Keçən əsrin sonlarında Azərbaycan ictimai-siyasi leksikonuna “demokratiya”, “açıq cəmiyyət”, “insan hüquqları” və sair kimi terminlərlə yanaşı daha bir termin - “qloballaşma” termini daxil oldu. Dünya iqtisadi və siyasi ədəbiyyatlarında bu termin haqqında aydın və birmənalı təsəvvürün olmadığına və diskussiyaların daim davam etdiyinə baxmayaraq, Azərbaycan cəmiyyətində, xüsusilə elektron KİV-lərdə bu termindən “gen-bol” istifadə edilir. Maraqlısı budur ki, “qloballaşmanın” əsil mahiyyətinin dünya siyasi və iqtisadi proseslərində “gizli” qalması, bəzi hallarda onun digər proseslərlə, məsələn “beynəlmiləlçilik”, “inteqrasiya”, “regionlaşma” və sair anlayışlarla qarışdırılmasına şərait yaradır. Qəribədir ki, milli müstəqilliyi və ya milli özünəməxsusluğu, hətta milli eqoizmi dəstəkləyən siyasilər də “qloballaşmaya” “hə” deyir və Azərbaycanı bu proseslərə aktiv qoşulmağa çağırır. Artıq Azərbaycan cəmiyyətinin istənilən ictimai-siyasi hadisəsinə “qloballaşmanın” müəyyən təsirinin proyeksiyası kimi baxmaq olar. Odur ki, qloballaşma prosesi ilə bağlı geniş diskussiyaların aparılmasına və Azərbaycanın bu prosesdə yerinin müəyyən edilməsinə ciddi ehtiyac var. Qloballaşma prosesi Azərbaycana necə təsir göstərəcək? Azərbaycan bu prosesdə özünəməxsusluğunu saxlaya biləcəkmi? Müstəqillik qloballaşmaya zidd proses deyilmi? Millətçilik özünütəcrid deyilmi? Qloballaşma qlobal problemlər yaratmırmı? Qloballaşma prosesinin “Yeni Dünya Düzəni”, beynəlxalq Sionizm və Masonluqla hansı əlaqələri var? Qloballaşma sivilizasiyalararası “gizli müharibə” deyilmi? Bu və ya digər sualların araşdırılması qloballaşma prosesində Azərbaycanın gələcək inkişaf perspektivlərini daha yaxşı başa düşməyə imkan verə bilər.
Bəs “qloballaşma” nədir? Lap sadə dildə desək, bu, “lokallaşma” prosesinə əks prosesdir. Hər hansı bir hadisənin lokal miqyasdan çıxaraq, genişlənməsi və onun qlobal xarakter alması bu prosesin “qloballaşmasından” xəbər verir. Bu mənada “qloballaşma” heç də XX əsrin sonlarına aid proses deyil. Dini inancların kiçik ərazilərdən daha geniş ərazilərə, kiçik insan qruplarından daha geniş insan qruplarına yayılması, hər hansı dövlət tərəfindən geniş ərazilərin işğal edilməsi ilə dilin, dinin və mədəniyyətin ötürülməsi də qloballaşma prosesi idi. Kiçik dövlətlərin daha böyük dövlətlər tərəfindən nəzarətə alınması ilə ümumi dilin və mədəniyyətlərin formalaşması, müstəmləkə ölkələrində müstəmləkəçi dövlətin həyat tərzinin yayılması da qloballaşmanın təzahürü idi. Roma İmperiyası, Böyük Britaniya və Osmanlı İmperiyaları da öz dövrlərində müxtəlif mədəniyyətə, dilə və dinə məxsus ölkələri birləşdirərək eyni iqtisadi və mədəni məkan formalaşdırmağa cəhd göstərmişlər. Qloballaşma müxtəlif tarixi dövrlərdə ən müxtəlif formalarda həyata keçirilmişdir. Lakin bütün hallarda qloballaşmanın mahiyyəti onun “aktiv” tərəfinin, yəni bu prosesi həyata keçirənin, “passiv” tərəf, yəni təsirə məruz qalan tərəf üzərində, iqtisadi üstünlüyünü həyata keçirməkdən və möhkəmləndirməkdən ibarət olmuşdur.
