Страницы

21.09.2011

Səni mən öldürməmişəm

oktay hacımusalı yaradıcılıq səhifəsi
Oktay Hacımusalı

növbəti şeir 
ucuz və mənasız bir gecə barında yazıla bilərdi
türhəng ləzginka oynayan qırmızıboyun
qıjıların acığına

sonra baş alıb gedə bilərdi
dəniz sahilinə
illərdən bəridir ürəyinə yığılanları
boşaltmaq üçün
tənha bir yerdə
bir böyükağa
vəssalam

növbəti şeir
mərsiyəni xatırlada bilərdi
şaxsey gedə bilərdi qoca qarılar
bu şeirin üstündə

mərsiyələr yazdığı
sarı doxsanaltı vərəq
dama dama dəftərini
oxuya oxuya
ruhuna salavat çevirtdirə bilərdi
bu şeiri yazanın
mərsiyəxan qadın

növbəti şeir
qazeldə oxuna bilərdi
alqayıtın
ya da agalar bayramovun
ifasında
nə fərqi var canım
əsas odur ki şeir olsun
atadan anadan
bacıdan bəhs edərdi
ən azından
adamı parça parça edib
hissələrə ayırardı

növbəti şeir
sənə yazıldı
payı qaytarmazlar
götür qismətivi

****
atan indi uzaqlardadır körpəm
düşünmə ki unudub səni
səni unutmaq olar heçççç

belə gətirib mənimki
həmişə hamıdan ayrı
eləcə yaşamaqdı könlümdən keçən

inan bu dəqiqə
nəfəsinin istiliyi var qucağımda
məni boş ver
əsas anandan muğayat ol
evimin böyüyü sənsən
yekə kişisən
qoymaaa bir küncə sığınıb xısın xısın ağlasın  anan

ananda bir əmanətim var körpəm
onu istə
özü biləcək
as onu yaxandan
böyüyənə kimi
böyüyəndə istədiyin qıza verərsən

bilirəm böyüyəndə
cavab istəyəcəksən
sual dolu baxışlarına
amma inan ki heç nədən
uzaqlaşıb getmişəm sizdən

mən burda
depressiv vəziyyətdə
uçuq sınıq salxaq dar komamda
əlimi oynada oynada
şeirlər oxuyuram kölgələrə
unutma bunu körpəm
unutma əsla
unutma

****
yorğunluğumdan
yazılır bu qarmaqarışıq şeirlər
danmıram
yorğunam

başından bu qədər qovğalar keçən
kimdisə
çağırın gəlsin
rubəru oturaq
aclıqdan
susuzluqdan
divarları çatlamış
bu soyuq zirzəmidə
bu bumbuz otaqda
kim saçımı sığallamaq
və məni ovutmaq
istəyirsə
durmasın gəlsin

danmıram
yorğunam
həyat gözəldimi
sualına
verdiyim cavablar
düşür yadıma
görürəm
adını
göyüzündə
küsmüşəm
göylərdən
ona görə də

yorğunam
hiss edirsən
əllərim əsir
sözlərim tələsir

yorğunam
bari sən anla məni
yorğunam

**
bu gün bəlkə də son görüş dedik buna
və dalınca müəllim olduq
necəsinizlə başlayan mesajlar gəldi
hər şey rəsmiləşdi bircə anın içində
görünüşdə
görünüşdə mən hazır idim
hər şeyi yıxıb dağıtmağa
yerlə yeksan etməyə
gözlə görünən nə vardısa

bu gün gözlərimiz doldu
boğazımızda ilişib qaldı deməli olduqlarımız
naməhrəm gözlər dikili qaldı üzümüzə
tikanlı sözlər ox kimi dəydi ürəyimizə

bu gün mən
daşıya daşıya çiynimdəki yaraları
gəldim sənin yanına
sağ çiynimə adını döydürməli idim
qərarım qəti
yaddaşım ölüm qoxuyurdu

bu gün səninçün daha çox darıxdım
gedirəm dedin və getdin
bir küncündə dayanıb metronun girişinin
əsən əllərimlə bir siqaret yandırdım
dalınca əlim telefonu axtardı
nolub sənə

