Страницы

04.12.2011

Əsgər gündəlikləri -1

Oqtay Hacımusalı

Gi Debor mükafatı almış əsərlər

Səndən mənə qalan xatirələrin içində itib batmaq deyək bəlkə buna...

Məxsusi olaraq O` Guin üçün

Bu gün işdə halva paylayırdılar. Dedilər ki, MƏHƏRRƏMlik də belə çıxdı.

****

Hər dəfə o uzun yolu gedəndə məni qəribə hisslər bürüyür. Yanımdasan və bir az sonra yoxa çıxacaqsanmış kimi bir hiss dolur içimə. Özümü yığışdırıb gözlərinə baxmaq istəyirəm. O gözlərdən nələr oxunmur, İlahi?! Hansı hisslər gizlənib sənin gözlərinin dərinliklərində? Onları anlamağa çalışıram. Alınmır. Sanki, mənimlə gözlərinin arasında qəribə gözəgörünməz bir xətt var. Bilmirəm, bəlkə sən də mənim gözlərimə baxanda eyni hissləri keçirirsən? Kim bilir, bəlkə də!... Yuxusuzluqdan qızarmış gözlərində o qədər sirrli bir dünya gizlənib ki...

****

Yenə də eyni mahnı. Mən yenə oradayam. Sən yenə orada. Gözlərində nisgil. Günün birində bir səhər telefon çalır və götürürəm ki, sən xəttin o bir ucunda ağlamaqlı bir səslə danışırsan və mənə darıxdığını deyirsən. Daha sonra dözə bilmirsən və hönkürürsən. Bu mənim ömürlük yaddaşıma köçür. Mən yaddaşıma köçən həmin fraqmentləri də özümlə götürüb uzaq – uzaq diyarlara aparıram. Hər gün bir yük maşınının arxasında, xəlvət yerdə səninlə danışıram. Və yenə də eyni mahnı... Həmin mahnı məni həyata bağlayan yeganə qüvvəyə çevrilir. Sonra bir gün sənə zəng vururam və səni təbrik edirəm. Tarix bir iyunu göstərir. Həmin gün sənin ad günün deyil. Hələ sənin ad gününə on dörd gün var.

****

İndiyə kimi nə yazmışdımsa, hamısını cırıb yenidən yazmağa başlayıram. Hər şey bir mesajla başladı. Gözlərimi yumub göndərmə düyməsini basanda özüm özümdən düz eləyib eləmədyimi soruşdum. Sonra anladım ki, bu həyata cəmi bircə dəfə gəlirəm və istədiyim kimi yaşamalıyam. Seçimimi özüm etməli, qəti bir qərara gəlməliyəm. Şəhərin mərkəzində yerləşən dostlarımdan birinin ofisində divara söykənib sənə mesaj yazdığım zaman gözlərimin önündən illər sonra rastlaşacağımızda düşdüyüm vəziyyət getmirdi. İnsan necə unutqandır? Öz payıma danışıram. Unutmaq deyildi bunun adı. Allah özü şahid idi ki, çətin anlarda səni düşünmüş, eləcə bizi gözləyən xoş gələcək üçün bütün çətinliklərə sinə gərmişdim. Hərdən özümə yeddimərtəbəli söyüşlər söyürdüm ki, niyə zəng vurdum sənə? Qoyaydım, hər şey axarıyla gedəydi də! Vacib idi ki, bir zənglə hər şeyi vuraydım bir-birinə?! Amma hər şey qaldığı yerdən, – mən buna zarafatla “dondurulmuş münaqişə” deyirdim, – başlanmalı idi və bir cəsarətli addım lazım idi ki, hər şeyi qaldığı yerdən başlayaq. Və başladıq da. Heç birimiz inanmırdıq buna. Elə bil, yuxuda idik və kimsə qəflətən bizi yuxudan oyadacaqdı. Ya da hansısa birimiz həbsxanaya düşmüşdük, - qulaqlara qurğuşun, – görüşdə idik və indicə nəzarətçi görüşün bitdiyini bildirəcəkdi bizə. Dayana bilmirdik bir – birimizdən ayrı. İlk dəfə baş – başa qalanda birimiz etiraf etmişdik bu anlar üçün nə qədər darıxdığımızı. Hansımız idi bu sözü deyən, nə fərqi vardı, axı?! Əsas odur ki, bu söz deyilmişdi və bir gerçəkliyi əks etdirirdi özündə.

