Страницы

03.10.2011

Polad Bülbüloğluna kim ilişib?


Aqşin Rafiqoğlu 

"Xalq artisti" və xalqın artisti məfhumu

İsmayıl Şıxlının "Dəli Kür" əsərini bəlkə də çoxları oxuyub. Bütün əsəri danışmaq niyyətində deyiləm. Amma bu gün oxucum üçün yazacağım mövzuya daxil olmaq üçün bu msələyə toxunmamaq mümkün olmazdı. Bu əsərdən mühüm bir məqamı xatırlayıram: bir nəfər Cahandar ağaya ilişmək məqsədi ilə onun atının quyruğunu kəsdirir. Təbii ki, Cahandar ağa da bunu özünə bir təhgir kimi qəbul edir və namusunun ləkələndiyini, şərəfinin əldən getdiyini vurğulayır. Ona qarşı belə bir məkrli hərəkəti edənləri axtarıb, qisasını almaq istəyir.
Belə ki, bu günlərdə də oxudum ki, bəs İsmayıllı rayonunun Qırrar kəndində məşhur “Qorxma, mən səninləyəm” filminin çəkilişləri gedir. Həmin bu filmin çəkiliş meydanında da filmdəki səhnələrdə istifadə olunmaq üçün xaricdən alınan atlardan 4-ü oğurlanıb. Yoxa çıxan atlardan 3-ü bir neçə gündən sonra tapılsa da, biri hələ də axtarılır.
Maraqlısı isə odur ki, hələ də tapılmayan at filmdə baş rolu canlandıran məşhur müğənni, ölkəmizin Rusiyadakı səfiri və keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun minməsi üçün nəzərdə tutulubmuş. Özü də deyirlər ki, həmin atlar qiymətli cinslərdən idi və onların birinin qiymətinə az, nə çox  70-80 min dollar arasında idi. Polad Bülbüloğlunun oğurlanan atının isə İngiltərədən daha yüksək qiymətə - 100 min dollara alındığı söylənir. Rayon polisi atın axtarışlarını davam etdirir. Necə deyərlər, indi bu atı bütün kənd axtarır...
Lətifəsi "Dəli Kür"dəki məsələdən uzaq, görəsən Polad müəllimə kim ilişib. Mənim üçün şəxsən qaranlıq qalan məqam odur ki, görəsən ölkəmizin Rusiyadakı səfirindən, keçmiş mədəniyyət nazirindən kim qisas çıxmağa çalışır?  Necə də olmasa da kişinin 100 min dollarlıq atını qaçırdıblar. Quyruğunu kəssəydilər, yenə də dərd yarı olardı. Amma... Köhnə kişilər bu məsələni belə qoymazdılar. Heç vaxt belə qoymazdılar və səbəkarı axtarıb-tapıb cəzalandırırlar.
Nə isə bu məsələ barəsində hələki heç nə yazmağa dəyməz. Necə olmasa da mənim ömrümdə bir dəfə də olsun heç üst-üstə belə görmədiyim 100 min dollara alınan atın axtarışları davam edir.
İnşallah tapılar və o zaman mütləq xain və qisasçı at oğrusu üzə çıxar...
Mədəniyyət naziri demişkən, bu həftə daha bir şokedici xəbər eşitdim. Bu həftə Ağasəməd Səmədov adında bir şəxsə “Xalq artisti” fəxri adı verildi. Özü də Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə...
Açığını deyim ki, Ağasəməd Səmədovun kim olduğunu mən şəxsən bilmirdim və uzun axtarışlardan, bütün interneti ələk-vələk etdikdən sonra tapdım ki,  sən demə, həmin bu Ağasəməd Səmədov elə Səməd Səmədovdur.
Dağıl a dünya, həqiqətən də bu ölkədə layiqsizlər "Xalq artisti" adını alır. O zamandan bəri düşünürəm ki, necə olur ki, Aygün Kazımovalar, Faiq Ağayevlər, Məleykə Əsədovalar və Səməd Səmədov kimilər "Xalq artisti" adını alır? Hansı xidmətlərinə görə?  Onlar Azərbaycan mədəniyyəti üçnn nə ediblər ki, onlara "Xalq artisti" verirlər.
Açığını deyim ki, bu mövzu barəsində o qədər danışılıb, o qədər çeynənilib ki, artıq bu barədə yazmaq da mənasızdır. Amma içimdəki "Səməd Səmədov "Xalq artisti" olub?" sualına cavab tapa bilmirəm. Belə getsə, sabah Röya da, Üzeyir Mehdizadə də və nəbilim kimlər də "Xalq artisti" olacaq.
Məni bir az sakitləşdirən və əsəblərimi cilovladan həmin bu "xalq artisti" sözünün dırnaq arasında yazılması oldu. Bəlkə də bu bir təsadüfdür, bəlkə də belə yazılmalıdır, amma hər bir təsadüfdə bir həqiqət var. Bir çey həqiqətdir ki, bu kimi zavallılar həqiqətən də "Xalq artisti"dilər, Xalq artistləri deyil. Xalq özünün artistlərini çoxdan tanıyıb!...

Комментариев нет:

Отправить комментарий