Страницы

23.10.2011

ABŞ-da xalqla kapitalistlərin son savaşı başlayıb

Картинка 12 из 504
Elçin Bayramlı          

Amerikaların artıq mənfur kapitalizmdən bezib və bərabər imkanlarda yaşamaq istəyir

Son illərdə kapitalizmin çöküşü aydın müşahidə olunur

M
ÜXALİFƏT. Hələ bir neçə ay öncə ABŞ defolt təhlükəsi qarşısında qalmışdı. Bu da ABŞ-da ciddi narahatlıq doğurmuşdu. Həmin vaxt ölkə əhalisinin ayağa qalxacağından qorxan Konqres son anda qərar verərək, ABŞ-ın borclanma limitini artırdı. Bununla da gözlənilən rəsmi defolt təhlükəsindən yayına bildi. Yəni kağız üzərində qurtuldu. Hələ o zaman ekspertlər bildirmişdi ki, atılan addımlar məsələnin köklü həlli deyil, müvəqqəti yayınma xarakteri daşıyır. Real böhran artıq başlayıb və o, qarşısıalınmazdır. Bunu ABŞ rəsmiləri və eksertləri artıq etiraf edirlər.

“WALL STREET”İ TUTUN! Son 1 ayda sosial təminatların azaldılmasından qəzəblənən amerikalılar küçələrə tökülüb hökumətə qarşı mübarizəyə başlayıblar. Artıq ABŞ-ın iri şəhərlərinin küçələri kütləvi etiraz dalğası altındadır. Bir aya yaxındır ki, ABŞ küçələrində sosial-iqtisadi tələblərlə insanlar küçələrə axışıb.
 Etirazçıların böyük əksəriyyəti gəclərdən ibarətdir. Küçələrə çıxan gənclər Nyu-York birjasının 1 kilometrliyində düşərgə qurmaq istədiklərini bildiriblər. Nümayişçilər əllərində “Korrupsiyaya son”, “Büdcə kəsirinə son”, “Nyu-York “Wall Street”in pul ehtirasına “yox” deyirik” kimi yazılı plakatlar tutublar. 
Beləliklə, ABŞ-da korporasiyaların “ifrat mənfəətlərinə, tamahına və acgözlüyünə” qarşı hərəkat genişlənir. Bostondan Los-Ancelesə kimi onlarla iri şəhərdə küçələrə çıxan nümayişçilər indiki maliyyə sisteminə, varlıların adi vətəndaşlar hesabına varlanmasına etiraz edirlər. 
 “Wall Streeti tutun” hərəkatı özünü “lidersiz müqavimət hərəkatı” adlandırır. Deyilir ki, bu hərəkat müxtəlif rəngli, yaşlı, siyasi baxışlı adamlardan ibarətdir. Onları birləşdirən bir cəhət var- onlar hesab edirlər ki, “1 faizin tamahına, korrupsiyasına dözməyən 99 faizdirlər”.
 Onlar  hesab edirlər ki, korrupsiyadan varlanan əhalinin 1 faizidir. Onlar isə qalan 99 faizə daxildirlər. Etiraz nümayişlərinin təşkilatçıları deyirlər ki, onları ruhlandıran ərəb dünyasındakı inqilablar və Avropa ölkələrində hökumətlərin qənaət planlarına etirazlar oldu.           
“XALQI SATIB BANKLARI QURTARDILAR”. Nyu-Yorkda günlərlə davam edən etiraz aksiyalarında polislə nümayişçilər arasında qarşıdurma yaşanıb. Nyu-York birjasını yerləşdiyi “Wall Street”i tutmaq istəyən nümayişçilərə qarşı polis təzyiq göstərib. 
Nümayişçilər “Biz xalqıq, birliyik, heç vaxt məğlub olmayacağıq” şüarları səsləndiriblər. Polis 500-dən çox nümayişçini saxlayıb. Nümayişçilər arasında müəllimlər, vəkillər, nəqliyyat işçiləri, tibb bacıları, həkimlər və s. yer alır.
 Siyasi icmalçılar hesab edirlər ki, həmkarlar təşkilatlarının da dəstək verdiyi etiraz dalğası daha da genişlənəcək. Belə ki ilk olaraq, Nyu-Yorkda başlayan etirazlar artıq bir çox şəhərlərdə də yayılıb. 