bu gün
ax bu gün

****
hər şeyi yenidən başlamaq olar
silinsin gözlərindən yaşlar
gülümsə nolar təkrar
təbəssümün yayılsın ay işığında
mən sənin üzündəki kədəri silmək
və səni dünyanın ən xoşbəxti etmək
istəyirəm biləsən

suyun axdığı kimi
lal və dinməz
bir sevgiylə sevirəm səni
ayaqlarımdan qandala vurulmuşam
və ümidlərimlə
ümidsizliyimlə
gəlmişəm yanına
nə müddətdir
sən dağların qarı tək tərtəmiz
saymamışam nə gün nə ay
hardasa uzaqda başlayan
göylərdən verilən mükafat kimi
həyatına aidəm

****
I
qardan adamlar düzəldin
qaranlıq küçələr
dar dalanlar
yanımda sən
balaca barmaqların sığınb dəri gödəkçəmin cibinə

qardan adamlar düzəldin
göydən lopa lopa qar ələnir
pıçıltı da indi əzab verir sənə
söz məni oynada bilir yerimdən
harda bir uşaq görsəm gözlərim yol çəkir

qardan adamlar düzəldin
nə vaxtdır özümdən qaçmaq xəyalındayam
bir saatlığına da olsa ağlayıram gedən qatarların arxasınca
əl edirəm yoldan ötüb gedən avtobuslara
darıxıram başa düşürsən darıxıram
üsyan etmədən səssiz bir darıxmaqdır mənimki

qarlar adamlar düzəldin
kimdən soruşsam səni tərif edər mənə
təzə dil açan körpələr kimi
kimə desəm
üzümə baxıb məni qınayar
bəlkə də ürəyində
qırx yaşında yorğalıqdır
ya da gora başı əsən qocanın
əlində gitara serenada oxumasıdır
səni sevməyim

qardan adamlar düzəldin
ona söz deməyin
ona əmr etməyin
qardan adamlar düzəldin
qardan adamlar düzəldin

II
qardan adamlar düzəldin
sındırılır yaddaşının buz parçaları
əriyir beynimdə yaranan sırsıralar
yavaş yavaş
dözmək və başa salmaq lazım imiş insanlara
nələr yaşadığını
hansı hisslər keçirdiyini

qardan adamlar düzəldin
suyu bulandırmaq istəyənlər
məndən sənə nələr dedilər
sonra kimə zəng etdilər
əskini tutub ağızlarına
gizli nömrələrlə kimin telefonunu yığdılar
və nə baş verdi sonunda
kim qalib çıxdı bu oyundan

qardan adamlar düzəldin
iki günə nələr dəyişdi tanrım
ağlıma gəldikcə dəli oluram
iki köynəyim bir pencəyimlə
çıxıb getməyi düşünərkən
indi yenə hüzurundayam

qardan adamlar düzəldin
əzabı artdı yenə könlü balıq istəyənlərin
sular donub
adamın dişi dişinə dəyir
indi yəqin oralarda
uzaqlaşmamışıq
hələ vaxta var
bir maşına əl etsək
gedə bilərik hələ də
hava haqqında məlumatı təqdim edən xanımı
işdən çıxanda 106 – da öldürəcəyəm
yalan deyib dünən mənə utanmadan
qar yağacaq
artıq televizyona baxdı yoxdu
qoy cəhənnəm olsun
qardan adamlar düzəldin
qardan adamlar düzəldin

