Jalə Əliyeva: “Qərb diplomatları Gürcüstan məsələsində müxalifəti, Azərbaycan məsələsində iqtidarı suçlayır”
Millət vəkili Jalə Əliyeva ilə müsahibə
- Jalə xanım, parlament yaz sessiyasına yekun vurdu. Təmsil olunduğunuz qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Dördüncü çağırış Azərbaycan parlamenti uğurlu fəaliyyət göstərib. Milli Məclisin yaz sessiyasının yekununa dair sualınıza cavab olaraq bildirim ki, ali qanunverici orqanın bu sessiyada da fəaliyyəti səmərəli idi. Yaz sessiyası bir çox mütərəqqi qanunların qəbulu, qanuvericilik aktlarının təkmilləşdirilməsi baxımından yaddaqalan oldu. Bu sırada xüsusi olaraq təqaüdlərlə bağlı yeni qanunun qəbulu, büdcə layihəsinə əlavə və dəyişikliklər daha çox təqdir olunmalıdır. Hər kəsə bəllidir ki, təqaüdlərin verilməsi ilə bağlı qanunvericilikdə boşluqlar var idi və bir çox təqaüdçülər onlara çatacaq vəsaitin əvvəlki illərə aid olan hissəsini ala bilmirdilər. Lakin qanunda baş verən dəyişikliklər sovetlər dönəmində çalışmış vətəndaşlarla müstəqillik dövründə işləyən təaüdçülər arasında olan təqaüd fərqini aradan qaldırdı. Bu olduqca vacib addım idi və Azərbaycan hakimiyyətinin yaşının ahıl dövrünü yaşayan, daha çox köməyə ehtiyacı olan vətəndaşlara qayğısının nəticəsidir. Daha bir yenilik isə Milli Məclisdə büdcə layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlıdır. Baxmayaraq ki, əksər dünya dövlətləri iqdisadi böhranla üz-üzə qalıb, çox sevindirici haldır ki, bunun Azərbaycana heç bir mənfi təsiri olmadı. Ötən il dövlət büdcəsində qeydə alınan artım Kür daşqınından əziyyət çəkənlərin müdafiəsinə və hərbi xərclərin artırılmasına yönəldilsə də, 2011-ci ildə bu artım bütün sahələrə şamil edildi. Bu sırada təhsilə də, səhiyyəyə də, elmə də, təqaüdlərin artırılmasına da, bir sözlə bütün sahələrə pay düşdü. Baş verənlər Milli Məclisin yaz sessiyasının uğurlu fəaliyyəti ilə bərabər, Prezident İlham Əliyevin iradəsinin daha bir göstəricisidir. Eyni zamanda Milli Məclisin beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar, parlamentlərarası əlaqələr sahəsində həyata keçirdiyi layihələr də diqqətdən kənarda qala bilməz.
- Bu günlərdə Bakıda Avropa İttifaqı-Azərbaycan Parlamenti əməkdaşlıq Komitəsinin (PƏK) daha bir toplantısı baş tutdu. PƏK-də təmsil olunan parlamentari olaraq son tədbirdən hansı təəssüratlarla ayrıldınız?
- Əvvəlcə onu deyim ki, Avropa İttifaqı-Azərbaycan Parlamenti əməkdaşlıq Komitəsi (PƏK) 7 ildir fəaliyyət göstərir. Qurumun ildə iki dəfə, bir dəfə Bakıda, bir dəfə isə Avropa İttifaqına daxil olan ölkələrdən birində iclasları keçirilir. Avropada baş tutan iclasların çoxu Belçikada gerçəkləşir. PƏK-də həm Avropa İtiffaqından, həm də Azərbaycan tərəfdən olan deputatlar təmsil olunur. Qeyd etdiyiniz toplantı isə PƏK-in XI toplantısı idi və Avropadan olan 7 deputat tədbirdə iştirak edirdi. Eyni zamanda Avropa ölkələrinin ölkəmizdəki diplomatik korpuslarının nümayəndələri, İqdisadi İnkişaf, Xarici İşlər Nazilriklərinin, Dövlət Miqrasiya Xidmətinin nümayəndələri də tədbirdə iştirak edirdi. Olduqca vacib müzakirələr aparıldı və həm avropalı parlamentarilər, həm də bizim deputatlar qarşılıqlı dialoq şəraitində fikirlərimizi bildirdik.
