Страницы

28.11.2011

Qoca necə öldü?


Vasili Şukşin

Qoca sübhün gözü açılar-açılmaz özünü pis hiss eləməyə başladı. Canında üzücü bir yorğunluq duyurdu. Zəif olmağına çoxdan zəifləmişdi, təxminən bir ay olardı, amma bu gün nəsə xüsusi bir halsızlıq bədənini haqlamışdı – ürəyi elə pis döyünürdü ki, az qalırdı ki, ağlasın. Qorxu öz yerində, ona məəttəl qalmışdı ki, ömründə özünü bu qədər zəif, halsız hiss eləməmişdi. Ona elə gəlirdi ki, ayaqları yerli-dibli yoxdur. Barmaqlarıyla yoxlayandan sonra onların həqiqətən mövcudluğuna inanırdı. Qəfildən sol əli keyiməyə başlayırdı, xeyli tərpədəndən sonra açılırdı. Bu nə cür halsızlıq idi, ilahi!..

Günortayacan birtəhər dözdü, gözlədi ki, bəlkə vəziyyəti düzələr, bəlkə, ürəyi yerinə gələr. Hələ arada siqaret də çəkmək istədi, meylindən içmək keçdi. Tez də anladı: bu, ölümdür.

- Arvad... Ay arvad! - deyə qarısını səslədi. - Deyəsən axı... mən ölürəm.

- Allah köməyin olsun!.. - deyə qarı o yandan səsini qaldırdı. - Yatıb-yatıb ağlına gələni uydurursan.

- Gəlsənə məni burdan götürəsən. Nəsə birtəhərəm. - Qocanın yeri sobanın üstündə salınmışdı. - Gəl, düşür məni.

- Mən tək başına səni qaldıra bilərəm? Bəlkə, gedim Yeqoru çağırım?

- Get. Görəsən evdə olar?

- Bayaq həyətdə fırlanırdı... Gedim görüm.

Qarı geyinib çıxdı, komaya ağappaq şaxta buxarı soxuldu.
“Qışda ölmək ağır dərddi”, - deyə qoca düşündü.

Qonşu Yeqor gəldi.


- Pah atonnan, şaxtanın gücünə bax e... ordan bura gəlincə dondum. Bir dəqiqə səbr elə, Stepan əmi, bir balaca qızınım, indi səni yerbəyer eləyərik. Noolub e sənə, ağırlaşmısan?

- Çox pisəm,Yeqor. Ölürəm.

- Eee, sən də deməyə söz tapdın. Başdan-ayağa küyçüsən!

- Küyçü oldum-olmadım, mənim kitabım bağlanıb. Deyirsən, möhkəm şaxta var, hə?

- Azı 50 dərəcə olar, - Yeqor siqaret yandırdı. - Əkin yerinə möhkəm qar oturub. Traktorlar kürüyür. Amma çətin haqq-hesabdır.

- Yəqin, hələ çox yağacaq.

- Yox, əşi, inanmıram. Yaxşı, gəl səni düşürüm ordan...

Qarı çarpayının üstündə yür düzəltdi. Yastığı iki əliylə sıxcalayıb şişirtdi. Yeqor sobanın qabağına keçib əlini qocanın kürəyinin altına soxdu.

- Yapış boynumdan. Bax belə! Nə yaman yüngülləşmisən!

- Xəstəliyi nə bilmisən...

- Ay səni, lap uşaq kimisən. Mənim Kolkam səndən ağırdı.

Qocanı çarpayıya uzadıb üstünü kürklə basdırdılar.

- Bəlkə bir siqaret tüstülədəsən? - deyə Yeqor soruşdu.

- Yox, meylim çəkmir. Aman Allah! – qoca dərindən köks ötürdü. - Qışda ölməkdən betər dünyada nə ola bilər?..

- Əşi qoy oturmuşuq sən də! - Yeqor ciddi tərzdə onun sözünü kəsdi. - Belə-belə fikirləri biryolluq başından at getsin. - O stulu çarpayının yanına çəkib əyləşdi. - Dava vaxtı əcəl mənim də başımın üstünü kəsdirmişdi. Dedim, hə, bizimki də buracanmış, əlvida! Həkim dedi ki, əgər yaşamaq istəsən, yaşayacaqsan, yox, istəməsən, onda özündən küs. Mənimsə danışmağa heyim yox idi. Uzanıb fikirləşirəm: “Kim yaşamaq istəməz ki? Qəribə adamdı e...” İndi onun sözü olmasın, sən də uzan və fikirləş: “Mən yaşayacağam! Vəssalam!” 

