Страницы

08.08.2011

Əvəz Qurbanlının Nofəl Ədalətin kitabı üçün yazdığı ön söz


                                      Ömrümü yollara töküb yaşadım...

Ön söz, adətən, hansısa mətnə giriş, təqdimat, izah məqsədilə yazılır. Nofəl Ədalətin şeirləri isə özü-özünü izah edir, təqdim edir. Girişi də, çıxışı da hamısı özündədir. Bu baxımdan, Nofəlin kitabının ön sözə ehtiyacı yoxdu.

Başqalarını bilmirəm, mənim hər hansı kitabla tanışlığım ümumi qaydaların əksinə olur. Kitabı əvvəldən yox, axırdan başlayıram oxumağa. Kitabın özü ilə tanış olandan sonra keçirəm ön sözə. Bu kiçik ön sözü də yazanda oxucuların onu məhz sonda oxuyacağını nəzərdə tutmuşam. Necə ki, mən bu kitabı oxuyandan sonra ön söz yazdım, eləcə də oxucu bu kitabı oxumamış, bu ön sözün də onun üçün əhəmiyyəti olmayacağını düşünürəm.

Son vaxtlar az qala ikrahla qarşıladığımız bir fikrə toxunmaq istəyirəm: “Azərbaycan xalqı şair xalqdır”. Bu mövzunu çeynəməkdən çənələr ağrıyıb. Tənqid edən də var, təqdir edən də. Bir dəfə tələbələrdən biri bu fikrə münasibətimi bilmək istəyəndə belə cavab vermişdim: “Niyə də olmasın? Əgər hər bir italyan evində az qala bir rəssam, hər bir ispan evində bir musiqiçi varsa, onda niyə hər bir azərbaycanlının evində bir şair olmasın?”. Əlbəttə, Uca Allah hər bir xalqa bir xüsusiyyət verir ki, o xalq başqalarından bu xüsussiyyətə görə seçilir. Bizə də böyük lütf edib, şair ruhu verib. Lakin...

Şeir yazmaq üçün istedad yetərli deyil. Şairlik ilhamının xəmirini zəhmət təri ilə yoğurmasan, ona elm ədviyyatı və iman mayası qatmasan, yazdığın – söz, dediyin – şeir, özün də şair ola bilməzsən.

***
Şair, bir misrası ilə də ədəbiyyat tarixində şair kimi qala bilər. Yetər ki, o bir misra həqiqətən şeir olsun.

Nofəlin şeirlərində belə misralar kifayət qədərdir:

Ömrümü yollara töküb yaşadım...

Bu misra haqqında çox söz demək olar. Mən isə iki sözlə kifayətlənirəm: şeir budur.

Sitat gətirməyi xoşlamıram, ancaq bu yerdə dahilərdən birinin fikrini xatırladım: “O kəslər ki şair kimi bir misrada fikirlərini ifadə edə bilmirlər, o zaman o misranı o qədər uzadırlar ki, dönüb roman olur...”. Bu baxımdan yanaşsaq, Nofəl “roman”larının sayı ilə fəxr edə bilər.

Daş qoymayın məzarımın başına,
Ömrüm boyu başı daşlı olmuşam.

Bu beytin xüsusi izaha, təqdimata nə ehtiyacı? “Poeziya” dedikləri bu deyilmi? Şairin özünə kinayə ilə dediyi bu misraların altında bir insan taleyinin ağrı-acısı yatır, ona görə bu qədər təsirlidir. Poetik gözəlliyi var, ona görə bu qədər yapışır adama. Bu yazı tənqidi məqalə yox, yalnız ön söz olduğu üçün burada şeir qaydalarından, bədii ifadə vasitələrindən danışmaq istəmirəm. Lakin müəllifin bu beyti, Ustad Mövlana Məhəmməd Füzulinin bir beyti ilə səsləşdiyini vurğulamaq istəyirəm:

Məzarım üstə qoymun mil, əgər kuyində can versəm,
Qoyun bir sayə düşsün başıma ol sərvqamətdən...


Əgər yarın yanında can versəm, qəbrimə başdaşı qoymayın, yarımın kölgəsi başıma düşsə, kifayətdir, deyən Füzulinin söz süfrəsinin varislərindən biri olan Nofəl, bu fikri özünəxas deyir və məzmun, poetik anlam öz sələfininkindən tam fərqlənir. Nofəl də qəbri üçün başdaşı istəmir, lakin ona görə istəmir ki, ömrü boyu başı daşlı olub. Yuxarıda qeyd etdiyim kimi, burada şairin özünə qarşı bir kinayəsi var. Əlbəttə, poetik anlam başqadır, şair demək istəyir ki, dünyada çox cəfalar çəkdim, istəmirəm ki, məndən sonra bu vəfasız aləmdə bir nişanə qalsın. Lakin hər bir halda, Nofəl bu fikirlə öz sələfinin fikrini inkar etmir. Yol eynidir: dünya və zamanın etibarsızlığından, maddi aləmin aldadıcılığından Uca Yaradana, mənəvi aləmə pənah aparmaq...

Bu fikri şairin başqa bir misrası ilə izah etmək mümkündür:

Qapım çöldən bağlıdır...

