Страницы

24.09.2011

HƏYATIN SOL KÜNCÜ

Ümidverici şairdi Günay Ümid. Ümidsizliyin şairidi o. Ümidsizliyi elə yazır ki, oxucunu ümidsizliyə alışdırsa da ümidsizliyin poeziyasını sevdirə bilir oxucuya. Onun şeirləri ümidsizlikdən bəhs etsə də onun şeirlərinə ümidim böyükdü. Çünki bu şeirlər  “həyatın sol küncü”ndən bəhs edir. Və sanki bu şeirlər yalançı ümidlərə, yalançı vədlərə, gərəksiz piarıara küncdən vurulan bir zərbədir. Özü də həyatın sol küncündən vurulan zərbə. O “milyonların səsiyəm” deyir. Milyonlarla ümidsiz insanın səsinə çevrlən kimi milyonların şairinə çevrilmək şansı da var şairimizin. “Bizim kimilərin bir inamı var, heç kimə inanmamaq” deyir Günay xanım.  əslində poeziyada da bu yolu tutacağına inanıram onun. Heç kimin istədiyi kimi yox öz istədiyi kimi yazacaq o. Onun təsvir etdiyi yaşam odası qibləsiz bir evdir. Və bu evdə özünü də dərdlərini də həbs edib. Bir gün bu evin qibləsi poeziyanın zirvəsinə yönələr. həyatın sol küncündən yazan bu şair küncdə-bucaqda qalmaz. İstedadı imkan verməz buna.

Beləliklə sizlər də tanış olun onun şeirləri ilə.  

Bəxtiyar Hidayət       

Milyonların səsiyəm

Taleyin əlində
Yırğalanır beşiyim.
Laylasının fəryadı
Unutdurub kimliyimi.
Bu həyatın gümana uzanan
Çarəsiz çarələri
Boyayıb gözümü.
Kimliyimi unudub
Səsimdə tapmışam özümü.

Mən gecələrin rəngini almış
Gündüzlərin səhər adlanan
Toranlığının səsiyəm!
Mən  qabar olan əllərin
Əməyinə kölgə salınan
Qaranlığının səsiyəm…

Mən bədbəxt gəlinlərin
Ömrünü gəmirən qismətinin
Dözüm adlanan ürkək səsiyəm.
Mən atılan körpələrin
Göz yaşında əriyən
Arzularının kövrək səsiyəm.

Mən taleyin ağlatdığı ömürlərin
Göz yaşında batanlarının səsiyəm
Mən acından
Mədəsində qovrulan qürurunun
Ağrısıyla yatanlarının səsiyəm!

Mən güzarın
Buz nəfəsli istisinə
Bürünənlərin səsiyəm!
Mən ölümə həyat deyib
Sürünənlərin səsiyəm…
Mən ömrünü iztirabla
Bitirənlərin səsiyəm
Mən həyatı qazanmadan
İtirənlərin səsiyəm.

Mən sizlərin!
Mən bizlərin!
Mən onların səsiyəm!
Ah-naləsi göyə qalxan
Milyonlarin səsiyəm!

Yol, sükut və sənsizlik

Bir vaxt bizə bu yollar
Çox qısa görünərdi
O yolun sinəsində
Addımlar döyünərdi

Onda nə sən dinərdin
Nə mən söz danışardım,
Nə sən cəhd eləyərdin
Nə də mən qımışardım…

Yola sükut çökərdi
Xırda addımlarımız
Bu sükutu sökərdi
Döyərdi sinəmizi
Qəlbimiz yumruq kimi
Qovardı sevincimiz
Bizdən kədəri, qəmi..
Hərdən də oğrun-oğrun
Görüşərdi baxışlar
Utanıb qızarardıq
Yan düşərdi baxışlar…

Soyumuş əllərimiz
Yorulub sıxılardı
Həyacan o əllərin
İçində boğulardı…
Bu yolun yorğunluğu
Taqət eşqi əkərdi
Bu yolun uzunluğu
Bax onda diz çökərdi…

Yolların mənzilinə
Çatanda hirslənərdik
Xəfifcə ah çəkərdik
Gizli heyifsilənərdik…
Bu səssizlik içində
Həsrət tənha qalardı
Bu  sükutun dilində
Sevgi ilham alardı.
Kəlmələr lal olardı
Bu sükutun əlində
Biz onda danışardıq
Qəlbimizin dilində..

