Страницы

28.11.2011

HEYF SƏNDƏN, QƏDDAFİ


Əlisa Nicat


Heyf səndən, Qəddafi! Sən necə gözütox, necə ədalətli, necə millətini sevən diktator idin. Sənin qədrini bilmədilər. Sən xalqından nələr əsirgəmirdin?! Budur siyahı:
1.İşsizə ayda 730 dollar maaş verirdin.
2.Tibb bacısına 1000 dollar.
3.Hər yeni doğulmuş körpə üçün 7000 dollar.
4.Yeni evlənənlərə mənzil almaq üçün 64 000 dollar.
5. Şəxsi biznes açmaq istəyənlərə 20 000 dollar.
6. Təhsil və tibb pulsuz idi.
7. Xaricdə təhsil alanların pulunu sən verirdin.
8.Vaxtı keçmiş ərzaq satanlar həbs edilirdilər.
9. Saxta dərman satan adamlara ölüm hökmü kəsilirdi.
10. Mənzil haqqı demək olar ki, yox idi.
11. Elektrik üçün pul alınmırdı.



Bütün bunların əvəzində səni əzabla, rüsvayçılıqla qətlə yetirdilər. Nəşini küçələrdə gəzdirib, üstünə tüpürdülər. O adamlara ki ayda minlərlə dollar əta edirdin, onlar səni yıxdılar. Əgər sən bizdə olub ayda 400-500 dollar pensiya və ya minimum əməkhaqqı versəydin, sənin nəinki ayaqlarını, hətta ayaqqabılarını öpərdilər. Keçdiyin yollara xalılar döşənərdi.
Ah, ərəblər, ərəblər! Siz tamam ayrı sort adamlarsız. Nə diktatorsuz yaşaya bilirsiz (bütün ərəb ölkələrində hələ də diktaturadır), nə də diktaturaya dözə bilirsiz.
Bəli, diktatura pisdir, vaxtı ötmüş idarə üsuludur. Amma diktatorlar bunu dərk edə bilmirlər. Bunu dərk etmək istəmirlər. Hakimiyyət ehtirası tüstü kimi onların beyninə dolub ağıllarını iflic edib. Axı bu mübarəklər, bu qəddafilər, bu əsədlər başa düşmürlər ki, 20-30, hətta 40 il mordaları ilə adamın başı üstündə duranda dözmək olmur. Onlar bunu başa düşmür, bunu dərk etmək istəmirlər. Çünki hakimiyyət hərisliyi onlarda təhlükəsizlik illüziyası yaradır. Doğrudur, ərəb xalqları üçün bu cür hakimiyyətin təhlükəsizliyi doğrudan da illüziyadır, amma axı başqaları üçün belə deyil. Bizdə diktator istəsə nəinki 30-40 il, hətta 100 il ömür sürsə, lap 1000 il də hakimiyyət sürüb cövlan edə bilər. Heç kim də etiraz etməyəcək, çünki sürünə-sürünə də olsa, yaşayacaqlar. Qəribədir ki, bizdə olduğu kimi bir çox qonşu ölkələrdə diktatorlar həm xalqı saya almır, onların başına noxta keçirib istədikləri kimi sürür, eyni zamanda həm də qorxurlar. Qorxurlar. Niyə? Kimdən? Qorxmasalar, küçələrdən keçəndə yollara minlərlə polis və daxili qoşun nümayəndələrini tökməzlər. Ümumiyyətlə, daxili qoşun nə deməkdir? Polisdən əlavə də qoşun olar? Amma bizdə var. Çünki qorxu illüziyası güclüdür. Hamı Ənvər Börüsoy kimi qorxur. Qorxub da uzaqlara, əlçatmazlara daş atırlar. Ənvər Börüsoy kimi.
Ah, Qəddafi, Qəddafi! Heyf səndən. Necə şən, necə arxayın, necə xoşbəxt idin! Di gəl ki, ayda 1000 dollar hədiyyə verdiyin harın işsizlər ordusu səni yıxdılar. Oğlanlarını, nəvələrini qətlə yetirdilər.
Ay ağılsız, ay beyinsiz! Axı 1 il qabaq üzüsulu, ailən, nəslin və 40 milyard dollarınla gedib istədiyin ölkədə yaşaya bilərdin. Azad, xoşbəxt tamaşaçı kimi ləzzətlə yaşaya bilərdin, amma beynini qurudan hakimiyyət ehtirası imkan vermədi. Ay, yaramaz! Özün cəhənnəm, körpələrini də güdaza verdin.
Hakimiyyət xəstəliyi ən pis xəstəlikdir. Unutdun ki, sən bizim kimi kölələrə, bizim kimi tulalara yox, ərlərə, kişilərə ağalıq edirsən. Bunu unutdun!



http://alisanicat.wordpress.com/

Комментариев нет:

Отправить комментарий