Страницы

07.11.2011

ABREKLƏRİN ANDI


Həmid Herisçi

MEFİSTOFEL. «Başında ağ rəngli keçə papağı olan bir kəndli iki təkərli arabası ilə qarşıma çıxdı. Təkərlərin səsi südəmər körpələrin çığırtısını andırırdı. Həmin səsi lap uzaqlardan da eşitmək olardı.
-Qardaş,-dedim,- Bakıdakı dostlarımdan birinə məktub yazacam ki, təkərlərinin oxlarını yağlamaqdan ötrü sənə bir azacıq yağ göndərsin.
Kəndli gülümsədi:
-Eh, qaradaş, mən adi adamam, nə üçün özümü gizlətməliyəm ki? Arabamın gəlişini hamı eşitsin deyə, təkərlərinin oxlarını yağlamıram. Bizdə bunu yalnız abreklər edir.
-Abreklər?
-Bəli, abreklər, icmadan qovulanlar.
-Bu tərəfdə abreklər çoxdurmu?
-Kifayət qədərdir. Quldur və qatildirlər. Abreklərin bəzisi bunu xalqın, digərləri öz mənfəətləriyçün edir, amma, hər şeydən əvvəl abreklərin çox müdhiş bir and içmələri şərtdir.

-O necə anddır.
Kəndli arabasını dayandırıb yerə düşdü…
-Deməli, abreklərin andından xəbərin yoxdur? Abreklər gecə yarısı məscidə gəlib belə bir and içirlər: «Hörmət etdiyim bu müqəddəs yerdə and içirəm ki, bu gündən etibarən sürgün olunmuş kimi yaşayacağam. İnsan qanı töküb kimsəyə rəhm etməyəcəyəm. Hamıya qənim olacağam. And içirəm ki, insanların sevdikləri, vicdanlarına və namuslarına məğbul nə varsa, hamısını oğurlayağam. Südəmər körpələri beşiyindəcə boğacağam. Ən fağır dilənçinin belə komasına od vurub yandıracağam. İnsanların üzü güldüyü hər yerə kədər gətirəcəyəm. Əgər bu andımı yerinə yetirməsəm, qoy mənə əcdadlarımın məzarını bir daha görmək nəsib olmasın, su susuzluğumu, çörək aclığımı yatırmasın, cəsədim tozlu yollar üzərində sərilib qalsın, küçə itləri gəlib cəsədimi murdarlasınlar.
Kəndlinin səsi çox ciddiydi, üzü günəşə tərəf idi, gözləri yaşıl, baxışları dərindi.
-Bəli, - deyə kəndli dillləndi,-abreklərin andı belədir.
-Bəs bu andı içənlər kimlərdir?
-Ən çox haqsızlığa məruz qalanlar.-deyib susdu.
Mən evə yollandım. Düşündüm: bəlkə mən özüm də bu vəhşi dağlara sürgün edilmiş bir abrekam. Yoxsa mən də Dağıstan quldurları kimi gecə yarısı məscidə gedib And içməliyəm? Kəndlinin abrek andı haqqında söylədiyi kəlmələr hələ də qulaqlarımda cingildəyirdi»

Başı qarlı uca Qafqaz dağlarına, işdi, qalxsanız bu cür əfsanələrdən çox eşidərsiniz. Ömrünün böyük hissəsini mühacirətdə keçirmiş yazıçı Məhəmməd Əsəd bəyin adı dillər əzbəri olan «Əli və Nino» romanından bu parçanı elə belə, «xala xətri qalmasın» deyə nümunə gətirməmişik, bəli. Adına «abreklərin andı» deyilən məşhur Qafqaz əfsanəsi alimlər tərəfindən hələki lazımınca araşdırılmasa da, gəlin buna çox da təəssüflənməyək. Hələ gec deyil, görünür elə məhz indi, dünya-aləm bir-birinə qarışdığı vaxt, bəli, bu işin öhdəsindən gəlməliydik biz. Düz danışaq-indiyədək elmi təfəkkürümüz, bəli, insan övladının nurlu ilahi qüvvələrlə bağladığı əhdi-peymandan, şək-şübhəsiz lazımı qədər araşdırma aparıb. Bəs şər qüvvələrlə əhdimiz olmayıb bəyəm bizim, hə? Olub. Olub gördüyünüz kimi. Bircə mühüm fərqlə, biləsiz-taleyi əhlət daşına çırpılan həmvətənlərimiz bu andı çox zaman şüurda deyil, altşüurda səsləndirib. Hər halda, indi bizim əlimizdə şeytanla bağladığımız sazişin, pis-yaxşı, şüurlu şəkli, yazılı mətni mövcuddur. Gəlin araşdıraq bala-bala, xırda-xırda onu.