İndi özgə bir sükut
Hökm edir bu yollarda
Burda ürək danışmır
İndi yaddı bu yolda
Bax indi bu yolların
Mənzili çox uzaqdı
İndi isə bu sükut
Çağrılmamış qonaqdı…

YENİ  İL

Təzə  ilə  girdik
Köhnələri  atdılar,
Təzələri  aldılar.
Nə  köhnəni  atmağa
Əlim  gəldi
Nə  təzəni  almağa
Gücüm çatdı.
Amma mən də  hazırlaşdım
Təzə  ilə…
Sürüklədiyim  ümidlərimin
Üzünü  yudum
Köhnə  arzularımın
Dizlərini  yamadım.
Üzümdə  güldürməyə çalışdığım
Ümidlərim.
Əynimdə 
Yamadığım  arzularım,.
Stolumun  üstündə  boşluq
Qonağım  səbir
Oturduq  qarşı-qarşıya
Qulağımızda sükutun  səsi,
Üzümüzdə təzə  ilin  nəfəsi
Xəyallarımı düzdüm stola
Bayram  süfrəsi  açdıq
İlk  dəfə  kasıblığımı
Ləzzətlə yeməyə  başladım.
Badələrimizə
Güman  süzdüm…
Güman  dolu badəmizi
Qaldırdım bir  quş  qanadı tək sınmış 
qanadımın sağlığına
Yoxsulluğun  zəngini
İnadımın  sağlığına,
Dərdimi  həbs etdiyim
Otağımın sağlığına
Və  bir də ki
Məni  tərk  buraxmayan
Qonağımın  sağlığına.

AXTARIŞ

Acılarımı
Bir qədəh  içkiyə  boğdum.
Həyatın  mənə  yüklədiyi  dərdi
Mən  belə  qaytarırdım.
Qopub  şeirlərimdən
Ünvanımı  axtarırdım…
İşıqları  sönmüş  küçələrdə
Bir qız  ağlayırdı
Zərif  əllərinə
Sıxışdırıb  arzularını
susdurmağa   çalışırdı…
Unudulmuş  cəsədlər kimi
soyumuş  bədəni,
Dilində
oyandığı  həqiqətdən   qalmış
Sus  kəlməsi…
Arzularını  susdurmağa   çalışırdı.

Bizim  kimilərin  bir  yaddaşı var             
Keçmişini  danmamaq.
Bizim  kimilərin
Bir  inamı  var
Heç  kəsə inanmamaq.
O qız  titrək  əllərini uzatdı
Ovuclarını  açaraq
Al  götür  bunları  dedi…
Arzumu   ovcularıma  gömmək istəmirəm
Can  verən  arzularımı
Görmək  istəmirəm
Al  götür  bunları  məndən dedi
Onun hıçqırıqları,  yalvarışları
Addımlarımın dilində uzaqlaşdı
Ünvanımı  axtardım  yenə
Dərdimi  ovutmağa
Acımı  unutmağa…
Sonra  bir  səs
Niyə  xoşbəxt  deyilsən  dedi
Xoşbəxtlik?
Tanımıram  dedim,
Daha  heç  qarşılaşmadıq…
Güldülər  mənə
Qəhqəhələrinin fəryadı
Həyatımın  nəğməsini oxuyurdu
Yorğun  barmaqlarım
Süründü  qələmə  sarı
Qələmim…
Ürəyində  şeir  ağlayır  qələmimin
Həyatımın  nəğməsiylə
Ömrümə  qəm  əkirəm
Dərdimi  şerimin
Ürəyiylə  çəkirəm…
Mənim  qəlbim bu yükü çəkəcək  qədər
Möhkəm  deyil…
Səslər  susur  mürəkkəbim  dinəndə
Ağ  kağıza
Məhkum  edib  dərdimi  susur…
Hər  arzu
Bir  ünvanın  başlanğıcı
Hər  ünvan
Bir  arzunun bitən  yeri.
Mənimsə  ünvanım
Dərdli  qələm  və
Ağ  kağız…

Qibləsiz  ev

Bu evin yanan  işıqlarında
Kor  olmuş  həyat,
Qaranlıq  dünyalar,
Yaşamağa   inad…

Bu evin otaqlarında
Dustaq  edilən  talelər,
Qəzəbdən kinlə  gülən  səbirlər,
Yalançı əməlisalehlər…

Bu evin döşəmələrində
Tapdanmış  ümidlər,
Gələcəyi  olmayan  vədlər,
Ayaqlanmış  öyüdlər…

Bu evin tavanında
Allaha  qalxan  fəryad,
Bəlkələrin  ağırlığına  dözməyib
Qırılmış  qanad…

Bu evin  divarlarında
Sınmış  ömrün cizgiləri,
Çiliklənmiş  arzulara
Qəm  sitəmin  vergiləri…

Bu  evin  pəncərələrində
Bədbəxtliyin  çılğın  rəqsi,
Yaşamayan  yaşamımın
Acı  çəkən  fəryad  səsi…

Bu  evin  qapılarında
Aciz-aciz  boynu  bükük
Tərk  edilən  sevinclər…

Qop  ey  tufan,
Çax  ey  şimşək
Parçalansın  qüdrətinlə
Bu evdəki  dərd  yuvası.
Qoy  dəyişsin
Otaqların  qəm  havası
Azad  olsun  yaşamımın
Zəncirlənmiş  təbəssümü…

Bəsdi  daha bu  acıdan
Qəm  daradım,  kədər  hördüm
Qop  ey  tufan…
Çax  ey  şimşək…
Bəlkə  məndə   bir  gün  gördüm.

Комментариев нет:

Отправить комментарий