Страницы

21.09.2011

Tom dayı, Aşıq Ələsgər və MƏN

Arzu Abdulla

O zamankı həyatı anladım, bəşəriyyətin gərdişini azacıq da olsa duydum, elə o andaca dünyaya gəlməyimə peşiman oldum. Anladıqlarımın arasında mənə daha çox yer edən təbəqələşmə idi. İnsanların bu dərəcədə ikiyə bölünməsini qəbul edə bilmirdim. Tanrının Yer üzünün əşrəfi yaratdığı insanın pulla dəyərləndirilməsi məni özümdən çıxarırdı və bu hal davam etməkdədir.
Eyni zamanda düşünürdüm ki, yəqin inkişaf etmiş ölkələrdə insanları pulla dəyərləndirməzlər. Amma getdikcə daha da yekələnirdim. Özünü öymək olmasın, elə başım da yekələnirdi. Və görürdüm ki, bu dünyanın hər yerində belədir. Sonralar “Tom dayının daxması”nı oxudum. Aman Tanrım, dəhşətə gəldim. Amma kitabı oxuyanda, Tom dayının həyatı ilə tanış olanda yox, aradan keçən yüz illərdən sonra Amerikada eyni həyatın davamı məni dəhşətə gətirirdi. Daha doğrusu bu gün dünyaya hegomonluq edən dövlətin İrqadakı, Pakistandakı, Əfqanıstandakı “Tom dayılara” münasibəti eynilə öncəkinin təkrarıdı. Hə, tarix təkrar olunur, arada zaman və məkan fərqləri olmaqla. Bizdə isə lap qədimdən belə olub. Bütün nağıllarımızda, dastanlarımızda əsərin baş qəhrəmanı adi bir kasıb qızına deyil, varlı-pullu xan, bəy qızına və ya vəzir, padişah qızına aşiq olurdular. Və onların yolunda min bir əziyyətə dözürdülər. Yaxşı sonuclanacaq həyata görə, təbii ki. Yox, ağlınıza o anda acı həsrətin sonundakı şirin vüsal zad gəlməsin. Bunlar hamısı kağıza yazılan, baş havalandıran və boğazdan yuxarı deyilmiş sözlərdir. Lütfən, aldanmayın bu laflara. Sadəcə zəhmət çəkib, şah, bəy qızını alırlar və ömürlərinin axırına qədər başlarını salıb xəzinəyə yeyirlər. Nəyi pisdir ki? Hələ dünyanın əvvəlində başlayan Leyli-Məcnun dastanında da Məcnun tayfa başçısının qızına aşiq olmuşdu, yəni Leyliyə. Leyli gözəl imiş, axı varlı balaları doğurdan da gözəl olur. Onların gözlərində səfalətin əksi olan kədər ömürlük məskən salmır. Onların gözləri parlaq, üzləri şən olur. Bu gözəlliyi yaradan ən vacib harmoniyadır. Gəlin, əyri oturub, düz danışaq Məcnun o zaman niyə görə, hansısa kasıb ərəbin qızına deyil, qəbilə başçısının qızına aşiq oldu? Çünki Leyli qəbilə başçısının qızı idi. Elə ona görə də məktəbdə oxuyurdu. O zaman kasıbların uşaqları təhsil almazdı, oxumazdı. Kasıbın qızı gedib hansısa məktəbdə kitab-dəftəri bir yana tullayıb, bir oğlanla siçan-pişik oynasaydı dədəsini yandırardılar. Çünki kasıba hər nəsnə görəcəkdi. Eşitməmisiz ki, deyərlər yetim əlində qoğal, əcaib. Hə, bu gün varlılar açıq-saçıq geyinəndə “aristokratdır”, kasıblar geyinəndə isə “özünü çölə qoyub, filankəsin qızı bundan artıq olmayacaq ki” deyirlər. Və ya kasıb övladına bir az möhtəşəm ad qoyanda deyirlər “Kasıb itinin adını gümüş qoyar”. Deməli, kasıb oldun gərək itinə də ad qoyanda ehtiyatlı olasan. Axı bizim ulu nənə və babalarımız belə buyurur. Hələ sən bir o, Kərəmə bax, gedib erməni qızına aşiq olub. Nədi, nədi dədəsi vəzirdi. Sevgidən-məhəbbətdən oxuyan Aşıq Ələsgər varlı Qurbanqulu bəyin gözünün ağı-qarası bircə qızı Səhnəbanıya aşıq olur. Özlərini sevgi dəlisi kimi göstərən bu aşıqlar məclislərdə kimin qızı yaxşı geyinib, qızıl-birliyant taxıb ona bir tərif deyib, qoşma qoşublar: “Boynunun həmayili göyçək”. Kasıbın nəyini deyəcək aşıq? Belələrinə sevgi dəlisi deyil, pul hərisi demək daha düzgün olardı.

Комментариев нет:

Отправить комментарий