Страницы

01.11.2011

“Sofinin dünyası” haqqında…


Zaur Qəriboğlu
(Oxuduqlarım)
Səhv etmirəmsə, Yustin Garderin “Sofinin dünyası” müəllifin dilimizə tərcümə olunan ilk əsəri idi ki, Azərbaycan oxucusu bu əsərlə birgə, həm də müəlliflə tanış oldu. Zənnimcə bu əsərə qədər müəllif ölkəmizdə elə də tanınmırdı. Bu üzdən də müasir dünya ədəbiyyatından seçmə əsərlərin dilimizə tərcüməsi edilməsi vacib və zəruridir. Həyatın gerçək üzünü əks etdirən yeni-yeni əsərləri tərcümə edib oxucularımza çatdıran “Qanun” nəşriyyatına xüsusi minnətdarlıq düşür. Hər zaman qeyd etmişəm, bu yazımda da vurğulamaq istəyirəm ki, gerçəkdən də bu günki dövrdə “Qanun” nəşrlər evi çox böyük və məsuliyətli bir yükü öz çiyinləri üzərinə götürür. İstər dünya ədəbiyyatından, istərsə də öz ədəbiyyatımızdan yeni və maraqlı kitablar nəşr edərək, müasir Azərbaycan oxucusunun formalaşmasında əlindən gələni əsirgəmir.