Qoca zəif-zəif gülümsədi.

- Ver birini fısqırdım, daha keçib.

Yeqor siqaret verdi. Qoca tüstünü iştahayla sinəsinə çəkdi. Birdən bədəni gərildi, öskürməyə başladı. Öskürməyi uzun çəkdi.

- Birtəhər elədi məni... Tüstü nəfəs yoluma getdi.

Yeqor qısa qəhqəhə çəkdi.

- Haran ağrıyır sənin? - deyə qarı soruşdu. Özü də qocasına nigaran, yazıqcasına nəzər saldı.

- Hər yerim ağrıyır... Hər yerim. Elə zəifləmişəm ki, elə bil bütün qanımı damarımdan çəkiblər.

Hər üçü susdu.

- Yaxşı, mən gedim, Stepan əmi, - Yeqor ayağa qalxdı. - Gedim mal-davarı yemləyim, yoxsa indi dam-divarı yeyərlər.

- Get, Yeqor, get...

- Axşamüstü vaxt eləyib baş çəkərəm sənə.

- Gələrsən.

Yeqor getdi.

-Bilirsən bu halsızlıq hardandı səndə? Yemirsən, ona görə bu hala düşmüsən. Bəlkə, bir toyuq kəsim, şorbası dirçəldər səni, hə? Nə deyirsən?

Qoca fikrə getdi.
- Lazım deyil, bir şey ki, dilimə vurmayacam, niyə tələf eləyirsən?

- Əşi cəhənnəm olsun, bir toyuq nədi ki! Buna bax, gör nəyin dərdini çəkir...

- Yox, lazım deyil. Yaxşı olar mənə yarım qədəh araq verəsən. Deyirəm bəlkə qanım işləyər.

- Birdən xarab eləyər səni.

- Heç nə olmaz, bəlkə özümə gəldim.

Qarı şkafdan ağzı əsgi tıxacla bərkidilmiş bir şüşə çıxartdı. Şüşədə yarısından çox araq qalmışdı.

- Bax, yaxşı fikirləş, düşər-düşməzi olar, halın xarablaşar birdən.

- Eee, içkidən adamın halı nə vaxt xarablaşır ki!.. - Qocanın səbri tükəndi. - Ömrünüz boyu onun üstündə əsirsiniz, amma başa düşmürsünüz ki, bu birinci məlhəmdir. Avam ki, avam!

- Demirəm ki, pisdir, deyirəm heç olmaya indi dilinə vurma. - Qarı da hövsələdən çıxdı. – “Avam”... Bir ayağın o dünyadadı, yenə dilini dinc qoymursan. Həkim axı deyir ki, sənə hirslənmək olmaz.

- Həkim... Nə həkim? Ode Yeqor demiş, onlara qalsa, adama məsləhət görərlər ki, ölməsin, amma adamlar ölürlər...

Qarı yarım qədəh araq süzüb qocasına verdi. Qoca arağı başına çəkdi, amma elə içməyi ilə də ögüyüb geri qaytarmağı bir oldu. Bir xeyli səssiz-səmirsiz uzanıb qaldı. Rəngi ağappaq idi. Handan-hana böyük çətinliklə dilləndi:

- Yox, görünür, içə bildikcə içmək lazımdır, nəfsə güc gəlmək olmaz.

Qarı acı-acı, iztirabla ona baxırdı. Baxdı, baxdı, birdən kövrəldi:

- Bura bax əşi, zarafat-zarafat, birdən doğurdan ölərsən ha! Sonra mən tək-tənha neyləyərəm?

Qoca bir xeyli dinmədi, gözünü tavana zilləyib susdu. Amma yaman danışmaq istəyirdi, - özü də yaxşı-yaxşı, yerli-yataqlı.

-Əvvəl-əvvəl Mişkanı tap, yazıl üstünə, qoy sənə “aliment” versin. Ona de ki, atan öldü, öləndə də vəsiyyət elədi ki, anana axıracan baxmalısan. Deyərsən. Gördün yaxasını kənara çəkir, “alimenti” qoyarsan boynuna. Hökumətin əliylə. Utanıb eləmə. Utanmağa qalsa, qoy o xəcalət çəksin. Mankaya yaz ki, balaca oğlanı mütləq oxutsun. Dərrakəli uşaqdı, “Beynəlmiləl”i əzbərdən oxuyur. Deyərsən atan vəsiyyət elədi, mütləq oxut o uşağı... – Qoca yoruldu, yenə bir xeyli gözlərini tavana zilləyib susdu. Onun üzünün ifadəsi əzəmətli, ciddiydi.