****

Dostum “Facebook”da mənə dedi ki, evdə səni gözləyirlər. Kim gözləyir, niyə gözləyir, bunu özüm üçün dəqiqləşdirməyə çalışdım.

***

Ayağına getmişdim.

****

Bir dəfə də olsun onu uzaqdan görmək, əfv diləmək ən böyük arzum idi. Çünki, vicdan əzabı çəkirdim. Fikirləşirdim ki, onun bədbəxtliyinə mən səbəb olmuşam. Xoşbəxt ola bilərdi. Əslində onun bədbəxtliyinə mən yox, yaşadığımız cəmiyyət səbəb olmuşdu. Mən sadəcə buzdağının görünən tərəfi idim. İşlədiyi idarənin qarşısında maşını saxlayıb bir xeyli gözlədim. Elə bir yerdə dayanmışdım ki, hardan gəlirsə gəlsin, axırda haylanıb - fırlanıb mənim yanımdan keçməli idi. Elə də oldu. Avtobusdan endikdən sonra yolu keçib iş yerinə doğru addımlamağa başladı. O, yolu keçənə kimi mən artıq maşından düşüb onun yolunun üstündə dayanmışdım. Məni görəndə duruxdu. Hər halda məni burda görəcəyini düşünmürdü. Düz gözlərinin içinə baxıb:
- Salam! – dedim.
Sakit bir səslə:
- Xoş gördük! – deyə cavab verdi.
Səsindəki istehzanı sezmək üçün düha olmaq lazım deyildi. Amma eyni zamanda səsində istehza ilə yanaşı bir təəccüb də var idi. Yəni, “sənin burda nə işin var?” – deyə soruşmaq istəyirdi sanki. Ancaq özündə o gücü tapa bilmirdi. Beləcə dayanmışdıq üz – üzə. Sözlər tükənmişdi. Bu anda hiss etdiklərimizi sözlə ifadə etməkdə aciz idim.
- Yaman dəyişmisən. – Birinci sükutu o, pozdu.
- İnsan zaman keçdikcə dəyişir. Həm zahirən, həm də daxilən.
Yenə filosofluq edirdim.
İyrənirmişcəsinə üz – gözünü turşutdu:
- Yenə keçdin qəliz – qəliz danışmağa?!
Öz – özümü söydüm ürəyimdə. Bura gəldiyim üçün. O, heç dəyişməmişdi. Eyni səs tonu, sifətində eyni özündənrazı ifadə... Yəni axırıncı görüşümüzdən necə qalmışdısa yadımda, elə həmin tərzdə də bu gün qarşıma çıxmışdı. Məni bura gəlməmişdən öncə fikrimdən vaz keçirməyə çalışan insanlara haqq verməyə başlamışdım. Haqqlı idilər. Mən nəqədər xoş niyyət göstərməyə çalışırdımsa, əksinə o, daha da dərinə gedir, adətən qaşınmayan yerdən qan çıxarırdı.
- Bilirsən, bizdə tamam başqa cür də ola bilərdi. Ancaq alınmadı, demək ki, qismət deyilmiş.
- Nə alınmadı?! Niyə alınmadı? Sənin üçün rahatdı belə demək. Olduqca sərbəst danışırsan. “Alınmadı, neynək qismət beləymiş.” Bunlar hamısı boş – boş sözlərdi. Sən bu qədər vaxtdan sonra bunları demək üçün gəlmisən bura? Incimə, Oktay. Mən daha sənin bu sözlərinə dözə bilməyəcəyəm, çıx get.
- Sən də səbəbləri bilirsən. Mənim qədər sən də günahkarsan bu işdə. Hamımız günahkarıq. Sən də, mən də, bu binaya girib – çıxan insanlar da, öz isti otaqlarında, rahat kreslolarında mürgü vuranlar da...
- Çıx get, Oktay, çıx get!...
Yavaş – yavaş onun sifət cizgilərinin dəyişdiyini görür və bundan tədirgin olurdum. Səs tonunu da yüksəltməyə başlamışdı. Düzdür, buraya gələndə hər şeyi gözə alıb bu addımı atmışdım. Amma məncə mən bu qədər sərt münasibətə layiq deyildim.
