Страницы

16.09.2011

Daşlaşmış sükutu kim pozacaq?


Arzu Abdulla
arzuabdulla@rambler.ru


 Misir Mərdanov, Dədə Qorqud, yoxsa Namiq Qaraçuxurlu


Doğrusu, Samir Kazımlı “Bizim Yol”a gələndən bəri qəzeti əməlli-başlı oxuya bilmirəm. Elə qəzeti əlimə alıb, həvəslə vərəqləməyə başlayanda nə görsəm yaxşıdır? “Oğul atanı bıçaqlamaq istəyib, anası imkan verməyib”. “42 yaşlı “kişi” 12 yaşlı oğlanı zorlayıb”. Bir sözlə, dəhşət. 


Amma bu günlərdə qohumumun 4-cü və 8-ci sinifdə oxuyan uşaqlarının dərsliklərinə baxanda Samirə haqq qazandırmalı oldum. İndi siz də baxın.
4 -cü sinif  “Oxu” dərsliyi. Kitabın üz qabığında üzündən bədbəxtlik, fəlakət yağan bir qoca əlini sazın üstünə qoyub, ağzını göyə tutub. Sazın üstündə isə bir-iki dəvə şəkli əks olunub. Bu dəvələr elə bir gündədir ki, elə bil qotur xəstəliyinə tutulublar. Kişi dəvədən də betər gündədir. Uzun saqqalını yellər aparan bu qocanın nazik, uzun, əyilib ağzına girən burnu və qaşları isə bir nəfər məşhur xalq aktrisasının əməliyyatdan qabaqkı sifətini xatırladır. Çox baxandan sonra şagirdin buna münasibətini öyrənmək üçün “Bu baba kimdir?” deyə soruşuram. Uşaq mənə nə desə yaxşıdır: “Dədə Qorqud bədbəxtdir də...”. 4-cü sinif şagirdindən bunu necə bilməsini soruşuram. O, şəklin arxasındakı adı mənə göstərir. Sən demə, əsl həngamə də elə kişinin arxasında imiş. Guya burada «Dədə Qorqud» boylarının əksini veriblər. Bizim şanlı ozanımızın sinəsindən başlayaraq digər orqanlarına qədər bu boylar yan-yana düzülüb. Bir tərəfdə balacaboy, qara saqqalı, uzun saçlı cırtdana oxşar kişi əlində kəsilmiş insan başı, bir əlində isə qılınc tutub. Digər tərəfdə ağsaçlı qadın burnunun suyunu dəsmala silir. Bir tərəfdə isə bapbalaca kişi yer üzündəki bütün canlılara oxşayan iri buynuzlu bir heyvanın buynuzunu qaşıyaraq məzələnir. Dərsliyin üzünə xeyli baxdım və ürəyim sıxıldı. Yeri gəlmişkən, deyim ki, bu zavallı Dədə Qorqudu hamıdan əvvəl Azərbaycanın Türkiyədə ən məşhur yazarı Anar təhqir etdi. Bu məşhur yazar və türkpərvər oğlan onu qopuzu ilə birgə yerə yıxıb, bütün el-obanı da üstündən keçirdi.
O zaman bu filmə baxan uşaqların, sadəcə olaraq, Dədə Qorquda yazığı gəlmişdisə, bu gün dərsliyə baxan şagirdlər gülməkdən uğunur. Kitabın üz qabığında bu sözlər yazılıb: “Əlfəül” Bakı-2006”. İndi uşaq nə başa düşsün ki, bu “Əlfəül” nə deməkdir?
Dərsliyin üzünə uzun müddət baxandan sonra arxa səhifəsini açdım. Kazımov Nurəddin Mustafa oğlunun müəllifi olduğu dərsliyin sonundakı sözləri oxyuram: “Bu dərslik şagirdlərə yalnız konkret bilik vermir. Həm də həmin bilik və məlumatlar vasitəsilə onlarda anlayışlar formalaşdırır”. Elə bu saat mən də həmin anlayışdan danışdım və danışmaqda davam edirəm. 8-ci sinfin “Azərbaycan dili”, “Həndəsə” dərsliklərinin üz qabığında başında əmmamə, əynində qədim geyim olan klassiklərimizlə həmin sinfin “Ədəbiyyat” dərsliyinin üzündəki dahilərin daş heykəlləri harmoniya təşkil edir. Buz kimi daşların donmuş, kədərli baxışlarını görəndə adamın ağlına bir fikir gəlir: bir azdan İsrafil qalxıb surunu çalacaq və qiyamət başlayacaq. 2005-ci ilin dərsliyi olan “Ədəbiyyat” kitabının üstündəki Sabiri, Nizamini, Füzulini, Axundovu donduran bu sükutu heç kim pozmayacaq, yəqin ki... Onlara baxanda adamı yuxu basır. Burada həyat bitib artıq. Ölüm kimi ağır sükut və kədər...
8-ci sinfin “İnsan və cəmiyyət” dərsliyinin üz qabığında əllərini çənəsinə vermiş, dərin xəyala dalan daş kişi heykəli isə...

Mən ancaq bundan sonra başa düşdüm ki, bizim şagirdlər niyə görə dəftər alarkən məhz Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun və ya hansısa türk, hind artistlərinin şit şəkillərinə üstünlük verirlər. Yazıqlar neyləsin ki, dərsliklərin üzünə baxanda vahimədən boğulub ölürlər. Tıncıxmış nəfəslərini belə şəkillərə baxmaqla dərirlər.
Yazının sonunda qəfil ağlıma gələn ideyanı da sizinlə bölüşürəm. Dərsliklərin üz qabığında şagirdi çəkən deyil, üşəndirib, qaçırdan eybəcər təsvirlərin hamısı yüz faiz Misir Mərdanovun fantaziyasıdır. Bu, onun təhsil siyasətidir. Bu xalqın gələcəyini savadlı deyil, savadsız görmək üçün görün nələrə əl atırlar? Çünki uşaq oxuyub savadlı olar və bir ildə evdən məktəbə daşıdığı pulların qabağına yekə bir “niyə” sualını qoyar. O zaman....

Комментариев нет:

Отправить комментарий