***
 «Əli və Nino»nun qəhrəmanı Əlixan Şirvanşirin Dağıstanda keçirdiyi qaçqınlıq həyatını, diqqətlə izləsəniz, gəldiyiniz son qərar belə olacaq- burda rus ədəbiyyatı, ələlxüsus Puşkin, Lermontov yaradıcılığının, əhsən, danılmaz təsiri var. Bəli, onların iti qələmi, romantik istedadı Qafqazı təxminən elə bu cür təsvir edib. Romantikanı bir kənara da ata bilərik-həmin dövrlərdə Qafqaza doğrudan da minlərlə rus «dissident»i sürgün edilmişdi. Həmin bədbəxtlər də, Əlixan kimi, arabaçılarla qəribə söhbətlər edirdilər, əvvəlcə əsəbləşirdilər arabaların cırıltısından, sonra, həmin arabaçı Qafqaz əfsanələrindən  danışarkən, görürdülər ki, yox… bu füsünkar təbiətli dağlarda, belə de, papaq altında gör nə mətləblər yatıb…Bu ki Hötenin «Faust» əsərini yada salır, həmin süjet, həmin qəhrəmanlar…Mefistofellə müqavilə imzalamaq mövzusu, bu Şərq dünyasında gör necə mükəmməl şəkildə öz hüquqi həllini tapıb… Biz inqilabçılar isə, eh, onun «Faust»dakı ədəbi-bədii həllinə aşiq olmuşuq ancaq, yatmışıq eey fil qulağında.
Yaxud öz kazarmalarımızda…
Dağ çaylarının gurultusu həmin andaca eşidilməz olurdu bu əfsanələri eşidənlərçün. Sürgün həyatı keçirən rus inqilabçıları bir başqa cür baxmağa başlayırdılar yerli sakinlərə…
Qarşısında durduqları uca dağların tükənməyən əfsanələrinə…Bəlkə bu ilahi yüksəkliklər yalnız həmin andı qoruyub saxlayır naşı zülmkarların əlindən?
***
Əski yunan mifologiyasına görə, Prometey, tanrıların Olimp dağından alovu oğurlayıb onu insanlara ehsan edən əfsanəvi qəhrəman, sonralar Qafqaz dağlarına mismarlanaraq orda öz əzabını çəkirmiş. İt günündəymiş orda, bəzi bizim müxalifətçilər kimi. Dağ zirvələrindən qalxan qara qartal- zarafatyana danışsaq, indinin polis rəisi!- gəlib onun ciyərini dimdikləyirmiş hər gün.
Qafqazda yerli qaçaqlarla, yəni abreklərlə mübarizə aparan dissident rus zabitləri, belə deyək, öz acı talelərinə çox vaxt həmin yunan əfsanəsi içindən baxırdılar. Çarizmin  ikibaşlı qartalı elə həmin dağ çalağanı idi onların nəzərlərində. Ancaq bir gün…
Ancaq bir gün yerli sakin-adətən arabaçı, abreklərin andı barədə gizli xəbər verir bu rus inqilabçılarına.
Şairlər, hə, bu an ilhama pərilərindən güc alaraq başlayırdılar «Demon», «Msıri» (Lermontov) kimi romantik nəfəsli dastanlar yazmağa. Bəs peşəkar inqilabçılar necə?
