Страницы

15.10.2011

“YARIMÇIQ ƏLYAZMA” - TAM BİABIRÇILIQ

Bextiyar HidayetBəxtiyar Hidayət



Axır ki “Nəsimi” milli ədəbiyyat müsabiqəsinin nəticələri bəlli oldu. Mən digər nominasiyalarda qalib çıxan əsərlər, kitablar haqda danışmayacağam bu yazıda- yalnız baş mükafat “son on ilin ən yaxşı əsəri” ödülünü almış “Yarımçıq Əlyazma” haqda öz bitkin fikirlərimi qeyd edəcəm. Və məncə sübut edə biləcəm ki əgər belə bir əsər ən baş mükafata layiq görülmüşsə demək o müsabiqədə iştirak edənlərin ədəbiyyat deyiləndən başları çıxmır. Başları sepdən zaddan çıxır.


Dəyərli vaxtımı itirib bu əsəri mən də oxumuşam. Qeyd edim ki hələ belə axmaq bir başqa əsər oxumamışam. Əsər o qədər primitive, o qədər bəsit, o qədər pərakəndə yazılıb ki  babat 8-ci sinif şagirdi bundan min dəfə yaxşı inşa yaza bilər. bu əsərin müəllifi babat cümlə qura bilmir, bəylər-necə mükafat verdiniz buna? Yoxsa Kamal Abdullanın pullarının önündə ağzınız “öysəl olmuş dana ağzı kimi sulandı”
Məsələn:
1.Qarağacın düz başının üstündə bir parlaq dairənin içinə ay gəlib girdi-guya hardasa bir dairə olur və ay da gəlib o dairəyə girir. Axı ay özü elə o dairədir. Ilin müəyyən vaxtlarında ay belə bir parlaq dairə kimi göstərir özünü.
2. Atdan endim, at ağzını aparıb ota getdi- sizin qalib müəllifinizin cümləsidir, ağzınızı büzməyin bu əsəri zorla təriflərkən büzdüyünüz yer kimi.
3. Şah arxa bağçadan tələsik keçərək özünün gizli istirahət otağına buyurdular. (cümlənə buga kəsim adın Bugac olsun ay Qorqudşünas)
              - - - -
Əsərdən məlum olur ki müəllif Şərqşünasliq institunda bir qəribə əlyazmanın yerini eləyib. Və o boyda Şərqşünasliq institu da bilmir əsər nədən bəhs edir. Elə bilillər Gəncə zəlzələsi haqdadı- bunu daha aydın birən bir adam arayillar. Adam da müəllif. Di gəl ki müəllif əlyazmanı oxuya bilmir. Şərqşünasliq institundan bir qız üçcə günə əlyazmanı latın əlifbasına köçürüb müəllifə verir. Amma zalım qızı bilmir ki əlyazma nədən bəhs edir. “Nəsə mənasız bir şeydir” deyir əlyazma haqda.
Dayan, axı bu qız  bu qədim əlyazmanı üçcə günə latın əlifbası ilə yaza bildi. Demək o müəllifdən də yaxşı anladı ki orda nədən bəhs edilir. Bəs nədən heç əlyazmanın oxuya bilməyən birisindən əlyazmadakı anlaşılmazliqların çözülməsini istəyir bu Şərqşünaslıq institutu. Bax beləcə müəllif özünü qoyub gülünc vəziyyətə.
Həmçinin lap tutaq ki belədir. Müəllif aydınlaşdıra bilməyib ki o boyda əlyazmanı sadəcə oxumaqlamı kifayətlənib. Neynədi bu əlyazmanı. Bu Şərqşünasliq institutu necə yerdir ki bir başa Şərqlə bağlı olan, hətta Dədə Qorqudun öz əlyazması olduğu iddia edilən bir əlyazmanı bir nəfərin əlinə verir ki apar, halalın olsun.
Axı bu müəllif şərqşünasliqdan nə anlayir. Bu o adam deyilmi ki Mirzə Kazım bəy haqda deyir-Rusiyalı nəhəng şərqşünas Kazım bəy. balam, Mirzə Kazım bəy nə vaxt rusiyalı oldu xəbərimiz olmadı?
Bu müəllif qədim ermənilərin özlərindən sonra çox dəyərli bir mədəniyyət qoyub getdiklərini də iddia edir. Nədən bu qədər naşı adama Dədə Qorqudun öz əlyazmasını verillər ki ala apar halalın olsun. əsərdə bu suallara cavab yoxdu. Ümumiyyətlə heç bir sual yoxdu bu əsərdə.
-       - - - - - - - - - -
Yaxşı, bunlar da heç, axı əlimizdə dastanın özü var. Əgər müəllif iddia edirsə ki  bu əlyazma dastan yazılmazdan əvvəl aparılan qeydlərdir, bəs onda əlyazma ilə dastan arasındakı bu qədər fərq hardandır?
