Страницы

26.10.2011

Xuraman Hüseynzadə. Girmə şeytan donuna… (Şeirlər)


Qal elə mələk kimi,
Girmə şeytan donuna.
Ayaqlarım yerimir,
məni məcbur aparma
məhəbbətin sonuna…
***
Bu yol gedər-gələr yoldu,
Bu yollardan gözünü çək.
Könlüm, gəl birgə ağlayaq,
Getdi yenə, gəldiyi tək…
***
Gəl sıyrılaq tənhalığın qınından,
Ötək, keçək ayrılığın yanından.
Sevgimizə gecənin bu anında
Şərab rəngli bir piyalə don biçək,
İçək, sevgilim, içək…
***
Nə bədbəxtəm, heç kəs yoxdu
bir baxışla qəlbini oda yaxım,
Nə xoşbəxtəm, həyatımda
heç kim yoxdu
ondan ötrü darıxım…
***
Əvvəl-axır getməlisən, get…
qış gəlməmiş,
qar qapını almamış.
Qapını da asta ört-
tənhalıqdan üşüyəcək qəlbimə
gözlərimdən yaşlar
qonaq gəlməmiş…
***
Yuxusuzluq
“pəncərədən bayıra bax” deyir…
Açıram pəncərəni,
şəhərin hələ insan nəfəsi dəyməyən
saf havası
atır özünü
taybatay açılan pəncərədən
evimizin ağuşuna…
Dan yeri ilmə-ilmə söküldükcə
şəhərin eyibi açılır:
küçələrdə insanlar görünür,
səs-küylü maşınların arxasınca
tüstülər sürünür…
Şəhər oyanır…
Yatmaq zamanıdır.
***
bir ümid ağacı bitib ürəyimdə,
o, gələcək,
sevgisini sübut etmək üçün
özünü
o ağacın budağəndan asacaq…
***
Həyatın yazı da, payızı da var,
Yaş üstə yaş gəlir keçdikcə zaman.
Qara saçlarına səpələnən qar
Mənim ürəyimi üşüdür yaman…
***
Səndən öncə mən var idim,
məndən öncə ayrılıq,
ayrılıqdan öncə sevgi…
İndi nə sən varsan, nə sevgi.
Bir mən varam,
bir də ayrılıq…

Комментариев нет:

Отправить комментарий