Страницы

16.10.2011

"Qərbin Şərqə həyasız müdaxiləsinə etiraz ruhunda çəkirəm"

Nicat Qafuroğlu: “Məgər rejissor hökmən saqqallı olmalıdır?”

Nicat Qafuroğlunu heç bilmirəm necə təqdim edim. Yazar, televiziya aparıcısı, klipmeyker, kinorejissor... O, bu sahələrin hər birində sözünü deməyi bacarıb. Azərbaycan Pedaqoji Universitetinin psixologiya fakültəsinin 1-ci kursunda oxuyarkən, yazılarına görə 2 dəfə universitetdən xaric olunub və sonra yenidən bərpa olunub.

“Ədalət” qəzetində Nicatla birlikdə çalışmışıq. Tanışlığımız da elə o vaxtdan yaranıb. Sonralar Nicat müsabiqə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinə işə qəbul olundu. Uzun müddət “Carçı” İnformasiya proqramının böyük redaktoru kimi fəaliyyət göstərdi.

Bu müddətdə Nicat bədii yaradıcılıqla da məşğul olub. “Mobil sevgilər” şeir kitabının, “Külək qapını döyəndə” povestinin müəllifidir. “Aranda bir gün” adlı qısametrajlı filmini çəkib.

Bu günlərdə onun rəhbərlik etdiyi “Biz Production” studiyasının 2 yaşı tamam oldu. Həmçinin ötən ildən bəri çəkilişləri gedən “Ultionis” tammetrajlı bədii filmi artıq tamamlanmaq üzrədir. Filmin ssenarisi müəllifi və quruluşçu rejissoru Nicat Qafuroğludur.

Bu ərəfədə Nicatla görüşüb ona bir neçə sual ünvanladıq. 


- Nicat, qəzetçilik, televiziya aparıcılığı, rejissorluq... Bu sahələrin hansında özünü tam ifadə edə bilmisən? 

- Kino çəkmək heç də mənim böyük arzum olmayıb. İmkanım olsaydı, oturub yazarlıqla məşğul olardım, Azərbaycanı, dünyanı gəzərdim, təsəvvürlərimi formalaşdırardım, fəlsəfəni dərindən öyrənərdim. Həmişə bu arzularla yaşamışam. İxtisasca jurnalistəm, özümü rejissordan daha çox jurnalist kimi rahat hiss edirəm. Bir də, çox təəssüf ki, şairəm.

- Bəs tammetrajlı film çəkmək ideyası hardan yarandı? 

- Bilirsən ki, mən qəzet müxbirliyindən televiziyaya keçmişəm, informasiyanın görüntü versiyasını işləmək də rejissorluğa yaxın bir şeydir. Düşünürdüm ki, mənim tamaşaçıya çatdırdığım informasiyanın görüntüsü tam fərqli olmalıdır, standart ölçülər məni qane etmirdi. Televiziyada çalışdığım dövrdə də “Ultionis” romanı üzərində işləyirdim. O zaman Aşıq Şakirin “Şirvan” klipini çəkdim, bu mənim ilk eksperimentim idi. Çox yaxşı qarşılandı və mən kliplər çəkməyə başladım. Beş klip çəkdim. Mələkxanım Əyyubovanın ifasında “Mən necə bağban olaram” mahnısına klip çəkdik və indi efirdə tez-tez həmin klipi nümayiş etdirirlər. Bütün bunlardan sonra mən “Ultionis” filminin ssenarisini yazmağa başladım və romanın ekran versiyası üzərində düşünməyə başladım.

- Artıq “Biz Production”un yaranmasından iki il ötür. Bu studiya hansı zərurətdən yarandı? 

- Televiziyada mən çəkməli olduqlarımı çəkirdim, amma çəkmək istədiklərim də vardı və bunun üçün televiziyadan ayrılıb müstəqil studiyamı yaratdım. 2009-cu ildə “Biz prodakşn”ı təsis elədik. Ondan sonra “Milli musiqilərin ekranlaşdırılması” layihəsi çərçivəsində yaddan çıxmaqda olan 16 aşıq musiqisini yenidən lentə aldıq. Mən xaraktercə bir qədər mühafizəkar adamam, gördüm ki, gənclər arasında xalq mahnıları, xalq musiqilərinə maraq azalıb, bunun üçün həmin musiqilərin klip versiyasını işləməyi düşündüm. Milli musiqimizi kliplər vasitəsilə yaşatmaq istədik.

