Qadın gözəllik simvoludur! Heç nahaq yerə qadın gözəlliyi İlahi gözəlliyin əlamətlərindən hesab edilmir və gözəllik mücəssəməsi olan qadınlar heç də təsadüfən İlahə adlandırılmır. Kişiləri valeh, məftun və əsir edən ən böyük gözəllik də məhz qadın gözəlliyidir. Dünyanı fəth edən, xarüqələr yaradan ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəth etməkdən ötrü aciz qalıb. Gözəllik, xüsusən də qadın gözəlliyi çox qəliz və incə məsələdir. Bunu zövq və hissiyat məsələsi də hesab edirlər. Yəni birinin bəyənmədiyi qadına digəri məftun ola bilər. Qadın gözəlliyi əsasən üzdə-sifətdə təcəlla tapır. İnsan qarşısındakının daha çox üzünü görür, ünsiyyətdə olarkən də üzünə baxır axı. Gözlərin, kipriklərin, dodaqların, burnun, saçların, çənənin, yanağın, boyunun və digər sifət üzvlərinin müəyyən quruluşda, formada, rəngdə olması gözəllik etalonu olaraq minillərdir ki, müəyyən edilmişdir və dünya xalqlarının böyük əksəriyyətinin zövqü bu etalona tam müvafiqdir. Bu etalonun fizioqnomik keyfiyyətləri də var. Sifət üzvlərinin cizgisi hürufizm ideyalarına müvafiq olaraq ərəb əlifbası ilə hərfləri və fikirləri ifadə etdiyi kimi, onların quruluş ölçüləri də insan xarakterinin müxtəlif əlamətlərinə işarədir. Qadın gözəlliyinə tamam fərqli yanaşan xalqlar, qövmlər də var. Onlar əsasən ümumbəşəri yanaşma tərzindən kənar bir mədəni səviyyədə olan, qeyri-standart həyat tərzi keçirdən (aralarında palçıq yeyəndən tutmuş adamyeyənə kimi hər cürəsi var) və inkişafdan geri qalan xalqlardır. Qadının dodaqları azacıq ətli olduqda daha gözəl göründüyü halda, bəzi Afrika xalqları qadın dodaqlarından, qulaqlardan xüsusi ağır maddə asmaqla onu daha yekə vəziyyətə gətirir və bunu daha gözəl hesab edirlər. Halbuki, həmin vəziyyətə salınmış “gözəl” xanım dünyanın əksər yerlərində əcaiblik və eybəcərlik göstəricisi ola bilər. Üzünə bığ yerindən başlayıb yanaqda burulan nazik, tatuyaj xətlər çəkilmiş qadınları gördükdə onların özlərini pişiyə oxşatmaq istədiyini düşünənlər yanılar. Çünki bu onların xalqı üçün gözəllik ifadəsidir. Eləcə də qadının bədən quruluşu onun gözəlliyinə müəyyən çalar qatır. Ümumbəşəri zövq qadın boyunun və boynunun nisbətən uzun, qamətinin dik, belinin nazik, aşağı ətrafın yumru, yarımqövs, balıqvari formatını, sinənin bir qədər qabarıq və dik ölçüsünü yaraşıq əlaməti olaraq qəbul edir. Burada ölçülərin etalon rəqəmləri də müəyyən edilmişdir. Ancaq bunun əksini qəbul edən Latın Amerikası, bəzi Asiya və Orta Afrika xalqları da var. Bu fərqli yanaşma xalqların yaşam tərzindən, mədəni səviyyəsindən və dini inanclarından daha çox asılıdır. Bir yerdə qadının çox arıqlığı, digər yerdə sallaq qarın və yekə sinə ilə hədsiz gombul olması məqbul hesab edilir. Lakin həm sifət, həm də bədən quruluşu etibarı ilə ideal formada olan çox az qadın tapılar. Buna baxmayaraq hər bir qadında bu etalona müvafiq gələn bir və ya bir neçə gözəl əlamət görmək mümkündür. Amma... ancaq... lakin, hətta bütün gözəllik əlamətlərinin etalon səviyyədə olması da bəzən sivil Avropa və ya müdrik Şərqdə heç də hamının eyni qədər məftunluğuna səbəb olmayacaq. Kompleks halında tam və