Страницы

22.11.2011

Film, film, film…

ОНИ НЕ КОНЧАЛИ КИНОВУЗОВİbrahim Sel                                                   
Professional Oxucu Liqası

 İntiqam Hacılı (İntiş) və kinodan yazarlığı öyrənən digər dostlar üçün

“Siz televiziya tamaşaçıları heç vaxt dünyanı dərk edə bilməzsiniz”

I yazı

 Mədəniyyət ən böyük siyasətdir. Mədəniyyətin ən populyar sahəsi olan kinonu da, çox doğru yerə ən böyük təbliğat vasitəsi adlandırıblar. Bu gün kino və digər audiovizual sənətlər vasitəsi ilə ölkələrin, bir növ özünütəsdiqi uğrunda mübarizəsi gedir. Nəticə əldə etmək üçün daha çox tamaşaçı qazanmaq uğrunda gedən savaş da kəskinləşib.
 İndi hamıda belə bir qənaət var ki, mədəniyyətdə, ictimai həyatda boyük bir çevriliş baş verir. Bu çevriliş hər şeydə özünü göstərir. Onun əsas xüsusiyyətləri nədən ibarətdir, bax bu haqda danışmaq bir az çətindir. Çünki yeni prosesin xüsusiyyətləri vaxt keçdikcə aydınlaşır. Sözsüz ki bütün bu yeniliklər kinoda da özünü göstərir. Kinonun ifadə vasitələri və dili çox sürətlə dəyişir.