III
qardan adamlar düzəldin
anam danışmışdı bunu mənə
ona da anası danışıbmış
qardaşının faciəsini
bütün torpaqlar onun imiş
yetmiş yaşlı bir kişinin tək varisinin
hamı qabağında əl pəncə divan dayanarmış
yetmiş yaşlı bir kişinin tək varisinin
sonra zaman dəyişib
atasıni aparıblar
evləri yerlə bir olub
kimin əlinə keçibsə daşıyıb evdən
nənəm ilk göz ağrısından qalma
evindən bu sevginin bircə yadigarını
götürüb çıxıb

qardan adamlar düzəldin
qar yağırmış quşbaşı qar
bayquşlar fırlanırmış evin xarabalıqlarında
arıq bir cavan gəlin hər səhər
yanında uşağı
gəlib dayanırmış xarabalığın qarşısında
totuq əllərini uzadıb
görünən hər nə varsa
mənimdi deyirmiş uşaq
görünənsə xarabalıq imiş sadəcə

sonra o totuq əllərini uzadıb
bu görünən hər yerin sahibi olduğunu
iddia edən uşaq
bir gün acından ölmüş
qarlı bir gündə
qırasəng meşəliyində dəfn etmişlər onu

qardan adamlar düzəldin
o uşaq üçün
bu yerlərin yiyəsi üçün

IV
qardan adamlar düzəldin
bədənin yorulub hiss edirəm
gözlərin hədəqəsindən çıxır
sözlərin öldürür özünü
bir an əvvəl
bircə mərmisi qalan silahını
gicgahına dayayır və sıxır

qardan adamlar düzəldin
əvvəllər kimsə sənin mənə yazıldığını
desəydi
çaşıb qalardım
baxardım ətrafıma
köksümə sallanmış başımı qaldırıb
uzun uzun gülərdim
yadımdadı onda bağlı idi yollar
sizdən keçib gedərdim evimizə
bir an ağlıma gələrdi sənin burda yaşadığın
onda tanış da deyildik heç
izlərini axtarardım keçdiyim yollarda
sonra bir gün tanış olduq
beləcə macəralar başladı

qardan adamlar düzəldin
səni soruşmaq
adını anmaq
yasaq idi bir zaman mənə
əlim bağlı
qolum bağlı
eləcə oturub gözlədim növbəti əmrə kimi
atları gətirdilər sonra bir gün
dalınca bir un çuvalına itləri doldurub
harasa apardılar
balaca balaca küçüklər öldürürdü özünü
rəqqaslar əcayib bir ayin keçirdilər
yeni il gecəsi
sonra bir at öldü
səhərə kimi cəsədi ortada qaldı

qardan adamlar düzəldin
otuz dərəcə şaxtada bulaqda yuyunmağımdan
danışım sənə
tüpürmək keçirdi könlündən bir anda hər şeyə
sonra lənət sənə kor şeytan deyib
yumurdun gözlərini
yumruğunu sıxırdın

yadıma salmayın
nolar salmayın yadıma
qardan adamlar düzəldin
qardan adamlar düzəldin)

****
unutmaq səni ölənə kimi unutmaq
mümkün olsa hətta saçlarının ətrini
əllərinin hərarətini unutmaq
gözlərinin süzülüşünü
başını çiynimə söykəyib içini çəkişini
unutmaq

unutmaq
yuxusuz keçən gecələri bir anda unutmaq
yazdığın mesajları
bazar günlərində həyatdan qaçışımızı
unutmaq
elə də asan deyil əzizim
biləsən

unutmaq
keçdiyimiz hər küçənin başında məni gözləyən xatirələri
tanıyanların sual dolu baxışları arasında
bir uşağa pul verib alışqan aldırmaq
sonra əynindəki dəri gödəkçəni və cins şalvarı çıxarıb
büküb bürmələyib bir naylon paketə qoymaq
sonra qəfil əlində oynatdığın alışqanı xatırlamaq
və həmin naylon paketin içinə tullamaq hirslə
tüpürmək var gücünlə bir təpik ilişdirmək
unutmaq
sonra hər şeyi
elə də asan deyil əzizim
biləsən