Qloballaşma prosesi arasıkəsilməz prosesdir. Bəşər tarixinin elə bir dövrü yoxdur ki, qloballaşma bu və ya digər formada mövcud olmasın. Fərq yalnız qloballaşma prosesinin sürətindədir. Qloballaşma müxtəlif dövrlərdə sürətlənə və ya yavaşıya bilər. Onu tamamilə dayandırmaq isə mümkün deyil. Qloballaşmanı xarakterizə edən başqa bir xüsusiyyət isə onun həmişə əks proseslə, yəni “lokallaşma” prosesi ilə ziddiyyətdə olması və onlar arasındakı mübarizədir. Qloballaşmanın sürətlə genişlənməsinə müqavimət göstərənlər adətən onun mənfi təsirlərinin azaldılmasına cəhd göstərirlər.
XX əsrin axırlarına xas olan və bu gün sürətlə davam edən “qloballaşma prosesi” də mahiyyətcə iqtisadi, formaca ideoloji xarakterlidir. Lakin bu proses öz irtica xarakteri ilə və “gizli” məqsədləri ilə əvvəlki dövrlərə xas olan “qloballaşmadan” xeyli fərqlənir. Belə ki, qloballaşmanın mahiyyəti ABŞ-ın nəzarətində olan və onun marağına xidmət edən qlobal sənayenin, maliyyə sisteminin və ümumi bazarın yaradılmasını nəzərdə tutur. Müasir qloballaşmanın mahiyyətində “azad ticarət” vasitəsilə dünya iqtisadiyyatını nəzarətdə saxlanması və dünyanın bir mərkəzdən idarə edilməsi dayanır. “Azad ticarət müqavilələri” və ya “azad investisiya” müqavilələri” qloballaşmaya cəlb edilmiş ölkələrin siyasi sisteminin, çox hallarda isə qanunvericilik sisteminin yenidən qurulmasını tələb edir. Qloballaşmaya cəlb edilən ölkələrdə transmilli şirkətlərin təhlükəsiz və böyük mənfəətli fəaliyyəti üçün hüquqi imkanların yaradılması prioritet məsələdir. “Qloballaşma” ideologiyası isə bu prosesə mane ola biləcək hər hansı maneələrin aradan qaldırılmasını, “azad ticarət” daşıyıcıları ətrafında sabit sosial mühitin yaradılmasını nəzərdə tutur.
Qloballaşmanın ideoloji tərəfi isə siyasi, ekoloji, sosial, mədəni, texniki və sair aspektləri əhatə edir. Vahid Dünya Dövlətinin yaranması kimi cəlbedici ideyaları irəli sürən qloballaşma ideologiyası əslində ABŞ-ın dünyada dominantlığının daha da möhkəmləndirilməsinə xidmət edir. Elmi nöqteyi-nəzərdən inkar edilməz faktdır ki, qlobal problemlərin həlli qlobal əməkdaşlığın olmasını tələb edir. Heç bir ölkə ayrı-ayrılıqda qlobal təhlükəyə çevrilən ərzaq çatışmazlığını, enerji problemlərini və ekoloji problemləri həll edə bilməz. Elmin və texnologiyanın da inkişaf etdirilməsi və ondan bütün xalqların bəhrələnməsi qlobal əməkdaşlığın genişlənməsini tələb edir. Kasıb ölkələrdə yoxsulluqdan, aclıqdan və xəstəlikdən əziyyət çəkən insanlara qlobal miqyasda dəstək verilməsinin vacibliyini kim inkar edə bilər? Təbii fəlakətlərdən, epidemiyalardan əziyyət çəkən insanlara qlobal miqyasda yardımların göstərilməsi çox vacibdir. Terrorizmdən, separatizmdən, millətçilikdən, irqçilikdən, diktator özbaşınalığından, qeyri-demokratik idarəçilikdən əziyyət çəkən xalqlara qlobal dəstəyin göstərilməsini və insan hüquqlarının prioritet dəyərə çevrilməsini hər bir düşüncə sahibi arzu edir. Lakin bu problemlərin həllində “qloballaşma” açar ola bilərmi? Axı bu problemlərin yaranmasının əsasında elə ABŞ-ın “qloballaşma” siyasəti durur. Axı “qloballaşma dərinləşdikcə və dönməz xarakter aldıqca, qlobal problemlərin də miqyası genişlənir. “Azad ticarət müqavilələrində” yerli ölkələrin marağının kəskin tapdanması, maliyyə institutları vasitəsilə kasıb ölkələrin xarici borclarının artması və ya yerli maliyyə sistemlərinin nəzarətə götürülməsi, kasıb ölkələrin yeraltı və yerüstü sərvətlərinin vəhşicəsinə talanması “qloballaşmanın” nəticəsi deyilmi?
