KƏNAN HACI
Şah İsmayılla görüş
Yenə yolum Təbrizədir. Vətəndən vətənə getməyin sevincinə həm də narın bir nisgil qarışır, bütün səfərlərdə belədir; göz-könül dolusu sevinməyə nəsə mane olur həmişə. Fikirləşirəm ki, sevincimizi dalayan, tikanlı barmaqlarını xoşbəxt təbəssümümüzə uzadan aradakı sərhəd məftilləridir. Bu məftillər bizi xoşbəxt olmağa qoymur, yol boyu məni daxili gərginlik içində saxlayan da elə bu amansız maneədir. Rəhmətlik İsa İsmayılzadənin Araz çayına yazdığı göynərtili misraları xatırlayıram:
Qatar gedir Araz boyu,
Gedir qıvrıla-qıvrıla.
Qarşı dağlar göründə,
Qaldım qovrula-qovrula.
Astarada vəziyyət heç dəyişməyib; insanlar yenə də saatlarla gömrük məntəqəsində qalır, bir-birini tapdalayan, saçyoldusuna çıxan arvadlara baxıb utanc hissi keçirməkdən başqa əlimizdən heç nə gəlmir. Ötən yazımda təsvir etdiyim mənzərələrin tam eynilə rastlaşırıq. Daha bu barədə yazmaqdan vaz keçirəm...
******************************
Üçüncü dəfədir ki, sərhədi keçirəm. Ötən səfərlərdə Ərdəbilə getmək istəyim gözümdə qalmışdı, bu dəfə özümə söz vermişdim ki, nə olur-olsun, Şeyx Səfi türbəsini ziyarət etmədən Təbrizə adlamayacam.
O taya keçər-keçməz taksi sürücüləri və pul dəyişənlər ley kimi başımızın üstünü kəsdirir. Bu mənzərə lap Bakıdakı qul bazarlarını xatırladır. Pullardan qətiyyən başım çıxmır, pul dəyişməyi də xanımımın ixtiyarına buraxmışam, dəllallarla lap köhnə alverçilər kimi əməlli-başlı dilləşir. Onun qənaətcilliyi olmasa, bu neçə günü Ərdəbili, Təbrizi gəzib-dolaşa bilməzdik..
Bakıda mənə demişdilər ki, sərhəddəki sürücülərin çoxu İranın casusudur, onlar ETTELEAT-a işləyirlər, onların yanında hər sözü danışma. Mənim isə gizli bir niyyətim yox idi, sadəcə, babamın doğulduğu torpağa gedirdim və bu, mənim halalca haqqımdır.
“Yaddaş kartı” romanında yazmışam, anamın atası Cavad Səttarxanın silahdaşlarından olub və məşrutə inqilabı zamanı haqqında edam hökmü çıxarılıb, o asılacağını bilib gecəykən at belində Təbrizi tərk edir və bu taya keçir. Ata-anası, qardaş-bacıları uzun müddət onu ölmüş bilib, ta 1946-ci ilə qədər onların gözü yolda qalıb. Pişəvəri hökümətinin süqutu zamanı da xeyli sayda azəri türkü bu taya axışıb gəlir və onların içində Cavadın qardaşı Kazım ağanın oğlu Əkbər Şahab da vardı.
Əkbər Bakıya gəlib əmisini tapanda Cavad Buzovnada Ağa adıyla tanınırdı və artıq nəvələri vardı. Bundan sonra iki qardaş arasında yazışmalar başlanır, bir-birlərindən xəbər tuturlar.
...Köhnə tanışımız Səidin köməyi olmasaydı, həmin gün heç cür Ərdəbilə gedib çıxa bilməyəcəkdik. Səid o qədər səmimi, istiqanlı oğlandır ki, onu heç cür casus cildində görə bilmirəm. Şux Təbriz ləhcəsi ilə şirin zarafatları yolun yorğunluğunu bir anlığa canımızdan çıxarır. Astaranı keçib gedirik- Təbrizə doğru... Heç kim bizi geri qaytarmır. Mərhum xalq şairi Qabilin yolların bağlı olan vaxtı yazdığı şeirini xatırlayıram:
Astara yolları uzanıb gedir Təbrizə birbaş,
Geri dönməliyik biz isə qardaş...
