Страницы

28.11.2011

ONU AND ÖLDÜRDÜ

Möhtəmən Həkim. Hekayə



Fətəli kişi heç vədə yalandan and içməzdi. O, verilən və içilən andlara şübhə etməz, ona inanar və əməl edərdi. Onda bu xasiyyət lap uşaqlıqdan, ağlı kəsəndən yaranmışdı. O, uşaq ikən atası rəhmətlik Gülalı kişi yalandan and içən və verilən anda əməl etməyən bir nəfərin başına gələn müsibətləri ona danışmışdı. Həm də oğluna bərk-bərk tapşırmışdı ki, içdiyin andlara gərək əməl edəsən. Fətəli də atasının öyüd-nəsihətini qulaqlarında sırğa edərək, ona həmişə sadiq qalmışdı. Odur ki, qonum-qonşular Fətəlini düz, halal adam kimi tanıyırdı. Belə əqidə sahibi olduğu üçün Fətəli adamlar arasında xüsusi hörmət qazanmışdı.

Fətəlinin Bənövşə adlı bircə qızı vardı. O da sevib-sevilən yaş həddinə gəlib çatmışdı.
Qonşuluqda Toğrul adlı bir oğlan yaşayırdı. Toğrul kasıb bir ailədə böyümüşdü. Bir neçə il əvvəl atası vəfat etmişdi. Yaşının ötməsinə baxmayaraq kasıblıq ucbatından evlənə bilmirdi. O, neçə illər idi ki, Bənövşəyə vurulmuş, ona meylini salmışdı. Toğrul bu qızı ürəkdən, min bir qəlbdən sevirdi. Bənövşə də Toğrulun məhəbbətinə qəlbən inanırdı və sevirdi. Kəndin cavan oğlanları da bu iki gəncin bir-birinə vurulduğunu yaxşı bilirdi. Ona görə də heç kəs cürət edib Bənövşəgilə elçi göndərmirdi.
Toğrul anası Nigarı bir dəfə Bənövşəgilə elçi salsa da, Fətəli kişi daş atıb başını tutmuş, yazıq arvadı ürəyi nisgilli geri qaytarmışdı. Nigar arvad axrıncı dəfə onlara elçi düşəndə Fətəli kişi əsib-coşmuş və hirsli-hirsli demişdi:
-Mənim Toğrul kimi lüt, avara-avara gəzənə veriləsi qızım yoxdur.
Doğrudur, Bənövşənin anası Gülsabah arvad ərinə dəfələrlə demişdi:
-Ay kişi, ay pir olmuş, qızını nə istəyən var, nə də qapına elçi düşən. Qızın da, Toğrul da bir-birlərini sevirlər. Sən gəl daşı ətəyindən tök yerə. Bu işə razılıq ver, xeyir-dua söylə. Kasıb olanda nə olar? Çörəyi adama Allah qismət edir.
Fətəli kişi də iki ayağını bir başmağa dirəyib, elə hey “yox” deyib öz sözünün üstündə dururdu.
Aylar beləcə ötürdü. Toğrulun ürəyini odlayan dərdinə çarə qılan tapılmırdı ki, tapılmırdı. O, bir neçə dəfə qızı toysuz-nişansız götürüb qaçırmağa cəhd etsə də Bənövşə razılıq verməmişdir:- Atamdan qorxuram, məni tikə-tikə doğrayar, -demişdi.
Bir gün söhbət zamanı tay-tuşları Toğrula yaxşı bir məsləhət verdi:
-Sənin ancaq və ancaq bir çarən qalıb. Hamı kimi sən də yaxşı bilirsən ki, Fətəli kişi verilən andlardan qorxur, çəkinir. Çalışır ki, deyilənlərə əməl etsin. Ananı da götürüb Fətəligilə get. Salam-kəlamdan sonra, hər ikiniz and verin ki, istəyinizə “hə” desin. O, hələ bu günə kimi and verəni ümidsiz yola salmayıb.
Deyilən bu fikirlər Toğrulun başına girdi. O, anası Nigara da bu barədə danışdı. Anası bir qədər fikriləşəndən sonra Toğrulla razılaşdı. Bir neçə gündən sonra Nigar bu barədə Gülsabahla söhbət etdi. Belə razılığa gəldilər ki, Fətəlinin yaxşı vaxtında Gülsabah onların gəlməsi barədə xəbərdarlıq işarəsi verəcək. Belə olduqda Nigarla Toğrul onlara gələr.