Qloballaşmadan əziyyət çəkən ölkələrin geniş ictimaiyyəti, adətən, qloballaşmanın ideoloji tərəfləri ilə üz-üzə gəlirlər. Ona görə də, cəmiyyətdə baş verən neqativ halların qloballaşma ilə necə əlaqədar olduğunun fərqində olmurlar. Bu hal Azərbaycan cəmiyyətinə də aiddir. Məsələn, qloballaşma ideyası ölkələr arasında əlaqələrin genişlənməsini və təmasların artmasını təbliğ edir. Bu elə beynəlmiləlçilik və əməkdaşlıq ideyasına oxşayır. Cəlbedicidir, deyilmi? Lakin, digər tərəfdən, belə əməkdaşlığın “azad ticarət” səviyyəsində həyata keçirilməsi iqtisadiyyatı hələ zəif olan tərəflərin, daha doğrusu, kiçik dövlətlərin iqtisadi itkisi deməkdir. Bu, kiçik ölkələrin iqtisadiyyatına transmilli korporasiyaların daxil olması və milli şirkətlərin sıxışdırılması deməkdir. Qloballaşma prosesi ilə ümumi maliyyə sisteminə qoşulan ölkələrin xaric borclarının durmadan artması və dünyada “yoxsulluğun qloballaşması” artıq danılmaz faktdır.
Qloballaşma prosesi formaca həm beynəlmiləlçiliyə və beynəlxalq əməkdaşlıq səylərinə xeyli oxşa da, mahiyyətcə onlardan ciddi fərqlənir. Belə ki, qloballaşmanın mahiyyətində bu prosesin aparıcı tərəflərinin, xüsusilə ABŞ və digər Qərb dövlətlərinin iqtisadi və siyasi maraqları dayandığı üçün ölkələrarası siyasət də güclünün diktə etdiyi qaydalarla qurulur. Bəzi qərb politoloqları və siyasiləri qloballaşma prosesinin uzun dövr üçün əsas məqsədinin Qlobal Hökumət yaratmaq olduğunu heç də gizlətmirlər. Onlar etiraf edirlər ki, qloballaşma adı ilə dünya iqtisadiyyatının və maliyyəsinin nəzarətdə saxlanması dünyanı idarə edə biləcək gücün konsolidasiyası və yeni dünya düzəninin formalaşması deməkdir. NATO, ATƏT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Üçtərəfli Komissiya məhz ABŞ-ın dünyada dominantlığını təmin edən və qloballaşmanı dünyaya “sırıyan” təşkilatlardır.
