Страницы

29.10.2011

MEDALIN O BİRİ ÜZÜ

ЭТО БЫЛ СТРАННЫЙ ЛЕС : сначала я ходил за котами, потом они за мной
Oqtay Salamov

   Düzünü deyim ki, çoxdandı oxucuların belə elektron məktublarını almırdım. Özü də müxtəlif qütblü, bir-birinə qarşı duran məktublar aldım. Deməli, qaldırılan məsələ ağrılı yerə toxunub. Bütün məktub müəlliflərinə və oxuculara təşəkkür edirəm, deməli, hələ qaldırılan məsələlərə maraq varmış.

   Ötən həftənin sonunda yazdığım "Hazırlaşın gedirik!" başlıqlı yazıda valideynlərini qocalar evinə qoyan övladın və öz övladları qarşısında özlərini necə hiss etdiklərini, özlərinin də taleyinə belə qismət ola biləcəyi haqda və daha bir neçə mətləblər haqında danışmışdım. Həftənin əvvəllində mənimlə razılaşan bir oxucudan məktub aldım. "Hörmətli müəllif! Sağ olun ki, mövzunu işıqlandırmısınız. Mənim dərin inamım belədir ki, (yazı müəllifinin dəst-xəttinə toxunmuram-O.S) hənsı bəhanə olur-olsun, valideynlərini qocalar evinə, əlillər evinə, psixo-nevroloji internatlara qoyan övladın hərəkəti əsl SATQINLIQdır!

Öz valideynlərini satan övladlar həqiqi sevgi ilə heç kəsi, hətta Allahı da sevə bilməzlər. Mən 7 il bu müəssisələrdən birində işləmişəm, və danışdıqlarım eşitdiklərim yox, özüm gözümlə şahidlik etdiklərimdir. Ən yaxşı qocalar evi ən orta səviyyəli ailədə yaşamaqdan pisdir. Ahıl və əlil insanların ən çox övlad qayğısına, övlad məhəbbətinə ehtiyacı var. Bunu heç kim, nə qədər vicdanlı, ürəyiyanan, amma yad olan adam olsa da verə bilməz. Gəlin həqiqəti gizlətməyək, bizim sosial sahədə işləyən adamların arasında da əlilin, köməksizin cibinə girən adamlar yox deyil. Mənim öz anam da əlildir. 1-ci qrupla göz zəifliyi və əlavə də bir neçə xəstəlikdən əziyyət çəkir. Anam hələ özü hərəkət eləyəndə məni işdən tez buraxırdılar. Sonra təklif etdilər ki, anamı işlədiyim qocalar evinə düzəldim. Xəstə, kor anamın vəziyyətini təssəvür edəndə ürəyim az qala dayanırdı. Nəhayət işdəm çıxdım. Bu yaxınlarda anam dünyasını dəyişdi. İnanın ki, anamın qarşında öz borcumdan çıxa bilməyimin rahatlığı mənim üçün çox böyük stimuldur. Mən bilirəm ki, valideynlərə qayğı göstərmək Allahın yolunda bir ibadət kimidir. Valideynlərini satan övladlar (bundan səlist söz tapa bilmirəm) özləri də bu ömürü nə vaxtsa yaşayacaqlar"...
 
   Və birdən sanki sözləşmiş kimi bir neçə oxucunun məktubları məcbur etdi ki, onların fikirlərini də çatdırım. Çalışıram ki, qərəzlik olmasın, axı mənim yazımının əleyhinə çıxış edirlər. Amma onların da arqumentləri ciddidir. Budur belə məktublardan biri:
 
   "Mənim tanışlarımdan biri Amerikada yaşayır. Artıq onlar başqa mentalitetlə böyüyüblər və onların qəbul etdikləri bir çox şeyləri biz çox təəccüblə qarşılayırıq. Onlarda ahıl valideynlərini qocalar evinə qoymaq çox normal qəbul edilir. Bu evlərdə qocalara çox övladlardan daha yaxşı qayğı göstərmək imkanaları var. Övladları vaxtaşırı onlara qonaq gəlirlər. Valideynlərə evdə baxmaq praktikası demək olar ki, yoxdur, hamı işləyir, bəzən öz uşaqlarının tərbiyəsinə də vaxt çatdırmırlar. Xəstə və ahıl adama daha qayğı göstərilməlidir. Amerikada bu qayğını xüsusi öyrədilmiş adamlar göstərir ki, onların zəhmətini övladları ödəyirlər. Bəs niyə biz bu praktikadan istifadə etmirik?"
 