İndi bizi bu yoldan heç kim geri döndərə bilməz. Doğrudan da hər şeyin zamana ehtiyacı varmış. Düşünürəm ki, rəhmətlik anam bir ömür boyu ürəyində Təbriz nisgili daşıdı, atasının doğulduğu torpağa qədəm qoymaq ona nəsib olmadı. İndi mən rahatlıqla, maneəsiz-filansız, abad magistral yolla Təbrizə doğru irəliləyirəm. Taleyə şükranlıq edirəm ki, anama qismət olmayan bu səfər mənim ayaqlarımla bizim nəslin tarixçəsinə yazıldı.
Həyat yoldaşım İlhamə xanımla qərara gəldik ki, bu gecəni Ərdəbildə qalaq, sərhəddə həddən artıq yubandığımızdan bu qədim şəhərə çatanda artıq hava qaralmaq üzrəydi. Əbülfəzül- Abbas məscidinin qarşısında insanlar sıraya düzülüb şam yandırır, niyyət edirdilər. Heç vaxt hansısa pirdə, ziyarətgahda şam yandırmasam da(bu barədə “Hardasan, ay Güləndam?!” adlı yazımda mövqeyimi birmənalı şəkildə ortaya qoymuşam-K. H) bu dəfə nədənsə ürəyimdən keçdi ki, burada bir şam yandırım və “olmayacaq şeylərə könlümü inandırım”.
Ərdəbil Pişəvəri dövründə hərəkatı bəsləyən ən fəal bölgələrdən biri olub. Səfəvilərin ata yurdu, dünyaya çıxış nöqtəsi də Ərdəbildi. Şeyx Səfiəddin Sufi təriqəti ilk dəfə burada qurulub, bu təriqətdən başlayan soy-kök ağacı Şah İsmayıla qədər davam edib. Şah İsmayılın, onun atasının, anasının məzarı da Ərdəbildə -Şeyx Səfi türbəsindədir.
Axşamüstü maşınımız Şeyx Səfi türbəsinin qarşısına yetişir. Türbə füsunkar kaşı işləmələri, gözəl memarlığı, yaraşıqlı tağ və gümbəzləri ilə önümüzdə ucalır. Həyətdə Şah Xətainin heykəli önündə şəkillərimizi çəkdirirk. Türbənin ən böyük salonu olan Səma salonuna daxil oluruq, burada gözətçilər şəkil çəkdirməyə imkan verməsələr də gözdən yayınıb xeyli şəkil çəkdirə bilirik. Şəkillərə qoyulan qadağanın səbəbini soruşuram. Gözətçi bunu salondakı qədim əşyaların zədələnməsiylə izah edir.
Bura dünyanın ilk səma rəqslərinin ifa edildiyi yerlərdən biridir. Xəyalımda səma rəqslərini oynayan rəqqasların atəş kimi qıvrılmaları canlanır. Qübbəli tavanlarda onların çırpınan əllərinin izlərini axtarıram.
Nəfis xalıları ingilis və rus işğalçı əsgərləri tərəfindən sökülüb aparılan, yerləri boş çılpaq qalan tavan adamın ürəyini sızladır. Ancaq işğalçılıq bitməyib, bu gün də davam edir. Şeyx Səfi türbəsinin möhtəşəm, qocaman Alaqapısı rejim tərəfindən sökülüb İsfahana aparılıb. Tarixi Alaqapının hansı ağılla, hansı məntiqlə yerindən qoparılması və başqa bir şəhərə aparılması aydın deyil. Aydın olan odur ki, bu da ingilis, rus işğalının zəncirvari bir halqasıdır. Bu zorakılığın bir başqa örnəyi də Türbənin içindəki Şəhidcik (qədim şəhid məzarları olan sahə) adlanan yerin dağıdılmasıdır. Orada aparılan arxeoloji qazıntıların da aqibəti bəlli deyil.
