Страницы

22.08.2011

ZÜLQƏRNEYNLƏR


Həmid Herisçi

“Nəhayət, iki dağ arasında (Türküstana) yetişincə onun önündə heç bir söz anlamayacaq haldakı bir qövmə rast gəldi. Dedilər ki: ”Ey Zülqərneyn! Xəbərin olsun ki, Yəcuc və Məcuc bu yer üzündə fəsad çıxarıb durur. Onun üçün onlarla bizim aramızda bir sədd tikmək şərti ilə sənə bir vəzifə versək olarmı?" (Almalılı Məhəmməd Hamdi Yazır, “Tefsirli Qurani-Kərim”, 18-ci “Kəhf” surəsi, ayə 93-94).

Yubilyar

- Deyirsiz bəs dünyada bircə irq var, yəni biz insan tayfası. Razılaşmıram.
***
Doğrudan da. Niyə belə düşünürsünüz ki, insan irqi cəmi-cümlətani yalnız bircə irqdən ibarətdir? Nəqliyyat vasitələrinə verilən dövlət nömrə nişanlarına nəzər salmaq da bəsdir - aradakı fərqləri hiss edib əllərinlə alın qırışlarını ovuşdurasan. Götürək elə bu nömrələr içindəki mütləq əksəriyyət sayılan “AZ”larla tək-tük “AS”ların fərqini. Dövlət yol nişan nömrəsi tərkibinə “AZ” rəmzi daxil olan yüz minlərlə “Jiquli”, “Mercedes” hər gün ölkə yollarınında o yan-bu yana şütüyür. Tərkibində “AS” rəmzi olan minik vasitələri isə adətən qara-ağ rəngli olub bir başqa silki işarələyir - həyat Olimpinə guya qalxmağı bacarmış tək-tük şücaət sahiblərini. Ancaq bu gün saxtakar “AS”ları gəlin ataq Balaxanı zibilliyinə. Həqiqi “AS”larla tanışlıq imkanı necə, ürəyinizcədirsə, onda day sözümə qulaq asın, düşün ardımca, gəlin həqiqi “AS”lar arasındakı çox maraqlı bir söhbətin dinləyicisinə çevrilin.
Xəzər sahilində qurduğumuz xudmani, evsayağı çay dəstgahı bu söhbətə gözəl şərait yaratmış üzümlü-əncirli cəzbedici bir guşədir. Qonaqlar kimdi? Deyim. Öz peşəsində “AS” zirvəsinə qalxanlar. İlk növbədə Azərbaycan və Rusiya Elmlər akademiyalarının ən məşhur alimi, neft-qaz geoloqu, akademik Midhət Abasov. 500-dək elmi əsərin, çoxsaylı ixtiraların müəllifi. Çox ağır çəkili ictimai-siyasi bir şəxs. Bu günlərdə onun 85 illik yubileyi gözlənilir, biz də təxminən bunu bəhanə edib qocaman neft-qaz kəşfiyyatçısının başına yığılmışıq.
Digər qonaq - Nicat Quliyev isə İf məhbəsindən qaçmağı bacarmış Qraf De Monte Kristonu xatırladır. Vaxtilə Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri vəzifəsində çalışmış bu dərin, nadir peşəkar hələ də siyasi sirr olaraq qalan Acarıstan rəhbəri Aslan Abaşidzenin baş müşaviri kimi də tanınıb. Üçüncü həmsöhbətimiz Rasim Ağayevdir. Tanınmış “partokrat”, Azərbaycan Sovet Sosialist Respublikasında ən yüksək vəzifələrdə çalışmış alim-ziyalı, politoloq, peşəkar jurnalist.
***
Xəzərdən vuran hava axını əvvəl üzüm yarpaqlarını tərpədib dilləndirir, sonra bizi. Saçımızı sığallayır, sinəmizə dolub ruhumuzu qidalandırır, lap axırda qalın əncir yarpaqlarına toxunaraq orda qeybə çəkilir. Söhbətimiz ilişib bir mövzuya: “Dünyada bir insan irqimi var, yoxsa...?” Mən israr edirəm ki, yox, bəs dünyada ən azı iki fərqli irq var: aslar-"xasslar", bir də azlar.
Başlayıram fikirlərimin izahına:
- Kəllə təpəsində saç buruğu bir olanlar başqadı, iki buruğu olanlar başqa. Nağıllarımızı yada salın. İsgəndər Zülqərneynin bərbəri bir gün bax, bu sirrə agah olur-bilir ki, İsgəndər başqalarından fərqlənir, təpəsində bir yox, iki saç buruğu var. Gedib bu sirri dərin quyuya danışır. Həmin nağıl üstüörtülü şəkildə dünyanın, insanın ən ciddi sehrinə işarə vurur, həm də bu söhbətin təhlükəli olduğunu nağıl dinləyicilərinə pıçıldayır. Elə indi də bu mövzu çoxlarını qorxudar.
