Страницы

07.12.2011

Ata fəlsəfəsini sanki yox yerdən yaratdı

Paşa Qəlbinur


Gənclik dövrümdə mənə öz böyük gücüylə təsir edən iki yön olub: Əli Kərimin poeziyası və Asif Atanın fəlsəfəsi. İndiyə kimi müxtəlif mövzularda çoxlu kitablar oxumuşam. Bunların çoxu Azərbaycanın sərhədlərindən qıraqda başqa-başqa millətlərin nümayəndələrinin əsərləri olub. Ancaq bu iki şəxsin ömrümə, yaradıcılığıma təsiri əvəzsizdir: Əli Kərim poetik poeziya anlamında, Asif Ata isə bənzərsiz fəlsəfə siqlətində… 
Asif Atanın «25 Söz» adlı siyahısı var. O, burada dünya üzrə 25 ən ünlü yaradıcının əsərlərini oxumağı məsləhət görür. Mən həmin kitabların hamısını oxudum.



Ata görüşlərdə deyirdi ki, bu kitabları oxusanız, başqa kitabları oxumamaq da olar. Sonradan bir daha əmin oldum ki, Ata düz deyir. 
Buna yaxın bir fikir də var: Engels deyir: “Dünya ədəbiyyatı məhv olsa, bir “Səfillər” qalsa, hesab edin ki, dünya ədəbiyyatı yaşayır. Əgər “Səfillər” yoxsa, hesab edin ki, dünya ədəbiyyatı yoxdur.” Bu, bir obrazdır əslində. Ancaq Atanın dediyi əsərlər həqiqətdir, gerçəklikdir. 
“25 Söz”dəki kitabları oxuyanda adamın dünya haqqında təsəvvürü bütövləşir, yetkinləşir. Belə bir bənzətmə aparaq. Okeanı keçmək üçün taxta parçalarından gəmiyə bənzər bir şey düzəltmək, onunla da okeanı keçmək olar. Atanın dediyi həmin o anlamdaydı ki, dünyanın qasırğalı okeanını bu kitablarla aşmaq, dünya haqqında hərtərəfli təsəvvürə gəlmək olar. Düşüncə adamı dünyanı beləcə dərk edə bilər. Asif Ata yadımda beləcə qalıb. 
Bəşər tarixində məktəb yaratmaq iddiasına düşən çoxlu filosoflar olub. Bunlardan indi Asif Atanın Mütləqə İnam Ocağının adı qalıb. Qalıb yox, gündən-günə də, sizin örnəyinizdə daha da alovlanır, işıqlanır. Bu da onun fəlsəfi təfəkkürünün yaşarı, canlı olmasından irəli gəlir. Bu mənada canlı olan çoxala, bölünə bilir, əbədi yaşaya bilir. Canlı olmayan yerində qalır. 
Kim o dövrdə Asif Ata ilə təmasda olub, görüşlərində iştirak edib, indi həmin adamlarla qarşılaşanda görürəm ki, Ata bu adamların hər birinə önəmli təsir edib. Nəinki yaradıcılığa, həyatda qalmağa, yaşamağa, düzgün mövqe tutmağa, düzgün yolla getməyə. 
O göstərilən yol indiki dillə desək, radar tutmayan bir zona idi. O yol həm göylərə yaxındır, həm də yerlərə. O yol canlıdır, düz, əbədiyaşar bir yoldur. O yol çox mürəkkəblikləri bəzən adi bir cümlə ilə ifadə edir. 
Məsələn, Ata vurğulayır ki, xalq – mahiyyətdir və say heç vaxt xalq ola bilməz. Mahiyyət saydan böyükdür, artıqdır, yüksəkdir. Bu məsələyə qədim yunan filosofları yetərli səviyyədə yanaşmayıblar, açmağa çalışıblar, aça bilməyəndə dolaşıblar. Eləcə də başqa filosoflar. “Xalq” anlayışına bu cür dəqiq yanaşmaq, onu ifadə etmək yalnız Asif Ataya aiddir. 
Dostluq haqqında yunanlar yazıblar, ancaq xalq məsələsinə bu səviyyədə yanaşa bilməyiblər. Bu kimi mütləq kəşflər Asif Atanındır. O, işıq saçır, yolumuzu işıqlandırır. Ata fikrini dəqiq ifadə edir, mahiyyəti görə bilir. 
Bu yöndə Atanın çoxlu kəşfləri var. Fəlsəfədə kəşf eləmək çox çətindir. Neçə min illərdir ki, təfəkkür sahibləri bu sahə ilə məşğul olurlar. Özəlliklə də indiki çağda fələfədə yeni söz demək çox çətindir. 
Asif Ata bizim böyük filosofumuzdur. O, sabahlara aiddir, sabahındır. Vaxt gələcək, dünya onu böyük fikir adamı kimi tanıyacaq, etiraf edəcək.
Ötən yay Safruhun araya-ərsəyə gətirdiyi “Kutsal Öyrəti” kitabını oxudum, Ataya bir daha heyran oldum. Təkcə bu kitab bəsdir ki, dünya Asif Atanı tanısın. 
Ata daim təbliğ olunmalıdır. Aydınlarımız bu işdə hünər göstərməlidirlər. Siz Atanın irsini insanlara çatdırırsınız. Bu, gözəl işdir. 
Ata fəlsəfəsini sanki yox yerdən yaratdı. Sovetlərin o çətn, amansız çağında belə bir fəlsəfə yaratmaq hünər idi. Tamamilə çıxılmaz görünən şəraitdə Atanın belə bir işə girişməsi və öhdəsindən gəlməsi möcüzə səviyyəsində iş idi. 
Bu gün Ata yaşayır. Bu, Atanın yaşamasına, həqiqiliyinə bir daha sübutdür. 
Azərbaycan aydını Atanın kitablarını, irsini Azrbaycanda və ondan qıraqda təbliğ etməlidir. Bu yöndə elmi–fəlsəfi araşdırmalar aparılmalıdır. 
Asif Ata çox sahələrdə yazıb-yaradıb, zəngin irs qoyub. Həyatın elə bir sahəsi yoxdur ki, Ata ona dair fikir söyləməsin. 
Atanın təlimi o qədər canlı və hərtərəflidir ki, lap möcüzədir. Çünki onun təlimində hər şey var. 

4 Günəş 33-il (4.3.2011)

Комментариев нет:

Отправить комментарий