Mənə elə gəlir ki, müasir kinonun ən başlıca xüsusiyyəti indi deyəcəyim fikirdən ibarətdir. Bu illərə qədər rejissor üçün kinoda yeni aləm, yeni bədii ifadə vasitələri yaratmaq, nəyisə qabaqlamaq o qədər də çətin bir iş deyildi. Amma indi rejissor üçün kinonun inkişafını qabaqlamaq çətinləşib; kino öz-özlüyündə sənətkarların ixtiyarından çıxıb və inkişaf etməyə başlayıb.
 Bu, bir çox səbəblərlə bağlıdır. Təbii ki əvvəla internetlə, üstəlik, audiovizual mədəniyyətin inkişafı ilə. Artıq bir çox şeyləri, hətta sərbəstliyi rejissor özünə icazə verə bilməz. Əvvəllər rejissorlardan sərbəstliyi totalitar ölkələrdə senzura, demokratik ölkələrdə prodüser alırdı. Amma indi istər-istəməz bu sərbəstliyi rejissor özü özündən alır. Çünki tamaşaçı uğrunda böyük mübarizə gedir. Film başlayanda rejissor ilk kadrdan tamaşaçını cəlb etməlidir. Bunlar hamısı tamaşaçının televiziyanı söndürməməsi, kanalı dəyişməməsi üçündür. Artıq “düymə dövrü” gəlib, tamaşaçının əlində olan “düymə dövrü”. Kinozal dövrü getdi. Bu yeni dövr rejissordan tələb edir ki, filmi izləyərkən tamaşaçının barmağı kanalı dəyişməsin. Bunu hələ 20 il öncə rejissor Stenli Kubrik başa düşmüşdü. Stenli Kubrikin sonuncu filmi onun şah əsəri idi. Rejissorun “Geniş qapalı gözlərlə” filmi Nikol Kidmanın paltarını soyunması ilə başlayır. Rejissor tamaşaçı uğrunda mübarizəni həmin zamanlardan anlamışdır.
 Hollivudda belə bir tendensiya mövcuddur ki, müharibə mövzusuna həsr olunmuş filmlər öz xərcini ödəmədiyi üçün kommersiya baxımından sərfəli deyil. Ona görə də Hollivudun tarixində II dünya müharibəsindən bəhs edən filmlərin sayı barmaqla sayılacaq qədərdir. Bəlkə də bu tendensiyanın yaranmasına II dünya müharibəsinin ilk dövrlərində ABŞ-ın tutduğu mövqe səbəb olub. Tarixdən məlumdur ki, əgər Perl-Xarbor olmasaydı, ABŞ müharibəyə Hitlerin müttəfiqi qismində qoşulacaqdı. Amma Perl-Xarborun məhvindən sonra hətta Hitlerin ən qatı tərəfdarları belə səslərini kəsmək məcburiyyətində qaldılar. Amerika kimi hegemon bir dövlət belə təhqiri bağışlaya bilməzdi. Amerika incəsənətində bu mövzuya ilk dəfə Ceyms Cons toxundu. “Burdan əbədiyyətə qədər” romanında yazıçı hava hücumuna qədərki son bir neçə ay ərzində Perl-Xarborda hökm sürən atmosferi tam açıq təsvir eləmişdi. Təbii ki Hollivud belə cəsarətli əsəri ekranlaşdıra bilməzdi. Xüsusilə də tarixə “İfritə ovu” ad ilə düşmüş Makkarti repressiyaları dövründə. Təkcə alman rejissoru, mühacir Fred Sinneman buna cəsarət etdi. Amma “Columbia Pictures” studiyasının təzyiqləri altında rejissor romandakı məhəbbət əhvalatını filmin əsas süjet xəttinə çevirməli oldu. Məhəbbət mövzusu Consun əsərindəki sərtliyi azaltdı. Bununla belə, “Burdan əbədiyyətə qədər” filmi dünya kinosunda müharibə əleyhinə çəkilmiş ən yaxşı filmlərdən hesab olunur.
 1990-cu illərin sonu, 2000-ci illərin əvvəllərində Hollivud yenidən “öz müharibələrinə” qayıtdı. Ancaq bu tamam başqa yanaşma idi. İstər II dünya müharibəsindən bəhs edən “Sıravi Rayanı xilas edərkən”, “Perl-Xarbor”, “Düşmən qapı arxasında”, istərsə də Amerika ordusunun Vyetnam, İraq, Somali və Serbiyada apardığı hərbi əməliyyatları təsvir edən “Biz əsgər olmuşuq”, “Qara şahin”, “Döyüş qaydaları” filmlərində Amerikanın hərbi qüdrəti, Amerika əsgərlərinin qoçaqlığı təbliğ olunurdu. Bu filmlərin əksəriyyəti maliyyə cəhətdən uğursuz alınsa da, istehsalçılar əl saxlamırdılar. Hətta son illər həyatda da, kinoda da fasiləsiz müharibələr