Həə, bu barədə gəlin bir azacıq çox düşünək indi. 
***
Bəli, 19 əsrdə bütün inqilabçı marksistlər, istisnasız halda, Hötenin «Faust» əsərini oxuyub ona vurulmuşdular-«yəni, idrak, mübarizə, hakimiyyət» naminə şeytanın özüylə belə əhd bağlamaq, bəli, onlar üçün vacib məsələ idi. Həmin mövzu C.Milton, Bayron, Dostoyevski, T. Mann kimi yazıçıların iti qələmini də öz əsirinə çeviribmiş, vallah-billah, atamın goru haqqı. Bəzi qatı inqalabçıların, xüsusən Trotskinin çənəsindəki saqqal elə belə də adlanırmış- «Mefistofel saqqalı». Lakin, bir var bunu bədii əsərdə oxuyub, gözünü açaraq ətrafına baxasan, görəsən Mefistofel, Fausta bənzər heç kim yoxdu ortada…  Bir var, tam əks bir mənzərə: yanar çirağın nuru, əvvəlcə stol üstəki «Kapital» kitabını, sonra  sənin sifətini işıqlandırır. Kölgələr ətrafda oynaşır, son anda görürsən ki, paho, nə əcəb, elə bayaqdan kirli divarlar üzərində gəzişirmiş ki, heç bilməmişik, «Mefistofel saqqallı» sifətimizin qara cizgiləri… Hə, buyur, gözlərinə su ver, daxilindəki Mefistofel dirilib, özüdür ki, var, durub  gəlib hüzuruna!
Gizli mətbəələrin alaqaranlığında fikrə dalmış inqilabçılar, həmin Mefistofeli, divarda əks olunan öz saqqallı sifətlərinin kölgəsi ilə səhv salardılar çox vaxt.
Lakin bir gün Qafqaz abrekləri bu «Mefistofel saqqallı» sui-qəsdçilərin içinə öz adamlarını göndərdilər- «Koba» ləqəbli İosif Vassarionoviç Cuqaşvilini. Bəli, onun çənəsində Mefistofel kimi iti saqqal yox idi, divarlarda əks olunan kölgəsində əyri burnu gözə girirdi fəqət.
Lakin o, abreklərin andını gətirmişdi bu bolşeviklərin içinə. Sözsüz ki, əliboş gəlməmişdi, Tiflis bankından taladığı kağız əskinazları da hədiyyə gətirmişdi özüylə.  
Bu günkü tarixçilər Stalinin demonistik şəxsiyyətini psixoloji tərəfdən yaratmaq işində, bəli, çox araşdırmalar apararaq, bir Allah bilir gedib çıxıblar haralara. Qafqaz abreklərinin, yəni inqilabçılarının, məşhur andı isə, tfu sənə, yadlarından çıxıb. Buyurun, oxuyun yuxarıda misal gətirdiyimiz mətni. O  bədii əsər nümunəsi deyil ki, hüquqi gücə malik olmasın, yox, bu and, təbiidir, insan xislətinin lap dərinliklərindən gəlir. Keçi saqqallı inqilabçıların divarlarda gəzişən kölgələri, aldanmayın, Mefistofelin yalnız sifətini yamsılayır, onun ruhunu gətirəmmir dünyaya. Bunu yalnız bir qüvvə həyata keçirə bilərmiş həmin dövrdə-Qafqaz abreklərinin andı!
Bu andı lap əvvəlcə rus romantik şairləri sevdi, sonra isə… Sonra isə bolşeviklər…
Kobanın sirrini bilmək istəyirsizsə, uzağa getməyin, bir də oxuyun həmin mətni. Gecə vaxtı, ay işığında, gedin dini məbədlərin qapısına, qapını astaca aralayın, içəri keçin.