   Bu demək olar ki, yazıda qaldırılan problemə kontr getməsə də, sadəcə "onları və bizi" müqayisə etmək cəhdidir. Daha ciddi əks arqumentlər var. Adını göstərmək istəməyən oxucu yazır: " Mənim anamın çəkisi 100 kiloqramdan artıqdır. Son 15 ildir ki, "ölür", amma, maşallah, sağdır. İnanın ki, daha dözə bilmirəm, heç bir şəxsi həyat, maraq yoxdur. Bu günlərdə anam yıxılmışdı. Onu yerindən qaldıra bilmirdim, axırda qonşular köməyə gəldilər. Yaxşı ki, sümükləri qırılmadı. Həkim deyir ki, bu sklerozun nəticəsidir, bir neçə dəfə qaz piltəsini açıq qoyub. Bilirsiniz ki, işləməsəm yaşamaq mümkün olmayacaq. Yaxşı, bəs mən nə etməliyəm. Ona baxan adama verməyə pulum yoxdur, iki uşaqla, ərini itirmiş qadınam. Sizin yazı kimi yazıları da oxuyanda adam istəyir gedib özünü öldürsün!..
 
   Çox öz dərdlərini başqasının adına yazmaqla bir növ təsəlli tapan oxucalardan biri yazır: " Mənim tanışımın öz valideynləri ölüblər, indi qayınatasına və qayınanasına qulluq eləyir. Qayınatası müharibə əlilidir, yeriyə bilmir. Qayınanası arabir evdən həyətə çıxır. Tanışım ağlayır, gücü tükənib, amma hələ dözə bilir, qulluqlarında dura bilir. Sonra nə olacaq, mən də bilmirəm"...
 
   "Anam insultdan sonra 6 ildi xəstə yatır. Həkimlər təəccüblənirlər ki, biz düşünürdük ki, bir ay yaşayar, ya yaşmaz. Amma iki il bundan qabağa qədər qoltuq ağacı ilə özü gəzirdi, iki ildir artıq gəzə də bilmir. Əvvəllər baxıcı tutmuşduq, indi bu imkanımız yoxdur, özümüz zorla dolanırıq."g
 
   "Hörmətli Oqtay müəllim! Sizin qələminizə hörmətim var, amma elə vəziyyətlər var ki, bu yerdə qəti hökm verilə bilməz və mən valideynlərini qocalar evinə qoyanların bəzilərini başa düşürəm, hətta haqq da qazandırıram. Mən özüm həkiməm, poliknikaların birində işləyirdim. Anamı iflic vurdu. İşdən çıxıb xəstəyə baxmalı oldum. Onsuz da həkimlərin maaşlarının az olduğunu bilirsiniz, onunla ailəni və üstəgəl xəstəyə baxmaq mümkün deyil. İndi evdə iynə vurmaqla birtəhər yaşayırıq. Sözüm bu deyil, siz bilirsinizmi iflic vurmuş adama qulluq etmək nə deməkdir:
 
   3-5 dəfə yemək vermək.
 
   Üzr istəyirəm, altını dəyişdirmək, pampers geyindirmək, təmiz saxlamaq, ya çimdirmək, ya da yaş əski ilə silmək.
 
   Yataq yaraları olmasın deyə bir neçə dəfə yerində o yana- bu yana çevirmək.
 
   Həkimləri maddi maraqlandırmaq ki, vaxtında gəlsinlər (ixtisasım hər şeyə imkan vermir axı).
 
   Vaxtı-vaxtında dərmanlarını vermək.
 
   Vaxtında reabilitasiya avadanlığı almaq - əlil arabası, qoltuq ağacları, xüsusi stul və vannalar almaq ki, xəstə valideyni daşıyanda özün də gücə düşüb xəstələnməyəsən.
 
   Həyətə çıxarmaq- lift işləmir, arabanı da pilləkənlə düşürmək olmur.
 
   Bu ancaq zəruri olan prosedurlardır"...
 
   Məktublardan görünür ki, normal insanlardır, bacardıqları qədər çalışırlar ki, əllərindən gələni etsinlər. Maraqlısı budur ki, onlar nə qədər çətin olsa da, valideynlərini qocalar evinə vermək istəmirlər. Tanışların, qohumların qınaqlarına tuş gəlməkdən qorxurlar. Deyəsən, gəlib çatdıq axı...
 
   Necə bilirsiniz, əgər qocalar, əlillər evləri, pansionatlar normal fəaliyyət göstərsələr, övladların maaşları imkan versə, cəmiyyətin qınağına tuş gəlməsələr, ahılların öz pensiyaları özlərinə bəs eləsə, evlərdəkindən bu müəssisələrdə daha yaxşı şərait olarsa, hər şeylə təmin olunarlarsa, ahılları qocalar evinə qoymaq və vaxtarışı onları yoluxmaq şərtsiz və qeydsiz olarsa bu addımı atmaq olarmı?
 
   Yazı müəllifinə qalarsa əvvəlki mövqedə qalır və öz fikrini dəyişmir. Amma əks arqumentlər də tutarlıdır. Mənə qalarsa müzakirəni məmnuniyyətlə davam etdirərdim...

Oqtay SALAMOV ogtaysalamov@rambler.ru

Комментариев нет:

Отправить комментарий