aparan amerikalılar müharibəyə şounun əsas elementini- düşünülmüş dramaturgiyanı və ulduzları əlavə etdilər. Hər dəfə əməliyyat daha da təkmilləşir. Ucsuz-bucaqsız şou azmış kimi, Amerika əhalisi bir az da reallıq tələb edir. Odur ki, “Sıravi Rayanı xilas edərkən” filminin də, “Perl-Harbor”un da əsasında real hadisələr dayanır. Bu filmlərdə müharibə artıq açıq şəkildə təsvir olunur. Amerikanın müharibə aparması səbəbləri açıqlanır, müharibə qanuniləşir. Filmlərin əsasında isə real faktlar dayanır. Məsələn, Uilyam Fridkinin “Doyüş qaydaları” filminin əsasında hansısa ərəb ölkəsində silahsız kütləyə atəş açmaq əmri vermiş amerikalı zabitin məhkəmə prosesində baş verənlər əks olunub. Bu film həm də müharibə üzərində qurulmuş məhkəmədir. Və müəlliflər qəhrəmanlarla birlikdə müharibəyə də bərait qazandırmağa çalışırlar.
 Rusiya kinosunda da müharibə mövzusuna müraciət edən rejissorların sayı xeyli artdı. Aleksey Balabanov, Andrey Konçalovski, Nikolay Stambula, İqor Talpa, Sergey Snejkin çeçen müharibəsindən bəhs edən filmlər çəkiblər. Bu ölkədə müharibə haqqında belə çoxlu sayda film ancaq Böyük Vətən Müharibəsindən sonra çəkilib. Lakin həmin dövrdə mövqelər, hisslər, vurğulanmalı məqamlar məlum idi. Böyük Vətən müharibəsində konkret düşmən- işğalçı vardı və ondan müdafiə olunmaq hamının haqqı və borcu idi. Hamı öz vətəndaş mövqeyini göstərməyə can atırdı. Çeçenistana münasibət isə başqa cürdür. Oradakı situasiyanı Sovet hərbi filmlərinin ruhuna oturtmaq mümkün deyil. Odur ki rejissorlar eyni zamanda həm qiymət verməkdən çəkinməyə, həm də əks tərəfə münasibətdə siyasi korrekturaya əməl edərək yumşaq davranmağa, onları qıcıqlandırmamağa çalışırlar. Yəni, onlar konkret müharibədən yox, müharibənin içindən müəyyən süjetlər, mövzular çıxararaq danışmağa cəhd edirlər. Belə mövzulardan biri insan alveridir. Rejissor A.Balabanov “Müharibə”, İ.Talpa isə “12-ci payız” filmində bu mövzuya müraciət edib. Adıçəkilən rejissorların hərəsi bir neçə real faktın əsasında öz dramlarını yaradıblar və hər ikisi öz filmlərində vurğulayırlar ki, müharibədən deyil, insanlardan bəhs edən film çəkiblər…
 Çeçen mövzusunu aktual edən başqa bir cəhət hərbi əməliyyatlardan populyar teleseriallar üçün maraqlı fon kimi istifadə olunmasıdır. Rusiyanın bu yaxınlarda yayımlanmış bir neçə serialında bunu müşahidə etmək olar.
 A.Konçalovski isə tamam başqa yolla gedib. Rejissor müharibə mövzusuna yanaşmasını tamaşaçılara dəlixana timsalında təqdim edib. Onun “Dəlilər evi” filmində hadisələr çeçen-inquş sərhədində yerləşən psixo-nevroloji xəstəxanada baş verir. 1995-ci ildə həkimlər xəstələri baxımsız qoyaraq xəstəxananı tərk edirlər. Konçalovskinin filmində hərbi əməliyyatlar və sənədli zorakılıq yox, metaforalar üstünlük təşkil edir. Dəlixana həm müharibənin, həm də dünyanın modelidir.
 Bir neçə il əvvəl qəddar qansoranlar ordusundan bəhs edən bir triller kassa gəlirlərinin məbləğinə görə rekord vurdu. “Gecə qarovulçusu” filmi premyera günündən başlayaraq 14,7 milyon dollar topladı və ilk rus blokbasteri oldu. “Gecə qarovulçusu” gəlir məbləğinə görə hətta “Üzüklər hökmdarı: Kralın qayıdışı”nı da (ondan beş dəfə çox gəlir toplayaraq) geridə qoymuşdu. Elə bu uğur da rus kinomatoqrafçılarını filmin iki davamını çəkməyə ruhlandırdı- bir-birinin ardınca “Gündüz qarovulçusu” və “Qəmgin qarovulçu” filmləri çəkildi. Hazırda “Qarovulçu”lar Rusiyada Hollivudun “Ulduz müharibələri”nə bərabər tutulur. İllər uzunu Amerika filmlərinə baxmış ruslar Hollivud stilində çəkilmiş yerli qəhrəmanları görməyi çoxdan arzulamışdılar. Filmin yaranması həm də rus kino sənayesinin inkişaf mərhələsinə təsadüf edirdi.