Keçirilən nümayişlərdə “Xalqı satıb bankları qurtardılar”, “Müharibələrə son qoyun, varlılara vergi tətbiq edin” şüarları səsləndirilib. Bununla yanaşı, onlar “Amerikalıların 99 faizinin mənfəətlərini 1 faiz azlığa qarşı qoruyuruq” fikrini müdafiə edən plakatlar daşıyıblar. 
 Təkcə bu şüarlar amerikaların artıq mənfur kapitalizmdən bezdiyini və bərabər imkanlarda yaşamaq istədiyini aydın göstərir. ABŞ vətəndaşları ölkənin ümumi sərvətlərinin 90 faizinin əhalinin 5-10 faizinin (iri kapitalistlərin) əlində cəmləşməsinə etiraz edirlər.
 Ümumiyyətlə, son illərdə kapitalizmin çöküşü aydın müşahidə olunur. ABŞ-ın 15 trilyonluq xarici və daxili borcu qarşılaması imkan xaricindədir və bu ölkənin defoltdan sonrakı çöküşü onlarla ölkəyə ciddi təsir göstərəcək.
 SSRİ-ni dağıtmaq, sosializm sistemini çökdürmək üçün trilyonlar xərcləyən ABŞ  rəhbərləri on illər boyu Amerika xalqını aldatdı. İndi artıq qaçmağa yer yoxdur. Dünya xalqlarını istismar edib ABŞ-ı saxlamaq siyasəti iflasa uğrayır. Üstəlik, sərvətlər Amerika xalqının yox, 5-10 adamın əlində cəmləşib.
ABŞ-DA DƏHŞƏTLİ BƏRABƏRSİZLİK. Varlılarla kasıblar arasında fərqə görə ABŞ hazırda Qərbin bütün inkişaf etmiş ölkələrindən qabaqdadır. Bu fərq son onillərdə ABŞ-da rekord həddə çatıb. Bununla bağlı maraqlı statistikanı nəzərinizə çatdıraq:
* ABŞ əhalisinin 1 faizi ABŞ-ın bütün var-dövlətinin 25 faizinə sahibdir.
* ABŞ əhalisinin ən kasıb 40 faizinin payına ABŞ-ın var-dövlətinin 0,3 faizi düşür.
* 2010-cu ildə ölkədəki bütün gəlirlərin 50 faizini əhalinin 20 faizi götürüb.
* Əhalinin azmaaşlı 20 faizinə isə bütün gəlirlərin 3 faizi düşüb.
* Bu təmayül son 30 ildə tədricən güclənməkdədir.
* Nobel mükafatı laureatı Paul Krugman deyir ki, 1979-cu ildən 2005-ci ilə kimi ev sahibi olan orta amerikalının gəliri 13 faiz artıbsa, amerikalıların ən varlı 0,1 faizinin gəlirləri 296 faiz artıb.
Ekspertlərin fikrincə, ABŞ kifayət qədər ciddi iqtisadi problem yaşayır. Hətta yaxın zamanlarda yenidən defolt təhlükəsi ilə qarşı-qarşıya qala bilər. İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, ABŞ-ın defoltun aradan qaldırılması ilə bağlı atdığı addımlar onun iqtisadiyyatının böhrandan çıxarılması istiqamətində nəticə verməyib: “Xüsusən, ABŞ-da iş yerlərinin sayının azalması, məşğulluqla bağlı problemin yaranması, məşğulluq bazarında kifayət qədər gərginliyin olması problemlərin davam etməsindən xəbər verir. Eyni zamanda, iqtisadi göstəricilərin kəskin azalması müşahidə edilməkdədir. Buna görə də dekabr ayında ABŞ-da defoltla bağlı müzakirələrin gündəmə gəlməsi və ABŞ-ın yenidən defoltla üz-üzə qalması istisna edilmir”.
*** 
...Həə, Sem dayı, yüz ildir dünyanı qana çalxaladın, bəşəriyyətə faciələr bəxş etdin, dünya xalqlarını istismar edib ölkələri taladın, bəşər tarixinin ən ədalətli siyasi-iqtisadi quruluşunu dağıtdın... indi cavab vermək vaxtı gəlib çatıb. Buyurun, ilk sual belədir- bütün bunları nədən yapdın, Sem??!

Комментариев нет:

Отправить комментарий