Страницы

04.11.2011

"Mən hücrə adamıyam"

Yazıçı-publisist Bəxtiyar Hidayət ilə müsahibə

-Yola saldığımız həftə müəllimlərin peşə bayramı idi. Gec də olsa təbrik edirik. Necə keçirtdiniz peşə bayramnızı?
-Çox sağ olun. Açığı heç bayram əhval-ruhiyyəsində deyiləm. Nəzərə alın ki yoldaşım da müəlimdir və bizim evdə bu bayram heç yada da düşmədi. Bir-iki şagird təbrik etməsə heç yadıma da düşməzdi bu bayram. Bilirsiz, bu bayramın vaxtın dəyişdirmək lazımdır məncə. Çünki xüsusən bu ərəfələrdə müəllimin ən pis, əliaşağı vaxtıdır. Təsəvvür edin, müəllim “otpusknoy”u alıb hələ iyulun əvvəllərində. Sentyabrın maaşı isə hələ hesablanmayıb, dərs ilinin başlanğıcdır.

Yeni tarifikasiya tutulmalıdır. Bu isə uzun işdir. Odur ki maaş gecikir. Düzdür, arada “beşgünlük” deyilən bir şey də var. Amma bu il o “beşgünlük” oldu “üçgünlük”. Arada iki günümüz də getdi eurovizyonun hesabına. Qalan da qəpik- quruşdur və bundan Fatıya tuman olmaz.
Bax, bu bayram müəllimin cibində siçan oynayan vaxta düşdüyündən müəllimdə bayram ovqatı yoxdur. Ölkədə isə qorxusundan o qədər siçan deşiyini satın alanlar var ki yazıq siçanlar yer-yurdundan olub gəlib girib müəllimlərin cibində nisyə qumar oynamaqla məğgul olurlar. Indi o siçanlar da mənim kimi yersiz-yurdsuz, qaçqındırlar.
Bir sözlə mən bu bayramı müəllim kolleqalarımla keçirməsəm də “qaçqın kolleqalarımla” geninə-boluna keçirdim.

-Müəllim kimi fəaliyyətnizdən və peşənizdən razısınızmı?
-Haqverdiyevin “Zorən Təbib” əsəri var ha, bax mənim müəlliliyim də təxminən elə zorəndi. Sevmirəm bu peşəni, sevdirə bilmədilər mənə bu peşəni nə ictimaiyyət, nə yetirmələrim, nə də rəhbərlik.
Fəaliyyətimə gəldikdə isə pis müəllim deyiləm. Hətta bir yetirməm indi Fransada oxuyur. Lakin müəllimin fəaliyyətinə ümimi qiymət vermək lazim. Yəni bütün şagirdlərin göstəriciləri ilə. Buna qaldıqda isə elə şagirdlərim attestat alıb ki soyadını yazanda səhv buraxmasalar bağırları çatlayar. Buraxılış test imtahanı zamanı telefonun batereyası ölənə qədər o uşaqlara cavabları deyib birtəhər çullarını sudan çıxarmışam.
Bu bütün müəllimlərin yaşadığı bir əzabdır. Məcbur oluruq buna. Axı o uşaqlardan asılı vəziyyyətdədir müəllim. Bəzən bölünən siniflərin taleyini bircə uşaq həll edir. Məcbursan kiminsə adını jurnala yalandan yazasan. Lap elə qoyun-quzunun dalından tutub gətirməlisən bir-iki günlüyə ki ay bala, yazıqıq, gəl adın jurnala düşsün. Di gəl bu uşağı sonar da imtahandan çıxart.

-Siz həm də yazarsınız. Məncə, yazarın müəllimlik etməsi onun yaradıcılığına daha çox çalar qatmağa kömək edir.
Yazar üçün hər yerdə mövzu var. Müəllimliyin isə xüsusi bir qatqısı var yazarlara. Cəmiyyətin ən saf nümayəndələri ilə daim təmasda olmaq insanın öz içini də təmizləyir. Amma bunu da deyim ki ədəbiyyat müəllimi olsam indi yazar kimi batıb getmişdim. Çünki ədəbiyyat müəllimi istər-istəməz nəzəriyyənin çərçivəsinə salır öz istedadını. Bunun örnəkləri çoxdu. Məncə Qəşəm Nəcəfzadənin bu qədər zəif yazamsı da buna bağlıdır.