 İqtisadi inkişaf şəraiti və orta təbəqənin meydana çıxması bu gün daha çox ruslara kino bileti almaq imkanı verir (sağ əlləri bizim başımıza). Biletlər böyük sürətlə satılır. Əgər on il əvvəl bütün Rusiya ərazisində müasir kinoteatrların sayı on ikini keçmirdisə, bu gün həmin rəqəm 600-ə çatıb. Onların arasında böyük şəhərlərdə tikilmiş beynəlxalq standartlara cavab verən multikomplekslər də var. Halbuki 90-cı illərin əvvəllərində Rusiyada kinoprokat sistemi məhv olmuş, bir çox kinoteatrlar avtomobil və mebel salonlarına, mafiya ofislərinə çevrilmişdi. Tamaşaçılar filmlərə evlərində video ilə baxırdılar. O zaman hamı elə fikirləşirdi ki, filmə kinoteatrda baxmaq ənənəsi birdəfəlik yoxa çıxıb. Kino istehsalı da kəskin şəkildə azalmışdı. Gənc rejissorlar əsasən reklam və klip çəkilişləri ilə məşğul idilər. Sonra isə vəziyyət tədricən dəyişdi. 
 Türkiyədə kino son illər demək olar ki, yenidən kəşf edilir. Bir-birinin ardınca həm səviyyə, həm də texniki keyfiyyət baxımından Qərb filmlərindən geri qalmayan ekran əsərləri çəkilməyə başlayıb. Onlar bu yaxınlara qədər baxdığımız, qəmli kədərli eşq macəraları danışan, İbrahim Tatlısəsin düşük filmləri tipində tamaşaçını aldatmaq funksiyası daşıyan ənənəvi türk kinosundan kəskin şəkildə fərqlənir. Bu gün türk kinosu Kann, Venesiya, Berlin kimi A kateqorialı beynəlxalq kinofestivallarda iştirak edir və nüfuzlu mükafatlara layiq görülür, türk aktyorları Hollivuda dəvət olunur. Üstəlik rus həmkarlarından fərqli olaraq mafiya nümayəndələrini, cinayətkarları, narkomanları, qatilləri yox, normal, adi insanların obrazlarını yaradırlar. Əlbəttə ki 1-ci sinif uşaqlarımızın da yaxşı tanıdığı Çakırın “Kurtlar vadisi” istisna olmaqla.
 Bir sözlə, türk kinemotoqrafiyası canlanır. Paralel olaraq kino sektoru da inkişaf edir, kinoteatrlar genişlənir, yenilənir, tamaşaçıların sayı və gəlirin məbləği də artır. Türk rejissorları göstərirlər ki, əgər 1994-cü ildə bütün Türkiyə üzrə yerli filmlərə tamaşaçıların cəmi 2 faizi maraq göstərirdisə, indi bu rəqəm artıq 60 faizə yaxınlaşıb.
 İndi isə keçək doğma ellərə. Bir çox sahələrimiz kimi iflic hala salınmış kinəindustriyamız haqqında nə danışaq? Ən güclü filmlərimiz 1970-85-ci ilə qədər olan dövrdə çəkilib. Ruslar ülvi görüntülər yaradaraq sadəlövh rus qəlbinin dərinliklərini çəkdikləri vaxtlarda biz də Üzeyir bəyin sənət əsəri olan “O olmasın, bu olsun”a, Cahangir Zeynalovun qatıldığı tamaşa-filmlərə ləzzətlə baxardıq. İndi belə filmləri kim çəkəcək? Əlbəttə ki bəzi nailiyyətləri qeyd etməmək insafsızlıq olardı. Bir müddət əvvəl “ancaq sənət əsəri yaradıram” deyə öyünən yeni rejissorlarımız çəkdikləri hər cür cəfəngiyyatı dahi hesab edir və tamaşaçını milli filmlərə baxmamaqda günahlandırırdılar. Lakin artıq bu bəhanəmizi də itirmişik. “Parni iz Baku” studiyası “Məhəllə 1, 2”, “Məşədi İbad-94”, tək səbrçilər “Toy” filmlərini çəkdilər və Heydər Əliyev adına Respublika Sarayının nəhəng zalını ardıcıl bir neçə gün tamaşaçı ilə doldurdular. Birdən-birə məlum oldu ki, tamaşaçı günahsız imiş. O kinoya baxmaq istəyir, amma lazım olan kino yoxmuş.

                                            (Ardı var)

Комментариев нет:

Отправить комментарий