Biz orda olanda türbədə təmir-tikinti işləri gedirdi.
Şah İsmayıla münasibət heç zaman birmənalı olmayıb. Onu qəddar, qaniçən adlandıranlar da olub, sünni-şiə ixtilaflarının baiskarı kimi ittiham edənlər də. Ancaq onun siyasi məqsədləri, hakimiyyəti zamanı yürütdüyü strateji xətt yalnız bir şeyə hesablanmışdı- güclü, bütöv bir dövlət yaratmaq! Onun babalarının də siyasi məqsədləri dini maraqlarından qat-qat üstün idi. Səfəvi şeyxləri heç zaman məhdud şiə fanatikləri olmayıblar. Belə olsaydı, Uzun Həsən heç vaxt Trabzon xristian hökmdarı ilə qohumluq əlaqəsi qurmazdı. Ondan da əvvəl Şeyx Cüneyd sünni Ağqoyunlu hökmdarı Uzun Həsənin bacısı Xədicə bəyimlə izdivaca girməzdi.
Onu işğalçı, qəsbkar adlandıranlar da böyük yanlışlıqlara yol verirlər. Şah İsmayıl tarixi Azərbaycan torpaqlarını işğalçılardan təmizləyərək babasının çatmadığı arzuya çatdı; Azərbaycan torpağının böyük bir qismini vahid qızılbaş dövlətində birləşdirdi. Bu möhtəşəm hadisənin kütləvilik miqyasını dərk etmək üçün Səfəvi xanədanlığının tarixini mükəmməl bilmək lazım gəlir.
Bütün bu bəlli həqiqətləri sadalamağa bəlkə də ehtiyac yox idi. Lakin bəzən uşağa da agah olan tarixi həqiqətlər abdal qafalı insanlar tərəfindən təhrif olunur. Şah İsmayılın məzarını ziyarət edərkən, ondan da əvvəl İstanbulda Topqapı sarayındakı taxtı önündə beynimdən ancaq bu fikirlər keçib.
Maşınımız Təbrizə çatanda güclü yağış başladı və bir azdan doluya çevrildi. Görən Şah İsmayıl Təbrizə varid olarkən hava necəymiş?!
Şah rejiminin xiffəti?!..
Hər dəfə İrana adlayanda qadınların burdakı hüquqsuzluğu məni hədsiz narahat edir. Öz çağında, öz əsrində yaşamayan, yaşaya bilməyən insana çağın ehtiyaclarını anlatmaq mümkünsüz görünür. Fanatizmin də kökü bundadır. Əlbəttə, kimsə deyə bilər ki, bu, dövlətin daxili işidir. Amma inkişaf, sürət əsrində hələ də Şərqdə qadın problemi tam çözülməyibsə, bunun fundamental səbəblərini araşdırmağa hacət yaranır. Bu gün elə bir zaman yetişib ki, artıq islam terrorizmin sığınacaq yerinə çevrilib. Din pərdəsi altında əxlaq aşınması posesi gedir və bu proses qarşısıalınmaz hal alıb. İran tipli qapalı dövlətlər isə bu prosesə bilərəkdən və ya bilməyərəkdən stimul verməkdədir. Çadra fars şovinizminin ən kəskin silahıdır.
Bu qədər ziyalının, yazarın zindanlarda çürüdülməsinin, edam edilməsinin və mühacirət etməsinin səbəbi də onların Şərq fanatizmini kökündən sarsıtmasıdır. Bu da mövcud rejimi qorxuya salır. Divin canı şüşədə olduğu kimi, onların da yaşamasını təmin edən əsas dayaqlardan birincisi islam fundamentalizmidir.