XXI əsr qloballaşması beynəlmiləlçilik deyil. Beynəlmiləlçilik bərabər hüquqlardan və bərabər imkanlardan istifadə edən ölkələrin beynəlxalq əlaqələrini, beynəlxalq ticarətini, alyansını nəzərdə tutur. Dünya qarşısında duran qlobal problemlərin həlli ölkələr arasında belə əlaqələrin və əməkdaşlığın yaradılmasını zəruri edir. Qloballaşma isə “azad ticarət” və “azad investisiya” vasitəsilə milli iqtisadiyyatın qlobal iqtisadiyyat içərisində (daha dəqiq desək, ABŞ nəzarətində olan) əriməsini, milli sərhədlərin “şəffaflığını” tələb edir. Bəzən qloballaşmanı bazarları əhatə edən iqtisadi inteqrasiya və ya ölkələrarası inteqrasiya kimi də xarakterizə etməyə çalışırlar. Buna misal kimi Avropa İttifaqının yaranmasını göstərirlər. Belə yanaşmada qloballaşma prosesinin aparıcı tərəflərinin, xüsusilə ABŞ-ın “gizli” niyyətləri ört-basdır olunur. Həm beynəlmiləlçilik, həm də inteqrasiya tərəflərin maraqlarının birgə qorunmasını, tərəflər üçün bərabər şəraitin yaranmasını nəzərdə tutur. Qloballaşma isə ABŞ maraqları naminə digər millətlərin iqtisadi istismarını nəzərdə tutur. Odur ki, qloballaşma mahiyyətcə nə millətçiliyin, nə də separatizmin əleyhinə deyil. Əksinə, qloballaşmanın mahiyyəti dolayısı ilə həm millətçiliyi, həm də separatizmi dəstəkləyir. Millətçilik və separatizm qloballaşmaya müqavimət göstərən digər millətlərin regional birliyinin yaranmasına və regional inteqrasiyanın reallaşmasına mane olan əsas faktordur. Qloballaşmanın sürətlənməsində maraqlı olan tərəflər qloballaşmaya cəlb edilən ölkələrdə siyasi sistemi nəzarətdə saxlamaq üçün idarə oluna bilən siyasi müxalifətin yaradılmasına və bu müxalifətdən lazım olan hallarda mövcud hakimiyyətə təsir göstərmək üçün istifadə edilməsinə də xüsusi önəm verirlər. Cəmiyyət daxilində vətəndaş birliyinin olmaması üçün müxtəlif tipli potensial etnik münaqişələr təhlükəsinin yaradılması və separatizm ocaqlarının saxlanması da qloballaşmanın “gizli” mahiyyətindən irəli gəlir. Qloballaşma iqtisadi və hərbi yolla güclü tərəfindən zəifin istismar edilməsidir. Bu günkü zəifin həmişə zəif vəziyyətdə saxlanması üçün tətbiq edilən yollardan biri də onun daha kiçik hissələrə parçalanması və parçalanan hissələr arasında ziddiyyətlərin yaradılmasıdır. Başqa sözlə desək, zahirən beynəlmiləlçiliyi və ya inteqrasiyanı təbliğ edən “qloballaşma” mahiyyətcə millətçiliyi dəstəkləyir. Odur ki, qloballaşmada aparıcı olan ölkələr, xüsusilə ABŞ birgə sərhədi olan ölkələr arasında və ya tarixi əlaqəsi olan ölkələr arasında münaqişələrin yaradılmasına müxtəlif ideoloji vasitələrlə çalışır. İlk baxışdan mübahisəli görünən bu fikirlər qloballaşmanın mahiyyəti ilə forması arasındakı ziddiyyətlərlə bağlıdır. Dünyanın “qloballaşan” və “qloballaşmayan” hissələrə ayrılması və ikincilərin zor vasitəsilə “qloballaşmaya cəlb edilməsi” ABŞ-ın yeni müstəmləkəçilik siyasətinin tərkib hissəsidir.
XXI əsr qloballaşması öz hərbi dəstəyi ilə də əvvəlki dövrlərdən kəskin fərqlənir. “Azad ticarət müqavilələri” və ya “azad investisiya” müqavilələrinin” aparıcı tərəfləri olan transmilli şirkətlər NATO-nun genişlənməsinə və rolunun artırılmasına səy göstərirlər. Elə bil dünya siyasətində qəribə paradoks yaranıb. Öz müstəqilliklərini əldə etmək və milli özünəməxsusluqlarını qorumaq üçün yüz illərlə mübarizə aparan, itkilər verən xalqlar qloballaşma prosesinin ideoloji “tələsinə” düşərək öz tarixi nailiyyətlərini bir anlığa qurban verirlər. Doğrudanmı onlar başa düşmürlər ki, “qloballaşmanın” “gizli” mahiyyəti nəinki kiçik ölkələrin milli özünəməxsusluğunu, dilini, dinini və mədəniyyətini əridəcək, hətta onları və gələcək nəsilləri həlli mümkün olmayan qlobal problemlərlə üz-üzə qoyacaqdır.
Комментариев нет:
Отправить комментарий