Bir az sonra mən maşını işə salıb sürətlə ordan uzaqlaşanda güzgüdən onun heykəl kimi yerində donub qaldığını, hey arxamca baxdığını gördüm.
****
Artıq bir həftəyə yaxın idi ki, mən gecələri səksəkə içərisində yuxudan oyanır, yenidən yuxuya getdikdə isə eyni qarabasmanı görürdüm. O, barmaqlarını uzadıb xirtdəyimdən yapışıb məni boğurdu. Onun zərif barmaqlarının bu hərəkəti mənə olduqca tanış idi. Yuxuda olsam belə şüuraltıma işləyən bu hərəkəti yaxşı xatırlayırdım. Amma bu dəfə qəribə idi ki, onun zərif barmaqlarının yerini iri caynaqlar almışdı. Əcaib məxluqların caynaqlarına bənzəyirdi bu. Mənə dikilən nəzərlərində intiqam alovunu hiss etməmək üçün kor olmaq lazım idi. Əvvəlcə əllərini göyə doğru qaldıırır, başa düşmədiyim bir dildə yüksək səslə nəsə duayabənzər sözlər söyləyir, daha sonra əllərinin yerini yavaş – yavaş uzunsov caynaqlar alırdı. Mən qaçmağa çalışır, dəli kimi qışqırır və özümü xilas etmək istəyirdim. Həmin an qəflətən yuxunun tən ortasında bir qız peyda olur və məni onun caynaqlarından almağa çalışırdı. Birinci gecə həmin qızın sifətini tam görə bilməsəm də, sonrakı gecələrdə yavaş – yavaş sifəti mənimçün aydınlaşmağa başladı. Bu əvvəllər bir yerdə işlədiyim bir qız idi. Düzdür, qarabasmada gördüyüm nisbətən onun yaşlı formasıydı, amma yenə də olsun... Dəqiq bilirdim ki, bu həmin qızdır. Özü də ən maraqlısı o  idi ki, mən o qızı nə vaxtdır heç görməmişdim də. İşdən ayrıldıqdan sonra təsadüfən köhnə iş yoldaşlarımdan biri onun mənə vurulduğunu, lakin həya edib bunu mənə deməkdən utandığını eyhamla da olsa başa salmışdı. Hər hal o gündən şüuraltımda o qızdan bir iz, bir əsər qalmışdı. Yoxsa o qızın nə işi var idi mənim gördüyüm qarabasmada ki, hələ bir gəlib məni Şəbnəmin caynaqlarından da xilas etsin?
Gecənin bir aləmi yenə qarabasmadan oyanıb ona rast gəldiyim günə lənət yağdıra – yağdıra işığı yandırıb düşünməyə başladım. Bunların hamısı onun ayağına getdiyim gündən sonra başladı. Bu qarabasmalar, yuxumun pozulması və tez – tez qulağımda Şəbnəmin “Get, Oktay, get!” – cümləsinin səslənməsi... Əvvəllər belə hallar heç baş verməmişdi məndə. Və bunun nə olduğu barəsində isə qətiyyən bir fikrim də yox idi. Bircə şeyi özüm üçün dəqiqləşdirmişdim ki, bir az da belə davam etsəydi, hər halda mən havalanacaqdım. Onsuz da son dövrlər yaşadıqlarım əsəblərimə çox pis təsir etmişdi. Orda olduğum müddətdə dəfələrlə səhəri dirigözlü açmışdım. Ətrafımız, dörd bir tərəfimiz dağların əhatəsində idi. Bir tərəfdən fiziki yorğunluq, bir tərəfdən də insana bəzi dostların bəxş elədiyi mənəvi yorğunluq... Əməlli – başlı bədənim süst düşmüşdü. Bəlkə də bir həkimə getməliyəm. Gecənin bir yarısı gəldiyim qərar ancaq bu ola bilərdi. Sabah ilk işim axtarıb – arayıb bir əsəb həkimi tapıb, onun qəbuluna yazılmaq olacaqdı. Başımı qaldırıb divardan asılmış saata baxdım. Saat dördə on dəqiqə qalırdı...

