Страницы

23.09.2011

Bizdə klassiklərin tiraniyası

Rafiq Tağı

Bekarçılıqdır, gəlin, əvvəl bizi inkişafdan qoyan faktorlara göz ataq: yalançı əxlaqdan quraşdırdığımız mentallıq, döyüşkən türk xarakterindən uzaqlığımız, saxta islam, pozğunluqlar üçün sərf etdiyimiz azadlıqlar, yəni Avropa azadlığının istismarı – saymaqla qurtarmaz. Biri elə bu bütpərəstlik, biri - klassiklərimizin tiraniyası.
Mən burda Mirzə Ələkbər Sabirin həqarətlərindən hələ də mazoxistcəsinə həzz alıb yaşayan, bunu özləri də etiraf edir: eşşək kimi dəyişmək istəməyən bəzi insanlara bir-bir cavab verəsi deyiləm. Zatən, meymunun insana çevrilməsi ehtimal olunandısa, eşşəyin insana çevrilməsi mümkünsüzdür: bunun sübutu üçün ortaya hələ yeni Darvin çıxmayıb.
Vacib sözlərim özünü postmodernist sayanlarımızadır: bir yazıçı olaraq formalaşması heç cür başa varmayan Qan Turalıya, millətdən yazan bizlərdən fərqli, “qomik”lərdən yazmağı yaradıcılığına prioritet seçmiş Əli Əkbərə, ciddi mövzularda belə dünyəvi ziyalı tipi danışığını bacarmayıb, kənd arvadlarının istilahlarını gen-bol işlədən Aqşin Yeniseyə, bir də Rafiq Tağıda “piştov” kəşf etməklə tarixin yaddaşında qalası – vallah, bu saat adı yadımdan çıxıb, bir yoldaşadır. Balaca bir mübahisədə, hələ bir tək Sabirə yanaşmada, bunların paxırı açıldı: qətiyyən postmodernist olmadıqları üzə çıxdı.
Dildə bitən “postmodernizm”in bir taraş stəkan araqlıq canı var.
Qardaşlar, mənim bir yazıçı olaraq rolum həm də bax, belə-belə şeylərdir. Bircə yazımla cəmiyyətdəki çürüntüləri üzə çıxarıram. Ə, bə siz Nitşenin təbirincə - “Allah ölüb”, deyirdiniz, Rolan Bart kimi qışqırırdınız – “Müəllif ölüb”?.. Amma Bart həm də deyirdi: müəllifliyi mətnə vermək. Yəni müəllif unudulsun. Sözü mətn desin. İnsan ölür, mətn qalır. Əslində də, əsəri müəllif yox, bəşəriyyət yazır. Müəllifi bütə çevirməyə hacət yoxdur. Bütün yeniliklər də əlahəzrət bəşəriyyətə məxsusdur. Bu anlamda Sabirdən bərk-bərk yapışmanızın adı nədir, şlyapasız cənablar?
Bütləri yıxmaq barəsində peyğəmbərlər də bar-bar bağırmırdılarmı? Hətta bəzisində bağırmaqdan qasıq yırtığı yaranmışdı.
Peyğəmbərlərin yıxdığı bütlər Sabirdən qat-qat dəyərli idi.
Müsəlman olub da bütpərəst qalmaq anaxronizmdir. Qarabağdan dovşan kimi Bakıya qaçmış birisi mənə irad tutur: millət Sabirə heykəl qoyub, öləsən də, sənə qoymayacaq. Ah, Allaha şükürlər olsun ki, Rafiq Tağı bu şəxsin nəzərində artıq ona heykəl qoyulub-qoyulmaması dilemmasına qədər yüksəlib. Lakin heykəl nədir: hər hansı dövlət başçısının sərəncamı ilə Nazirlər Kabinetinin heykəltaraşa kəlləmayallaq gördürdüyü iş. İnsan şəklinə salınmış içi boş metal kütləsi. Mən o boyda Vlad. Leninin bütün heykəllərini içiboş gördüm. Hətta heykəllərdən biri iri bir təşkilatın xəlvət “təsərrüfat otağı”nda Roza Lüksemburqun üstünə uzadılmışdı. İçi boş bu metal siyasətçilər sekslə məşğul olurmuş kimi görsənirdi. (Məndə “piştov” kəşf etmiş yazıçının adı hələ yadıma düşməyib). Sözümün canı nədir: heykəlləri xalq qoymur. Xalq heykəl qoyandısa, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəyə qoyardı. Çox görmüşük, xalq kiməsə heykəl qoyulmasını istəmir, ancaq cıra-cıra qoyurlar. Bakı qəbiristanlıqlarında elə monumental qəbirüstü heykəllər var ki, Sabirin heykəli onların yanında cücəyə oxşayar. Ya Lvovda gördüyüm yəhudi məzarlığındakı istənilən heykəl qiymətdə Azərbaycandakı bütün heykəllərdən ağır gələr.