Bu an akademik Midhət Abasov peşəkar piano ifaçısı kimi iki əlini eyni vaxtda piano aləti..., yox ee, masa üzərinə qoyur. Dediklərim hədsiz dərəcədə maraqlı görünür, deyəsən, ağsaqqal alimə. Nicat Quliyevin şah qaməti bir-iki dəfə xəfifcə səfərbər olur. Rasim Ağayev isə öz skepsisizmini gizləmir, gözləri gülür, iti barmaqlarıyla masamızı taqqıldadır hərdən. Süjetimiz davam edir:
- Sovet vaxtlarında da bərbərlər həmişə buna fikir verər, saçı iki buruqlular barədə lazımi ünvanları xəbərdar edərdilər. Qurani-Kərim ayələrinin birindəki “Zülqərneyn” (təxminən “iki qərinənin, iki qütbün sahibi” mənasını verir) söhbəti ilə bu irqin nümayəndələrinə sanki bəraət verir, onların xüsusi istedadını, tarixdəki missiyasını ayrıca vurğulayır. Qədimlərdə belə uşaqlar, məsələn, Musa peyğəmbər, yaxud Həzrəti İsanın özü şahlara təhlükə yaradacaq düşmən elan edilərək hələ bələkdəcə qətlə yetirilirdilər. Hitler Almaniyası tam məxfi “Ananerbe” layihəsi çərçivəsində “ubermensh”, yəni fövqəlinsan irqini yaratmaq istədikdə həmin “iki qütb”lülərə xüsusi diqqət ayırıb. Hitler Almaniyası hesab edirdi ki, saçı iki buruqlularda sanki iki insan mövcuddu - biri adi, digəri ali. Bayaq dediyimiz kimi, biri “as”, digəri “az”lar.
Söhbətimizin bu ciddi nöqtəsində qəfil sözümü yarıda kəsərək dinləyicilərimin baxışlarını fərqləndirmək istəyirəm. Barmağının ucu ilə astaca gicgahını oxşayan Rasim bəy nəsə demək istəsə də düşüncələrini tez də geri götürür. Nicat bəyin baxışları ağırlaşır:
- Davam edin, maraqlıdır, - Midhət bəy aramızdakı sükut fasiləsini nəhayət qırır. - Şəxsən mən Azərbaycan Abasovlarının içində yeganə şəxsəm ki, soyadımda bircə “b” hərfi var. Nəslimiz XIX əsrdə Təbrizdən Şuşaya köçüb orda çar Rusiyasından siyasi pənahəndə statusunu qazanmış şahzadə Bəhmən Mirzə Qacardan gəlir.
Bunu deyincə akademikin tanış siması azca dəyişir gözlərimdə. Qacar şahzadələrinin yağlı boya ilə çəkilmiş qədim portretlər silsiləsi miqyasını azca böyüdərək gəlib durur düz qarşımda.
- Davam edin. - Midhət bəy gözlərini məndən ayırmır, diqqətlə əlimdəki sədəf təsbehimi izləyir.
- Nasistlər hesab edirdi ki, başına qoşa buynuz keçirmiş qədim alman, skandinav vikinqləri həmin “Zülqərneyn” irqindənmiş. Sonralar bu tədqiqatların ardı həm SSRİ-də, Ümumittifaq Pediatriya İnstitutunda, həm də ABŞ-da davam etdirilirdi. Yəni gəlin razılaşaq, insanlar arasında nağd iki fərqli irq var. Yaxşı, görən biz hansı irqə məxsusuq?
- Geoloji kəşfiyyat təcrübəsi siyasi kəşfiyyatdan min qat üstün olduğuna görə icazə verin burda söhbətə yenə müdaxilə edim. Geoloji qatlar arasında da həm “as”, həm “az” neft-qaz yataqlarını fərqləndirmək istedadı hər geoloqa məxsus deyil. Orda da belə ciddi fərqlər var. “As” mütəxəssislər belə yerdə özlərinin siz deyən Zülqərneyn ailəsinə aid olduqlarını isbatlayır, iki aləmin, iki qərinənin tək gözü olduqlarını aləmə sübut edirlər. Yeraltı sərvətləri geoloqlar yalnız bu gözlə aşkarlayıb.
Beynimdə sanki qısaqapanma baş verir, gözlərimi işıq qığılcımları bürüyür. Akademikin uzaq 1969-75-ci illərdəki tanış siması gəlib durur qarşımda. O vaxtlar biz də Midhət bəy kimi sovet isteblişmentinin hakim elitasına məxsusduq, yay istirahətimizi Zağulba pansionatında birgə keçirirdik. Midhət bəylə tanışlığımız da həmin uzaq xatirələrdən başlayır.

