Страницы

13.10.2011

“Xəbərçilik cəmiyyətin ən çirkin sifətlərindən biridir”


Keçmiş müavin indiki icra başçısını ittiham edir

Yardımlıda bu günlərdə 80 yaşını qeyd edəcək icra başçısının sabiq müavini Gülhüseyn Məmmədov bu rayonun hazırkı icra başçısı Xəzər Aslanovu dəyərli kadrları lazımınca dəyərləndirməməkdə, problemləri həll etmək əvəzinə, əsas vaxtını intriqalara sərf etməkdə günahlandırdı.

1931-ci ilin 18 oktyabrında Yardımlının Telavar kəndində anadan olub. Əvvəl BDU-da sonar isə o vaxtkı Ali Partiya məktəbində təhsil alıb. Müllim, inspector, keçmiş “raykomda” 3-cü və 2-ci katib işləyib.
1993-cü ilin fevral ayında Yardımlıda YAP-ın rayon təşkilatını yaradıb. 1996-cı ildən 2006-cı ilədək RİH başçısının müavini vəzifəsində çalışıb. Hal-hazırda təqaüddədir.
“Yardımlı.net”in onunla apardığı müsahibəni qısa ixtisarla sizə təqdim edirik.


- 80 yaşlı, bir vaxtlar Yardımlı ziyalılarının önündə gedən Gülhüseyn müəllim bu gün nə işlə məşğul olur?
- İnsan cəmiyyətin bir parçasıdır, təqaüddə olsam da, cəmiyyətdən ayrılmıram, daim insanlarla ünsiyyətdəyəm.

- Adətən vəzifədə işləmiş insanlara qarşı sonradan ictimaiyyətin münasibəti birmənalı olmur. Təqaüdə çıxandan sonra ictimaiyyət arasında özünüzü necə hiss edirsiniz?
-Tam səmimi deyirəm, vəzifədə işlədiyim vaxtlarda olduğu kimi, bu gün də Yardımlı camaatından sayğı və diqqət görürəm. İmkanlarım daxilində onlara problemlərinin həllində düzgün istiqamət verirəm. Bu da o deməkdir ki, vəzifədə işləyərkən nə qədər yaxşılıqlar etmisənsə, təqaüddə olanda bir o qədər də əvəzini alırsan.

- Gülhüseyn müəllim bu gün rayonun ictimai həyatında baş verən hadisələrə laqeyd deyil ki?
- Əlbəttə xeyr, çünki məni bu rayon yetişdirib, mən bu rayonun bir parçasıyam.
Hər dəfə digər bölgələrə yolum düşəndə, televiziya ekranlarından rayonlarda gedən quruculuq işlərini görəndə, bütün bunları həsədlə seyr edirəm.

-Axı niyə həsədlə?
-Çünki Yardımlıda tərəqqidən danışmağa dəyməz.
Elə bil, rayonumuzun tərəqqisi onun keçmiş İcra Başçısı Süleyman Mikayılovla birgə gedib. Bəli, Yardımlıda sovet hökumətinin 70 ildə qurub-yarada bilməd iyi tikinti, abadlıq işlərini Süleyman Mikayılov 7 ayda gerçəkləşdirə bildi. Hətta əhali onu möcüzəli Süleyman peyğəmbərə də bənzədirdi. Süleyman müəllimin dövründə ərsəyə gətirilən bəzi obyektlər indi baxımsızlıq ucbatından dağılmaq üzrədir. Məsələn, elə götürək şəhər stadionunu, böyük zəhmət bahasına ərsəyə gəlsə də, bu gün qonşu Lerik rayonuyla qaz xətti eyni vaxtda çəkilsə də, bu gün Lerikdə 2000-ə yaxın abonent olduğu halda Yardımlıda abonentlərin sayı güclə1000-ə çatır. Bu il Lerikdə 5 kənd qazlaşdırılıb, əlavə 5 kənddə də iş gedir. Ancaq bizim rayonda bu işlər tilsimə düşüb, nəinki kəndlərdə, heç rayon mərkəzində də məişət qazından hamı istifadə edə bilmir. Çünki rayon rəhbəri bu istiqamətdə heç bir addım atmır, rayonun problemləri ilə ciddi məşğul olmur. Nəticədə meşələr qırılır, bulaqlar quruyur, su problemi yaranır...
Bildiyimə görə, 2011-ci ildə respublikanın əksər rayonlarında kəndarası yolların asfaltlanması planlaşdırılsa da, Yardımlı istisnadır. Əlbəttə, əgər rayon rəhbəri vaxtında bundan narahat olsaydı, bu problemin həllinə can yandırsaydı, heç də belə olmazdı. Hamı bilir ki, rayonumuzda kəndarası yollar bərbad haldadır, yağış, qar yağanda vəziyyət lap acınacaqlı olur...

-Gülhüseyn müəllim, bizdə olan məlumata görə, Perimbel, Hamarkənd kəndlərinə gedən yolların müəyyən hissəsinə bu il asfalt döşənib axı.
-Doğrudur, amma bu, rayon rəhbərinin xidməti hesabına deyil.
Perimbel yolunda Moskvada yaşayan həmyerlimiz Hacı Mirəşrəf Fətiyevin, Hamarkənd yolunda isə Sabir Rüstəmxanlının xidməti olub. İş orasındadır ki, rayon rəhbərinin qısqanclığı ucbatından bu iş də yarımçıq qalıb...