Sizi orda Gözləyən var…
Bu dəfə onun (yaxud ora daxil olanın) Amerika, yaxud çin, iran, rus zabiti olması da mümkündür, bəli. Yaxşı, abreklərin andını içmiş bolşeviklərin sirrini bildik, buna bir quş, mövzunu qapadıq. Mefistofellə əlaqə qurmaq istəyiylə müxtəlif qara messalarda, mason lojalarında əyləşib dərin fikirlərə qərq olan zalimlər-hətta alimlər!- deyirsiz azdı bəyəm indiki dəli zəmanədə? Əksinə… Çoxdu. İtinətök çoxdu, vallah. Özü də indi, ideologiyaların guya çökdüyü, əvəzində polittexnoloqiyaların çiçəkləndiyi postmodern dövründə, yadda saxlayın, bu mövzunu ehtiyatla dəbərtmək lazımdır. Keçdi o gözəl ideoloji vaxtlar, tarixə döndü o zamanlar ki, hər bir şəxslə hökumət birbaşa, şəxsi münasibətlərdə bulunurdu-müəllim, KQB işçisi, «politruk», yerli sovetin məsul işçisi vasitəsiylə.
Bu qaldı uzaq keçmişdə, -ay atan rəhmətlik!-ideoloqiyalar dövründə. İndi polittexnoloqiyalar vaxtını yaşayırıq. Həmin texnoloqiyaların əsas şakəri sadədir-hər bir insanla hökumətin anonim münasibətləri var, şəxsi görüş müstəvisində siz hakim təbəqə nümayəndəsi ilə, əttövbə, heç vaxt görüşməyəcəksiz. Məəttəl qalacaqsız  kim sizi yönəldir, kim barənizdə hökm çıxarır bu həyatda. Yəni Kafkasayağı tam anonim münasibətlər içindəsiz, bu məngənəni qırmağa qüdrət yoxdu ixtiyarınızda.
Bax bu ANONİM qüvvə Mefistofel cildində girəcək hərdən sizin yuxunuza. Fəqət indi onun təzə adı uyduruldu-POLİTTEXNOLOQİYA.
Məsəlçün, götürək neçə illərdir ki, bizlərə qan udduran Qarabağ olayını. O elə əsl polittexnoloqiya məhsuludur da, ay keymollalar. SSRİ-ylə ideoloji mübarizə aparammayan, bu sahədə leninizmə uduzan Sem dayı, silahı yerə qoymur, polittexnoloji vasitələrə əl atır. Bu dəfə birbaşa, antisovetizmlə hucuma keçmir oraq-çəkicli vətənimiz üzərinə-millətlərarası münaqişə atır aramıza, proletar beynəlmiləlçiliyi sütununu dağıdır, nəticədə ölkə dağılmağa başlayır. Qulağınızda sırğa eləyin-Qarabağ, xarici kəşfiyyat mərkəzlərinin SSRİ-ni dağıtmaqdan ötrü düşündüyü tam məxfi polittexnoloji planın, bəli, ən ciddi halqasıdır.Mərc gəlirəm, SSRİ-ni dağıtmağa yönlənmiş bu əməliyyatın gizli adı da, təəccüblənməyin, elə «Qarabağ» olub. 1989-cu ildə İrandan Rumınyaya geri dönən ölkə başçısı N. Çuşesku, qəfildən həbs olunur, dindirilir, «Eh, bu Qarabağ!» deyincə anında güllələnir (Vikipediya, «Çauşesku» məqaləsi)…
Nəyə görə o, bu adı heç dilinin ucuna belə gətirməməliymiş, hə?  Həmin kirli əməliyyatdan xəbərdar imiş, deyirəm, bəlkə o? Qarabağ faciəsi, biləsiz, həmin «Qarabağ» əməliyyatının indi də davam etməsi ilə əlaqədar, hələ gündəmdədir. 

