Страницы

27.09.2011

"Poeziya bizim nağılımızdır"

Afaq Şıxlı: "Ətrafda baş verən hadisələr bəzən o qədər canlı, qaynar olur ki, qələmə almaya bilmirsən"


"Şairin hər misrası onun kiçik bir parçasıdır"... 

Afaq Şıxlı 1969-cu ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhəri 12 saylı orta məktəbdə alıb, 1984-cü ildə həmin məktəbi qızıl medalla başa vurub. 1990-cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə-proflaktika fakultəsini bitirib. Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Afaq xanım ailəlidir, iki övladı var. Həkimlikdən əlavə musiqi, rəssamlıq və psixologiya ilə məşğul olur. 4 kitab müəllifi olan Afaq Şıxlı çoxsaylı şeirlərin, hekayələrin, nəğmələrin müəllifidir. Kitablarının adı da rəngarəng və maraqlıdır. "Qəlbimin dedikləri", "Sevərsənmi", "Məndən uzaqda", "Səni düşünürəm" adlı kitabların müəllifidir. Onunla ədəbiyyat, şeir haqqında maraqlı söhbət etdik. 

- Afaq Şıxlı özünü cəmiyyətə necə təqdim edir, biz onu necə tanıyaq?
- Birinci növbədə, adı ilə, namusu, isməti ilə, daşıdığı mənəviyyatla hər zaman, hər yerdə fəxr etdiyimiz Azərbaycan qadınıyam. Ürəyi, duyğuları Vətəninə bağlı olan bir vətəndaşam. Bütün varlığımla, ruhumla ədəbiyyata bağlı bir insanam. Sənətimə gəldikdə isə, həkiməm. Artıq 22 ildir ki, insanların sağlamlığı yolunda çalışanlardan biri də mənəm.

- Sizcə, qadınların yazdığı şeir, istər qadına, istər başqa əhatə dairəsinə aid olsun, nəticədə, qadınlıq hisslərindən qaynaqlanan bir şüuraltı təsirin nəticəsində yazılmayacaq ki?
- Bu fikri eynilə kişilərə də şamil etmək olar. Əlbəttə ki, hər bir şeir yazılarkən, sözlər hansısa hisslərdən qaynaqlanıb gəlir. Qarşısına kağız, qələm qoyaraq, məcburən hecalar və qafiyələr axtaran, zamanın damarını tutmağa çalışıb "lazımi" mövzuda şeir yazan "şairləri" çıxsaq, bütün yazarlar öz duyğularını sətirlərə köçürürlər. Amma bu o demək deyil ki, hər bir şair yalnız öz həyatını və başına gələnləri yazır... Qətiyyən. Mən bu fikirlə razı deyiləm. Əsil yazar üçölçülü fəzada görməyi bacarmalıdır. Yalnız öz həyatından yazılarsa, sözlər və mövzular çox tezliklə tükənər və yaradıcılıqda müəyyən bir stereotip, təkrarlanma yaranar. Bu yolverilməz bir haldır. Oxucuları bezdirən, yazarın dəyərini azaldan bir fəlakətdir... Ətrafda baş verən hadisələr bəzən o qədər canlı, qaynar olur ki, qələmə almaya bilmirsən. Şair də, eynilə aktyor kimi, başqalarının yaşadığı hiss və həyəcanları da öz daxili aləmindən keçirə bilməlidir.

- Şeir Vətəndə yazılanda daha təsirli olur, yoxsa Vətəndən kənarda qələmə alınanda?
- Həqiqi duyğularla yazılan şeir hər zaman mənalı olur. Amma Vətəndən kənarda yazılan şeirlərə, həm də həsrət damcıları, nisgilli kövrək notlar da hopur... Bu istər-istəməz özünü bildirir və bunu duymamaq oxucunun əlində deyil.

- Müasir Azərbaycan poeziyasında kimləri bəyənirsiniz?
- Müasir Azərbaycan poeziyasında bəyəndiyim şəxsiyyətlər az deyil. Amma incə məhəbbət şeirlərilə minlərlə oxucunu valeh edən rəhmətlik Nüsrət Kəsəmənlinin, sadə, axıcı və doğma misralarla ürəkləri ələ alan Nəriman Həsənzadənin və müxtəlif mövzularda öz sözünü deyə bilən Ramiz Rövşənin adlarını xüsusilə qeyd etmək istəyirəm. Məncə onların yaradığıcılığını sevməmək mümkün deyil!

- Siz şairsiniz, həkimsiniz, musiqiçisiniz; şeirlərinizdə diqqətə çarpan bir şəkildə tələffüz etdiyimiz o uca duyğu olan "Eşq"dən danışaqmı bir az?
- "Eşq" deməzdim, "sevgidən"dən danışaq. Şeirlərimin dayaq nöqtəsi olan üç məfhum var: Vətən, Ana və Məhəbbət.
Vətənə olan sonsuz sevgi, Anaya olan ilahi sevgi və Məhəbbətə olan ehtiram. Bəli, məhəbbətə - saf, təmiz, heç nə ummadan, fədakarcasına yaşanılan bu duyğuya olan sevgi.

