Страницы

25.09.2011

Əl-ələ üzürük fikir okeanında

Xatirə Sadıqova. Şeirlər

İstedadl şairə Xatirə Sadıqova 1981-ci ildə anadan olub. İqtisadçı vəzifəsində çalışır. 2002-ci ildə “Göyərçin yuxusu” adlı kitabı çapdan çıxıb.

Geriyə say fəlsəfəsi

Onda ömrün sonu idi
hamı ağaclara yazdı adını son dəfə
Son ağaca qıymayıb
havaya yazdım adımı mən
silindi adım baxışlarımı çəkəndə

Bir neçə il geri atdı həyat  bizi
daraldıb səbrimizi
Onda ki anlamağa başlayırdıq 
ümidin də ömür kimi qısaldığını

Saçlarıma təzə qarışırdı rənglərin ağlığı
hərdən ağlamağım da tuturdu
yadıma salanda uşaqlığı
Daha neçə on il geri
artıq unutdum illəri

Yenicə atılmışam həyata
önümdə bir ömürlük gələcək
 “gənclik heç zaman bitməz ki”

İndi azadam...
Divar kağızlarına
istədiyim qədər rəsim çəkirəm – quş rəsmi
hələ bilmirəm sözlərin anlamını
Quş qədər azadam.

Azadlıq saatı

Üfüqlərə qoşulub
ulduzların evini arayan adam
gözlərin qaranlıqdı yenə
əllərin yuxulu

onu bil ki, sən
həyat qədər gözəlsən
ölüm qədər qorxulu

Bu da mən
Dənizlərdən uçub gəldim
traffik qəzalarından
metro keçidlərindən
şəhər adamlarının qələbəliyindən
qaçıb gəldim

və anladım ki, sevmək
qurtuluş qədər genişdir
azadlıq qədər məhdud

İndi də
əl-ələ üzürük fikir okeanında
sağda bahardır
solda qış
unutmuşuq bütün yalnışların acısını
ayrılıqların səbrini
bu günü yaşayırıq yalnız

Çünki qovuşmaq
darıxmaq qədər sonsuz deyil
təklik qədər zamansız...

Комментариев нет:

Отправить комментарий