****

Köhnə toplar idi. Neçə mənim kimisini yola vermişdilər Allah bilir... Topların yanında gizli – gizli telefonla danışırdıq. Üzümüzdəki kədər səsimizdə əks – səda verirdi. Birimiz topun üstünə telefonu qoyub əhatə dairəsini tutub nömrəni yığır, birimiz də ətrafa baxırdıq ki, gəlib eləyən olanda bir – birimizə xəbərdarlıq edək...

****

Üzünü pəncərəyə söykəyib çölə baxırdı. Pəncərənin o üzündə yağış yağırdı. Bu gün qızının ad günü idi. İcazə vermişdilər ki, getsin evə dəyib qızının üzündən öpüb geri qayıtsın. İstəsə lap ad gününü də keçirə bilər. Amma əsas odur ki, axşam yoxlamasına özünü çatdırsın. Çatdırmışdı, budur, burdadır. Üzünü pəncərəyə söykəyib çölə baxır. Qəflətən çiyinləri atılıb düşməyə başladı. Əli ilə üzünü tutdu. Hönkürürdü. Heç kim onu sakitləşdirməyə çalışmırdı. Ağlayıb ağlayıb onsuz da sakitləşəcəkdi. Sonra qəfil hönkürtüsünü kəsib fitlə “Sarı gəlin” mahnsını çalmağa başladı. Mən də ona qoşuldum... Necə oldusa...

****

Hamını aldatmışdı. Hamı ona inanırdı. Bakıdan təzə gəlmişdi. Hamıya demişdi ki, anam  xəstədir. Mənsə daha çox acıyırdım ona. Əlimə nə düşürdüsə yarısını ona verirdim. Qoymurdum ki, darıxsın. Çalışırdım ki, unutsun hər şeyi. Bəzən həbsə alınmaq riskinə də olsa telefon tapırdım ki, evləri ilə danışsın. Sonra bir gün qəfil yoxa çıxdı. Daha doğrusu yuxarı gözətçi məntəqəsinə tərəf qaçdığını görmüşdülər. Hamı boş vermişdi onu. Yanına qalxdım. Oturmuşdu balaca dar çarpayıda. Gözləri qıpqırmızı idi. Ağlamışdı. Məni gördü.
-Ağsaqqal, niyə gəlmisən? – dedi. Susdu. Sonra üzümə baxıb: - Bilirsən, mən necə alçağam? Hamınızı aldatmışam. Mənim anam xəstə - zad deyil. Darıxıram... Başa düşürsən, ağsaqqal, darıxıram. Mən evə getmək istəyirəm. Mən...
Heç nə demədi. Dalını gətirmədi. Durub çölə çıxdı. Bir siqaret yandırdım. Qəflətən havanın səssizliyini güllə səsi pozdu...

