Страницы

23.11.2011

Masallı şeirləri


Mehman (Masallı)
 ***
Mən adam deyiləm, çoxdan itmişəm,
Ağacam, bilmirəm harda bitmişəm.
Azmış ruh kimiyəm, yadıma düşmür,
Hardan başlamışam, hara getmişəm.
Hər gecə gözünə görünmək üçün
Ağac olacağam, mən ayda bitib.
Duzlu dənizlərdən gələn buludun-
Sərxoş olacağam suyunu içib.
Hər bahar gələndə, tumurcuq kimi
Bir yuxu açılar göyün üzünə.
Özün də bilmədən ovuclarını
Açıb uzadarsan ayın üzünə.
Uçar əllərindən bir ağ göyərçin,
Qonub diksindirər budaqlarımı.
Bir nəğmə ağlayar hey için- için,
Ağlayar, isladıb yarpaqlarımı.

*             *              *
 Sənin göz yaşaların qar dənələri,
Aləmə dağılan nar dənələri.
Gör mənim başıma nə oyun açdın,
Gəl indi yığ görüm bu, dənələri.
Sən özgə saatda, özgə zamanda,
Mən özgə saatda, özgə zamanda.
Çarmıxa çəkilmiş Məsiha kimi,
Asılıb qalmışam mən o zamanda.
Mən indi gerçəkdə azan birisi,
Sənsə xəyallarda gəzən birisi.
Yazdıq bu qisməti taleyimizə,
Biz yazdıq, pozmadı pozan birisi.
Bəlkə yuxularda görüşə bildik,
Görüşüb gerçəyi dəyişə bildik.
Mən susub alışsam, sənsə ağlasan,
Bəlkə də, nəyisə dəyişə bildik.
***
  Sərxoş dənizlərin yuxularından
Yelkənli gəmilər üzüb itəcək.
Mən elə bilirdim bugün bitəcək,
Açılan sabahla dünən itəcək.
İtəcək, ovcumda sönən köz kimi,
Lalın dilindəki ölən söz kimi.
Söz vardı, demədim, sən eşitmədin,
Bitmədi, sonsuza gedən yol kimi.
Bu söz sərsəridi, dəlidi, nədi,
Xəritəsi itmiş bir xəzinədi.
Yuxuma tor atıb tutardım onu,
Tora da düşməyir, bir əcinədi.
Bu istək nə bitdi, nə sona yetdi,
Bir ömrü mənimlə yanaşı getdi.
Onu dilə tutub ovundurmağa,
Nə ömür bəs etdi, nə zaman yetdi.
Sınmış saatların əqrəblərində
Yorulmuş zaman da yatır, dincəlir.
Məni ucuz aldı, baha da satmır,
Alardım, bilsəydim harda gizlənir.
***
Küləklər ətrini apardı getdi,
Bir qədəh şərabtək dağıtdı getdi
Içimə bir oğru girmişdi sanki,
Əlinə nə keçdi, qopardı getdi!
Ətirli bir yağış yağdı hər yerə,
Yağdı ağaclara, yağdı evlərə.
Bir dəli sallanıb göy qurşağından
Mahnı oxuyurdu hey küləklərə.
Küləklər sevincdən yallı gedirdi,
Dolanıb bağrına yer kürəsinin.
Dəlilər küləkdən kəndir hörürdü
Göylərdən asılıb yellənmək üçün.
Adamlar ağıldan bezib qaçırdı,
Şirin nağıllardan işıq saçırdı.
Dünyada bir gizlin qalmadı daha,
Gizlinlər aşkarca çiçək açırdı.
Dənizlər ətrinlə dolub- daşırdı,
Çiçəklər ətrindən içib açırdı.
Dünya bu sevgidən dəli olmuşdu,
Dünya məhvərindən çıxıb qaçırdı!
***
Gözlərinin rənginə
Boyanmaq istəyirəm.
Dilindən qopub düşən
Bir titrək, cingiltili
Səs olmaq istəyirəm.
Mən yalan, sənsən doğru
Nisgilin acgöz, oğru.
Bu oğruya tuş olub
Soyulmaq istəyirəm.
Sən bağlı bir qapısan
Mənsə köhnə bir açar.
Allah bilir bu açar
Bu qapıya düşəcək,
Ya da heç düşməyəcək…
Səs- küylü məclislərdə
Oxunan çox kədərli,
Həzin bir mahnı kimi…
Kimisə ağladacaq
Gözlərinin rənginə
Boyanmaq istəyirəm.
Ömrün bitdiyi yer
Yerin qara daşı səndən istidir,
Dərdini daş kimi götür at mənə.
Yığma ürəyinə, yığma ömrünə,
Onları tonlayıb gətir sat mənə.
Mənə qarğış eylə, məni yamanla,
Qov məni yanından, üşüdüm axı…
Ya bir şirin dillə, ya başqa yolla
Ovundur səbrimi, bezidim axı…
Bir gün beziyərəm, çıxıb gedərəm,
Özüm də bilmirəm, hara gedərəm.
Səsinin itdiyi yerə gedərəm,
Səbrimin bitdiyi yerə gedərəm…
Səsin itdiyi yer hardadı axı…
Səbrin bitdiyi yer hardadı axı…
Sənin cazibəndən gizlənmək üçün
Bu dünya balaca, çox dardı axı…
Götürüb dünyanı çıxıb gedərəm,
Ömrümün bitdiyi yerə gedərəm.
Ömür bitən yerdə bir ağac əkib,
Yaşıl yarpağından çələng hörərəm.