Böyük fikir və düşüncə adamı Əhməd bəy Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” adlı əvəzsiz bir əsəri var. Həmin əsərdə “Sərbəst insanların əsas yasası(qanunu)” adlı bölüm var, “Ümumi əsaslar” olaraq aşağıdakılar göstərilir:
Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.
Tamahlarına yiyə durmayanlar azad ola bilməzlər.
Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.”
Söz və yaşayış azadlığı olmayan ölkələr despotizmin hakim olduğu ölkə kimi səciyyələndirilir. İnsana dəyər verməyən, onun azadlığını məhdudlaşdıran, ona qadağalar tətbiq edən rejimlər dünya düzənində heç zaman hansısa yer tuta bilmirlər.
İslam şərqində qadınların taleyi və həyatı üzərindəki bu qeyri-əxlaqi, qeyri-insani tətbiq üsulu onları canlı meyitə çevirmişdir.
Sözsüz, mövzu bu deyil. Amma İran haqda yazarkən bunsuz keçinmək də mümkün deyil.
Təbrizdə kişilər qadınlara nisbətən bir qədər şanslı görünürlər. Amma küçədə kişilərin zahiri görünüşündəki pintiliyi nəyləsə əlaqələndirməkdə çətinlik çəkirəm. Orta yaşlı və bir qədər sinli kişilər çox pinti geyimdə gəzirlər, əksəriyyətinin ayaqqabısı toz içindədir, sanki bu məmləkətdə ayaqqabı mazı deyilən bir nəsnə yerli-dibli satılmır.
Təbrizdə yaşayan ziyalı dostlarımızdan birinə söhbət əsnasında dedim ki, nə yaxşı kişilərə geyimlə bağlı hər hansı qadağa yoxdur. Gülüb dedi ki, sənin belə qısaqol köynəkdə gəzə bilməyindən ötrü biz illərlə mücadilə apardıq, qurbanlar verdik. Nə vaxtsa kişilərə qısaqol köynəkdə gəzmək də yasaq imiş. Ardınca bir vaxtlar Bülbülün ifasında baxdığı “Koroğlu” operasından yadında qalan iki misranı dilə gətirir:
Bu gözəl təbiət, bu gözəl mənzərə,
bir daha səadət verməz bizlərə.
Nə demək istədiyini anlayıram. Şah gölü civarında şam yeməyi yeyirdik, mənsə düşünürdüm ki, bu göldə nə qədər türkün qanı batıb. İndi bura El gölü adlanır, amma hamı əvvəlki adını deyir. Şah zamanının xiffətini yaşayan insanlar var bu məmləkətdə. Deyirlər ki, firavanlıq, ucuzluq, rahat həyat Pəhləviylə getdi. Fərəh Pəhləvinin “Xatirələr”ini oxumuş bir adam kimi bu nisgili təbii sayıram.
Hər dəfə olduğu kimi bu səfər də kitabla yüklənmişdim. Etel Lilian Voyniçin “Qırılmış dostluq” romanını Bakıda oxumağa başlasam da Təbrizdə bitirdim. Başdan-başa üsyankar ruhda yazılmış bu əsər qapalı cəmiyyətdə bir neçə gün ərzində mənim təmiz hava almağım üçün nəfəslik rolunu oynadı. Qayıdandan sonra Əhməd Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsərini yenidən oxudum.
Bu yerdə yadıma bir məqam düşdü. Bir dəfə İrandan Naxçıvana keçərkən portfelimin kitabla dolu olduğunu görən gömrük işçisi kitabları göstərməyimi tələb etdi.
-Bunlar dini kitablar deyil ki?
Portfelimi açıb kitabları bir-bir göstərdim. Tam əmin olandan sonra gülümsəyib:- keç,-dedi.
Vətəndən Vətənə adlamaq üçün təkcə sərhədi keçmək kifayət eləmir. Daha nələrdən, nələrdən keçməlisən...
Tikanlı məftillər qanadsız yırtıcı kimi Araz boyu sürünməkdəydi...
Bakı-Ərdəbil-Təbriz-Bakı
Комментариев нет:
Отправить комментарий