****

-Olmaz – dedi – olmaz. Vəssalam. Qurtar bu söhbəti...
Elə bil balaca uşağa oyuncağını vermirdilər. Ya da çirkli bir şeyi ağzına aparmaq istəyirdi və onu bu hərəkətindən çəkindirirdilər. Bir dəfə də belə olmuşdu. Saçlarını küləklərin sığalladığı bir gündə evə gələndə belə bir təhər davranmışdı hamı onunla. Pir onundu və o, öz pirinin kəramətinə bələd idi. Indicə bilirdi ki, nəsə maraqlı bir təklif gələcək. Elə də oldu. Çox gözlətmədi özünü həmin cazib təklif. Anasının dodaqlarından töküldü... “Mama qurban”la birlikdə... Bircə anda dünya başına fırlandı. O da onda eyni cavabı verdi:
-Olmaz – dedi – olmaz. Vəssalam. Qurtar bu söhbəti...

****

- Qaqaş, sən nadir istedad sahibisən e, sənin nə işin var hərbidə?
- Yox, qaqaş, getməliyəm. Gedib bunlara sübut etməliyəm ki, mən elə mənəm. Necə ki, onda sübüt etdim.
- Deyək ki, getdin və işdi də qayıtmadın. Nolacaq, hə?! O, yazıq deyil?!
- Birdən qayıtdım?!...

****

Gecə bir aləmi telefonun səsinə yuxudan oyandım. Mesaj gəlmişdi. Yuxulu – yuxulu gözlərimi ovuşdurub telefonun ekranına baxdım və mesajı oxumağa çalışdım. Qaşlarım çatıldı. Tələm – tələsik telefonun düymələrinə basmağa başladım. Mesajı göndərdikdən sonra rahatca yerimdə gərnəşib ayaqlarımı uzatdım. Sonra bir mesaj daha gəldi. Söhbət uzandıqca uzandı. Yarımçıq qalan suallara cavab axtarırdıq. Sonra görüşmək qərarına gəldik. İki il əvvəl axırıncı dəfə görüşdüyümüz yerdə görüşməli idik. Həmin yerə hardasa yarım saat əvvəlcədən gəldim. Vaxtım çox idi və bir az gəzişmək istədim. Həmin kafeni axtardım. İçində divarboyu akvariumlar olan kafeni. Kafeni sökmüşdülər...

****

Dedilər ki, təzə gələn əsgərləri yığacaqlar gecə. Onları posta aparacaqlar. Köhnə əsgərlər düşür bu gecə aşağı. Üç gün idi ki, yatmırdım. Onunla danışdıqca hər şey yadımdan çıxırdı. Təzə hansı kitablar çıxıb, İlyas Əfəndiyevin yubileyi necə keçib, məni kimlər soruşub hamısını ondan öyrənirdim. Amma mən posta gedəcəkdim bu gecə. Onunla danışmaq istəmirdim. Yatmaq istəməsəm də bir kənarda sırıqlıma bürünüb yuxuya getməyə çalışdım. Yatmışdım. Yuxunun şirin yerində bir nəfər məni dümsüklədi:
-Dur, görüm!...
- Nolub?!
- Nolub nədi, ə?! Ciyərim yanır, dur mənə su gətir, düdəmə!...
Qaranlıq idi... Üzünə baxmağa çalışsam da heç nə alınmırdı. Mən onsuz da gecə görmürdüm. Cibimi eşələdim. Alışqanı yandırdım. İşığı düz onun sifətinə saldım.
-İşığı söndür görüm!... Salma gözümə!...
Ayağımın quruduğunu hiss elədim. Özümdən ixtiyarsız əlimi atıb çarpayının dəmirini çıxardım. Yeddimərtəbəli bir söyüş söyüb:
-Yaxın gəlməyin, yaxın gələnin atasını yandıraram! Parabeyin şeyəm! Geridə kimisə qoyub gəlməmişəm ki, ona yazığım gəlsin!... – deyə qışqırmağa başladım...
Yalan danışırdım. Bilirdim ki, ən çox həmin anlarda ona yazığım gəlir...

****

-Gəl, kömək elə, bu uşaqları düzəldək, əl - ələ verək, burda səliqə - səhman yaradaq!...
- Mən Müqəddəs Ata deyiləm!