KİÇİK HAŞİYƏ: Lənətəgəlmiş bu tam məxfi əməliyyatı, KQB ilə Amerika kəşfiyyatının birgə «sənət əsəri» də saymaq olar. Qorbaçovun antisovet fəaliyyətindən, məxfi «Qarabağ» əməliyyatından xəbər tutan Pekin, Havana, Buxarest, Xanoy, Pxenyan, Praqa, Xonekker rejimləri, sən demə, Moskvasız yeni sosialist şəbəkəsi yaratmaq istəyirmişlər, lakin düşmənlər bunun qarşısını almış, «qara məni basınca, mən qaranı basım» deyərək, Şərqi Avropanı, «uf!» demədən imperialistlərə təhvil vermişlər… Çauşeskunun atom silahı da varmış, qətlindən bir həftə öncə İranda səfərdə olarkən, Rumunya lideri Tehranla bu sahədə təcrübə mübadiləsinə hazırlaşırmış (xarici mətbuat səhifələrindən)
***
Beləliklə yazımızın ən həlledici nəticəsini almış oluruq indi-SSRİ, ideoloji mübarizə müstəvisində alınmaz Brest qalasıydı, ideoloqiya sahəsi, polittexnoloqiya ilə əvəz edildikdə, tfu sənə, heyif, o buna qarşı hazırlıqsızıydı. Yəni SSRİ ideoloji yox, polittexnoloji silahla qətlə yetirilib.
Abreklərin andına bu dəfə Pentaqon şahinləri daha ciddi əməl etdilər. Həə, görək indi onlar kimlərdir, hansı ənənə sahibidirlər, nədir son məqsədləri.
ZƏMANƏMİZİN MEFİSTOFELİ. Amerika ordu generallarının dilimizə yatmayan əcaib-əndrəbadi adları,- başa düşürəm, quşbeyinsiz!- paslı yaddaşınızdan çox tez silinib qeybə çəkilir. Nahaq yerə, özzüm ölüm. Bu gün, sabah Fars körfəzində gizlənmiş müharibə əjdahası, yallah, quyruğunu qaldırıb havada oynadanda, İsrail, Pentaqon hərbi uçaqları qırğı kimi göydən yerə şığıyanda, bəli, gec olacaq, gözlərimizi təccübdən döyə-döyə həmin generalların adını yenidən yaddaşımıza həkk etmək məcburiyyətində qalacayıq. General Şvarskopf-bax bu adı biz-məzlum Şərq xalqları, gərək əsla unutmayaydıq. Ancaq, neynək, əzəldən belədir dünyanın işi, unutmuşuq! Bilirəm, aranızdan Skandinaviya krassvodları həll edən bir-iki çoxbilmiş tapılacaq, başlayacaqlar dəli kimi qışqırmağa ki, yox, biz onu tanıyırıq, 1991-ci ildə Səddam Hüseyni Kuveytdən məhz bu Pentoqon generalı vurub çıxarıb, anasını ağladıb bu Bağdad oğrusunun. Gələcəyə güzgü tutan «Səhrada qasırğa» hərbi əməliyyatına, əlindəki xətkeşi hərbi xəritələrə çırpa-çırpa, bəli, məhz o, başçılıq edib həmin qarma-qarışıq vaxtlar.
Yox, sevinməyin, yanılırsız yamanca, hazırladığım krassordun sorğusuna bütöv cavab vermədiniz, cənab çoxbilmişlər. Mən nə deyirəm, siz nə düşünürsüz?-peysəri qırxıq, qısa qol köynəkli general Şvarskopfun özünü deyil, atası Normann Şvarskopf rəhmətliyi nəzərdə tuturam mən. Səhifələri saralmış tarix salnaməsini bir neçə səhifə geriyə vərəqləsək gəlib çıxarıq 1952-53-cü illərə, o vaxtlara ki, bədbəxt, yetim İranda, biri var idi, bir yox idi, Şahdan başqa heç kim yox idi, bir Mosəddiq adlı yetim vardı. Ölkənin baş naziriydi, nefti milliləşdirmək istəyirdi, deyirdi ki, ay camaat, Britanya imperializmi ölkəni soyub talayır, belə getsə sabahları meyidlərimizi bükməyə kəfən də tapmayacayıq, vallah.