****
qədər deyək bəlkə buna
unudaq bəlkə hər şeyi
verdiyimiz sözləri unudaq
ya da keçdiyimiz küçələri
sahildə baxdığımız
balaca oğlan uşağı üçün
olan dəstləri

gəl unudaq
hesab edək ki heç nə yoxdur
yaşanmayıb bu qədər haqq hesab
hesab elə ki sən üşüməmisən
əllərin ovcumda olmayıb
qəflətən unutmamısan
yaddaşından silməmisən
sənin və mənim olan hər şeyi
və iqnor olmamışam gecənin bir aləmi
əllərim əsməyib qəzəbimdən
kiminləsə telefonda danışa danışa
beşinci mərtəbədə
bir pəncərəni açmamışam
özümü boşluğa buraxmaq üçün

sənin və mənim olan
və olmayan şeylər
çıxacaq onsuz da
gec tez qarşımıza
gəl unudaq

gəl unudaq
baxdığımız filmi
yazdığımız mesajları
tək qaldığımız anları
neynəməli
asan deyil
asan deyil
üzümüzə təəccüblə baxan
qarson qızın sual dolu baxışlarından
qaçıb qurtulmaq

gəl qədər qoyaq bunun adını
və unudaq
unutmalıyıq onsuz da

unutmalıyıq onsuz da
qarşıda bizi acımasız həyat gözləyir

****
bu gün yola düşürəm
salamat qal əzizim
nə sən dalımca bax
nə də gözlərin dolsun
hardan olsa zəng edəcəyəm
telefonun açıq olsun

bir daşı sıxım ovcuma
çıxım gedim mən beləcə
onsuz da tez keçəcək vaxt
onsuz da
gün sayacağam gün
bir gün geri qayıdıb
sənə qovuşmaq üçün

əllərimi uzadıb
əllərini tutmaq yox
həsrət qalım qoy sənə
oyanaraq yuxudan
baxıb pəncərənizdən
uğur olsun de mənə

****
nə yaman dəyişilirmiş insan
bax buna inanmağım gəlmir
indi sən yəqin deyirsən
neynim düzəlmir ki düzəlmir

düzəlmək nədi səncə
vitrindəki müqəvva
görürsən biz ayrılandan
bakıda necə
tez tez dəyişilir hava

buna nə ad qoyaq biz
sözlərinmi oyunu
necə gətirdik görəsən
heç fərqinə də varmadan
bu sevdanın sonunu

ağlamağa tələsmə
yaş axıtma gözündən
bir gün xoşbəxt olarsan
mənim sevdiyim gülüş
əksik olmaz üzündən

****
səni mən öldürməmişəm
yalan danışma
gedib o dünyada ayağa qaldırma
milləti

1
səni mən öldürməmişəm
hücum çəkməmişəm evinə
gecənin bir yarısı maskalılarla
arvadının qorxudan şəkəri yüksəlməyib
uşaqların qorxub bir küncdə gizlənməyib
dilin dodağın topuq vura vura
pulları gizlətdiyin yeri deməmisən yalandan
sonra yalanını tutmamışam da heç sənin
səni mən öldürməmişəm
yalan danışma

2
səni mən öldürməmişəm
özündə deyildin onda qətiyyən
kiçik qaynın gəlmişdi sizə
demişdi evlənmək istəyirəm
arvadın qaçıb sevinə sevinə
qohumlardan birinin toy kasetini gətirmişdi
oturub baxmışdınız
bir bir sayılmşdı qohum əqrəbanın subay qızları
sənsə bu önəmsiz vəzifənin ağırlığı altında
yuxuya getmişdin
sakitcə divanın bir küncündə
sabah qəçreşə aparacağın xanımların
güləc sifəti gözünün qabağında
səni mən öldürməmişəm
yalan danışma

3
səni mən öldürməmişəm
yalan danışma
kefin ala buludlarda idi yenə
yenə mırt tuturdun yanındakılarla
bir kənddən keçirdiniz
alma bağları gördün
tamah güc gəldi sənə
buruldun kəndin içinə
danışdın kəndin böyüyüylə
dedi satmırıq
şəhid ailəsinindi
vecinə də almadın
min fırıldaqla sahib oldun alma bağına
səni mən öldürməmişəm
yalan danışma
əməllərin ucbatından maşının içində
diri diri yanmısan
gedib o dünyada ayağa qaldırma
milləti

**
bütün yaxşı xəbərlər yoxa çıxıb
sən yoxsan
və heç olmamısan elə bil

boynuma alıram gücsüzəm
təkəm tənhayam
bu qədər insanların arasında
bu dörd divarın içində