Gizli xəritə

Zağulbada növbəti dəfə dincəldiyimiz vaxt qapımız qəfildən döyüldü. Qonağımız Kamal Mirzəzadə adlı bir gənc idi, indi o, “Şəbəkə” restoranının sahibi kimi tanınır.
- Babam dəniz kapitanı Aslan Mirzəzadədən mənə ərəb əlifbası ilə yazılmış bir sənəd gəlib çatıb. Atan ərəb əlifbasının mahir bilicisi kimi ad qazanıb, bəlkə mənə bu sənədin sirrini açar?
Atam həmin sənədi əlinə alıb onu diqqətlə gözdən keçirdikdən az sonra:
- Bunu əlində möhkəm saxla. Qacar şahı Nəsirəddin şah bu fərmanı babanıza verib. Sənəddə deyilir ki, Aslan Mirzəzadə mahir gəmi kapitanıdır, Xəzər dənizindəki sudan göyə od püskürən qədim ziyarətgahları yaxşı tanıyır. Şah onun sayəsində bu dəniz ziyarətgahlarını ziyarət edib. Fərmana bu ziyarətgahların xəritəsi də əlavə olunubmuş...
Cümlənin sonunu gözləmədən Kamal Mirzəzadənin bizi tez tərk etməsi diqqətimizdən yayınmadı. Axşamçağı isə atam bu söhbəti qonşumuz Midhət Abasovla müzakirə edirdi.
- Nəyi müzakirə edirdiniz, Midhət bəy? - Nicat Quliyevin qəfil sualı lap vaxtında səslənib hamımızın diqqətini yubilyara doğru yönəltdi. İkimizin də xatirə dəftərçəsi eyni anda açılıb bizi keçmişə səyahətə dəvət etdi.
***
Bakı ətrafında, Xəzər sahillərində “Əli ayağı” kimi tanınan ziyarətgahların bir sirri var. Bax, həmin bu sirr zəvvarlara indi bəlli olmasa da qədimlərdə tək-tük seçilmişlər, “aslar-xasslar” o sehrə yaxşı bələdmiş. Sən demə, “Əli ayağı” kimi tanınan ziyarətgahlar, dənizin ortasındakı möcüzəli məkanların ilk addımında qərar tutmuş müqəddəs məkanlarmış. Yəni “Əli ayağı” qədim dərvişlərin dilində dənizə gedən gizli yolun ilk addımı, qədəmi sayılırmış. Zəvvarlar ürəklərində niyyətlərini tutar, həmin ocaqlardan başlayan gizli dəniz yollarla Xəzərin neft-qaz yataqlarını, oradakı möcüzələri ziyarət edərmişlər. “Gizli yollar” dediyim an fikrinizə min cür qara-qura qatmayın. Bu ifadənin arxasında Xəzərdəki dayazlıqlar, ora gedən say cığırları nəzərdə tuturlarmış.
Kapitan Aslan Mirzəzadə də həmin saylar boyu hərəkət edərək İran şahı Nəsirəddin Qacarı Xəzərdəki odlu-alovlu ziyarətlərə aparıbmış. Bu ərazilərin xəritəsi də...
Burda Nicat Quliyevlə Rasim Ağayev söhbətimizə bir ağızdan müdaxilə edirlər:
- Həmin neft-qaz ərazilərinin gizli xəritəsi də o vaxt ortada varmış demək...
Hə, burda zəvvar-ziyarət, “Əli ayaq”larının romantikası bir başqa məna alır. Xəzər neft-qaz süxurlarının gizli, məxfi xəritələri mövzusu fikirlərimizin, beyinlərimizin haməsini titrədir. Ustad neftçi başlayır aramla danışmağa:
- Gəlin doğma Xəzərimizə planetar, kosmik bir baxışla nəzər yetirib onun xəyali xəritəsini fikrimizdə canlandıraq. Uca fələklərin 12 ayı, dərin süxurlardakı 12 neft-qaz layı... 12 “Əli ayağı” ziyarətgahından başlayaraq Xəzərə uzanan 12 say, dayazlıq xətti. Onların vahid kəsişmə nöqtələri. Biz o vaxt atanızla bu barədə danışardıq Zağulba sahillərində. O məxfi xəritə, “Əli ayaq”larının gizli təyinatı məni indi də düşündürür. Bəzən mənə elə gəlir ki, “Əli ayaq”ları axtarışlarımızda biz kəşfiyyatçılara ötürülmüş uzaq, dumanlı bir işarə idi. Hə, biz sanki bu işarələrlə irəli atıldıq. Ancaq kim, hansı qədim alimlər idi o qayalar üzərində bu rəmzləri həkk edənlər?
- Necə kimlər? Çox güman ki, Zülqərneynlər - Nicat bəy söhbətimizin süjetinə burda tam aydın, məntiqi sonluq verir.
Sərin külək hərəkətə keçərək süfrəmizin sallaq uclarını yelləyir bu zaman.