- Avropalı parlamentarilərlə qarşılıqlı dialoqunuz zamanı əsasən hansı məsələlər qabardıldı?
- Toplantının gündəliyinə gəldikdə əsas müzakirə mövzusunu demokratiya, qanunun aliliyi, insan hüquqları, fundamental azadlıqlar, söz azadlığı, toplaşmaq azadlığı və mətbuat azadlığı məsələləri təşkil edirdi. Bu istiqamətdə həm avropalı parlamentarilərin, həm də bizim deputatların, o cümlədən mənim də çıxışlarım oldu. Avropalı parlamentari Ulrike Lunaçek və Avropa İtiffaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia ölkədəki söz azadlığı, insan haqları mövzusunda çıxış etdilər. Mənim çıxışım da bu mövzuda oldu. Çıxışımda əsasən o fikri qabartmağa çalışırdım ki, Avropa İtiifaqı ilə Azərbaycanın münasibətlərində balans prinsipi qorunmalı və Qərb diplomatları ölkəmizlə bağlı fikirlərində daha diqqətli olmalıdırlar. Belə demək mümkünsə Azərbaycan digər dövlətlərin işinə müdaxilə etmədiyi kimi, digər dövlətlər də ona qarşı münasibətdə həssas davranmalıdırlar. Çalışmaq lazımdır ki, maraqlı daxili dairələrin hazırladığı səhv və mənfi hesabatlar yox, müsbət mənada təkliflər verilsin. İradlar lazım gəldikdə bildirilsin, bu daha ənənə halını almasın. Xüsusən Gürcüstanda bir neçə ay öncə baş qaldıran iğtişaşları diqqət mərkəzinə gətirdim. Söylədim ki, həmin vaxtlar Bakıda da aksiyalar keçirilirdi. Azərbaycan iqtidarının aksiyaçılara ayırdığı yerləri tənqid hədəfinə gətirən Qərb diplomatları nədənsə Gürcütanda müxalifəti hökümətin ayırdığı yerlərdə aksiya keçirməyə dəvət edirdi. Baş verənlər Qərbin hadisələrə ikili standartlardan yanaşmasının, ayrıseçkiliyinin göstərici sayıla bilər. Necə olur ki, Qərb diplomatları Gürcüstan məsələsində müxalifəti, Azərbaycan məsələsində iqtidarı suçlayır. Söz azadlığı ilə bağlı müzakirələrə gəldikdə isə açıq şəkildə bəyan etdim ki, Azərbaycanda nəinki söz azadlığı qorunur, hətta digər ölkələr üçün də nümunə sayıla bilər. Bu gün Azərbaycanda 7 telekanal, 36 gündəlik qəzet, radiolar, xeyli sayda internet media orqanı, informasiya agentlikləri fəaliyyət göstərir. Höküməti tənqid edən mətbuat orqanlarının da sayı kifayət qədərdir və bəzən onlar təhqirə keçməkdən belə çəkinmirlər. Bütün bunların qarşılığında iqtidar yetkililəri onların təhqirlərinə, ən ağır formada tənqidlərinə qarşı səbr nümayiş etdirirlər. Söz azadlığı kiminsə şərəf və ləyaqətini alçaltmaq, böhtanlar yağdırmaq mənasına gəlməməlidir və Qərb dairələri də məsələyə dair fikirlərində obyektiv yanaşma ortaya qoymalıdırlar. Qeyd etdim ki, Qərb diplomatlarının proseslərə ikili standartlardan yanaşması onlarla həqiqi və bərabərhüquqlu əməkdaşlığı çətinləşdirir.
Azər Niftiyev, QayNar
Комментариев нет:
Отправить комментарий