-Qazaxda yaşayıb, Bakıda tanınmaq da maraqlıdır. Eyni zamanda yəqin ki çətindir?
-Baxın sualı necə qoymusunuz- Bakıda tanınmaq. Demək hələ də Bakıdan kənarda tanınmaq mümkün deyil. Məsələn Qazaxda yaşayıb Lənkəranda, Qubada tanınmağın nəyi pisdir. Di gəl ki bu mümkün deyil. Yazarlar axışıb Bakıya. Sanki oxucular da yazıçılara qoşulub Bakıya varid olublar.
Məsələnin başqa bir tərəfi isə - bugünkü internetin üstünlüyündən istifadə edib barı ədəbiyyat sahəsində Güneylə bağılığı artırmaq olar. Niyə də Təbrizli yazar bizlərdə tanınmasın. Amma hanı- baxın azadlıq radiosunun oxu zalına-bircə Güneyli dərc olunurmu orda. Və yaxud bizim oxunaqlı müxalifət qəzetləri. Təbrizdən bir yazar e-maillərinə yazı göndərib hadisələrin içindən yazılar göndərsə verəllərmi. Bunlara sadəcə məhşur isimlər lazımdı- Zəlimxanı çap edərlər, amma yazar kimi tanınmamış istedadlı bir Güneylini yox. Di gəl ki bütöv Azərbaycandan danışanda ağızlarına çullu dovşan sığmaz.
Özümə gəldikdə isə mənə çox çətindir. Yenə sağ olsun Mark müəllim Zükkerberq. Facebook olmasa harda dərc olunardım.
Nəsə əyalət adamına yuxarıdan aşağı baxırlar. Buna görə də çap problemi yaşayıram.

-Kənddən qopub şəhər həyatını yaşamağa başlasanız nə dəyişəcək yaradıcılığınızda?
-It kimi peşmanam vaxtilə Bakıda qalmamağıma. O zaman şəhər həyatından qopub kənd həyatına qayıtmaq o qədər asan oldu ki. Indi isə o zaman nə qədər asan olmuşdusa bir o qədər çətin olar.
Qaldı ki yaradıcılıqda nəsə dəyişməyinə-bu dəyişmə daha çox nəsr sahəsində özünü göstərərdi. Azərbaycan kəndini hekayələrimdə necə real təsvir etmişəmsə şəhri də eləcə təsvir etməyə çalışardım.

-Bu gün ədəbiyyatmızda yaxşı qələm olanlardansınız. Amma sizin əsərlərinizi teatr səhnələrində görmürük.
Teatr üçün dram yazmaq lazım. O isə mənlik deyil. Çünki dramaturq həm də rejissor olmalı, öz səhnəsini özü qurmalı. Bu isə hardasa yaxşıca təşkilatçılıq deməkdir. Mən isə daha çox hücrə adamıyam. Bir qram da təşkilatçılığım yoxdur.
Digər tərəfdən isə lap bu günün ən dəyərli dramıı da yazsam kimi mənim əsərimi teatra buraxan. Indi ədəbi tənqid də, teatr da kino da hamısı məmur yazarların inhisarındadır.

-Bir ara bizim ədəbiyyatmızda vur-çatlasın idi. Hamı Nobel mükafatını müzakirə edirdi. Amma indi ara sakitlikdir. Elə bu sakitliyə bir daş atmaq məqsədilə soruşuram; biz niyə Nobel mükafatı almırıq?
Bizim ədəbiyyatda çox ciddi imzalar var. Amma bunlara dəstək yoxdur. Baxın gürcülərin sayına da, dilinə də əlifbasına da. Amma onlar Avropaya yazar çıxara bilirlər. bizdə isə bu yoxdur. Bizdə vəziyyət çox dəhşətdir. ədəbiyyatın əlifbasını bilməyənlər ya redaktordu ya da hansısa müsabiqədə münsif. Oqtay Əhmədov kimi yazarı tanıyan yoxdu demək olar ki. Amma əvəzində Seymur Baycan, Əli Əkbər kifayət qədər populyardır. Halbuki bu yazarlarda kifayət qədər cümlə səhvi tutmaq olar.

