəsə yazanlar, nəsə deyənlər isə o dəqiqə satqın, yaltaq kimi ittihamlarla üz–üzə qalırlar. Bu gün qışqır–bağır salıb, siyasi debat adı altında bir–birilərini təhqir edən bu “siyasi rəhbər”lər mənə və mənim kimi dünyada baş verən bütün prosesləri daim internetdən izləyən, nümunəvi siyasi liderin bütün vəsflərini, canlı örnəklərini gündə ən azı yüz dəfə üzlərini çevirdikləri Qərbdən görən və öyrənən gənclərə nə verə bilər axı? Məndə olanlara dəyməsinlər, Tanrı xətrinə, verəcəklərini və ya verə biləcəklərini özlərinə saxlasınlar! Hamı danışdı, sonlara yaxın söz “Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəyliyə verildi. O da çıxışına Anarın və Fikrət Qocanın “qabırğasına döşəmək”lə başladı. Anar müəllimin və Fikrət Qocaının yəqin ki, dünən saat dördlə altı arası nəyi var, qulaqları cingildəyib! Bir xeyli sözdən–söhbətdən sonra Elnur Astanbəyli növbəti dəfə “gül vuraraq” siyasi səbatsızlığını ortaya qoydu. Elnur Astanbəyli Türiyənin baş naziri Erdoğanın Bakıya səfəri zamanı onun ölkəmizin başçısı ilə görüşünə toxunmaq istədi. Və “bezdarnılığı” ilə özünü yandırdı. Iki dəfə ölkə prezidentindən bəhs edərkən–diqqət buyurun–söhbət bir iqtidar partiyasının rəhbərindən getmir–bir dəfə “əlahəzrət”, bir dəfə isə “bizimki” sözlərini işlətdi. Ikisində də bir aşağılama var idi. Sən Prezident haqqında danışırsan, ölkə başçısı haqqında danışırsan və kim olmasından asılı olmayaraq Prezident də dövlətin başında duran şəxsdir. Və dövlətçilik maraqlarını əsas götürərək dövlətin başında duran şəxsə sayğı göstərmək şərtdir. Təəssüf ki, “Azadlıq” qəzetində gündə palaz–palaz yazılar yazan Elnur Astanbəyli ya bunu bilmir, ya da sadəcə bilmək marağında deyil. Amma mənə maraqlı gələn bir məqam oldu: nə əcəb məclisdə bulunan Şahvələd Çobanoğlu, ya da elə Xaliq Bahadırın özü Elnur Astanbəyliyə təpinmədilər ki, a bala, “bizimki” nədi, “əlahəzrət” nədi? Təpinmədilər və irad bildirmədilər, çünki Azərbaycanda iqtidar – müxalifət davalarının fonunda hər zaman itirən dövlətçiliyimiz olur. Dövlətçilik dövlətçilikdir, dövlətçiliyin əsas tərkib hissələrindən biri də PREZİDENTdir! O, nə Əlahəzrətdir, nə də Bizimki... O, sadəcə böyük hərflərlə PREZIDENTDIR!

24saat.az

Комментариев нет:

Отправить комментарий