O fərqlər isə çoxdur. Ümumiyyətlə ən bədbəxt yazar o yazardır ki əsəri oxunan kimi gizli məqsədi o saat aydın olsun. Kamal müəllim də eləcə bir bədbəxt yazardır. əsəri başa çıxan kimi anlayırsan ki bu adam qarşısına məqsəd qoyub ki dastandakı bütün müsbət qəhrəmanları mənfi qəhrəman kimi təqdim etmək istəyib, həmçinin dastandakı mənfi qəhrəman-Alp Aruzu isə müsbət etmək istəyib.
Bu iddiamı bir neçə misalla subutlayım
əsərdə ən mənfi surət Beyrəkdir. Halbuki dastanda bəlkə də ən müsbət surətdir Beyrək. və o qədər gözəl birisidir ki göz dəyməsin deyə üzüniqablı gəzir. Di sən indi “Yarımçıq Əlyazma”dakı Beyrəyə bax.  Guya onun adı “böyrək” sözündəndir. Guya dilimizdə ciyərlidir, böyrəklidir deyimi var. halbuki  “son on ilin ən yaxşı əsərinin müəllifi” bilmir ki bu deyim “ürəklidir, ciyərlidir” kimi deyilir.  əksinə, böyrək qorxaqlığın simvoludur- bir qorxulu hadisə olan kimi anrenalin ifraz edir. Daha böyrək zad burda rol oynamır.  “Beyrək” sözünü böyrək sözünə calanması Qorqudşünaslqda bir faciədir. Halbuki bu sözün anlamını “bayraq, bayrak” sözlərində axtarıb tampaq olardı.
Beyrək qəhrəmanlıq zad eləməyib. Düşmənlərlə əlaqəsi var və Oğuzda olanları da o çuğullayır. Heç Bayburdda 16 il əsir də olmayıb.özü özünü Təpəgözün qorxusundan oğurladıb. Gedib Bayburd qalasında kafir qızları ilə 16 il kef çəkib. Hətta elə keflər çəkib ki müasir seksologiyada heç beləsi olmayıb. Eyni vaxtda 4-5 qızla kefini görüb.  Sağ olsun müəllif-subut edir ki Braziliya zad qələt eləyir-qruppavoy seksi Beyrək babamız icad edib.
Beyrək heç qəhrəmanlıq edib tacirləri də azad eləməyib-əksinə Yalıncığın qardaşı Palancığı öldürüb və onu karvanbasan quldur kimi təqdim edib Oğuzda.
Oğuza qayıdandan sonra da elə gözü Oğuz qadınlarında qalıb. Hətta gözü o qədər qızışıb ki Bayandurun qızı Qazanın  xanımı Burla Xatula da ilişkiləri var.
Bəkilin xanımı Sürməlicənin dalinca da fırlanır. Öz arvadı Banuçiçək də heç sağ əməlli birisi deyil. Onun da gözü Basatdadır, di gəl ki Basat zalımoğlu da meşədən əl çəkmir ki qızın murazını verə.
Əsərdəki Dədə Qorqud da ən zay qəhrəmanlardan biridir. O deyəsən “Sehrbazlar dərəsi”ndən bir Nur daşı gətirib. Nə problem varsa o daş həll edir. Di gəl ki bununla razı olmayıb da öz  şeytanlığından əl çəkmir. Beyrəyin Palancığı öldürməsini heç kimə demir.boğazca Fatma ilə kefini çəkir. Amma Boğazca Fatma ona yalandan deyəndə ki quyudakı sənin öz oğlundur, Nur daşının sehri qayıdır “Sehrbazlar dərəsi”nə.
Burda Qorqud o qədər miskin biridir ki heç beləsi yoxdu. Demək bu adam bütün Dış Oğuzun soyqırıma məruz qalmasını istəyir-Bayandur xana –xanım, bütün Dış Oğuz düşmən yuvasıdır deyir. Alp Aruzun aradan götürülməsi üçün min bir hiylə işlədir. Öz sərsəm yuxuları ilə Bayandura “min bir gecə” nağılı danışır.öz sirrinin açılmaması üçün bütün Oğuzu güdaza vermək istəyir. Və Bayanduru Beyrəkilə sındırır. Çünki Beyrək də Burlaxatunun təzə sevgilisidir. Bayandur da onun planına razı olur. Beyrəyi Alp Aruzun evinə göndərmək planı qururlar. Bilirlər ki Alp Aruz onun başını kəsəcək. və beləliklə də bundan istifadə edib Alp Aruzu aradan götürəcəklər.
