Страницы

25.11.2011

Misir Mərdanov gənc müəllimlərə kələk gəlir

Onları həvəsləndirib ucqarlara göndərəndən sonra verilən vədlərə əməl edilmir
Xaçmaz rayonunun orta məktəblərində çalışan bir qrup müəllim “Azadlıq”a şikayət məktubu göndərib. Şikayət müəllifləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdiri Adıgözəl Tağıyevdən şikayətçidirlər. Onların sözlərinə görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə dağ və ya ucqar rayona təyinat alan müəllimlərə həm üstün maaş, həm də dərs dediyi kənddən torpaq sahəsi ayrılmalıdır: “Hər bir müəllimə 6 sot torpaq verilməlidir. Ancaq verilmir. Hər dəfə bir bəhanə ilə bizi get-gələ salırlar”. Şikayətçilərdən bəzisi 3, bəzisi də artıq 5 ildir ki, müəllimlik edirlər: “Bələdiyyəyə müraciət etdik. Oradan bildirdilər ki, torpaq verə bilərlər, ancaq Adıgözəl müəllim deyir ki, onlar bu torpaq sahəsi üçün 1500 manatacan rüsum ödəməlidirlər. Axı bizə demişdilər ki, bu torpağı bizə əvəzsiz olaraq verəcəklər”.
Şikayətçi müəllimlər məktublarında ən yaxşı torpaq sahələrinin Bakıdan gələn məmurlara verildiyini yazırlar: “Biz müəllimlərə isə işlədiyimiz məktəbdən bir neçə kilometr uzaqlıqda olan bataqlıq sahələrdən yer vermək istəyirlər, onu da pulla”.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mətbuat Xidməti və Analitik Informasiya sektorunun müdiri Eldar Həmzəyev deyir ki, torpaq bələdiyyənindir: “Torpaq Komitəsinin torpağı yoxdur. Təhsil Nazirliyi icra hakimiyyətinə müraciət etməlidir. Aidiyyəti qurumlar da yer ayırmalıdırlar. Torpaq şöbəsi isə bundan sonra rəy verməlidir. Yəni həmin ərazilərdən istifadə etmək mümkündür, yoxsa yox”.
“Adıgözəl Tağıyev müəllimlərə torpaq verilməsi üçün lazım olan rəyə görə pul istəyə bilməz”,- deyə Eldar Həmzəyev bildirdi.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdiri Adıgözəl Tağıyevə nə qədər zəng etsək də, dəstəyi qaldıran olmadı. Komitənin saytında A.Tağıyevin qeyd edilən telefonu işləmir, iş nömrəsində isə zənglərə cavab verən yoxdur.
Məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyi ilə əlaqə saxlasaq da, suallarımıza cavab verəcək bir adam tapılmadı. Mətbuat xidmətinin əməkdaşları nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovla əlaqə saxlamağı məsləhət gördülər. Ancaq nə Fərzəli Qədirovu, nə də şöbənin digər əməkdaşlarını üç gün edilən aramsız zənglərdə yerində tapa bildik.
Nazirlər Kabinetinin 2010-cu ilin aprelində imzaladığı “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” yeni qərar əsasında gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılıb, ipoteka kreditlərinin verilməsi məsələsi nəzərdə tutulub.
Qərara əsasən, güzəştlər dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti orta məktəbdə davam etdirən, pedaqoji məktəbi bitirmiş gənclərə şamil edilir. Həmin gənclərə yol, əmlakın daşınması üçün nəqliyyat xərcləri, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilməlidir. Eyni zamanda, işə yeni başlayanların yaşayış sahələrinə ehtiyacları ödənilməli, torpaq sahələri ayrılmalı, ipoteka kreditləri verilməlidir.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən orta məktəblərdə əmək fəaliyyətinə başlayan hər bir müəllimə qeyd edilən həvəsləndirmə tədbirləri ilə yanaşı, onlara həm də 3 il müddətində 70 manat məbləğində aylıq əmək haqqına əlavə ödənilməlidir. Başqa sözlə, 20 km-dək məsafədə yerləşən məktəblərdə fəaliyyət göstərənlərə ayda 40, 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə dövlət sifarişinə uyğun işləyənlərə ayda 110 manat maliyyə vəsaiti ödənilməlidir.
Mövzunu davam etdirəcəyik...

Ramin DEKO           http://azadliq.info/

Комментариев нет:

Отправить комментарий