- Televiziyadan niyə ayrıldın? 

- Bayaq dedim, çəkmək istədiklərimi çəkmək üçün efirdən getdim.

- İctimai Televiziyada çalışdığın dövrdə hansısa layihələrin vardımı? 

- Bəli, layihələr vardı və bu layihələr də rəhbərlik tərəfindən dəstəkləndi. “Gənclik meydanı” adlı müəllif verilişi ilə efirə çıxırdım. Əsas mövzu “Azərbaycan tarixində baş vermiş hadisələrə bugünkü gəncliyimizin baxışı” idi. Veriliş reytinq də yığmışdı, baxılırdı, maraqla qarşılanırdı. Təəssüf ki, mən televiziyadan ayrılandan sonra veriliş də yarımçıq qaldı.

- “Ultionis” nə deməkdir? 

- Həyatın gedişatı.

- Bu filmlə cəmiyyətə hansı mesajı ötürmək istəmisən? 

- Film Qərbin Şərqə həyasız müdaxiləsinə etiraz ruhunda çəkilib. Burda qloballaşmanın doğurduğu fəsadlar öz əksini tapıb, həmçinin falçılıq və xürafata inam tənqid olunur. Çox təəssüf ki, bu gün də Zirəddin Rzayevə inananlar var. Bu kor-koranə inam bizi məhvə aparır. Mən ziyalı tanıyıram ki, yazılarında mütərəqqi ideyalardan danışır, amma xanımını götürüb falçı yanına gedir. Bunlar hələ də dərk edə bilmirlər ki, dünya bir fövqəlqüvvə tərəfindən idarə olunur. Heç kəsin həyatın gedişatına müdaxilə etmək kimi gülünc bir “fitri qabiliyyəti” ola bilməz. Bunlar peyğəmbər deyillər ki. İnsan həyatını proqnozlaşdıran sistem hələ ki, mövcud deyil. Falçıların beynəlxalq şəbəkəsi mövcuddur, onlar kənar qüvvələrin sifarişi ilə insanları dəli etməklə məşğul olurlar, onların əsas fəaliyyəti bundan ibarətdir.

- Sən həm də yazarsan. Şeir kitabın çıxıb, maraqlı hekayələrin var. Amma nədənsə ədəbi prosesdən kənarda görünürsən. 

- Mən özümü qınayıram ki, axı niyə ədəbiyyatdan kənardayam? Sağ olsunlar, ara-sıra məni çap edirlər. Oxucularıma söz verirəm ki, tezliklə onların yanına qayıdacağam. Ən böyük arzularımdan biri də budur ki, maddi cəhətdən hansısa klipdən asılı olmayım, mən oxucularımın yanında olmaq istəyirəm. Amma müəyyən qayğılar var, problemlər var ki, onlar həllini tapmalıdır, ideyalar var ki, onlar həyata keçməlidir. Tam mənada oturub yaradıcılıqla məşğul olmaq üçün maddi təminat olmalıdır. Mənim bu filmi bitirdikdən sonra növbəti filmə başlamaq fikrim yoxdur. Mən heç bir qarşıdurmalara qarışmadan ədəbiyyata gəlmək istəyirəm, biz pəncərədən baxanda həyatın bütün eybəcərliklərini görürük, bunların hamısını eybəcər formada ədəbiyyata gətirməyin və bunun da adını postmodernizm qoymağın tərəfdarı deyiləm. Postmodernizm epataj demək deyil, vulqarlıq demək deyil. Dekonstruksiya, dağıdıcılıq başqa şeydir, söyüş başqa. Mənim baxışım budur, bəlkə də bu, mənim müasir oxucudan uzaq düşməyimə səbəb olacaq. Hər halda mən belə düşünürəm. Filmdə də bunu nəzərə almışam. Eybəcərliklərə eybəcər formada münasibət bildirmək olmaz, ona yaradıcı yöndən yanaşmaq lazımdır.