Yaxın Şərqin qanlı tarixində Şvarskopf ismi ilk dəfə bax həmin vaxtlar qeydə alınıb-ata Şvarskopf, Amerika hərbi  emissarı kimi, 1952-də gəlib İrana, ölkədə baş verəcək hərbi çevrilişi Pentaqon xəzinəsindən maliyyələşdirib ( 19 milyon dollar!), son nəticədə Müsəddiqin demokrat hökuməti devrilib, Şah yenidən öz taxt-tacına sahib olub.
Oğul Şvarskopf, alım onun ağrısını, atasını yolunu davam etdirərək 1991-də İraka zərbə endirib. Ata, Şərqdəki demokratik hərəkəti deviribsə, oğlu həmin demokratiyanı indi Dəclə-Firat sahillərində bərpa edir…
Gülməlidir, eləmi?
Bir sözlə, açıq danışaq, örtülü bazar, dostluğu pozar- Şərq nə qədər ənənəvidirsə, Qərb, Batı dünyası da burda bir o qədər ənənəçidir, ata Buşun İrak siyasətini də indi kiçik Buş həyata keçirir. Belə deyək-Şərq çox qəliz bir yerdir, üstəlik,  bəzi batılıların ailəvi biznes-siyasət məkanıdır o.
Mosəddiq, Səddam Hüseyn kim idi?- qara nefti milliləşdirmiş kəslər. Şvarskopflar kimdir bəs?-onları yerində otuzduran Pentaqon şahinləri!... Necə deyərlər «lalın dilini anası», qara neftin dilini Şvarskopfların kübar ailəsi bilər.
Deyəcəyim odur ki, indiki Şərq hadisələrinə təkcə bu günün pencərəsindən boylanıb baxmayın, başınızı bir azacıq çox çıxarın həmin pencərədən, keçmişə doğru boylanın. Keçmişi unudub yalnız bu günlə başımızı aldadan politoloqları it kimi qovun getsin buralardan. Qalaq tək-tənha, bəsimizdi, elə öz ata-babalarımızın ruhuyla söhbətləşək. Nəyimiz əskikdi ki, gümüş qab-qacaqdan çolpa şorbası yeyən Şvarskopf, Buş ailələrindən? –heç nəyimiz!
Atalarımız narahat ruhu-eşidin!- həmin hadisələrin lap kökünü danışar bizlərə.
***
Hamı…hamı, «pəpə» deyəndən «məmə» deyənədək, hamı bu gün İran hadisələrindən, ordakı islam inqilabından danışır qəzetlərdə, saytlarda ağzına gələni yazaraq, yallah, sadəlövh oxucuların başını aldadır. Yaxşı. Yazın. İcazə verin amma biz yetimlər də öz fikirlərimizin cızma-qarasını mətbuat səhifələrinə çıxaraq. Noolub ki bizə? İrandakı islam inqilabını 70-80-ci illərdə yaratmış köhnə İran inqilabçılarının ailəsində doğulmamışıq bəyəm? Bizdən yaxşı kim bilər ee həmin inqilabın düyünlü sirlərini?
Heç kim.
