Страницы

17.09.2011

Qənirə xanımın Tomris qisməti


“Millətin səsi"nə yazırlar! 

Kaş onda olan qeyrətin onda biri bizim kişi deputatlarımızda olaydı!

Onun hərbi hissələrimizdə döyüş qabiliyyətinin, vətənpərvərlik ruhunun yüksəldilməsində böyük rolu olub

 Sizə bu məktubumda xalqımızın ləyaqətli qızı Qənirə xanım Paşayeva haqqında danışmaq istəyirəm. Mən sözün həqiqi mənasında bu qadına pərəstiş edirəm, çünki onun siyasi və ictimai həyatda atdığı hər bir addım xalqımızın ürəyincədir. Xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun ölümündə də onun necə canfəşanlıq etdiyinin hamımız şahidi olduq. Kaş onda olan qeyrətin onda biri bizim kişi deputatlarımızda olaydı! Azərbaycanı işıqlı gələcəyə məhz Qənirə xanım kimi real və konkret işlərlə məşğul olan yoldaşlar aparır.
 Mən 25 il vətənə təmənnasız xidmət etmişəm. Gizir kimi orduya getmişəm, Azərbaycanın müxtəlif bölgələrində çətinliklər içində vətənçün öz hərbçi yoldaşlarımla əlimizdən gələni etmişik. Qarabağ müharibəsinin hər cür ağrı-acılarını dadmışam, atəşkəsdən sonra cəbhə bölgəsində xidmətimi davam etmişəm. Kim nə deyir desin, biz azərbaycanlılarda vətən sevgisi başqa xalqlara nisbətən çox böyükdü. Bu uzun illər ərzində dəfələrlə şahidi olmuşam ki, bu torpaq üçün öz canından belə keçməyə hazır olan oğlanlarımız var.
 Hərbi xidmətimin 23-cü ilində orqanizmimdə bəzi problemlər yaranıb, hiss etmişəm ki, fiziki durumum daha orduda olan çətinliklərə və sərt həyat şəraitinə dözmür. Lakin müqaviləyə əsasən mən tam 25 il xidmət etməli idim. Həmin vaxtlar Qənirə xanım Paşayeva bir millət vəkili kimi tez-tez hərbi hissələrdə olurdu. Bildiyimə görə elə indi də bu xeyirxah missiyasını davam etdirir. Əsgər və zabitlər onu bir bacı kimi, ana kimi qəbul edirdilər. Çünki o hər bir hərbçimizə öz doğması kimi yanaşır, əlindən gələn köməyi etməyə çalışırdı. Dəfələrlə görmüşük ki, xəstə əsgərlərə Bakıdan öz cibinin pulu ilə dava-dərman da alıb gətirib, evdə bişirtdirdiyi sovqatlara da əsgərlərimizi qonaq edib. Qənirə xanım belə xanımdır. Onun hərbi hissələrimizdə döyüş qabiliyyətinin, vətənpərvərlik ruhunun yüksəldilməsində böyük rolu olub.
 Səhhətimdə problemlər hiss etdikdən sonra bir neçə yuxarı instansiyalara müraciət etsəm də, müraciətlərim cavabsız qalmışdı. Hərbçi yoldaşlarımın məsləhəti ilə bu gözəl insana üz tutmaq qərarına gəldim. Bir dəfə hərbi hissəmizə digər deputat yoldaşları ilə gələrkən fürsətdən istifadə edib ona yaxınlaşdım, səhhətimdə yaranmış problemlər barədə danışdım, ailə-uşağımın yanında olmaq arzumu ona bildirdim. Mənim təəccübümə rəğmən o məni diqqətlə dinlədi. Sözün düzü ondan da o biri deputatlar kimi ədabazlıq və soyuqqanlıq gözləyirdim. Lakin Qənirə xanım mənə diqqətlə qulaq asdı, bəzi qeydlər apardı və tez bir zamanda mənim məsələmlə məşğul olacağını, təxris olunma məsələmi ordu komandanlığı qarşısında qaldıracağını bildirdi.
 Onun sifətindəki təbəssüm heç bir zaman yadımdan çıxmaz. Doğrudan da tez bir zamanda mənim məsələmə baxıldı, qısa araşdırmadan sonra ordudan təxris edildim. İndi sizə bu məktubu öz ailəmin yanından yazıram və bu qadını xatırlayarkən kövrəlirəm də. Doğrudan da həyat yaxşı insanlardan xali deyilmiş. Nə yaxşı ki Qənirə Paşayeva kimi Həcər qeyrətli, Tomris ismətli xanımlarımız var! Nə qədər ki bu cür insanlarımız var, vətənpərvərlik də olacaq, Vətən də yaşayacaq! Sizin vasitənizlə ona ailəm adından öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olun, Qənirə xanım! Sizə ömrüm boyu minnətdar olacağam. Uzun illərin hərbçisi kimi deyirəm, bilməlisiniz ki, bu gün Azərbaycan ordusunda sevilən bir nömrəli ictimai-siyasi xadim Qənirə xanım Paşayevadır. Bu günün də Tomris olmaq qisməti Qənirə xanımın payına düşüb. Mən keçmiş hərbçi yoldaşlarımla görüşərkən də bu insanı tez-tez xatırlayırıq. Çünki bu insan hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir, vaxtını və enerjisini sərf edərək ən xırda detallara kimi maraqlanır, narahatçılıqların aradan qaldırılması üçün sidqi-ürəklə çalışırdı. Bu cür qeyrətli qızlar doğan analarımıza “Halal olsun!” deyirəm. Vətən sizinlə fəxr edir!

Əliyev Rasim Murad oğlu           Lənkəran rayon sakini

Комментариев нет:

Отправить комментарий