Страницы

23.11.2011

Bu gün Rafiq Tağının üstünə bıçaqla gələnlər...


Araz Gündüz

Şairlər xalqının ən çox ərköyün,
Ən çox da döyülən övladlarıdır.
                                             Məmməd Araz

Yazıma Sokratsayağı, açması da içində gizlənmiş, paradokslu bir sorğu ilə başlamaq istəyirəm: İnanclı kimsələrin deməsinə görə, tanıdıqları, inandıqları, tapındıqları dəyərləri danmaqla, yamanlamaqla, ateistlər onları aşağılayırlar; bu tezis düzgündürsə, ateistlik özü də hansısa dəyərləri—tanımaq, inanmaq, tapınmaqdırsa, onda dindarların da onların dediklərini danması, yamanlaması, ateistləri aşağılamaq sayılmalı deyilmi? Yoxsa başqa sayaq düşüncəyə yer qoymamağın ən düzgün yolu, belə düşünə bilənlərin aradan götürülməsidir?  Necə deyərlər, ən yaxşı qırmızıdərili ölüsü ortada olanıdır!
   
Sokrat öz öyrənçiləri ilə danışıqlarının birində belə bir söz deyir: Birdən insan bədəncə öküz, anlaqca özü olsaydı, onda insanın anlağı ona nə gərək olardı, nə də işinə yarayardı; eləcə öküz də, özünün heyvan varlığı ilə yanaşı, bədəncə insan olsaydı, bircə gün də yaşaya bilməzdi.

Azərbaycanın bir sıra bölgələrində iki kimsənin sözləşməsini: “onlar ağızlaşdılar” deyə anladırlar, yəni bu olayı, heyvanların boğuşanda ağızları ilə biri-birini qapmasına bənzədirlər. Başqa bir sıra bölgələrdə,  iki kimsənin tutaqlaşmasını: “onlar əlləşdilər” deyə anladırlar, yəni bunu da, heyvanların boğuşanda caynaqları ilə biri-birini cırmaqlamasına bənzədirlər.

“Dədəm Qorqudun Kitabında”  bığı qanlı Əmən deyilən bir kişidən söz açılır, onun acıqlananda bığlarından qan damdığı deyilir. Bunun ardınca da, bu kişinin Məhəmməd peyğəmbərin çağdaşı olub, onunla görüşdüyü, ondan islamı öyrənib dinə gəldiyi, sonra da Oğuzun içinə gələrək, onları da dinə gətirdiyi söylənir.(Ancaq nədənsə Oğuz elində azan verənlər hamısı yadellilərdir: “Saqqalı uzun  tat əri  banlayır” deyir oğuzlar, azan verməyə.) Bu, “bığıqanlı” sözünə gəlincə, burada ikisindən biridir: birincidə, klassik şairlərimizin də, saqqalına, bığına xına yaxdıqları üçün lağa qoyduqları “qırmızısaqqal mollalar” deyimi ilə ilgili ola bilər; ikincidə, hamımızın yeri düşəndə dediyimiz: “biz qılıncdan dönmə müsəlmanlarıq”, yəni bizi:  “üstümüzə qılınc çəkib, neçələrimizin qanını tökəndən sonra müsəlman eləyiblər, biz dinin özünə yox, onun qılınc adında başkəsən gerçəkliyinə inanmışıq” deyimindən bəlli olan, dədə-babalarımızın keçmişlərdə tökülən qanlarını andırmaqla bağlı ola bilər. Anışdırsanız görəcəksiniz, dilimizdə ölütçü(qatil) insana—əliqanlı, ölütçü heyvana isə ağzıqanlı deyərlər.

Necə olursa olsun, insanlar öz aralarında baş verən qovğaları, insanca çözməli deyillərmi?  Yəni istənilən çəkişməni danışıb anlaşmaqla yoluna qoymaq olarsa, niyə də belə olmasın?—ola bilsin lap sonunda o da, bu da öz dediyinin üstündə dursun, ancaq bu qovğa da barışla bitsin!

Kimsəyə gizlin deyil, Avropada Orta çağların oyanışı(intibah deyilən), xristianlığın protestantlıq deyilən axını olmadan baş tuta bilməzdi. Protestantlar isə, qısaca desək, dinin ruhanilərin təkəlçiliyində(monopoliyasında) olmasına “protesto” eləyir, onu— kimsənin araçılığı olmadan, adamların özlərinin özgürcə anlaması üçün yarayan bir biçimə salmağa çalışırdılar. Onlar öz ana dillərində olmayan dini kitabları evlərinə buraxmırdılar, inancın təkəlçiliyiə alınmasının kökündə duran başlıca nəsnələrdən birinin də elə, hamının anlaya bilmədiyi, yad dildə yazılmış kitabların olduğunu deyib dururdular.

Bugünkü Azərbaycan aydınları(ziyalıları) içərisində dinə inanmayanlar da var, dini—yaşadığımız çağın gerçəklərinə uyğun olaraq qavrayanlar da. Bir də var, ikiüzlülük eləyənlər: özlüyündə dinə inanmayıb, elgözünə yalançı inanc sərgiləyənlər. Bunlardan hansı yaxşı sayılmalıdır: Rafiq Tağı kimi, düşündüklərini kişi təki üzə deməkmi, yoxsa daldada şeytanla yoldaşlıq eləyib, üzdə inanclı maskası taxmaqmı?