Günlərin birində belə bir məqam yarandı. Toğrul fürsəti fotə verməyib anası ilə birlikdə Fətəligilə getdi.
Anası salamlaşıb hal-əhval tutandan sonra üzünü Fətəliyə çevirib yalvarıcı halda dedi:
-Səni and verirəm o bir olan Allaha mənə yox deməyəsən. Sizin qızınızı oğluma nişanlamaq istəyirəm.
Anasının ardınca Toğrul dilləndi:
-Səni and verirəm inandığına, bizim sevgimizi puç etməginən.
Super Animasiya Kolleksiyası - 1Fətəli:
-Bəsdirin! Az and-aman eləyin!-deyib ayağa qalxdı. Bir qədər duruxub dilləndi:
-Gedin Gülsabahla danışın. O, nə desə, elə də olacaq.
Ana-bala sevinə-sevinə xüdahafizləşib evdən çıxdılar. Bir neçə gündən sonra Bənövşəni Toğrula nişanladılar. Çox keçmədi ki, toylarını da etdilər.
Fətəlinin qara günləri də bundan sonra başladı.
Əslində Toğrulun əlindən elə bir iş gəlmirdi. Odur ki, Bənövşəni tez-tez atasıgilə göndərir, onlar da qızı əli dolu yola salırdılar.
Vaxt keçdikcə Fətəli və Gülsabah onlara əl tutmaqda bezikirdi. Bəzən Bənövşəni əliboş da yola salırdılar. Belə olanda Toğrul çarəsizlikdən özü onlara getməli olurdu. Kişiyə and verirdi ki, filan-filan şeyləri onlara versin. Fətəli də çarəsiz qalıb onların istədiklərini verirdi. Toğrul gah ərzaq üçün, gah da pul dalınca gedirdi.
Bir dəfə də onlara gedəndə dolanışıqlarının pis olduğunu deyib, and verdi ki, qapılarındakı illik cöngəni satmaq üçün onlara versin. Fətəli kişi heç bir söz demədən başı ilə razılığını bildirib o biri otağa keçdi və hönkür-hönkür ağlamağa başladı. Fətəlinin əsəbdən əlləri əsirdi, özü-özünü lənətləyirdi.
Bu minvalla Fətəligilin də maddi vəziyyəti get-gedə pisləşirdi. Onlara yardım edəcək imkanları tükənirdi. Fətəlinin həyətində vur-tut bir sağmal inəkləri qalmışdı. Toğrulun körpə oğlu olduğundan hər gün onun üçün Bənövşə atasıgildən bir stəkan süd alıb gətirərdi. Toğrul fikirləşdi ki, nə vaxta kimi bir stəkan süddən ötrü onlara ayaq döyəcəyik. Ən yaxşısı inəyi hansi yolla olur-olsun öz həyətlərinə gətirməlidir.
O, bir gün qaynatası Fətəli kişinin yanına gəlib dedi:
-Biz bir stəkan süddən ötrü sizi bezikdirmişik. Nəvən də südsuz qala bilmir. Səni and verirəm yeri-göyü yaradan Allaha və bircə əziz-xələf nəvənin canına, o inəyi bizə bağışla.
Fətəli elə bil bu sözə bənd imiş. Sifəti ağardı, gözləri axdı və əlini sinəsinə sıxdı. Bir an keçməmiş huşunu itirib yerə yıxıldı. Haraya Gülsabah gəldi.
Bir neçə dəqiqə keçməmiş Fətəlinin əlləri, ayaqları buza dönmüşdü.
Деревенский пейзаж. Набросок. Карандаш 
Toğrul mat-məəttəl durub gözlərini ona dikmiş halda peşmançılıq hissi keçirirdi. Birdən hönkür-hönkür ağlayaraq:
-Axı, sən mənim dayağım, son ümidim idin,-dedi.
Bütün qonum-qonşular gəlmişdi. Yaxınları Gülsabahdan soruşurdu:
-Ay Gülsabah, axı bu kişi sap-sağlam idi. Birdən-birə ona nə gəldi?
Gülsabah ağlaya-ağlaya, oxşama deyə-deyə cavab verdi:
-Kişini and öldürdü. İnanın mənə. Onu and öldürdü!

Комментариев нет:

Отправить комментарий