Qazan isə lap “ quşürəklidir”. Sanki Qurbanəli bəydir- heç Qazan zad deyil. Qılbaşın qollarının arasında cücəyə dönür. Amma yetim-yesiri görəndə pələngə dönür. Bir quyusu var ki orda camaatı siçovullara yedirir. Özü də Uruz boyda oğulu var, hələ arvadını altında saxlaya bilmir. Arvadın gözü əvəl Basatda idi, indi də Beyrək girib araya. Həmçinin vəzifə hərisidir. Öz dğğma dayısı Aruzu o da aradan götürmək istəyir. Çünki Aruz istəyir ki o ova gedəndə ordunun başında özü dursun. Qazan isə yerini Uruza hazırlayır. Həmçinin bütün İç Oğuz quşürəklidir. Təpəgöz gələndə hərəsi bir siçan deşiyinə girmişdi.
Bayandur isə yəqin ki müəllifin yaxasından tutmalıdır öncə ki ayə, mənim halal adım Bayandurdur, sən məni niyə Bayındır eləmisən. Və burda bir haşiyə çıxaq
Bu bayandur neçə yaşındadı ki Qorquda “oğul, Qorqud” deyə müraciət edir. Axı həmin Qorquda Baybörə kimi ağsaqqal Oğuz adamı da dədə deyir. Və həmin Qorqudun özü deyir ki Alp Aruzun adını mən vermişəm. Bu isə o demək idi ki demək Alp Aruz ən azı 16 yaşında nəsə bir qəhrəmanliq etmişdir . İndi isə Alp Aruzun Oıyan Səlcuq kimi oğlu, Dəli Dondar kimi nəvəsi var. demək alp Aruz ən azından 60 yaşındadır. Demək Qorqud bu 60 yaşlı kişiyə ad qoyduğuda da dədə sayılırmış. Bəs onda gərək Qorqudun ən azından 120-130 yaşı ola. Bəs Bayandurun onda neçə yaşı var görəsən. bu adam  da gərək ən azından 150 yaşı ola ki Qorquda oğul deyə müraciət edə. Bəs bu niyə yerini bir başqasına vermir?
Yox, axı 150 yaş vermək olmaz ona. Axı onun qızı hələ özünə sevgili axtarır. Nəvəsi hələ döyüş görməyib. Yaxşı bu 100 yaşından sonramı evlənib?
Bütün bu suallara müəllif və onun pullarının görəndə ağızları öysəl olmuş dana ağzı kimi sulanan yazarlar cavab versə yaxşıdır.
Dastandakı ən faciəvi surət Alp Rüstəmdir. O vaxtilə Bəkilin arvadı Sürməlicəni sevmişdir. Amma onun qardaşı oğulları dünyada görünməyən bir iş yapmışlar. ( görünür semeyniy seksin də əsasini onun qardaşı oğulları qoymaq istəmişlər ki xalqımız bu işdə də dünyada birinci olsunlar)
Öz bacılarını öz əmilərinə ərə vermək istəmişlər. baş qarışıb və Bəkil qızı qaçırıb. Alp Rüstəm də eləmə tənbəllik öz qardaşı oğullarını doğrayıb. Odur ki indi tənha bir həyat yaşayır. Fərqində də deyil ki Bəkilin arvadının gözü yenə ondadır.
Hə, əzizlərim müəllif bu əsəri yazarkən başından anrı eləyib. Axı onun  ştatlı tərifçiləri var. Nə yazsa da tərifini göyə qaldıracaqlar. Daha neynir ki bir yazdığını bir də oxusun, səhfini düzəltsin. Görsün ki  heç bir qardaş öz bacısını öz əmisinə ərə verməz.
Əsərdə Qorqud yuxular görür bolluca. Və hətta Şah İsmayılı da görür yuxuda. Di gəl ki əsl Şah İsmayıl deyil bu-hansısa bir onun oxşarı olan şairdir. Və bunu 10 ildən sonra bircə baxışdan  Lələ bəy anlayır. Amma 10 ildi bir yastığıa baş qoyduğu Taclı anlamır bunu. Özünüz deyin, belə də biabırçılıq olar? Bu qədər də yox də.
Yazıq Anarın daşını daş üstə qoymayıblar ki niyə Dədə Qorqudu o günə qoyub. Niyə Şöklü Məliyi Qıpçaq Məlik kimi verib.
Indi ey ana dastanımızın ən mənfi qəhrəmanına acıyanlar- niyə ən müsbət qəhrəmanlara acımırsınız bəs? Bu kitab türkün ana dastanına ən qatı təhqiridi. Bütün Qalın Oğuz təhqir olunur bu qalın kitabda, gəlin gönüqalınlıq etməyək.
Burdakı qəhrəmanların əksərini Boğazca Fatma tumanının altından keçirə bilir
Və belə bir  əsər da son on ilin ən yaxşı əsəri adına layiq göğrülür. Di gəl ki bu əsər sadəcə sayıqlamalardır-Qorqudun yuxu sayıqlamaları yox-müəllifin sayıqlamaları. Və biz də sayıqlamamaq üçün sayıq olmalıyıq.
Görəsən Kamal müəllim nə qədər pul buraxıb bu işə.

Комментариев нет:

Отправить комментарий