Bir sözlə, mən romantikanın, gözəlliyin, sevginin tərəfdarıyam.

- Gələcək planların nədən ibarətdir? 

- Mən “Ultionis” romanının yazılmasına düz 5 il vaxt sərf etdim. Əsər tamamlanandan sonra onu çap etmək fikrim vardı. Amma sonra film şansını qazandıq və ssenari yazıldı, mən artıq kitabı çap etmək fikrindən daşındım. Çünki kitab daha maraqlı idi, yazıçı kimi yazdıqlarımı rejissor olaraq çəkə bilmirəm, çünki texniki maneələr mövcuddur. Yəqin ki, filmin təqdimatından sonra kitab da çap olunacaq. Həm də artıq yeddi-səkkiz aydır ki, yeni bir roman üzərində işləyirəm. Əgər “Ultionis”in tamaşaçıları məndən yeni film tələb etsə, bu romanı da ekranlaşdırmaq haqda düşünəcəyəm. Amma yenə deyirəm, bu filmdən sonra növbəti filmə başlamaq istəyim yoxdur. Görək tamaşaçının münasibəti necə olacaq.

- Azərbaycan kinosunun xarici festivallarda uğur qazana bilməməsinin səbəbini nədə görürsən? 

- Bunun əsas günahını mən gənc yazarlarda və gənc rejissorlarda görürəm. Səviyyəli kinossenarilər yazılmır və sonra da biz kimdənsə nəsə umuruq. Əgər siz yaxş bir ssenari ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsəniz, inandırım sizi ki, sizin ideyanız dəstəklənəcək. Yaxşı, səviyyəli, mükəmməl ssenari heç zaman diqqətdən kənarda qala bilməz. Mən bunu öz təcrübəmdən çıxış edərək deyirəm. Film çəkmək üçün heç də milyonlar lazım deyil, bunun üçün o qədər də fantastik qiymətlər tələb olunmur. Bunun üçün sadəcə, istək və təşəbbüs lazımdır. Mənim filmimdə belə bir epizod vardı ki, Yasamalın əsas küçələrindən birində nəqliyyatın hərəkəti dayandırılmalı idi. Biz icra hakimiyyətinə müraciət etdik, çəkilişin aparılması üçün yolun kəsilməsini təmin etdilər. Dəstək budur. Gənclər nə vaxt bir yerə yığılıb hansısa ciddi təklif irəli sürdülər ki, onların sözü eşidilmədi? Mən sizə lap açığını deyim, bizdə təcrübə azdır, bilirsiniz niyə? Rejissorlar pafosdan heç cür xilas ola bilmirlər. Rejissor elə bilir ki, bunun hökmən saqqalı olmalıdır və o meqafonla aktyorun üstünə qışqırmalıdır. Bu cür yanaşma olmaz. Mən yeri gələndə hansısa aktyorun paltarı cırılanda onun tikilməyinə də kömək edirəm.

- Filmində hansı aktyorlar çəkilir? 

- Rasim Balayev, Həmidə Ömərova, Səidə Quliyeva, Sabir Məmmədov və digər gənc aktyorlar çəkilirlər. Ümumilikdə 170 nəfər aktyor filmin çəkilişində iştirak edir. Həmidə xanım bu filmdəki roluna görə alacağı qonorardan imtina etdi və mediaya verdiyi müsahibədə də bildirdi ki, bu, mənim kinoda ən yaxşı rolumdur. Rasim Balayev əvvəlcə bu təklifi soyuq qarşıladı, amma sonra çox böyük həvəslə çəkilişlərdə iştirak etdi.

- Filmə tamaşaçılar nə vaxt baxa biləcəklər? 

- Düşünürəm ki, il başa çatana qədər filmi təhvil verəcəyik, inşallah!

Kənan HACI           kulis.az

Комментариев нет:

Отправить комментарий