ürəyindəkiləri
üfunət dolu ağızlarından
çölə tökənlərin acığına
gəl yoxa çıxma bir daha
həyatımdakı bütün yaxşı xəbərlər kimi

**
addımlarını say
belə başlayırdı bu mahnı deyəsən
gündüzlər gün doğmur
gecələr ay batmır
yuxusuzluqdan qızarmış gözlərini
üfüqlərdən çəkə bilmir əsla
əli avtomatlı əsgərlər

addımlarını say
son savaşımız qalıb axı
hələ də bizim
hələ də biz qarabağı almamışıq
hələ də biz göyçə gölünə çatmamışıq
hələ də xocalının qanı
kimlərinsə boynundadır
elə ona görə də
addımlarını say

addımlarını say
cilovlama hisslərini
boğma kinini nifrətini
bircə şeyi düşün təkcə
qarşında düşmən var

addımlarını say
bir
iki
üç

**
unuda bilmədim səni unutmağa çalışsam da
telefon bağlı qaldı bütün bir gün
mən qurtuluş günündə təşkil olunan konsertdə ağladım
sənin yanında olmadığımçün

qəribə səslərin məkanına aldı apardı məni qaranlıqlar
suç sayıldı orda sevmək sərbəst şeir yazmaq pafosla danışmaq
dağlar orda insanların yar yoldaşı
üç çay daşını çıxarıb tulladıq aşağıdan axan axarsuya
dalınca gülləbaran
hücum əmrinə işarə kimi başa düşmüşdülər hər hal bunu

iyuldan bəridir zəng etməyə bir kimsəm yox
avqust oldu əzabların sonu gəlmir
sentyabrda sel gəldi yudu dağıtdı hər nə vardısa
oktyabrı dizə qədər palçığın içində
noyabrı da qarla örtülü düzənlikdə keçirdim

unuda bilmədim səni unutmağa çalışsam da
mənə artıq kim zəng etsə nə önəmi
sən zəng eləmisən bəsimdi dedin
sonra gah telefon tapa bilmədim
gah qüruruma sığışdırmadım
gah da vaxt ayıra bilmədim
axırda da unutmağa çalışdım

indi üz üzə gəlmənin qorxusu ilə
gətirmədən unutmadığımı dilə
öz aləmimdə yaşamağa çalışıram guya

unuda bilmədim səni
unutmağa çalışsam da
unutmadım
unuda bilmədim

**
oğlum
ölmədim bu günü də gördüm
ilk qarı yağdırdım hərbidə
əllərim yapışıb qaldı dəmir parçasına
dondum

oğlum
anan səndən danışırdı
tellərin o yanından
azersel daşının üstündə
içim isinirdi yavaş yavaş
hələ dünyaya gəlməmisən
ancaq hərarətin düzü dünyanı bürüyüb

oğlum
hər tərəf buz kəsilib burda
nəfəs alırsan nəfəsin
səsini çıxarırsan səsin
donur

oğlum
sabah sənə danışacağım
xatirələrçün burdayam indi

**
bir siqaret dörd nəfərə çəkilir
qara qara əqrəblər salınır şüşə
qablara

hamı qarşısına çıxan ilk yerə nəsə yazır
kimi gününü
kimi ayını
hamı nəsə yazır qarşısına çıxan ilk yerə
taxtaya
dəmirə

qəribə yerdi bura
sözləri unudur insan
danışmağı yadırğayır

qəribə yerdi bura
suyun üzü yosunlara qərq olur
yavaş yavaş
bütün müqəddəslər günaha batır burda

amma yenə də 
əlindəkini ovcundakini
bir tərəfə buraxıb
heç yerə getmək istəmir
adam

