Страницы

24.09.2011

“Halay”ın Macarıstan uğuru

“Halay”-çı qızlara elçi düşənlər də tapılmışdı

Bu vaxta qədər 20-dən artıq Beynəlxalq festivalda iştirak edən Masallının “Halay” Folklor ansamblı Macarıstanda keçirilən Beynəlxalq Folklor Festivalında ölkəmizi təmsil etmək hüququ qazanmışdı. Bu günlərdə səfərdən qayıdan qızların uğurları barədə Masallı Mədəniyyət Şöbəsinin müdiri Lətifə Mövsümova aşağıdakıları bildirmişdir:
- Dünyanın ən aparıcı ölkələrinin – Fransanın, Türkiyənin, İtaliyanın, Braziliyanın, Çinin... təmsil olunduğu bu festival səviyyəsinə və iştirakçılarının çoxluğuna görə daha çox diqqət çəkirdi. İdmançıların dili ilə desək, səfər çox gərgin keçdi. Belə ki, festivalın davam etdiyi 10 gün müddətində Macarıstanın 5 şəhərində 20-yə yaxın konsert verdik. Gah çadırlarda, gah açıq meydanlarda, gah geniş konsert salonlarında çıxış edirdik. Tamaşaçılar da fərqli idi. Gah əlil uşaqlar üçün, gah yaşlı əlillər üçün, gah uşaq bağçasında tərbiyə alanlar üçün konsert verir, gah da kütləvi tədbirlərdə çıxış edirdik. Bəzən elə olurdu ki, digər festival iştirakçıları ilə birgə bir neçə kilometr yolu qızlarımız rəqs edə-edə gedirdilər. Tədbirlər bəzən gecə yarısına qədər davam edirdi. Bu festivalın ən maraqlı cəhətlərindən biri də o idi ki, biz təkcə rəqs etmir, həm də rəqslərimizi yerli sakinlərə və digər xarici kollektivlərə öyrədirdik. Onlar heyran qalmışdı ki, bizim qızlar bu qədər oynaq və çevik hərəkətləri qısa vaxtda necə icra edir, təkcə əl və ayaqla yox, bütün bədənləri ilə, bütün ruhları ilə necə oynayırlar. Ən yaddaqalan görüşlərdən biri isə kilsədə keçirildi. Burada hər ölkə öz adət-ənənələrinə uyğun dini mahnılar ifa etdi, bizim qızlar isə bir mərsiyə söylədi. Alqışlar, təbriklər o qədər çox və qaynar idi ki... Hətta “Halay”-çı qızlara elçi düşənlər də tapılmışdı.

Ülvi Məmmədli

Комментариев нет:

Отправить комментарий