ideal vəziyyətdə gözəl olan qadın da kiməsə aşkar estetik təsir bağışlamaya və onda rəğbət doğurmaya bilər. Bu təkcə zövq məsələsi deyil. Hərtərəfli gözəl olan bir qadın nədən hamıya eyni cür təsir bağışlaya bilməsin? Deməli, gözəlliyin elə bir mənbəyi də mövcuddur ki, o digər gözəllik cəhətlərindən daha mühümdür. Məhz buna görə də bəzən bir elə yaraşıqlı və gözəl görünməyən qadınlar çox möhtəbər, qüdrətli və yaraşıqlı kişilərin ağlını başından çıxarda, özünə məftun edə bilir. Dini inanclara ciddi yanaşsaq qadının həyata kişilər üçün gətirildiyini qəbul etməliyik. Böyük Yaradan məhz bunun müqabilində ona kişidən daha artıq gözəllik vermişdir. Bəlkə kişi qadına digər canlılara bəslənən 2-ci dərəcəli münasibət bəsləməsin və onunla izdivacdan mükəmməl körpələr doğulsun deyə Tanrı onların arasına məhəbbət adlı, əslində gözlə görülməyən bir böyük qüvvə, səbəb və bağlılıq qoymuşdur. Məhəbbət isə heç də təsadüfdən yaranmaz. İlk baxışdan onun gözəlliyə olan rəğbətdən yarandığını qeyd edə bilərik. Lakin qeyd etdiyimiz kimi, bəzən zahiri gözəllik əlamətləri də yetərli olmur və bəzən evində çox gözəl arvadı olan kişi zahirən ondan aşaqı səviyyəli bir ayrı qadına vurulur. Bu isə təkcə əxlaq məsələsi deyil. Hər bir nəticə müəyyən səbəbə bağlıdır. Əslində elə kişilərin və ümumiyyətlə, bir çox əksəriyyətin nəzərində qadını gözəl edən digər amil də var. Amma o dəqiq bir sifət orqanı deyil. Əksər hallarda kişilər qadının dodaqlarına, qadın isə kişinin sinəsinə baxaraq danışır. Bu səbəbdən də kişilər gözəlliyi daha çox dodaqda tapmış olur. Buna görə də qadınlar öz dodaqlarının daha gözəl görünməsindən ötrü müxtəlif rəngli boyalardan istifadə edirlər. Gözlər qarşı tərəfin sehrinə düşmək və ya onu sehrə - hipnoza salmaq üçün əsas mənbədir. Onu qəlbin qapıları adlandıranlar da var. Qadın öz qarşısındakı kişinin gözlərinin içinə dimdik baxarkən onu deyil,daha çox özünü təslim edir. Məhz gözlərinə nüfuz edərək hipnozçu xəstənin ruhuna hakim kəsilir. Gözlər baxaraq, qulaq eşidərək, əl toxunaraq təmas edir. Lakin beyinin, düşüncənin, zəkanın qəbul etdiyi amillər də çox mühümdür. Əslində bütün bədəni baş-beyin idarə etmirmi? O isə gözün və qulaqların qəbul etdiyinə də ən son qərarı verir. İnsan beyni hətta gözlə görünməyən, qulaqla eşidilməyən nəsnələri də qəbul etməyə qadirdir. Bu sıraya bio-dalğalar, astral səslər, hisslər və duyğular daxildir. Bir qadının zahiri gözəlliyi özündən müəyyən xoş duyğular ixrac etməklə onun barəsində məftunluq duyğusu yaradır. Onun gözü, qaşı, dodağı və sair yerləri etalona müvafiq olmasa da xoş duyğular oyatmağa, diqqət çəkməyə qadirdir. Səbəb nədir? Bunun adını cazibə kimi şifrələməyimiz lazım. Bəs cazibə bədənin harasında cəmlənir, ətrafa haradan ixrac olunur, necə duyulur?.. Bu barədə suallar konkret olsa da cavabların tam dəqiqliyi mümkün olmaya bilər. Əsas odur ki, hər bir qadın hətta gözəllik etalonuna müvafiq cəhətlərə- gözəl dodaq, göz, yanaq, bədən və sairəyə malik olmasa da özündən cazibə saça və ətrafındakıları cəzb edə bilər. Yuxarıda zahiri gözəllikdən daha üstün hesab etdiyimiz məqam da məhz cazibəyə aiddir. Zahirən