****

-Əsgər Musayev!!!
-Mən!!!!...
Siz elə adam tanıyırsız?! Mən şəxsən yox! Dilema yaşamaq pis şeydir! O soyadı mən hardasa yeddi – səkkiz il öncə şəxsiyyət vəsiqəsində tək qoyub getmişdim işimin dalınca. İndi həyətdə oturmuşam və diqqətlə əynimdəki bu ala – bula paltara baxa – baxa düşünürəm ki, mənim burda nə işim var?! Düşünürəm ki, mülkiyə gedən kimi birinci bir internet kluba girib “Google” – da axtarış verəcəyəm, görüm məni kim yadına salıb?! Kim deyib ki, bir Oktay da var idi bu yer üzündə?!       
Tez qayıtmaq istəyirəm...

****
-Sən şeir də yazırsan?!
Bunu cibimi axtaran yekəpər gizir dedi və üzümə baxıb:
-Ağsaqqal, olmaz e, qadağandır. Dəftəri götürürəm.
İki gün sonra bütün əsgərlər həmin şeirləri oxuyurdular...

****

Səngər qazırdıq. Başımızın üstündə dayanan zabit məni yanına çağırıb xahiş elədi ki, get mənim telefonumu gətir. “Telefon” – sözünü eşidən kimi əsgərlər səngər qazmağa ani də olsa ara verdilər. Hamının çöhrəsində təbəssüm yarandı. Ümiddən doğan təbəssüm...

****

-Səni gözləmişəm! Bu bir il altı ayda! Şəhərdə təsadüfən üz - üzə gəlsəydik, qardaşımın qəbri haqqı tanımazdım. Nə yaman dəyişmisən, Oku?!
- Mənə “Oku” demə!
- Niyə?!...
- Demə də, istəmirəm!...

****

-Məni tanıyırsan?
-Hə də... Oktaysan.
- Bəlkə heç mən Oktay deyiləm?!
- Qorxuram, belə danışma, nolar. Eşitmişəm ki, siz şairlər qəribə olursunuz. Amma belə də yox da.
- Açıl başımdan!...

****

Mən xoşbəxt ola biləcəyəmmi? Sən xoşbəxtsənmi, dostum? Maşının, evin – eşiyin, qadının, uşaqların... Bütün bunların hamısı sənə özünü xoşbəxt görmək üçün bəsdirmi? Ömründə bircə dəfə də olsun xanımınla, uşaqlarınla harasa getmisənmi? Yoxsa səhər naxıra, axşam axura yaşamısan? Elədirsə, incimə, sən yaşamamısan. Sən sadəcə... Nə bilim e...

****

-Başa düşürəm, məni sevmirsən.
-Başa düşürsən və hələ də burdasan?!...
-Ümid edirəm də...
- Heç şeir bilirsən?
- Mənim bildiyim şeirlərdən sənin zəhlən gedir axı...
- Ona görə də... Nə isə... Anama deyərsən ki, mən getdim Bakıya...

****

Demişdilər ki, posta gedəndə keçə çəkmələr verəcəklər... Soyuqdan qulaqlarım batmışdı. Üç – dörd gün aşağıda saxladılar məni. Biz yuxarıda min bir əziyyət çəkirdik. Burda papanın gül balaları isə kef edirdilər. Sabah bilirdin oturub danışanda hamısı deyəcəkdi ki, səngərdə belə olmuşdu. Adi haldır... Bir əsgərdən xahiş elədim əsgər Əliyevə desin ki, Qoca düşüb yuxarıdan. Çayçıda oturub onu gözləyirəm.
Gəldi. Qucaqlaşıb görüşdük. Bir xeyli söhbət etdik. Bir ildən sonra ilk dəfə əlimə kitab dəydi. Bax belə... bir neçə ay əvvəl televizorda xəbərlərə baxanda Əkbər Qoşalını və bir neçə tanış simanı görəndə elə ağlamaq tutmuşdu məni. Knut Hamsunu oxudum. “Aclığı”...