Özünüzü aldatmayın, elə bilirsiz İran islam inqilabını 70-ci illərdə yaradan insanlar, zəmanəmizin yeni Səyavuşları, qulağıtüklü molla-seyid tayfası nümayəndələriydi təkcə? Ay-hay! Gəlin adlarını «sol kommunistlər», yaxud «solçular» adlandıraq həmin kəslərin. Bircə cümləylə deyirəm -onlar köhnə stalinistlərdən deyildilər. Ciblərində Kremlin verdiyi «siyasi mühacir» pasportlarını gəzdirsilər belə, Moskvaya bir o qədər inanmırdı, bəli, Təbrizin bu peşəkar inqilabçı-marksist qartallarına. Onların «mərcəül-təqlid» ünvanı müqəddəs Qum yox, uzaq Meksikada dəfn olunmuş Lev Trotskinin ölməz ruhu ətrafındaydı, birdəfəlik bunu biləsiz. Üzdə-zahirdə, hə, Moskvayla yaxşı münasibətlərdəydi inqilabın bu fırtına quşları- Şərqi Almaniyadakı partiya iclaslarına vaxtaşırı gedər, Siyasi Büronun əmrlərinə guya ki, əməl edərdilər. Öz aralarında isə həmişə gizlincə pıçıldaşar, Trotskinin yasaq edilmiş «Permanent inqilab» əsərini bir-birinə ötürərdilər. Gizli qərarları beləydi onların-«Bəli, Trotski düz buyurur, inqilab permanent inkişaf xətti boyu yüksəlir, dünən, düzdü, biz Pişəvərinin milli inqilabını etdik, indiki halda Təbrizdə sosialist inqilabı fikrini həyata keçirmək, özümüzü aldatmayaq, çətindi. Çıxış yolu belədi-Təbriz ayətullası Şəriətmədari, ayatollah Taleqani, doktor Əli Şəriəti ilə əlaqə qururuq, permanent inqilab nəzəriyyəsinə uyğun şəkildə-qoy əvvəlcə Təbrizdə islam devrimi baş tutsun, Şahı yalnız müsəlmanlarla birlikdə taxtdan aşırtmaq mümkündür, sonrası Allah kərimdi, biz deyən olacaq. İslam inqilabını bir müddət yaşamış millətimiz sosializmə can atacaq. Çin kommunistləri düz fikirləşir, Kreml ağlını itirib, Oktyabr inqilabı mirasını bala-bala imperialistlərə satır, o bizi də anqla-sakslara satacaq. Çin, kapitalizmlə manevrlərə başlayırsa, bazar iqtisadiyyatına keçirsə, biz də öz manevrimizi edək-islamçılarla keçək tandemə. Qoy qırmızı Oktyabr ideyaları, leninizm Rusiyadan canını qurtarıb məmləkətimizdə özünə birdəfəlik qərar tutsun, biz dünya kommunizm ideyasına ruslardan yaxşı yiyə çıxarıq. İsveçrədə bir bankir var, Fransua Qenu (Jenu), zəmanəmizin yeni Parvusu, o, deyir ki…».
***
Yuxarıda sadaladıqlarımız, İran islam inqilabını vaxtiylə hazırlamış solçu qüvvələrin tam məxfi məqsədi olub. Bəli, inanmayan daşa dönsün, onlar tarixə marksistcəsinə, Trotskinin «permanent inqilab» nəzəriyyəsi bucağından nəzər yetirirdilər. Belə hesab edirdilər ki, bütün Şərqdə-Türkiyyə, ərəb ölkələri, İran, Əfqanistanda tam bitkin inqilabi vəziyyət mövcuddur, lakin bu inqilabın birinci pilləsi əvvəlcə mütləq islami məna daşıyacaq, Qərb bununla barışmayıb Şərqə hücum çəkəcək, bu, 3-cü Dünya müharibəsi ilə nəticələnsə belə, göz yaşı axıtmaq lazım deyil- 1-ci Dünya savaşı da, ən sonunda Oktyabr inqilabını yaradıb. Başlıca məsələ kütlələri işə salıb onları tarixin iştirakçısı çevirmək, qurama Şərq dövlətlərin yıxıb hikimiyyəti yerli sovetlərə-«camaat»lara verməkdir, vəssəlam!
İndi mənə deyin, məgər Yaxın Şərqdəki bu günkü vəziyyət İran solçularının vaxtiylə cızdığı plan əsasında getməyirmi, hə? Gedir, belə kefin istədiyi kimi. Türkiyyədə, Fələstin, İndoneziya, İran, bir sözlə bütün Şərqdə tam inilabi vəziyyət yaranıb, onun ilk mərhələsi, bəli, islam idealları üzərindədir. Lakin, çox keçməmiş vəziyyət dəyişəcək, xalq kütlələri yerli sovetlər («camaat» modeli) vasitəsiylə istismarçı sinifləri- qondarma Şərq dövlətlərinin hamısıyla birgə!- tarixin arxivinə göndərəcək. Oktyab inqilabının baş şüarları bu dəfə Şərqdə özünə haqq qazanacaq, burjua parlamentizmi deyil, sovetlər ideyası bir başqa ad altında bütün Yaxın Şərqdə hakimiyyətə gələcək.