- Yardımlı icra hakimiyyətinin o vaxtkı məmurları ilə indiki məmurların arasında nə kimi fərq görürsünüz?
-Bəli, böyük fərq var, o vaxt rayon camaatı o binanı, binada əyləşən məmurları özlərinə ümid yeri bilirdi. Amma, indiki məmurlarla camaat arasında böyük bir sədd yaranıb.
Çünki orada işləyən məmurlar rayonun problemləri əvəzinə, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar. Sanki özlərini hər an kimdənsə qoruyurlar. Əgər rayonda sözün əsl mənasında quruculuq, abadlıq yoxdursa, camaatımız xirtdəyəcən problem batağlığında çabalayırsa, rəhbərdən necə razı ola bilərəm.
Rayona rəhbər təyin olunan şəxsə tapşırılırmır ki, özünü həmin bögənin Allahı hesab etsin, İNSANLARI AŞAĞILASIN, TƏHQİR ETSİN. Yəqin tapşırılır ki, rəhbərlik etdiyi bölgənin və onun əhalisinin problemlərinin həlli ilə məşğul olsun. Ölkə Rəhbərimizin dediyi kimi: “MƏMUR XALQA XİDMƏT ELƏMƏLİDİR...”

-Bəs bizim rayonda vəziyyət necədir?
-Sizcə, rayon rəhbəri tərəfindən rayon əhalisinin, tanınmış ziyalılarımızın, dəyərli insanların haqqında təhqiramiz sözlər səslənirsə, vəziyyət necə ola bilər? Bildiyiniz kimi, müstəqillik dövründə mən bir neçə rəhbərlə işləmişəm-Əli Quliyev, Yaşar Abdulov, Süleyman Mikayılov və Qəzənfər Ağayevlə. Əli Quliyev bu gün haqq dünyasındadır, amma tam səmimi deyirəm, o, rayonun problemləri ilə yaşayırdı, rayonun rifahı, tərəqqisi üçün çalışırdı, həmçinin, Yaşar Abdulov da. Süleyman Mikayılov yuxarıda qeyd etdiyim kimi, yeddi ay müddətində adını rayonun tarixinə qızıl hərflərlə yazıb getdi, Qəzənfər müəllim isə qayğıkeş, ziyalı, hər şeyin yerini bilən müdrik bir rəhbər kimi yadda qaldı. “Xalqın gözü tərəzidir”, - deyiblər, bu gün rayon rəhbəri əgər iddia edirsə ki, Yardımlıda kadr yoxdur və təcrübəli kadrları ləkələyib və ya təzyiq göstərib işdən uzaqlaşdırırsa, bunu necə həzm etmək olar. Son beş ildə işdən uzaqlaşdırılan onlarla kadr buna bariz nümunə deyilmi? Hansı ki, Yardımlıda ləyaqətli, vətənpərvər, dövlətçiliyə sədaqətli kadrlar həmişə olub. Amma Xəzər müəllimə güclü kadr lazım deyil. Sadəcə, ona məşhur televiziya tamaşasındakı Dadaşov obrazının söylədiyi kimi:“Fatı qalx, Fatı otur” prinsipi ilə işləyənlər daha sərfəlidir...

-Bu gün ölkəmizin kütləvi informasiya vasitələrini izləyib Yardımlı haqqında ürəkaçan nəsə bir yazı oxumaq istədikdə adamın arzusu ürəyində qalır. Demək olar ki, yazıların əksəriyyəti rayonda baş verən neqativ hallardan, vətəndaşları üzən sosial problemlərdən bəhs edir. Bu yazıların əksəriyyətində rayon rəhbəri Xəzər Aslanovun və müavini Mahir Mirzəyevin adları hallanır. Bu nə dərəcədə inandırıcıdır?
-Od olmasa, tüstü çıxmaz.

-Çıxış yolunu nədə görürsünüz?
-Çıxış yolu nə vaxtsa rayona təyin olunacaq savadlı, səriştəli, qayğıkeş, vətənpərvər, müdrik icra başçısının gəlişi ola bilər.
Yaxşı olardı ki, rayon rəhbərliyi intriqalara yox, rayonun problemlərinin həllinə can ataydı. Qorxu-hürkü ilə yox, əsl insani münasibətlərlə yardımlılıların qəlbinə yol tapaydı. Açıq söz deyənləri sıxma-boğömaya salmayaydı. Halallığı ilə insanlara nümunə göstərəydi.

-Bu gün rayonda qəribə bir mənzərə müşahidə olunur, çayxanalarda, yeməkxanalarda, hətta iş yerlərində ünsiyyətdə olarkən insanlar tez-tez ətrafa göz gəzdirir, sanki kimlərdənsə ehtiyat edirlər. Deyilənlərə görə, rayonda xəbərçilik adi hala çevrilib. Bunu necə izah edərdiniz?
-Xəbərçilik cəmiyyətin ən çirkin sifətlərindən biridir. Bəli, bizim rayonumuzda da bu işi icra etməkdən zövq alan, bundan rahatlıq tapan bəzi adamlar var. Onlar hansı vasitəyləsə RİH rəhbərliyinə də yol tapırlar. Amma yaxşı olardı ki, belə mənəviyyatsızlara meydan verilməyəydi. Əslində, onlar insanlar arasındakı münasibətlərin korlanmasına xidmət edirlər. Sirr deyil ki, rayonda xəbərçilik etməklə vəzifə alanlar da var, övladlarının işlə təmin olunmasına nail olanlar da. Əlbəttə ki, belə “xoşbəxtlik”dənsə, kişi kimi yaşamaq gərəkdir...

Söhbətləşdi: Elsevən      

Комментариев нет:

Отправить комментарий