Məni çox sev!
Dünya qədər!
Ondan da çox!
Qoy bilim ki, bu sevginin ölçüsü yox!
Məni çox sev!
Ölümünə!
Hər şeyini dəyişə bil ömrümüzün bir gününə!
Məni çox sev!
Elə çox ki,
nəsillərə danışılsın Leyli ilə Məcnun kimi.
Elə çox ki,
ürəklərə həkk olunsun Sevgi adlı qanun kimi.
Hər addımda, hər nəfəsdə
yalnız məni, məni düşün!
Elə tələs yanıma ki, sanki bu gün ilk görüşün!
Qoy eşqinin hərarəti alov saçsın
gündən-günə, ildən-ilə!
Əgər məni sevəcəksən - bax belə sev, yalnız belə!
Yalnız belə!


Mən bu hissdən yazıram... Nəzərimcə, belə hissi sevməmək, ona baş əyməmək olmaz. Məhəbbəti ucuz tutmaq, cılızlaşdırmaq olmaz. Onu qəlbində daşımayanlar çox zavallı insanlardır.

- Afaq xanım, kitabınızda sərbəst şeirlər də var, amma vəznli şeirlər daha çox üstünlük təşkil edir. Bundan başqa, şeirlərinizdə yüksək bir səviyyə görülür. Bu bacarığı necə əldə etmisiniz?
- Oktay bəy, əvvəla, verdiyiniz dəyər üçün sizə təşəkkür edirəm. Şeirlərim haqda yüksək fikirdə olmanız məni sevindirir. Bir ədəbiyyatçı olaraq, şair olaraq və hər şeydən öncə, bir oxucum olaraq, sizdən bu sözləri eşitmək nəyəsə nail olmuşam deməkdir.
Şeirlərimin necə yazılmasına gəldikdə isə, deyə bilərəm ki, mən heç zaman şeiri yalnız yazmaq xətrinə yazmamışam. Şeir axıcı və tam olaraq süzülüb gəlməsə, mən onu kağıza köçürmürəm. Yalnız o zaman yazdığımı üzə çıxararam ki, ilk tənqidçisi olaraq özüm ondan razı qalım. Bəlkə də, bir qədər təvazökarlıqdan uzaq sayacaqsınız, amma bir ana öz övladlarını sevən kimi, mən də şeirlərimi sevirəm. Əslində belə də olmalıdır. Çünki hər misrası şairin bir kiçicik parçasıdır, bir zərrəsidir. Qəlbindən ayırdığı, hisslərini hopdurduğu, cilalayıb üzə çıxardığı xəzinəsidir.

- Sizcə Şeir öz quruluşu və məzmunu ilə oxucuları yaşadığı dünyadan çəkib çıxararaq, hadisələri tam duyğularla izləyə bilməyəcəyi bir dünyaya sürükləyir? Yoxsa şeir həqiqi dünyanı ucaldaraq şüurlarda yenidən formalaşdırır?
- Uşaqlara niyə nağıl oxuyurlar? Heç bu sual sizi düşündürübmü? Məsələ burasındadlr ki, uşaqlar o qədər incə, kövrək və təmiz məxluqlardır ki, onların saf düşüncələrində günümüzün çirkablarına və dərdlərinə yer yoxdur. Zəmanəyə damla-damla öyrəşənə qədər onlara özləri qədər təmiz bir həyat lazımdır. Bu həyat nağıllarda yaşanır...
Böyüməsinə baxmayaraq, bizim də hər birimizin - istər qadın olsun, istər kişi - daxilində, iç dünyasında bir uşaq gizlənir. Poeziya da bizim nağılımızdır. Qəlbimizi, ruhumuzu daşlaşmaqdan, məhv olmaqdan qorumaq üçün...

- Niyə bu sualı verdim, adətən həmişə belə bir mübahisə gedir ədəbi mühitdə: istedad yoxsa zəhmət? Siz hansına üstünlük verirsiniz?
- Hər ikisi, deyərdim. Bəlkə də, bunu sadə və gözlənilən cavab sayacaqsınız... Amma biri olmayan yerdə digərinin təsiri azalır. Nə zəhmətsiz şeir yazmaq olmaz, nə də istedadsız. Bu bir aksiomadır.

- İlk şeir kitabınızı ələ aldıqda nə hiss etmişdiniz? İndi hansı vəziyyətdəsiniz? Ümid etdiyiniz kimi oldumu kitablarınız?
- İlk kitabım 2003-cü ildə nəşr olunan "Qəlbimin dedikləri" adlı şeir toplusu idi. Onu əlimə götürdüyüm zaman keçirdiyim hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Xoşbəxlik və qürur, sevinc və həyəcan. Sanki qanadı varmış kimi, uçacaqmış kimi olur insan... Təbii ki, indi də, hər bir kitabımı həmvətənlərimin ixtiyarına verən zaman məsuliyyət və sevinc qarışıq hisslər yaşayıram.

OKtay Hacımusalı- Bundan sonra oxucularınız sizdən daha hansı yenilikləri gözləsinlər?
- Bu ilin avqust ayında "Səni düşünürəm" adlı dördüncü kitabım işıq üzü görüb. Sevimli oxucularım onu şəhərimizin kitab dükanlarından əldə edə bilərlər. Buna görə də mən Nigar xanım Köçərliyə öz dərin innətdarlığımı bildirirəm.
Hazırda isə iki kitabın üzərində işləyirəm. Bunlardan biri, vətənpərvərlik ruhunda yazılmış növbəti şeir toplusu, digəri isə şair həmkarlarımla deyişmələr, qəzəllər və rübailərdir. Bundan başqa, bir roman üzərində də işləyirəm və demək olar ki, bitirmək üzrəyəm.

Söhbətləşdi: Oktay Hacımusalı                     
http://xalqcebhesi.az/

Комментариев нет:

Отправить комментарий