****
Qar yağırdı və biz çöldə qarın altında lopa – lopa yağan qara aldırmadan himn oxuyurduq...

****

Səhər yuxudan çox rahat oyandım. İlk dəfə idi ki, ağrımırdım. İlk dəfə idi ki, qıçlarım yığılmırdı. İki dəqiqədən bir çölə qaçmırdım. Kazarmada oturmuşdum və qulaqlığı taxıb Ebru Gündeşə qulaq asırdım:
Nasıl isterdim seninle
Ağlayan bir bebeğın sesine uyanmağı?!
-Alə, su gətirin ağsaqqalın tutması tutub!
Bakılı Həsənin səsi idi...

****

Yuxu görmürdüm. Səsin üçün darıxırdım. Sənin üçün darıxırdım. Axırıncı danışığımızın üstündən yalançılar sözü bir il keçmişdi. Novruz bayramının üstündən isə iki gün. Və ilk dəfə idi ki, kiminləsə telefonda danışmaq istəyirdim. Kimi yığıramsa yığım barmaqlarım bir nömrəni yığmaq üçün səbrsizlənirdi. 
Diqqətlə göbələyə baxdım. Göbələkdəki Balahəsən idi.
-Ay Balahəsən, bu gün ayın neçəsidir?
- İyirmi üçüdü, ağsaqqal, iyirmi üçü...

****

İyirmi üç mart... Qız Qalası... Şəhərin üstünə duman gəlir xırda – xırda. Mən bayramı Siyəzəndə keçirib qaçmışam... Demişəm ki, işlərim başımdan aşır. Və gəlmişəm. Budur, Qız Qalasına gedirik. İlk dəfə ona orda keçirdiyim hisslər barəsində danışıram... Nə dediyimi xatırlamıram...

****

Bulaqdayam. Kəndə gedən su borusunu deşmişik. Həftə səkkiz mən doqquz kənd camaatı davaya gəlir üstümüzə. Gəlib bağlayıb gedirlər borunun deşilən yerini. Paltar yumalıyam. Rəsmi sənədlərdə bizim mələfələrimiz, yataq dəstlərimiz aşağıda yuyulur. Ancaq indi yollar bağlıdır. Və biz iki həftədir ki, hamam tapa bilmirik çimməyə. Paltarlarımı çıxarıb günəşə sarı oturmuşam. Bit haqqında düşünürəm. Sevimli qardaşım haqqında. Mənə hələ ki, bit düşməyib. Özüm özümə təsəlli verirəm. Amma çiynimin üstündə nəsə qəribə bir şey gəzinir... Boruya yaxınlaşıb əlimə - üzümə su vururam. Amma yox, belə olmaz. Soyunub suyun altına girirəm.

****

-Alə, farağat!
- Alə, azad!...

****

Evdəyəm. 32 yaşımı qeyd edirik. Qohum - əqrəba hamı bizə yığışıb. Bibim də gəlib. Onu çoxdandı ki, görmürdüm. Kənddə olur. Mənə uşaq olanda o, baxıb. Atamla əmim söhbət edirlər. Söhbət haylanıb – fırlanıb yenə mənim üstümə gəlir. Atam diqqətlə üzümə baxır. Hiss edir ki, mən tamam başqa aləmdəyəm. Tez – tez telefona baxıram. Kimdənsə zəng gözləyirəm. Ancaq zəng gəlmir ki, gəlmir. Əvəzində isə... Əvəzində isə tort gəlir.
Axıra yaxın durub qonaqları yola salanda telefonuma gələn ən son mesajı oxuyuram: “Ad günün mübarək, bir dənəm! Cənnət yaşında süfrəni özüm açacağam...”

****

- Evdəsən?
- Yox, sabah gələcəyəm.
- Ananın ad günü olub e...
- Hmmmm... Təmiz yadımdan çıxıb.
- Gəl, təbrik elə... Anan inciyib səndən...
- Hədiyyəsi hazırdır... Gəlib ürəyini alacağam...
- Gəl, ancaq sən Allahın, qanqaraçılıq salma, bəsdir...
- Yaxşı, vaxtım qurtarır, çıxmalıyam... Sabah görüşərik...