Rafiq Tağının yaradıcılığını izləyəndə, onun kimliyində, böyük yazıçıların çoxunda olan bir üstünlüyün işartılarını görmək olur, yəni böyük yazıçıların hamısı, yaşadıqları toplumun geriçilik doğuran düşüncələrinə qarşı dözümsüz olurlar, çoxluğu: “tanrıdan buyruq, ağzıma quyruq” susqunluğundan, uyğusundan oyatmaq üçün, onların başının üstündə dayanıb, hayqırmaqdan özlərini saxlaya bilmirlər; başlarına gələ biləcək qorxulasıları gözlərinin altına alsalar da, yenə, dayanıb qıraqdan baxmağı özlərinə sığışdırmırlar. Rafiq Tağı ara-sıra, çağdaş toplumumuzu bərk silkələyib, onu düşdüyü ölümcül şokdan qurtarmaq istəyiylə esselər yazır, bunların yerinə düşəni də olur, birdən yersiz aşırılığa yol verdiyindən, anlaşılmaz görünəni də. Rafiq Tağının düşdüyü bu ağır durumda, ola bilsin yersiz görünsə də deyirəm, onun publisist yazılarında səsləndirdiyi düşüncələrinin bir çoxunu yanlış saysam da, yeri düşəndə onlara çox kəskin yozumlar yazsam da, ancaq istər-istəməz Rafiq Tağını, bugünkü yazarlarımızın içində tək-tük qalmış, “saray şairliyinə” yıxılmayan, buyuruq yiyələrinə qulluq göstərməyən, bir sözlə, öz mənliyini çamurlardan qoruyan bir yaradıcı kimsə olaraq tanıyıram, ona ən azı bunlara görə sağ ol düşdüyünü sanıram.  İnsan düşünürsə, axtarırsa, ürəyindən keçənləri deyirsə, onun dedikləri ilə anlaşmayan, özünü ondan artıq bilgin sayan bir başqası, onunla necə davranmalıdır: yanılana yanlışını, cızığından çıxana yerini, anlatmaqla, başa salmaqla göstərməli deyilmi? Özünün anlaqca qarşısındakından üstün  olduğunu bilən, onun durumuna acımalı, yoxsa onun üstünə acıqlanmalıdır; onun söyüşünün qabağına söyüşləmi çıxmalıdır, yoxsa öyüdləmi?

2500 il bundan öncə, Yunanların Afina dövlətində insanlar, tanrıların istəmini öyrənmək üçün fal açardılar, quşların uçuşuna, gözlənilmədən eşitdikləri səslərə, qarşılarına çıxan kimsələrin görkəmlərinə baxıb, tanrıların onların uğuruna nə yazdıqlarını öyrənməyə çalışardılar. Günlərin birində, afinalı üç fırıldaqçı, Sokratı Afinalıların məhkəməsinə çəkib gətirdilər, hakimlərə belə dedilər: Sokrat deyir, tanrılardan gələn bir səs ona nəyi eləyib, nəyi eləməmyi  anladır, bununla da o bizim inandığımız tanrıları danır, başına yığdığı gəncləri də buna inaandırıb pis yollara çəkir.  Sokratın dediyi: “Mən deyirəmsə tanrılardan gələn səs eşidirəm, onda onları necə dana bilirəm? Mən o öyrətdiyim gənclərə anlaqlı olmağı, toplumdakı çalpaşıq işləri barışla çözməyi aşılayıb, əllərinə yaraq-yasaq götürüb sizlərin üstünə gəlməkdən saxlayıram!”—kimi sözlər, hakimlərə inandırıcı görünmədi. Məhkəmə afinalıların hamısından qat-qat üstün tanrıqan(mömin) olan Sokratı, tanrıları tanımamaqda suçlayıb, ona ölüm kəsdi. Bu ölüm kəsilməsinin altında isə, afina iqtidarının belə bir qorxusu dayanırdı: Sokrat, biz yol vermərik, sən tanrılara bizim təki yox, başqa sayaq inanıb, sonra da bunu afinalıların içində yayasan, onlar da bizim istədiyimiz kimi yox, öz bildikləri kimi yaşamaq istəyələr!

Bu gün Rafiq Tağı kimlərinsə öz təkəlçiliyində saxlamq istədiyi inanclara, onların dediyi kimi yox, öz istədiyi təki inanmaq istədiyi üçün, onun üstünə əlibıçaqlı başkəsən göndərirlər. Yaşadığımız toplumda yaranmış durum belə qalacaqsa, o birisi gün bu əlibıçaqlı başqa bir aydının üstünə bıçaq çəkəcək (Əli Əkbərin bununla bağlı son çağırışının olduqca yerində olduğunu sanıram), ancaq iş təkcə aydınlara qarşı basqılarla bitməyəcək, buçağacan baş vermiş örnəklərə baxanda bu olayların sonu belə görünür: Bu gün Rafiq Tağının üstünə bıçaqla gələnlər, az keçmədən onun yaşadığı,–başı soyğunçuluqdan, talançılıqdan ayılmayan, yurdun torpağını da,  yurddaşını da qorumağı bacarmayan–dövlətin üstünə, top-tüfənglə gələcəklər!..

Комментариев нет:

Отправить комментарий