çox gözəl olan bir qadın cazibəsinin olmaması səbəbindən xoşa gəlməyə, bəyənilməyə və ya mənfi bio-dalğalar yayması səbəbindən özünə qarşı acıq, nifrət, qəzəb, hətta ikrah doğura bilər. Bunlar çox incə məqamlardır. Təəssüf ki, əksər qadınlar zahiri gözəlliyin qayğısına çox qalsalar da, buna bir elə əhəmiyyət vermirlər. Bu isə incə olduğu qədər də çətin və mühüm məsələdir. Kimsədə güclü müsbət cazibənin mövcudluğu fitrət məsələsi ola bilər. Lakin istədiyi, arzuladığı və çalışdığı halda bu üstünlüyə hər bir qadının da malik olması mümkündür. Təbii ki, bu birinci növbədə xanımların intellekt səviyyəsinin artmasını tələb edir. Yalnız güclü mütaliəsi olan xanımlar zəngin söz ehtiyatına və fikir bazasına malik olur. Mükəmməl fikirlər mükəmməl həqiqətlərin anlaşılmasına şərait yaradır. Zəngin söz ehtiyyatı isə yaranan və duyulan fikirlərin anlaşılması, özünə ifadə edilməsi üçün əhəmiyyətlidir. Qeyd olunan bu ideal vəziyyətdə olan xanım özündən güclü müsbət enerji ixrac etməyə qadirdir. Bu zaman onun gözəl bədən üzvləri özü barəsində həm də bio-enerji saçaraq ətrafdakıları cəzb edə və özü barəsində yüksək dozada xoş duyğular oyada bilər. Təəssüflər olsun ki, müsbət cazibənin zahiri gözəllikləri tamamlayan, artıran və ya adi vəziyyəti də gözəllik səviyyəsinə qaldıran bir məfhum olduğunu dərk edən heç də bütün xanımlar ona mühüm əhəmiyyət vermir, buna çalışmır, bəlkə də bunun çətinliyindən qorxur, çəkinir və ya buna cidd əməl olunmasını əhəmiyyətsiz sanırlar. Onlar cazibənin daha çox süni vasitələrlə oyadılmasına üstünlük verirlər. Süni vasitələr daha asan olduğu üçün məqbul hesab edilir. Bu sıraya süni gözəllik vasitələri olan ənnik-kirşan və müxtəlif boyalardan, pereparatlardan istifadəni, kosmetik cərrahiyyə əlavələrini daxil edə bilərik. Bu vasitələrdən istifaə edən xanım karandaşla gözü bir qədər uzadır, altının rəng çalarını artırır, hətta linza salaraq gözün rəngini də dəyişir. Yapışdırılan uzun kipriklər də əlavə gözəllik qazandırmağa qadirdir. Amma ilk baxışdan xoş görünsə də, ilkin cazibəsi güclü olsa da, az sonra bunun süni vasitələr olması aşkar edilir və yaradılmış cazibə qüvvədən düşür. Hər bir xanımın müxtəlif əlavə vasitələrdən istifadə etməsi müəyyən həddə olarsa, bəlkə də məqbul sayıla bilər. Bu həm də bir etiket norması olaraq qəbul edilir. Üzünə qətiyyən pudra, krem və digər vasitələr vurmadan, dodaqlarına, gözünə, qaşına azacıq təravət vermədən, saçını gözəl daramadan, qulaqlarına sırğa, barmaqlarına üzük taxmadan, yaraşıqlı paltar geyinmədən məclisə daxil olan xanım özü barəsində xoş duyğu oyada bilməz. Lakin bu öz həddini aşdıqda oyadılan duyğu da əslində xoş olmayacaq, gülüş və ya ikrah doğuracaq. Qadının öz gözəlliyinə olan inamı da ona qarşı xoş münasibət doğura bilər. Bu halda gözlənilməli olan çox incə bir hədd də var ki, o keçildikdə bu inam xüdpəsəndlik, lovğalıq və təkəbbür kimi qəbul ediləcək, mənfi rəy doğuracaq. Ümumi xoş cazibə üçün ən münasib və ən sadə keyfiyyət xanımın xoşrəftar və şirindil olması, üzündə təbii təbəssüm ifadəsi formalaşdıra bilməsidir. Bu da daxilən gəlməli, süni olmamalıdır. Daxilən gəlməsi