Özü də buna kim şərait yaradır?
Ilk növbədə Amerika imperializmi. Nəylə?-İranda başlayacağı 3-cü Dünya müharibəsiylə! Vaşinqton, özü də bilmədən, İran trotskistlərinin cızdığı məxfi plana hər vəchlə  
yeni nəfəs verir,qəsb etdiyi əraziləri əslində birləşdirərək -ay can!- yeni bəşəri inqilabın baş verməyinə cər cür imkan yaradır. 1-ci Dünya müharibəsi zamanı Leninin irəli sürdüyü «İmperialist müharibəsindən kommunist inqilabı yaranacaq!» şüarı, zarafatsız deyirəm, bu gün yeni məna kəsb edir.
1-ci Dünya müharibəsi zamanı sosial-demokrat partiyalarının satqınlığı, Kautskinin reneqatlığı, milli şovinizm axırda 2-ci İnternasionalın süqutuyla bitdi, əgər yadınızdadırsa. Həmin hadisələrin təkrarı 90-cı illərdə keçmiş sosialist düşərgəsi ölkələrində baş verdi-bütün köhnə kommunist partiyaları millətçiliyə yuvarlandılar. 
Lakin, Leninin o zaman cızdığı inqilabi plan bütün bunları alt-üst etdiyi kimi, indi də bax buna oxşar hadisələr baş verəcək.
Fəqət Avropada deyil, Yaxın Şərqdə. Amerika trostkistlərin baş ideoloqları olan Devit Nort, Niks Bim də, diqqət edin, öz məqalələrində bu fikirlərimizə yaxın müddəalar irəli sürür.
***    
Azərbaycan taleyinində başqa xalqların qismətinə düşməyən bir xoşbəxtlik var-iki dəfə, bəli düz iki dəfə ortodoks təfəkkürün dar çərçivəsindən çıxmaq xoşbəxtliyi. Birinci cəhd- Şah İsmayıl modernizmi, dini islahatçılıq. Xalqımız ortodoksal islam diskursundan ayrılır, hetordoks islam aləminə qədəm basır. Görünməmiş hadisə- dünyada  ilk dəfə heterdokslar, yallah, ortodokslar üzərində qələbə çalıb öz dövlətlərini qururlar! İkinci cəhd-kommunistik modernizm lahiyəsində iştirakımız, sovet hetordoksluğu, onun bizlərə bəxş etdiyi islahatlar.
Məncə, bunun üçüncü pilləsi də olacaq.
Qapımız döyən 3-cü Dünya müharibəsi bizlərə çox möcüzələr vəd edir,vallah.
Biz Qafqaz abrekləriyik, yenə də öz ənənəvi andımızı içəcəyik, yenə də qoca tarixin saqqalından dartıb onu taxt-tacdan məhrum etmək imkanı, bəli, yalnız bizim açıq alnımıza yazılıb.
Cəbbəxanamızda permanent inqilab ənənəsi, abreklərin andı kimi güclü silahlarımız var.
Qədrini bilək onların. Vətənimiz xəyanət nəticəsində məğlubiyyətə uğradıqdan sonra bizim bu andı içməyə hər cəhətdən mənəvi haqqımız çatır.
Bilin, ən çətin məqamda, bizim öz andımız var.
***
Gecə vaxtı, ay işığında, bir də görəcəksiz ki, kiminsə kölgəsi qəfildən sıçrayıb bom-boş məscidə qədəm basdı.
Öz mübarək andını içdi orda.
Həmin and bu dəfə, əlbətdə, daha humanist səslənəcək.

Комментариев нет:

Отправить комментарий