Palindrom süxurlar

- Moskvadakı Pediatriya İnstitutunda saçı iki buruqlu olan bu “Zülqərneyn” uşaqlar ciddi tədqiqatdan keçirilərkən bəlli olur ki, onlar sanki iki antenalıdır, sağ-sol beyin kürələri xüsusi kosmik kanallarla əlaqəlidir. Hər iki beyin kürələri arasında əlaqə yaradacaq xüsusi siqnala ehtiyac yaranır. Alimlər qərara gəlir, bu əlaqəni linqvistik yolla həyata keçirmək lazımdır. Əvvəldən, axırdan eyni cür oxunan palindrom kəlmələr bu missiyaya layiq görülür. Palindrom kəlmələr bizim dildə “ata, ana, ənənə, kələk, qazax, məqam” və s. kimi nadir, sehrli kəlmələrdir. Qədim skandinav vikinqlərinin runik yazılarına fikir verin. Onların palindrom mətnlər şəklində olmağı da məhz bu missiya ilə bağlıdır. İndinin özündə rusca, yaponca, fincə çox güclü, sehrli palindrom sözlər, cümlələr var. Və onlar da sanki çox gizli, məxfi bir missiya təyinatlıdır, - deyib Midhət bəydən cavab gözləyirəm.
- İnsanın genetik kodu belə bəzən palindrom mahiyyətli olur, əvvəli ilə axırını birləşdir, eyni mətn kimi oxunacaq hər iki tərəfdən. Geoloji süxurlarda da ən “as” laylar, baxırsan ki, palindromdur. Neft-qazı da bax bu yollarda, bu süxurlarda axtarmaq lazımdır həmişə... - deyən alim bir an dərin sükuta dalır.
Rasim Ağayevin barmaqları çay masamızı taqqıldatmağa başlayır:
- Palindrom kəlmə və cümlələrin çox güclü, həm yaradıcı, həm dağıdıcı cəhətləri də var. SSRİ-nin həm qurulmağı, həm dağılmağı proseslərində onlardan geniş istifadə edilib. 1991-ci ilin 21.12 tarixi, tam numeroloji palindrom nümunəsidir. Həmin tarixdə SSRİ dağılıb, əvəzində MDB yaranıb Alma-Atada.
- O vaxt Moskva Komediya Teatrında həm də palindromistlərin ilk və son qurultayı keçirilib. Saat əqrəbləri 16:61 (?!) palindrom rəqəmlər üzərində dayanan “vaxt” qurultay işə başlayıb. İştirakçıları da çox maraqlı simalardı deyərdim... - Nicat Quliyev mövzuya bir başqa rakursdan yaxınlaşır.
- Həmin gün eyni halda Stalinin doğum tarixidir haaa... - Rasim Ağayev dərhal Stalini yada salır.
- Qəribədir, Mixail Saakaşvili də həmin gün dünyaya göz açıb. - Nicat bəy azca gülümsəyərək mövzumuza yeni rənglər qatmağı bacarır.