Xalq Sabirə heykəl qoyandısa, barı qəbri üstündəsə, qərib Gülağa Tənhaya qədər qoyaydı.
Söhbətdən yayınmayaq. Postmodernizmin ümdə vəzifəsi bütləri yıxmaqdır. Çünki bütlər divlər kimi insanların bugünü və gələcəyini udur. Doğrudan da, bütə çevirdiyimiz klassiklər Azərbaycan ədəbiyyatını hərəkətsiz duruma gətirmişdir. Azərbaycan ədəbiyyatı dəmir-beton karkas şəklindədir. Həm də Sabir Rafiq Tağının sözlərindən yıxılacaqmışsa, gərək çoxdan yıxılaydı. İnsanlarımız erməni silahlı maxinasından daha çox Rafiq Tağının sözündən qıcıqlanır. Çünki hamı ermənidən xilas yolunu yaxşı bilir: qaçmaq. Rafiq Tağıdansa qaçmaq nə gərək; belə söylənilir ki, onun bir yumruqluq canı var.
Biz qorxmadıqlarımıza qarşı qəhrəmanıq.
Uşaqlar, bə dekonstruksiya deyirdiniz... Adam da emosiyaya qapılanda postmodernist olduğunu unudar? Açığı, siz hələ də sosrealizmin, bir az insafla desək, realizmin içindəsiniz. “Postmodernist”liyiniz sırf praqmatik maraqlar – ədəbi dəbdən gələsi dəbdəbəli şöhrətlər üçündür. 
(Yadımdan çıxan yazıçının təxəllüsündə ”z”, ya da bəlkə “c” hərfi olmalıdır).
Sabirə yanaşmanız hələ əlli-yüz il əvvəl formalaşmış fəlsəfi sistemlilik və artıq daşlaşmış konsepsiyalardan doğur. Qara kütlə kimi düşünürsünüz - ən acınacaqlısı da budur. Kütlə də deyir Sabirə toxunmaq olmaz, siz də deyirsiniz.
Siz kütlənin sıra nəfərlərisiniz.
Qardaşlar, hər yeni nəslin klassiklərə öz baxışı olmalıdır. İnternet əsrinin övladı keçən əsrin 40-50-ci illərinin, balalarını dolandırmaq naminə qələm fırlatmış, ədəbiyyatşünası kimi düşünə bilməz.
Mədəniyyətimizdə dinamizm olmadıqca dünyadan geri qalacağıq.
Belə görürəm, ətalətimiz gələcəkdə sizinlə təmin olunacaq.
Delöz nə yazırdı: postmodernizm “buxovsuz” imkanlar vəziyyətidir. Doğrudan da, bizdə klassiklərin millətə toxunulmaz təqdimi cəmiyyətdə depressiv durum yaradır. Klassiklər ictimai obskurasiya törədicisinə çevrilib. Üstəlik, məsələn, Nizami özü də təxminən belə deyib: məndən sonra bir də şair olmayacaq. Biz də həvəslə təsdiqləyirik: Füzuli zirvəsinə çatmaq olmaz, ya Sabir – vicdanımızdır. Bu cür boş sözlər nəyə gərək. Özünü postmodernist adlandıranların bu cür stereotip və ştamplardan qurtulmamağı şəxsən məndə əsəb “qrimasa”ları ilə illüstrasiyalı gülüşlər doğurur. Xüsusən də, Əli Əkbər: boynundan zərif bəzək zəncir(cik)ləri asmaqla özünü müasir sanır. Əzizlərim, postmodernizm “antirasional fəlsəfi diskursdur”. Lesli Fidler 1969-cu ildə nə deyirdi: sədləri aşın, yarıqları örtün. Hanı bəs: siz heç Sabir sədlərini adlaya bilmirsiniz. Sabiri aşandan sonrakı perspektivləri görmürsünüz.
Siz Azərbaycan mədəniyyətinə nə vermək fikrindəsiniz: içi vakuumlu kitablarmı?
Bə siz Mişel Fukonun “Klassik epoxada dəliliyin tarixçəsi”(1961) əsərini oxumamısınız? Axı, alnınıza yalnız oxuduqlarınızla tanınmaq yazılıb...
Mirzə Ələkbər də daxil, müəllif olsa-olsa funksional prinsipdir, metafizik böyüklük, ya qeyd-şərtsiz konstanta deyil. Çağdaş dünyada isə müəllifin rolu mətnin klassifikasiyasını vermək, ya mövzuları qruplaşdırmaq, R.Bartın yazdığı kimi, məsələn, Hippokrata dair olanı başqa mətnlərdən ayırmaqdır və sair.
Yenə deyirəm, milləti dəyərləndirmək üçün Sabirin təfəkkürü azlıq edirdi.
“Ura, ad yadıma düşdü: Kənan Hacı... dostuum...”

kulis.az

Комментариев нет:

Отправить комментарий