Kitabın tərcümə tərəfi haqqında əlavə yazmaq istəmirəm, çünki bundan öncə “Çərpələng uçuran” haqqında yazdığım yazıda bu əsərin də tərcüməsinin uğurlu alındığı haqqında qeydlərimi vermişdim. Gerçəkdən də Nərmin Kamal sevdiyim yazıçılar siyahısında ön sıralrdan birini tutur , amma bu tərcümə işindən sonra həm də sevdiyim tərcüməçi kimi də yaddaşıma həkk olundu …
Əsər fəlsəfə kimi ağır olan bir mövzudan bəhs edir, amma buna baxmayaraq, kitabın ilk səhifəsindən , elə ilk sətirlərindən oxumağa başladığınız andan etibarən, əminliklə bildirirəm ki, siz bilmədən, səhifələr sizi dartıb aparacaq və bir də baxacaqsınız ki, artıq 558 – ci səhifədəsiniz və romanı oxuyub bitirmisiniz.
Bu kitab əslində qədim dövr fəlsəfə tarixini öyrənmək üçün çox dəyərli bir vəsaitdir , amma bu kitabın özündəki, iç dünyasındakı bir cümlə, bu kitabın sənə nə verəcəyini söyləyir: “Fəlsəfə öyrənə biləcəyin bir şey deyil: – sən fəlsəfi düşünməyi öyrənə bilərsən”.
Bu fikirlə mən də razıyam. Fəlsəfəni çox dərin və ətraflı öyrənə bilərsən.Amma bir neçə məqamları da öyrənmək və tətbiq etmək lazımdı. Məsələn, dünya filosoflarını oxuya bilərsən, ətraflı öyrənib onlardan sitatlar gətirə bilərsən, fəqət, bütün bunlar səni filosof etməyəcək. Fəlsəfə üzrə alim olmaq , ya da bu elmin bilicisi olmaq tamam başqa bir şey, filosof olmaq isə tamam başqa bir şeydir. Filosofun özünə məxsus dünyaya baxışı olmalıdır. Həmin bu özünəməxsus baxışı olan insanları dərk etmək üçün isə ilk öncə gərək fəlsəfə məktəbi formalaşsın. Nə yazıq ki, bu gün məmləkətimizdə fəlsəfə məktəbləri formalaşmayıb. Özünün dünyaya baxışı olan insanları dərk edə bilmirik, onlara ya ağıdan kəm, ya da dini tərəfdən yanaşaraq, kafir adı veririk. Fəqət, anlamırıq ki, din özü də bir fəlsəfədir. Həm də elə bir fəlsəfə ki, əgər bütünlüklə həmin fəlsəfəyə bağlanasaq, gərək, o zaman daha heç nəyi görməyək. Konkret olaraq din insanı geniş düşünməyə, daha uzaqlara baxmağa qoymur. Məhz bu üzdəndir ki, bu gün istər fəlsəfə, istərsə də ədəbiyyat sahəsində din ölkələri avropa ölkələrindən çox geriyə qalırlar. Ən azından sevindirici haldır ki, bizdə bu sahədə irəliləyişlər var. Digər din ölkələrindən fərqli olaraq, dünyəvi bir məmləkətdə yaşayırıq və dünya ədəbiyyatından olan maraqlı əsərlərin dilimizə tərcümə olunaraq, dərc olunması yasaq deyil. Yəni bu gün Azərbaycan oxucusunun tam sərbəst şəkildə imkanı var ki, kitab mağazasına daxil olub, dünya ədəbiyyatından istənilən ədəbi və yaxud fəlsəfi nümunəni alıb oxuya bilsin. Bu yerdə bir məqamı da qeyd edim ki, ədəbiyyat özü də fəlsəfənin bir qoludur. Məsələn, mənə görə hansısa bir ədəbi nümunənin sətiraltı mənalarında belə olsa, fəlsəfi yük yoxdursa, demək, həmin əsəri ədəbi nümunə hesab etmək olmaz. O sadəcə hansısa bir insanın xatirəsidir. Bu xatirəni isə istənilən bir insan yaza bilər. Yazıçıya ona görə yazıçı deyilir ki, onun əsərlərində fəlsəfi qat olsun. əgər, yoxdursa, onun adı yazıçı yox, xatirəçidir. Sadəcə, hansısa bir hadisəni olduğu kimi yazıb, oxucuya çatdırır. Yazıçı həm də filosof olmalıdır. Dünya ədəbiyyatında yazıçı-filosoflar kifayət qədər var və sadalamaqla da, bitməz. Məsələn. Dünya ədəbiyyatında ən birinci adını çəkə biləcəyim F. Dostoyevski və E.M.Remarkdı ki, bu yazıçıların əsərlərini bədii əsərlə yanaşı fəlsəfi əsər də adlanmdırmaq olar. Deyim ki, E.M.Remarkın “Zəfər tağı” romanını bütünlüklə fəlsəfə adlandırmaq olar. Çünki, bu əsərdə adi diloqlar belə fəlsəfi tutumlu sözlərlə verilib. Mən bu əsəri sıxılmadan iki dəfə təkrar oxumuşam, bu gün də həmin kitab masaüstü kitablarımdan biridir .
Yustin Garderin “Sofinin dünyası” kitabı isə bütünlüklə fəlsəfədir! Fəlsəfədən tamamilə xəbəri olmayan birisi ilk başlanğıcda yaxşı olardı ki, bu əsəri oxumağa başlasın. Çünki bu əsərdə fəlsəfənin ilkin başlanğıcı haqqında kifayət qədər geniş məlumatlar verilib. Burada BMT-də zabit olan biri qızı Hildeyə ad gününə roman hədiyyə edir. Əslində oxucu əsərin ortalarına qədər romanda Hilde adlı bir qızın və onun BMT-də zabit olan atasının adının tez-tez çəkildiyini görsə də, əsərin Sofi ilə fəlsəfə müəllimi Albertdən bəhs etdiyini zənn edir. Fəqət, sonda oxucu Sofi və Albert kimi özünün də aldandığını, müəllifin təsirinə düşdüyünü, əslində Sofi ilə Albert oxucunun yox, Hildenin atasının ona ad gün hədiyyəsi olan romanın qəhrəmanları olduğunu görür. Qəhrəmanlar kimi oxucu da bu yerdə təəccüblənir ki, romanı oxuduğu müddətdə özünün yox, Hildenin oxuduğunu hiss etməyib. Bu yazıçının ustalığıdır ki, bu cür yazıçı keçidlərindən mükəmməlliklə istifadə edə bilib.
