Страницы

29.12.2011

Aslan İsmayılov Siyavuş Novruzova cavab verdi

“Görsünlər, mən olan yerdə danışmağa haqları var..?"



Ziyalılar Forumun növbəti toplantısı olacaq. Buna münasibət bildirən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov həmin qurumda toplaşanlar arasında bir nəfərin də ziyalı olmadığını deyərək, əlavə edib ki, hər hansı fəxri ad və ya elmi dərəcə daşıyan, dövlət vəzifəsində işləyib oradan qovulan şəxs hələ ziyalı demək deyil.
Deputatın bu sözlərinə Ziyalılar Forumunda təmsil olunan hüquqşunas Aslan İsmayılov cavab verib. O, Modern.az-a açıqlamasında Siyavuş Novruzovun sözlərinə belə münasibət bildirib:
“Ziyalılar Forumunda təmsil olunan Rafiq Əliyev haqqında dünya şöhrətli alim Lütfi Zadə deyir ki, o, Nobel mükafatına layiqdir. İkincisi dünyanın aparıcı elmi jurnallarında Rafiq Əliyev Azərbaycandan çap olunan yeganə alimdir.

Üçüncüsü isə Azərbaycanda vəzifəyə yaraşmayan adamın o vəzifədə oturduğuna aid olan bütün lətifələr Siyavuş Novruzovla bağlıdır. Bu mənim ona verilən cavabımdır, artıq danışmaq istəmirəm. Vaxtımı belə insanlara sərf etmək niyyətində deyiləm”.

Forumda ziyalı olmaması fikrinə gəlincə, Aslan İsmayılov orada təmsil olunan hər bir şəxsin tərcümeyi-halının, kimin hansı yolu tutduğunun hamıya bəlli olduğunu qeyd edib.
“Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Cəmil Həsənli, Ramiz Rövşəni demirəm, sadəcə hakimiyyətdə təmsil olunanlar öz tərcümeyi-hallarını mənim tərcümeyi-halımla yan-yana qoysunlar. Görsünlər, onların mən olan yerdə danışmağa haqları var, ya yox”.
Hüquqşunas bildirib ki, əgər Siyavuş Novruzov kimilər bu gün yaltaqlığın hesabına vəzifəyə gəliblərsə, o, hələ 28 yaşında Rusiyada məhkəmə sədri olub: “Orada böyük vəzifəni atıb, 1989-cu ildə bura müstəqil dövlət qurmağa gəlmişəm. Bunlar kimi gündə nala-mıxa çalmamışam, bir yolun yolçusu olmuşam və forumda təmsil olunanlar hamısı belədir. Siyavuş Novruzov kimiləri qapançılıqdan, cangüdənlikdən yaltaqlıq hesabına gəlib elmlər doktoru olublar”.


Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, vəkil Aslan İsmayılov, politoloq Eldar Namazovdur.

Aytən ƏLİYEVA                    modern.az

Комментариев нет:

Отправить комментарий