Vida nəğməsi

Bir gün zaman da bezəcək
dadlı nağıllardan,
şirin yalanlardan…
Sürüşən ulduz kimi
daha bir ömrü bitirəcək.
Və həmin gecə bir qadın
yatağındakı kişinin
bədəninin istisindən üşüyəcək…
Evinin pəncərəsinə qonmuş
buz salxımının
soyuq baxışından diksinəcək…
Heç vaxt eşitmədiyi
bir nəğmənin sehrinə düşəcək…
Ağrıdan qovrulan
yaddaşının qəlpələri
gecənin içindən keçəcək…
Ulduzlar gecənin
ağrısına ağlayacaq…
Gecənin zülməti
qadının caçlarını
yaylıq kimi örtəcək…
Və uzaqlarda
Tənha ağacın altında
tənha məzarın
hələ soyumamış istisinə
ömrünü isindirən
qara örpəkli qadın…
Bir zaman da bezəcək,
sürüşən ulduz kimi
daha bir ömrü bitirəcək…
Mənim gözlərimdə
Kədər çiçəkləyəndə
Hər il eyni gündə
sənin gözlərindən
iki damla şeh
ulduzlar kimi
gecənin soyuq üzünə qonacaq…
Yaddaşımın ağrısı
ilan kimi qıvrılıb
ürəyimi sancacaq…
Kədərimin yaşı
bu ilan boyda
mən olmayanda
bu bapbalaca kədər
sənsiz necə yaşayacaq…
Gecənin içindən
göyərçin qanadlarının
xəfif çırpıntısıtək
titrək səslə
kim onu çağıracaq…
Dünənin kölgəsi
bu günə düşməyəcək,
Gündüzün işığı
Gecəyə düşməyəcək.
Sənsiz, mənsiz
bu bapbalaca, tənha kədər
gecənin soyuq işığında
üşüyəcək, üşüyəcək…
Mən payız yarpağıyam
Sənsə bir külək.
Məni budağımdan qopar,
yarpaqların başqa dildə danışdığı
yerə apar…
Hər açılan səhər
gecəni gözləməkdən,
hər gecə yuxuna gəlməkdən
yoruldum daha…
Gecədən qırılıb qopan
bir yuxu olmaq
istəyirəm…
Bu yuxuda
 hər kəsdən
səndən və özümdən
gizlənmək istəyirəm.
Mən bir dərd heykəliyəm,
kölgəm özümdən uzun.
Kölgəmdə çiçəklər bitməz
Yoruldum daha
Kölgələrin boy atmadığı
yerə getmək istəyirəm
Yarpaqların
başqa dildə danışdığı
yerə getmək istəyirəm.

Məmmədağa Məmmədov 1953- cü ildə anadan olub. İxtisasca həkim- terapevtdir. İki şeir kitabının müəllifidir.


Yaşamaq istəyirəm

Yaşamaq istəyirəm,
Həyatı gözəl, rəvan.
Yaşamaq istəyirəm
Ki, dünyada mən varam.
Yaşamaq istəyirəm,
Lal axan çaylar kimi.
Yaşamaq istəyirəm,
Başı qarlı dağ kimi.
Təbiətin qoynunda,
Yaşıl çəmənzar kimi.
Uca dağlar başında,
Fırlanan qartal kimi.
Söldırım qayalardan,
Axan şəlalə kimi.
Dağ döşündə, qüzehdə,
Sürünən duman kimi.
Yaşamaq istəyirəm,
Xəzərin sahilində
Uçan qağayılar tək,
Dənizin sinəsində,
Çırpınan dalğalar tək.
Doğma Azərbaycanda,
Öz elimdə, obamda,
Öz isti ocağımda,
Anamım qucağında,
Doğma bir uşaq kimi.
Vətənin qucağında
Adi bir insan kimi,
Yaşamaq istəyirəm!
Yaşamaq istəyirəm!