Rasim Ağayev bu an kölgədə qalmır, öz filoloji savadını köməyə çağırır:
- Ən məşhur rus palindromisti Velemir Xlebnikovdursa, o, özünün palindrom poemasını, “Stepan Razin” əsərini elə Bakıda, Xəzər sahillərində yazıb. O, XI Qızıl Ordu tərkibində Bakıya gəlibmiş, Artyom (Pirallahı) sahillərində Razinin ruhunu diriltmək istəyir, bununçün o poemanı yazır. Orda da yoxa çıxır. İtib qeybə qərq olur...
- Elə oralardan da Xəzərin palindrom neft-qaz yataqları başlayır... - Midhət Abasov bu son cümləsi ilə sanki bütün söhbətimizə sehrli, çoxmənalı nöqtə qoyur.
Ancaq sanki qara deyil bu nöqtənin sirli-sehrli rəngi.

“Mən heç kimin adamı olmamışam...”

1994-cü ilin əvvəlində teleefirə verilən canlı yayımda Midhət Abasovla Heydər Əliyev arasında məşhur söz çəkişməsi baş verir. Milli Məclisdə üstüörtülü kəlmələr biri digərinə qarışır. Nə baş verirdi o əsəbi söhbət əsnasında? Pərdə önündə? Pərdə arxasında? İndiyədək bu söhbətin hansı səbəbə söykəndiyini dilinə gətirən şəxs tapılmayıb. Deyirəm bəlkə Xəzərin gizli, məxfi geoloji xəritəsi ətrafında o vaxt güclü çəkişmələr olub şayəd? Siyasi kəşfiyyatçı neft-qaz kəşfiyyatçısı ilə üzbəüz gəlib bəlkə? O xəritənimi istəyirdi Midhət Teymur oğlundan ölkə başçısı min bir israrla, hədə-təhdidlə? Hə? Cavabı yoxdur hələ bu suallarımın. Ağsaqqal, müdrik alim isə bu sorğularıma cavab verənə heç oxşamır. Alimin Heydər Əliyevə dediyi “Mən heç vaxt heç kimin adamı olmamışam” cavabı isə hələ də qulaqlarımda cingildəyir.
Midhət Abasovun iti, hərdən çəpəki baxışları anında beynimə sancılır. Nicat Quliyevlə Rasim Ağayev isə bu dar məqamda bu təkrarsız İNSANI əhatə edən iki sükut qalasına bənzəyir. Sağdan-soldan bu müdrik insanı qorumaq vəzifəsi indi onlara həvalə edilib sanki...
“Kəhf” surəsindəki “Əshabı kəhf”imi (mağara dostlarınımı) indi görürəm mən bu üçlüyün timsalında? Yoxsa Həzrət Zülqərneynə vaxtilə vəzifə tapşıran o qədim Türküstan xalqının indiki varislərini? O “Sirlər xəzinəsinin” mühafizlərini?

Комментариев нет:

Отправить комментарий