Страницы

20.11.2011

Hər damlası göz yaşı


Afaq Şıxlı

YAĞIŞ YAĞIR...

Yenə həmən o söyüdün altındayıq...
Yağış yağır
narın-narın,
aram-aram...
Yadındamı, sənə o vaxt deyirdim ki,
"Yağışla heç yoxdur aram".
Qəribədir!
Sevmədiyim yağış indi
sənlə birgə olmağıma bəhanədir,
Bilirəm ki, gedəcəksən kəssə yağış.
Qoy kəsməsin!
Daniş, canım, yenə danış!
Buraxma heç əllərimi,
gözlərimdə qayna-qarış...
Mənlə barış!


Yağış yağır
narın-narın,
aram-aram...
Bu mehriban yağış üçün bulud dolu səmalara,
hərdən-birdən oğrun-oğrun
yanağıma damcılayan damlalara
minnətdaram.

Gizlədirlər "yağış" adlı göz yaşımı…
Qaldırmıram mən başımı,
hey boşalır dolur gözüm...
Silmirəm də gözlərimi –
istəmirəm əllərimi səndən üzüm...
İstəmirəm səni üzüm...
Əbədilik heç nə olmur!
Bu yağış da necə olsa kəsəcəkdir,
Soyuq həsrət küləkləri
əsəcəkdir.
Daha yalnız, xəyallarda
bu söyüdə daldalanıb duracağıq...
Ayrılığa səbəb olan səbəbləri
özümüzdən dönə-dönə soracağıq.
Salxım söyüd dözməyəcək dərdimizə,
çökəcəkdir.
Bizdən başqa bir kimsəyə açmamaqçün qucağını,
qollarını ta yerlərə əyəcəkdir,
bilə-bilə...
Amma hələ...

Yağış yağır
aram-aram...
narın-narın...
Hər damlası ele bil ki göz yasidir
son görüşü olanlarin...

DEYIRLƏR...

Deyirlər, şairlər nə bəxtəvərdir,
Hər qəmi, qüssəsi kağıza köçür.
Sözü məsəl olub dillərdə gəzir,
Seiri ağızdan - ağıza köçür...

Qüssəli, kədərli olsa da yenə
Canında bir gənclik eşqi dolaşır.
Nəğməyə çevrilir yazdığı kəlmə,
Şöhrəti-sərvəti başından aşır.

Əlində bir qələm, gözündə eynək,
Məclislər sultanı olubdu şair.
Naşı nə bilsin ki, nə çəkir ürək,
Nədən həsrət ilə dolubdu şair?!

Kim bilir dünyada kimdi bəxtəvər?
Şairlər bu adla düşübdür dilə...
Cox bilmək insana əzab gətirər,
Bəlkə də cahildir bəxtəvər elə?

Комментариев нет:

Отправить комментарий