Qulu Vəcioğlu (Məmmədov Qulu Vəci oğlu) 1945- ci ildə anadan olub. Ixtisassa mühəndisdir. Üç şeir kitabının müəllifidir.

Dedilər

Halallıq oldu andım,
Halallıqla dolandım.
Mən hamıya inandım
Mənə əfəl dedilər.
Baxdıqca sağa, sola
Düşmədim əyri yola.
Əydilər bala- bala
Mənə əfəl dedilər.
Mənə əfəl dedilər.
Qoy bilsin elim, obam,
Bilmədim nədir haram.
Qövr eylədikcə yaram,
Mənə əfəl dedilər.
Vəzifə də daşıdım,
Ləkə görmədi adım.
Bir az sadə yaşadım,
Mənə əfəl dedilər.
Günlərin bir günündə,
Bir namərdin önündə.
Ehtiramla dinəndə
Mənə əfəl dedilər.
Dünyanın bu şər vaxtı,
Bu dəymədüşər vaxtı,
Çoxunungüldü baxtı,
Mənə əfəl dedilər.

Qış

Uçub getdi bölük- bölük
Qatar- qatar durnalar.
Şaxta asdı qulağından
Damların buz tanalar.
Yazılmamış bir varağa
Bənzədikcə çöl- çəmən
Tüstülətdi babam kimi
Demisini binalar.
Krematoriya
Krematopiya dedim,
bBeynimdəki fikirlər
Elə bil, kölgələndi
Qəzəbin dalğasından
Dünyamız silkələndi
Ehh…
Ölüm ocağında
Baş vermiş dəhşətləri,
Deyin. Kim danmaq istər?!
Ağsaçlı yer kürəsi
Sülhün alovlarında
Alışıb yanmaq istər.
Məni bərkitmək üçün
Həyatın qucağına
Yola salıbdır anam
Mən həyat ocağında
Həyat hərarətilə
Gərək alışam, yanam!..

Tək ağac

Dağ başında tək ağac,
Ətrafında kötüklər
Meşəni hansı haqla
Qırır belə böyüklər?
Baltalar döyüşünün
Şahididir o burda
Bəs niyə tapşırırıq
Bəzən qoyunu qurda?
Namərd baltalarından
Salamat qalıbdır o
Ətrafa baxa- baxa
Sükuta dalıbdır o.
Bu lövhənin önündə
Az qaldı ürək dona
Dost, Xatın faciəsi
Söyləyəkmi biz buna?
Vüqar ilə dayanıb
Dağ döşündə o ağac
Meşənin kədərini
Tək necə daşıyacaq?
Kötüklərdə pöhrə var,
Pöhrə- ümid, gələcək!
Bu lövhəyə biganə
Olar ancaq daş ürək!

Camal Lələoğlu 1952- ci ildə anadan olub. BDU- nun filologiya fakultəsini bitirib. 7 kitabın müəllifidir.

Kəndimizdə bir bulaq var

Kəndimizdə bir bulaq var yo üstə.
Çatan kimi qızlar həddi- buluğa,
Görünərlər o cığırda, bu izdə,
Tələsərlər, tələsərlər bulağa.
Səhəngini doldurarlar sevgidən,
Onlar suyu adama çox görməzlər.
Öz könlünü verməmişdən kimsəyə,
Tellərini bir hörükdə hörməzlər.
Qız əlindən suyu alıb içən kəs,
Səhəngini alıb gərək aparsın.
Səhəng nədir, onlar biri- birinin
Ürəyində gərək ürək aparsın.
Kəndimizdə bir bulaq var yo üstə,
O bulağa yüz cığır var, yüz də iz.
O bulağın sevgissindən içənlər
Deyirlər ki, axıb, axıb olubdur
Bulaq bizim sinəmizdə bir dəniz.
Kəndimizdə bir bulaq var yo üstə.
O bulağın yanında bir daş da var.
O bulağın daşını hər görəndə
Yada düşər, xatırlanar fərəhlə
Elçi daşı sevinc olan nağıllar.
Kəndimizdə bir bulaq var yol üstə.
Axır, axır, nağıl olur suları.
Neçə- neçə dəliqanlı burada
Ağıllanır… ağıl olur suları.
Acı- acı dili olan oğlanlar
Şirinləşir, noğul olur suları.
Anam deyir, səni mənə, ay bala,
Bulaq verib… oğul olur suları…

