Страницы

08.10.2011

İslamçıların məhkəməsində qan töküldü


Hakim dindarlara 66,6 il həbs cəzası verdi (VİDEO/FOTO)
Hökmə etiraz edənlər qanına qəltan edildi; Bakını «Hicaba Azadlıq!» şüarları bürüdü
Azərbaycan Islam Partiyasının (AIP) sədri Mövsüm Səmədov, onun qaynı Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində dünən son iclas keçirildi. Təqsirləndirilən şəxslərə hökm oxunduğu üçün xeyli sayda islamçı binanın qarşısına toplaşmışdı.
“Allahu Əkbər”, “La ilahə illallah”, “Hicaba azadlıq”
Məhkəmə prosesi saat 14:00-a təyin olmuşdu. Ancaq saat 12:00-da hüquq-mühafizə orqanları məhkəmənin önünü kəsdirdilər. Təxminən 13 radələrində artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə gedən bütün yollar nəzarətə götürülmüşdü. Proses başlayanda məhkəmə salonlarına bu dəfə az sayda adam buraxıldı. Içəridə sıxlıqdan ehtiyat edən asayiş keşikçiləri yalnız ittiham olunan şəxslərin yaxınlarını zala buraxdı. Buna etiraz edilsə də heç bir nəticəsi olmadı. Qərarı gözləyən onlarla islamçı məhkəməyə gedən yolun yuxarı hissəsində toplaşdı. Polislər buna da razı olmadılar. Onların tez bir zamanda ərazini tərk etmələrini tələb etdilər. Bunu qəbul etməyən islamçıların qısa zamanda sayları artdı. Məhkəmənin ətrafı yüzdən çox dindarla əhatələndi. “Allahu Əkbər”, “La ilahə illallah”, “Hicaba azadlıq” şüarları ərazini bürüdü. Insanları uzaqlaşdırmaq üçün əraziyə bir neçə polis və mülki geyimli şəxs cəlb edildi. Ancaq bütün bunlar islamçıları qorxutmadı. Onlar şüarlarını səsləndirməkdə idi. Vaxt ötdükcə polisin səbri tükənir, dindarların mövqeyi isə qətiləşirdi. Vəziyyətin ürəkaçan olmadığını görən polislər tez-tez ratsiya ilə əlaqə saxlamağa başladılar. Lazımi tapşırığı alandan sonra mübarizə başladı. Dəyənək işə düşdü və yaşlısı, qocası nəzərə alınmadan aksiyaçılar döyüldü.
Növbə uşaqlara çatdı
Dindarlar dubinka altında da “Allahu Əkbər” nidalarını səsləndirirdilər. “Problem”i kökündən həll etmək üçün polislər 20-yə yaxın islamçını vəhşicəsinə döyə-döyə həbs etdi. Getdikcə etirazçıları sıxışdırmağa, onları yollarına davam etməyə, ərazidən uzaqlaşmağa məcbur edirdilər. Artıq etiraz etmək mümkün deyildi. Növbə uşaqlara çatdı. 15 yaşlı dindar da asayiş keşikçilərinin gücünü gördü. Polislərə “dağıdın hamısını, artıq adamları ərazidən uzaqlaşdırın. Etiraz səsini qaldıranları isə maşına atın” əmri verildi. Tapşırığa uyğun hərəkət edən şəxslər yüzdən artıq dindarı Bəşir Səfəroğlu və Dilarə Əliyeva küçələri ilə “Sovetski”yə doğru sıxışdırdılar. Onları məhkəmədən təxminən 200 metr kənarlaşdırandan sonra polislərin böyük qüvvəsi geri qayıtdı. Yalnız 10-a yaxın polis əməkdaşı onlarla getdi. Yollarına davam edən islamçılar heç nədən çəkinməyərək küçə boyu “Allahu Əkbər” nidalarını səsləndirdilər. Bu, yenə polislərin qəzəbinə səbəb oldu. Polislərin “Qışqırmayın!”, “Qışqırmayın!” qadağasına isə əhəmiyyət verən olmadı. Polisin təzyiqinə dözməyib getmək istəyənlər məsləkdaşlarının tənəsiylə üzləşdi: “Qaçan şeytandır. Heç kəs Allah yolundan çəkilməməlidir”. Və bu niyyətdə olanlar addımlarını zəiflətdilər.
