Страницы

04.11.2011

Kartof satan elmlər namizədi

Ağa CƏFƏRLI

Şalvar satan bankçı...

Zamiq mənim qrup yoldaşım olub, magistraturanı bir yerdə oxumuşuq. O, dərslərə diqqətinə və intizamına görə universitetimizin ən yaxşı tələbələrindən sayılırdı. Ən insafsız müəllim belə ona “yaxşı” qiymət yazmağa cəsarət etmirdi, Zamiqin bütün qiymətləri əla idi. Onun magistraturaya qəbulu isə asan olmamışdı. Yaxşı yadımdadır, Zamiq imtahanda ona düşən bütün suallara daha ətraflı cavab yazmaq məqsədilə nəzarətçi müəllimlərdən dəfələrlə əlavə vərəq istəmişdi.

Rüşvət verdiyinə görə magistraturaya qəbul olunacağını əvvəlcədən bilənlər isə onun bu canfəşanlığını gülüşlə qarşılayırdılar.

Nəticələr açıqlananda bəlli oldu ki, Zamiq imtahandan kəsilib. O isə özünə əmin idi, vəziyyətlə barışmadı, döyüşdü, şikayətlər yazdı və məqsədinə nail oldu.

Zamiq hər şeyin yaxşı olacağını düşünür, ixtisasla bağlı əlinə düşən bütün kitabları, materialları acgözlüklə oxuyurdu. Bizə irad tutmaqdan doymurdu, bütün günü deyinirdi, təhsilə biganə yanaşmağımızdan gileylənirdi.

Zamiqdən incidiyim də olmuşdu. Siyasi fəaliyyətimə görə məni cəzalandırmaq istəyirdilər, bunun üçün qondarma bir sənəd hazırlamış, hətta qrup yoldaşlarıma da qol çəkdirmişdilər. Qol çəkənlər arasında Zamiq də vardı. İnsafən sonra qol çəkən tələbələrin hamısı üzrxahlıq etdilər, onlar arasında Zamiq də vardı. O, bu addımı təhsil almağında problem yaranmaması naminə atdığını söylədi və mən Zamiqin təhsilə nə qədər böyük önəm verdiyini nəzərə alaraq onu məmnuniyyətlə bağışladım.

Zamiq magistraturanı bitirdikdən az sonra müdafiə elədi, elmlər namizədi oldu.

Onu xeyli vaxt idi ki görmürdüm, bir neçə gün öncə dayanacaqda rastlaşdıq. Hal-əhval tutduqdan sonra işlərinin necə getdiyini soruşdum və aldığım cavab sözün həqiqi mənasında məni sarsıtdı.

Elmlər namizədi olan, vaxtilə özünü elm yolunda fəda etmək istəyən Zamiq indi meyvə-tərəvəz satmaqla ailəsini dolandırır. Səbəbini isə belə izah edir: “Elmlər Akademiyasından aldığım maaşla ailəm acından ölər”.

Zamiq danışır, mən isə sanki heç nə eşitmirdim, gözümün önündə bəzi rəqəmlər canlanırdı; Futbol üzrə yığma komandamızın illik xərci 7, 5 milyon manatdır. Üstəlik onlar üçün dərman preparatlarının alınmasına 200 min manat pul xərclənir. Elmlər Akademiyasının illik büdcəsi təxminən yığma komandamızın illik xərci qədərdir. Elm Fonduna ayrılan vəsait isə bundan daha azdır – 6 milyon manat.

Nəticəni özünüz cıxarın...

***
Tanış bir bank işçisi vardı, öz işinin ustası idi. İşlədiyi bankda başına and içirdilər, ona çox etibar edirdilər. Bir sözü kifayət idi ki hətta jurnalistə belə kredit versinlər. Bilirsiniz də banklar jurnalistlərə kredit verməkdən çox çəkinirlər.

Bir neçə gün öncə bank işçisi olan tanışıma zəng etdim, kredit götürmək istəyirdim. Məlum oldu ki, adam maaşın az olması səbəbindən işdən çıxıb və hazırda 8-ci kilometr bazarında şalvar satır. Yaxşı bir bank işçisinin bazarda şalvar satmağı məni ağrıtdı.

Alver edənləri aşağılamaq cəhdimiz yoxdur, amma savadlı kadrların, alim olmaq istəyənlərin ya vəlvələdən, ya zəlzələdən alverə üz tutması məncə yaxşı perspektiv vəd etmir.

***
Zamiq inciməsin, amma onunla söhbətdən sonra yadıma Famil Mehdinin “Dilən professor, dilən” şeirindən aşağıdakı misralar düşdü:

Hanı o qırmızı diplomlar, hanı?
Nəyinə gərəkdir torbada qala,
Çıxar hamısını cır, at, tapdala.
Yandır cild-cild, yansın əl yazın,
Sən kimə gərəksən, o kimə lazım?
Dilən, professor, utanma, dilən.
Dillən, professor, utanma, dillən,
Qoy sənin yerinə zaman utansın,
Səni bu günlərə salan utansın.


kulis.az

Комментариев нет:

Отправить комментарий