-Rafiq Tağının Mirzə Cəlil haqqında dediklərini qəbul edirsizmi?
-Təsəvvür edin bir adam Ayaz Qsımovu, Röyanı dəlicəsinə sevsin, amma Sabiri bəyənməsin, Mirzə Cəlili topa tutsun. Belə adama yenilikçi demək olarmı, ciddi adam demək olarmı? Onun əsas alibisi budur ki guya xalqı təhqir edib Sabirlər, Mirzə Cəlillər.
Nə vaxtdan xalq qədri bilən olub Rafiq Tağı? Bu sadəcə paxıllıqdandır. Çünki Rafiq baxır ki Müşfiq yaşını da , Əli Kərim yaşını da, Sabir yaşını da, Mirzə Cəlil yaşını da arxada qoydu, amma yazdıqları heç onların kölgəsində sərinlənməyə də layiq deyil.

-Şaiq Vəli ilə eyni kənddənsiniz. Onun kimi bir yazarın o cür duruma düşməsi sizə necə təsir etdi?
-Çox ağrıdım. Həm də əlimdən bir kömək gəlməməyi daha da ağrıtdı məni. Axı onun bir övladı bu millətin uğrunda şəhid olub. Axı indi gözünün önündə digər övladları az qala Somali uşaqlarının gününə düşüb. Axı o çox böyük şairdir. Əli Kərimdən sonra öz yolu olan bir şairdir. Axı o özü də köhnə döyüşçüdür.
Indi təsəvvür edin, Şaiq uşağını aparır AYB-yə. Fikrət Qoca isə bunun adını qoyur əxlaqsızlıq. Və deyir ki insafən Şaiq ortabab şairdir. Cənab Fikrət Qoca, gəlsənə hərəyə öz şeiri ilə qiymət verək. Al, bu sənin yazdığın Fikrət budaq cümləsi:

Barmek işığı keçirib
Hamilə qadın müftədir.
Bu isə Şaiqdəndir:
Yəğılıb bar-barxana bürməli,
Ağca mayalar irməli,
Yolların gözü sürməli,
Bumu karvan dediyin.

Dəhşət budur ki Şaiqlər Fikrətlərin əlində qalıb. Yeri gəlmişkən, Fikrət Qoca deyir AYB-nin növbəti qurultayında əxlaq məsələsini də qaldıracaqlar. Bəs onda bunu kim araşdıracaq-hansı əxlaqsızlıqdı-oğlu şair olmaya-olmaya ona prezident təqaüdü yazdırmaq, oğlunu müharibədən min bəhanə ilə qorumaq, ya oğlunu millətə şəhid vermək, oğluna öz döyüş yollarından bəhs edib onu döyüşə ürəklə göndərmək? Həm də əxlaq məsələsinə baxılsa gərək Fikrət müəllim hamilə qadına liftdə tamah saldığına görə Murad Köhnəqala demiş manyak adlana.

-Bəs Mirzə Fətəli Axundovun əlifbamızı dəyişdirmək istəməsinə necə baxırsız? Gürcülər, ermənilər əlifbalarını dəyişmədilər amma bizdən bütün sahələrdə irəlidədirlər.
-Axi bu bizim milli əlifbamız deyildi. Bu ərəbin əlifbası idi. və bu əlifbada yazılanların əksəri türk dilində deyildi.
Mirzə də bunu görürdü və bu minvalla hətta Osmalı sarayına varmışdı. Təsəvvür edin 600 illik Osmanlı arxivindən türkcə bir-iki şeirdən başqa heç nə çıxmır. 235 illik Səfəvi arxivi də farsa dilində. Məncə bu dillərin işğalından qurtamağın ilkin yolu idi yeni əlifba.
Təkcə bunlar olsa nə dərd idi. hələ o boyda Səlcuq imperiyasına bax-yazılar ərəb əlifbasında, fars dilində. Bunun Qəznəvisi elə, Qaraxanısı elə, Xarəzmşahı elə, Şirvanşahı elə. Gəl indi hesab edək ki bu böyük dövlətlərin dili türk dili, yazısı türk yazısı olub. Gör bu gün dilimiz nə qədər inkişaf etmiş olardı, ortaq türkcə məsələsi necə asan başa gələrdi, necə zəngin bir irsə malik olardıq.
Axundov bunları çox gözəl bilirdi və əlifba məsələsinə buna görə önəm verirdi.

Söhbətləşdi Arzu Abdulla

Комментариев нет:

Отправить комментарий