- Bəs Petkaya nə yetirim? - deyə qarı gözünün yaşını silib xəbər aldı; o da özünü toplayıb kövrəlməməyi qərara almışdı.

- Petkaya?.. Petkayla işin olmasın, o özü öz başını güclə saxlayır, bu aydan o biri aya birtəhər yetirir.

- Bəlkə bişirim şorbanı, hə? Yeqoru çağırım, kəsər.

- Yox, lazım deyil. 

- Nədi, deyəsən özünü pis hiss eləyirsən?

- Hə, qoy bir balaca nəfəsimi dərim. - Qoca gözlərini yumdu, dərindən, aramla, sakitcə nəfəs almağa başladı. O, doğrudan da ölüyə bənzəyirdi; çöhrəsində uzaqlıq, nəsə qəribə bir hərəkətsizlik vardı.

- Stepan?- deyə qarı çağırdı.

- Hmm?

- Belə uzanma sən...

- Bəs necə uzanım, axmaq? Mən burda ölürəm, bu da deyir belə uzanma. Necə uzanım bəs, dombalım bəlkə!

- Qoy onda Mixeyevnanı çağırım, üstündə dua oxusun.

- Əşi, rədd olsunlar hamısı. Havayı yeyəndilər. Gördüm elə sizin o Allahınızı, mənə çox yaxşılıq elədi. Bica yerə toyuğu da verəcəksən Mixeyevnaya... Yaxşısı budur, Yeqora ver onu, qəbrimi qazar heç olmasa. Doğrudan bu qiyamətdə qəbrimi bəs kim qazacaq?

- Tapılar, adam tapılar.

-“Tapılar, tapılar” deyirsən. Hardan tapılacaq? Sonra başlayacaqsan kəndi bu baş o baş ölçməyə... Belə şaxtada kimdi qəbir qazan? Zəhrimar da vaxt tapdı gəlməyə. Yayı buraxdı, qışda kəsdirdi başımın üstünü.

- Niyə belə deyirsən axı? Yoxsa ölürsən? Özünə toxtaqlıq ver.

- Nə toxtaqlıq? Görmürsən ayaqlarım soyuyur?.. Ay Allah, Allah! - Qoca dərindən köks ötürdü. – Allah, əgər varsansa, bu günahkar bəndənin təqsirindən keç.

Qarını qəhər boğdu.

- Stepan, bir az özünə gəl. Yeqor sənə demədi ki, ölüm haqqında fikirləşmə?

- Yeqora nə var ki, öküz kimi sağlamdır. Ona ölmə, denən, o da ölməsin.

- Onda bağışla məni, qocam, əgər məni günahkar sayırsansa, xətrinə dəymişəmsə, atam, bağışla məni.

- Allah bağışlayar. - Qoca tez-tez işlətdiyi ifadəni təkrar elədi. O yenə nəsə vacib bir şey demək istəyirdi, amma qəfildən baxışları dəyişdi, çox qəribə baxmağa başladı, narahatlığı birə beş artdı. Çətinliklə dilləndi:

- Aqnyuşa, sən də məni bağışla... Mən bir balaca şuluq olmuşam axı... Amma sünbüllər, sünbüllər necə dolub-daşırdı!.. Pitraq kimi. Ora bax, gör o küncdəki kimdi? Kim var orda?

- Hanı, ay Stepan?

- Odey, görmürsən! - Qoca dirsəkləri üstə qalxdı, vahiməli nəzərlərlə komanın küncünə baxdı. - Odur, bax, fikir ver, gör necə əyləşib?..

Yeqor axşam gəldi.

Ağ, iti burnu tavana tuşlanmış qoca çarpayıda uzanmışdı. Qanı qaçmış sifəti hissiz, hərəkətsiz halda tavana baxırdı.

Onun başı üstə əyləşib sakitcə ağlayırdı.

Yeqor papağını çıxardı, azca fikirləşib ikonanın önünə gəldi, xaç vurub dedi:

- Hə, belə-belə işlər... Kişi öz ölümünü əməlli-başlı hiss eləmişdi.

Çevirdi: Kənan Hacı

Комментариев нет:

Отправить комментарий