“Harda saqqallı gördünüz tutun!”
Araya bir neçə dəqiqəlik sükut çökdü. Bir neçə dindar qadın bu səssizliyi pozdu. Vəziyyətin ürəkaçan olmadığını görən polislər əraziyə əlavə qüvvə çağırdılar. Məhkəmənin önünə mülki geyimdə Nəsimi Rayon Polis Idarəsi rəisinin müavini Süleyman Nemətov da gəldi. Onun verdiyi tapşırıqlar isə daha mürtəce idi. Dindar qadınlarla söhbət edən Nemətov onlara ərazidən çıxmağı əmr etdi. Əmrə tabe olmayan qadınlar da döyüldü. Yerlə sürüdülən kim, uşağı qucağında dubinkayla vurulan kim. Bu hal ətrafdan keçənləri dəhşətə gətirdi. Qadınlara əl qaldırmağın kişilikdən olmadığını deyən yoldan ötən vətəndaş da təzyiqlərə tuş gəldi.
Polislər məhkəmənin hökmü elan olunana qədər ərazidə dindarların qalmamasına çalışırdılar. Vəziyyət o qədər çətinləşmişdi ki, polislərə “harda saqqallı gördün, tut!” əmri də verildi. Az sonra yaxınlıqdakı həyətlərə girib dindarların gizlənib-gizlənməməsi ilə maraqlandılar.
Polislərlə əlbir olan mülki geyimli bir neçə şəxs ətrafdakı binalarda yüzdən artıq dindarın toplaşdığını söylədi. Dərhal həmin ünvana 10-a yaxın polis getdi. Onlar yalnız bir neçə qadın dindarı tapa bildilər. Və onlar da döyülə-döyülə, təhqir edilə-edilə ərazidən uzaqlaşdırıldı.
Dindar qadınlar “Qəzzafi də sizin kimi liviyalılarla davranmırdı. Allah sizə lənət etsin. Biz hicaba azadlıq istəyirik. Başqa istəyimiz yoxdur” - deyib, yollarına davam etdilər.
“Azərbaycan xalqı Yezid sifətli rəhbərin hakimiyyətinə gərək son qoysun”
Məhkəmənin çölündə dava-dalaş getdiyi kimi, salonda da gərginlik vardı. Hakim Eldar Ismayılov hökmü elan edərkən təqsirləndirilən şəxslərdən Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Rufulla Axundzadə, Fəramiz Abbasovun evindən silah-sursatın çıxması, Mövsüm Səmədovun yanvarın 2-də dövlət əleyhinə çağırışlar etməsi, eləcə də Rufulla Axundzadənin Iran Islam Respublikasının “Səhər” kanalında çıxış edərək dini nifrət və düşmənçilik yayması ittihamlarının öz təsdiqini tapdığını dedi.
Hakim Mövsüm Səmədovun AIP Baş Məclisinin 2 yanvar iclasındakı çıxışından sitat da gətirdi və bunu dövlət çevrilişinə çağırış kimi dəyərlənidirdi: “Mövsüm Səmədov Məhəmməd Peyğəmbərdən sitat gətirib ki, ”Nə vaxt dininizə bəla gəlsə, canınızı verib dininizi qoruyun!”. Məgər bu gün o vaxt gəlib çatmayıb? Buna görə də Azərbaycan xalqı gərək bu məsələdə ayağa qalxsın və oyaq olsun. Əgər kimsə bizim dinimizə, bizim mənəviyyatımıza, bizim axirətimizə əl uzadarsa, biz də onların dünyasına əl uzadarıq. Bu gün Azərbaycan xalqı belə bir zalım rejimin və onun Yezid sifətli rəhbərinin hakimiyyətinə gərək son qoysun”.
Məhkəmənin hökmü ilə Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Fəramiz Abbasov 11 il, Rufulla Axundzadə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dəyanət Səmədov və Firdovsi Məmmədrzayevə 10 il müddətinə həbs verilib. Hökmə əsasən onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum edildi.
http://www.azadliq.info/            Ramin DEKO

Комментариев нет:

Отправить комментарий