üçün isə... Kamil insan özünün pis ovqatını, dərdini, kədərini, problemlərini, ağrısını biruzə verəsi, bunu başqalarına da sirayət etdirəsi deyil. Bununla və daim ahu-zar, qarğış-nalə etməsi və ya özünü tərifləməsi ilə kimsə rəğbət qazana, ətrafına daha çox dost, qohum sirdaş toplaya, müsbət cazibə saça bilməz, insanlar ondan qaçar, tez uzaqlaşarlar. Bəzən insanın barəsində danışılan pis fikirlər də onun mənfi mifini formalaşdırır, cazibəsini zəiflədir. Bu səbəbdən insanlar, xüsusən də qadınlar özləri barəsində müsbət rəy yaratmağa da diqqət verməlidirlər. Bu isə yaxşı əməllərdən doğduqda təbii və güclü olur. Müsbət rəy qadının təbii bəzək əşyaları qədər dəyərlidir. Xanımın özü barəsində formalaşdıra bildiyi müsbət fikirlər başqaları, xüsusən də əks cins tərəfindən xoş qarşılanmasının əsasını təşkil edir. Bu isə yüksək mədəniyyət, estetik zövq, dərin zəka və saf əxlaq məsələsidir. Bunlar daxili gözəllik keyfiyyətləridir. Qadının məhz daxili gözəlliyi zahirə güclü bio-enerji saçır, onun aurasını təmiz, parlaq, şəffaf və buna görə də onu bütövlükdə cazibədar edir. Savadlı, intellektual, mədəni, estetik zövqü mükəmməl, dini inancı saf, əxlaqı təmiz olan qadın özü barəsində heç vaxt hədyan fikir doğurmayacaq, özünə qarşı hörmət, ehtiram və rəğbət yaradacaq. Rəğbət isə məhəbbət yaradan ilk amildir. Göründüyü kimi, bu amillər həm də yüksək insani keyfiyyətlər olaraq təqdir edilir və güclü müsbət cazibə doğurur. Hər bir insanın, xüsusilə də qadınların müsbət cazibəyə böyük ehtiyacı var. Təəssüf ki, özündən yüksək cazibə saçmağın əhəmiyyətini dərk edən bəzi qadınların daxili-əxlaqi keyfiyyəti də yüksək olmadığı üçün bu cazibəni mənəvi cəhətdın deyil, bədənlərinin müəyyən erotik yerlərini qabarıq göstərmək və ya döşləri, dodaqları, ətraf yanları serikon vasitəsilə şişirtmək, qaşları tatuyaj etməklə yaratmağı düşünürlər. Sinəsini açıq, kürəyini dekolte, baldırlarını yarıq paltarlar geyinməklə göstərən, eləcə də kosmetik cərrahiyə vasitəsilə qabardanlar bu yolla əksər kişilərin diqqətini cəlb edə bilirlər, amma onların nəzərində heç də pak əxlaqlı sayılmırlar. Doğan son nəticə yalnız erotik münasibət yarada bilər ki, qadının bu məqsədlə dəyərləndirilməsi onun çox ucuz tutulması deməkdir. Belə görüntü estetik yox, həzz, əyləncə və ötəri təsir bağışlayar. Bu heç zaman hörmət-ehtirama bərabər tutulmaz və cazibəsi çarpayıda bitər. Qəsdən öz fərqli yerişi, şux duruşu, işvəli hərəkətləri, qaş-göz süzməsi, lətafətli səsi ilə cazibəli görünmək istəyən qadınlar da az deyil. Lakin hər şey təbii olduqda daha gözəl və daha uzunömürlü olur. Bu isə yalnız daxili gözəlliyin qayğısına qalmaqla, mənəvi zənginliklə mümkündür. Qeyd olunduğu kimi mükəmməl gözəlliyə malik olan qadının qarşısına çıxan bəxti də, qisməti də, hadisələr və təsadüflər də gözəl olacaq. Bu da həyatın yazılmamış bir qanunudur. Bəli, qadınlar fitrətən gözəl xəlq olunmuşlar. Lakin onlar bəhs etdiyimiz incə məqamlara və saf əxlaqa əməl etdikdə daha gözəl qəbul edilir, daimi rəğbət, böyük məhəbbət və təbii ehtiram qazanırlar.
Buna bütün qadınlar əməl edirmi?
Комментариев нет:
Отправить комментарий