***
“Sofinin dünyası”nda müəllif fəlsəfə müəllimi Albertin timsalında Sofiya fəlsəfə kursu keçməklə yanaşı, öz qızına fəlsəfə haqqında bilgilər verir, bununla da oxucusunu da fəlsəfə dünyası ilə tanış edir. Əslində, bu əsərin yazılış metodu Yustin Garderin yazdığı kimi olmasaydı, bəlkə də, maraqsız olar, bizə adi fəlsəfə dərslərini xatırladardı. Məhz, bu əsərin fəlsəfəsi də ondadır ki, oxucu sona qədər Sofi ilə Albertin Hildenin atasının qəhrəmanları olduğunu bilmir.
Bu əsərdə fəlsəfə tarixinin başlanğıcından müasir dövrünə qədər kifayət qədər dolğun məlumatlar var. Hansı ki, Albert Sofiyə ünvanladığı hər bir fəlsəfi sualın açıqlamasını geniş şəkildə verir, fəlsəfədən anlayışı olmayan bir oxucu belə aydın şəkildə qavraya bilir.
Kitab fəlsəfi deyimlərlə zəngindir. Elə deyimlər var ki, biz bu günə qədər həmin deyimlərin alt qatlarından xəbərsiz olmuşuq. Amma bu kitabı oxuyan hər bir hafizəli oxucu deyimləri öyrənməklə, həm də həmin deyimlərin məna qatlarını öyrənəcəklər . bəlkə də sərbəst şəkildə öz fikirlərini də yürütməyi öyrənə biləcəklər.
Filosof sözünün mənası müdrikliyi sevən adam deməkdi. Zənnimcə, müdrikliyə iddialı olan hər bir oxucu üçün “Sofinin dünyası” ən gözəl vasitədir. Bu kitabda ən azı müdrikliyin ilkin başlanğıcı ilə tanış ola, həmçinin kainatın, insanların, heyvanların, böcəklərin, bitkilərin və ümumilikdə yaradılışın sirrlərini öyrənə biləcəklər.
***
Bu gün müasir Azərbaycan ədəbiyyatında da roman yazanların sayı gün-gündən artmaqdadı. Demək olar ki, bacardığım qədər ədəbi gündəmi izləməyə çalışır, hər yeni çıxan kitabları oxuyuram. Son illərdə gənc nəslin yaradıcılığında fəlssəfi tutumlu əsərlərə rast gəlməmişəm. Hansı ki. Yuxarıda da qeyd etdiyim kimi mənə görə hər bir bədii əsərin fəlsəfi tutumu olmalıdır. Son vaxtlar daha çox təriflənən Seymur Baycanın “Quqark”ı ancaq təkrar-təkrar cümlələrlə doludur. Buna da yazıçı keçidi donu geyindirirlər. Anlamıram, bunlar niyə qəbul etmirlər tənqidi?! Əsas odur ki, əsər göz qabağındadır və əsərin ideya qatını bir kənara qoyub, yazı üslubuna baxanda, artıq bunun roman olmadığını rahat şəkildə görürsən.
Son vaxtlar daha çox bəyəndiyim roman Kənan Hacının “Yağ kimi” romanı oldu . Bu əsərin də tənqidi tərəfləri var , amma romandı və konkret olaraq bu romanda ideya var, yazıçının problemi qomağı və davam etdirərərk sonlandırması müəllifin ustalığından xəbər verir. Bu əsərdə Camış Abdullanın obrazında müəllif cəmiyyətin eybəcərliklərini ustalıqla göstərə bilmişdir. Həmçinin yaxınlarda işıq üzü görən Qan Turalının “Mustafa” romanını da uğurlu əsər aldırmaq olar. Çünki bu əsərdə də ideya və fəlsəfi qat var. Hansı ki, müəllif özü əsəri çox priomitiv başlasa da, romanı davam etdikcə, digər müəlliflərdən sitatlar gətirməsi ilə “Mustafa”ya fəlsəfi qat verə bilmişdir. Primitivliyini də qeyd edim ki, əsərin başlanğıcında Mustafa ilə Nilufərin tanışlığı və dialoqları sovet dönəminin sevgi romanlarını xatırladır, heç bir yenilik yoxdur. Bu kitabı oxuduqca, əsərin bu gün, müasir dövrdə yazılmasına təəccüb etdim. Amma dediyim ki, əsas odur ki, əsərin ideya qatı və fəlsəfəsi var. Son illərdə yazılan yaxşı romanlar siyahısına daxil oluna bilər. Fəqət, təəssüflə qeyd edirəm ki, müasir Azərbaycan ədəbiyyatında, xüsusilə gənc yazarlarımız tərəfindən hələ ki, ciddi fəlsəfi tutumu olan əsər yazılmayıb. Bəlkə də bunun əsas səbəblərindən biri də ədəbiyyata və ümumilikdə cəmiyyətə yön verə biləcək fəlsəfi fikir məktəblərimizin olmamasıdır. Bəlkə, ilk öncə, fəlsəfi fikir məktəblərimizin formalaşmasına çalışaq?! Zənnimcə, o zaman ciddi, dünyaya çıxarılacaq ədəbi nümunələr də özü yaranacaq…

Комментариев нет:

Отправить комментарий