“Bağlı qapı” sindromu poeziyada çox işlənib. Lakin söz adamları qapının içəridən yaxud çöldən bağlandığının fərqinə çox da varmayıblar. Şair burada demək istəyir ki, mənim yollarımın bağlanması öz əlimdə deyil, mən özümə çəkilib özgəni günahlandıranlardan deyiləm, yəni qapını içəridən bağlamamışam. Qapı çöldən bağlıdırsa, demək, içəridəki adam dustaq kimidir. Dinimizdə belə bir ifadə var: “Dünya möminlərə zindandır”. Mən burada bir az cəsarətimi artırıb demək istəyirəm ki, bəlkə də dünyanın ən mömin adamları, elə əsl şairlərdir. Xacə Nəsirəddin Tusi “İqtibasın əsasları” əsərində yazır ki, şeir irfanın müqəddiməsidir. İrfan – Allahı tanımaq yoludur.  Demək, əsl şairlər düz yoldadırlar, bu yolda başqalarından da biraz qabaqdadırlar.

Nofəl başqa bir şerində deyir:

Mənim yükləndiyim bu dərd ağırdı.


Qurani-Kərimdə təxminən bu məzmunda insanlara mesaj var: “Biz insanın çiyninə, çəkə biləcəyindən artıq yük qoymarıq”. Əlbəttə, yuxarıdakı misrada şair dərd yükünün ağırlığından şikayətlənsə də, onu çəkə bilmədiyindən danışmır. Yük nə qədər ağır olsa da, çiyin də şair çiynidir, çəkməlidir bu yükü. Sadəcə, şair kənardan baxanlara demək istəyir ki, bu döyüş sizə asan gəlməsin.

Yaxud:

Sevinə-sevinə əl eylədiyim,
Sən demə, dərd imiş məni çağırdı.

Burada da şair dünyanın aldadıcı gözəlliklərini tənqid edir, insanları belə gözəlliklərlə ehtiyatlı davranmağa çağırır. Klassik poeziyamızda sərab, yəni ilğım deyiləndə də məhz bu amil nəzərdə tutulur. İlğım, təşnə insanlara susuz səhrada uzaqdan su kimi görsənir, lakin yaxınlaşanda sudan əsər-əlamət görünmür, əksinə, məşəqqətli yoların daha da uzun olduğu aydın olur.

Dəsmalım bələnir gözün yaşına,
Silmə, ayrılıqdı - deyirsən mənə.
Sən hardan biləsən, ay dəniz gözlüm,
Ömrümü verərəm dəsmal yerinə...

İlk baxışdan nə qədər sadə görünsə də, söz əhli bu misraların nə demək olduğunu yaxşı bilər. Bu bənddə bir dənə də olsun, artıq söz tapmaq mümkün deyil. Bu da şair peşəkarlığından xəbər verir. Xalq inancında dəsmal ayrılıq simvolu kimi başa düşülür. “Bələnir” əvəzinə başqa söz də demək olardı, ancaq şair burada göz yaşını eyham sənəti ilə qana bənzədir. Dilimizdə “qana bələnmək” ifadəsini şair məharətlə öz yerində işlədir. Qanlı göz yaşları ayrılıq, başqa sözlə, hicr, hicran vədəsinə işarədir. “Silmə, ayrılıqdır” deyəndə, həm ayrılıqdan qorxmaq, həm də vüsala tələsməmək başa düşülür. Yəni, “gözümdəki ayrılığı silmə” yaxud “dəsmalını (ömrünü) ayrılığa batırma” xəbərdarlığı var burada. Sufi dünyagörüşünün əsas elementlərindən biri də vəsl təşnəsi ola-ola ayrılığa meyldir, çünki hicran əzabının həzzi vəsl şərabının məstliyindən dadlıdır. Necə ki Füzuli deyib: “Xəyalilə təsəllidir, könül meyli-vüsal etməz”. Şair sonrakı misrada “dəniz gözlüm” deyə müraciət edir. Burada gözlərin rəngi dənizin rənginə bənzədilir. Eyni zamanda, göz yaşlarının həddindən artıq çoxluğuna, dəniz qədər olmasına təşbih var. Bəndin poetik yekunu şox uğurludur: şair yarının sonsuz ayrılıq dərdindən yaranmış dənizlər qədər göz yaşını qurutmaq üçün bütün ömrünü verməyə hazırdır!

Nofəlin müraciət etdiyi mövzular olduqca rəngarəngdir. Lakin bu mövzuların içində Vətən həsrəti, yurd dərdi başlıca yer tutur. Bu mövzuya qəsdən toxunmadım. Şair qəlbinin bir ömürlük yarasının qaysağını qoparmağa cürət etmədim...

Əlbəttə, kiçik bir yazıda bir şairin portretini çəkə biləcək qədər mahir rəssam deyiləm. Lakin düşünürəm ki, qismət olsa, Nofəl Ədalətin şeirləri haqqında nə vaxtsa tənqidi məqalə yazmalı olsam, daha çox onun söz sənətkarlığının incəliklərinə toxunmağa çalışacam.

Onu da qeyd etməliyəm ki, Nofəl Ədalət, insanlığını şairliyində, şairliyini insanlığında təsdiq etmiş azsaylı dostlardan biridir. Haqqı, ədaləti hər şeydən üstün tutan Nofəl, hətta təxəllüs kimi də “Ədalət” sözünü özü üçün bir ömür ad yoldaşı seçib.

Sonda bir şeyə təəssüf edirəm ki, Nofəl haqqında sözümü bir misra ilə deyə blmədim. Roman qədər uzatmağın da yeri yoxdur əslində.

Ona görə də gözəl insan, etibarlı dost, yaxşı şair Nofəl Ədalətə bundan sonra da yaradıcılıq uğurları, xoşbəxt həyat, Bütöv Vətən arzulayıram.

Комментариев нет:

Отправить комментарий