“Yayın bədnəzərdən, göz dəyər sənə”
                              Aşıq Qurbaniyə nəzirə

Yayın bədnəzərdən, bədəməllidən,
Vardır aramızda nə qədər alçaq.
Məsləki bilinməz, haça dillidən
Kimxeyir görüb ki, biz də kam alaq?
Ləldir. Cəvahirdir hər könül varı,
Allahın verdiyi gözəllik tacdır.
Hər nəfəsdə zikr et sevdiyin yarı,
Bədxaha dünyanı versən də, azdır.
Könül məhəbbəti hünər, qələbə!
Dalğası gözlərdə parlayıb yanar.
Məhəbbər mənlik tək qürurdur qəlbə,
Yollara zirvədən baxıb boylanar.
Qotu eşqimizi, bənzə əsgərə!
Uğrunda döyüşə mən də hazıram.
Məhəbbət qənimi kəsilənlərə
Eşqimlə ittiham hökmü yazıram!

Mirzə Aslan Məmmədli 1927- ci ildə anadan olub. APDU-nin filolofgiya gakultəsini bitirib. Bir şeir kitabının müəllifidir.

Dəmbəlov

Dəmbəlovum, yaşıl dağım,
Üzündəki xaldı, nədi?!
Zirvədəki ağaran qar,
Başında ağ şaldı, nədi?!
Döşdə bulaq, dərədə çay,
Dağa, daşa salmış haray.
Quzeydə qış, güneydə yay,
Əbədilik qaldı, nədi?!
Palıdların qoca, ulu,
Sürülərin tutmuş yolu.
Şimşək çaxdı, tökdü dolu,
Gül- çiçəklər soldu, nədi?!
Masallın meşələri,
Qonaq gələr, səfa tapar.
Burda vardır can dərmanı,
Neçə xəstə şəfa tapar.
Qışı, yazı yaşıl olur,
Dağ, cığırım, meşə yolum.
Göz oxşayar, yaşıllığın,
Mənim ulu Dəmbəlovum!

Yağış

Ara vermir,
Yyağır yağış.
Suyu artır,
Qarış- qarış.
Həyət- baca,
Sel su olub.
Yollar, rizlər
Sel- su yolu.
Nağara tək,
Dumbur- dumbur.
Çubuqlayır
Dəmir damı.
Bulud gözün
Sıxa- sıxa.
Axdı bizim
Bağça- bağa.

Aliq Nağıoğlu

Yavaş- yavaş
Qışın soyuğuna dözməyə nə var:
Qəlbin boşluğuna döz yavaş- yavaş.
O sönən ocağa ümid yenə var-
Olsun ki, alışar köz yavaş- yavaş.
Bir zamanlar inci sayılardı o,
Huşsuz beyinləri ayıldardı o,
Bir eli, obanı qaldırardı o,
Urvatdan düşübdü söz yavaş- yavaş.
Görürsən dağıdır köhnəni təzə,
Məqsədə çatdırır bu yolda kəsə,
Sən isə hələ də dözürsən nəsə,
Ətrafı bürüyür toz yavaş- yavaş.
Tərəzi pozulub, mizan pozulub,
Közərən ümidlər son yalan olub.
Deyirsən mənə də qalan bu olub,
Sənə də qalanı yoz yavaş- yavaş.

Möcüzə axtarma
Kimya müəllimim Xanoğlanın
əziz xatirəsinə

Möcüzə göstərmək istəyirdin sən,
Təpədən- dırnağa kimyaçı idin.
Yandırdın diplomu sən bilərəkdən,
Onsuz yaşamağa aciz deyildin.
Zaman gərdişində, vaxt yerişində
Hər gün gördüyünə göz aciz qalır.
Manus çal- çağırda, qəssab işində
Hərəsi həyatda bir cür iz salır.
Ucadan- ucadır haqqın dərgahı,
Alın yazısını pozmaq olmazmış!
Göylərə çatmayır insanın ahı,
Dünyada ümidsiz yaşamaq azmış!
Ehtiyac atını dördnala çapdı,
Əsəblər tarıma çəkilir o an.
Sən də təsəllini ümiddə tapdın,
Yenə də üzünə gülmədi dövran.

Комментариев нет:

Отправить комментарий