**
bir gün eşitsəm
mənə sənə qalan yarım yarımçıq xatirələrin içində
itib batmısan
onda biləcəyəm
unudacaqsan mütləq
vaxtı gələndə
bütün hər şeyi

məsələn
unudacaqsan tanrının ovuclarından tökülən
yağmur damcıları altında
sağa sola qaçışmağımızı
ya da səhərdən axşama kimi heç danışmadan
saatlarla dəniz kənarında bir skamyada oturmağımızı

o zaman necə də xoşbəxt idik
heç düşünmürdük kimsə nəsə ayıra bilər bizi
düşündüyümüz sadəcə
sən və mən
yəni biz
qısacası gələcəyimiz

indi hər şey dəyişib
dəfələrlə intihara cəhdlərim
ilk dəfə yanımda atılan silahın səsindən
qulağımın batmağı
yaman dəyişdirib məni
amma hər dəfə
gecə səni yuxuda görəndə
həmin gün özümdə olmuram

****
yatsam yuxumda nə görə bilərəm uzağı gözlərini
somalidə aclıqdı müharibə qan qada dəniz quldurları
soyub çapıb talayır bu bədbəxt insanları
əli hər şeydən üzülən ağ saqqallı qocalar
hər şeyi qoyar bir qırağa
dillərində zikr kimi sıralanar adın

günəşi geyinib əyninə
gələrsən hər dəfə yanıma
ən saf ən içdən duyğularınla
yanımda şıltaqlığın peyda olar qəflətən
sən saçlarınla hökm verib
gözlərinlə qətlə yetirərsən
sonra dodaq büzməyinlə ağlayarsan səhər axşam

yatsam yuxumda nə görə bilərəm uzağı gözlərini
səbəbsiz ayrılıqlara öyrəşmişəm onsuz da
səndən əvvəl günəşin ilk işıqlarında
oyanıb qaçmağım vardı
yuxularım kabus idi qapqaranlıq
həftə səkkiz mən doqquz divarlar səksənirdi
qışqırıb oyanmağımdan
indi nə hücum edən var hansı tindəsə gizlənib
nə də lal dinməz dayanıb həsrətlə baxan
keçmiş günahlarım

yatsam yuxumda nə görə bilərəm indi
uzağı gözlərini

****
qəmin kafirə
aşağı baxma
qıl körpüsünün üstündəyik
gözünü qamaşdırar
cəhənnəmin qızılı alov yalacları
baxma da aşağı
qısıl qısıl mənə qısıl
qorxma
yanındayam
gözlərini yum sadəcə

yadıma salma
sənə nələr etdiyimi
yalanları
xəyanətləri
saatlarla gözləri yolda
məni gözləməyini

qəmin kafirə
aşağı baxma
az qalıb
bu addımı da ataq bərabər
sonrası uçmaqdı
ağlının əsdiyi yerə
düşünmədən
bütün hisslərdən
duyğulardan düşüncələrdən
xilas olub
sadəcə uçmaq

bu da keçid məntəqəsi
qəmin kafirə

****
sən getdin apardılar məni bir monastra yeni il axşamında
gözlərimi sıxıb çıxdım doğmalarımın gözlərindən
üzümü qapadım görməmək üçün üzlərindəki laqeydliyi
gecə saat on bir tamama yaxın bir mesaj gəldi
qurulub dar ağacın
keç gəl səni aparacaqlar uzaq diyarlara sevdiyinlə bərabər
hətta o istəməsə belə yenə də uçacaqsınız təzə airbuslarda
əllərim barmağındakı nişan üzüyünü oxşayırdı səssizcə
başın çiynimdəydi yenə

sən getdin döz dedim dözdün inan dedim inandın gözlə dedim gözlədin
son addımı mən atmalı idim atmağa güc tapdım özümdə nəhayət
bir gün yığışıb getməyi qərara aldım
məni qınayanların sərt baxışlarına aldırmadan
addımladım çıxdım getdim öldürdüm içimdəki məni

sən getdin gözlərimə yaş doldu uçuq sınıq salxaq bir avtobusda
gəldim səni aparmağa yolun yarısına çatmışdıq
sinəmdən geri itələyib düşürtdülər məni
özümə sığışdırmadım gülləbaran başladı nə başladı
bir ara ayıldım baxdım ki yeni il gəlib
uşaqlar çöldə fişəng atır
yeni ilim belə başladı

Комментариев нет:

Отправить комментарий