****

Verilişə dəvət etmişdilər məni. Yazıçılar Birliyinin qapısının ağzında idim ki, telefonuma zəng gəldi. Açdım ki, köhnə tanışlardan biridir. Xoş – beşdən sonra dedi ki, səni gözləyəcəyik gələrsən... Razılıq verib telefonu söndürəndən dərhal sonra düşündüm ki, əvvəl – axır onunla üz – üzə gələcəyəm. Bu da bir qismətdir. Neyləməli? Vaxt gəldi çatdı. Oturduq və səsyazma bitəndən sonra studiyadan çıxıb yuxarı qalxdıq. Bir ara içim daraldı və köhnə tanışımdan üzr istəyib çölə çıxdım. Daha doğrusu qapını açdım... Və... gördüm ki, iki nəfər qapının ağzında dayanıb söhəbt edir. Yüngülcə üzr istəyib keçdim. Kənara çəkildilər. Bir neçə addım atmışdım ki, yerimdə mıxlanıb qaldım. Geri döndüm... O, idi...

****

Postda idim, Qərib də yanımda. Sağa – sola gəzişirdim ki, həm yuxum gəlməsin, həm də soyuq olmasın. Burda donmaq an məsələsidir. Bir an yuxuya getdinsə, vəssalam, donacaqsan. Bir an yerində dayandınsa, yenə eyni nəticə: donacaqsan... Yəni, səbəb nə olursa olsun, nəticə əsla dəyişmir. Bir ara necə olubsa yerimdə gəzə - gəzə gözüm yuxuya gedib. Bunu da burda öyrənmişdim. Ayaq üstdə yatmağı. Səsə gözümü açdım. Addım səsləri idi, kimsə yaxınlaşırdı. Elə bildim ki, Qəribdi, görüb ki, mən yeriyə - yeriyə yuxulayıram, mane olmamaq üçün yavaşca yanımdan uzaqlaşıb. Həmin anlarda insanın beyni saat kimi işləməyə başlayır. Sadəcə düşünürsən, çünki ortada real təhlükə var. Diqqət etdim, Qərib yanımda idi. Əgər Qərib yanımda idisə, mənə sürətlə yaxınlaşan kim idi?! “Dur, kimdir gələn?” – deməyə ehtiyac belə duymadan gülləni darağa verdim. Nisbi sakitlik yenə pozuldu.

****

Beşinci mərtəbədə olurduq onda. Birotaqlıda. Sənə heç danışmamışam bunları bəlkə də. Bəlkə də danışmamalıyam. Amma, yox, qoy danışım. Həm sən dinlə, həm də mən yüngülləşim. İndiyə kimi sən danışmısan ailənizdən. Mənsə susmuşam. İndi danışmaq növbəsi mənimdi.

****
 
Həyətə düşmüşdüm. Yox, oynamağa yox, mən heç vaxt öz yaşıdlarımla oynamamışam. Uzaqbaşı özümdən on – on beş yaş böyüklərlə bir yerdə yekə qart kişilər kimi dayanırammış. Hamı mənə tamaşa edirmiş ki, mən özümü necə aparıram. Onlar öz yanlarından məni qovsalar da bu uzağı on dəqiqə çəkirmiş. Həmin gün həyətdə bir xeyli gəzdikdən sonra gəlib çıxmışdım qonşumuz Nəcməddinin qarajın yanında dayanan köhnə “ZiL”inin yanına. Bizim məhəllənin uşaqları üçün əsl əyləncə yeri idi Nəcməddinin “ZiL”i. Saatlarla həmin yük maşınının sükanını sağa – sola çevirərdik. Bu bizim üçün başqa bir aləmdi, bəlkə də elə ona görə də mən böyüyəndə sürücü olmaq istəyirdim. Özü də qətiləşdirmişdim ki, yük maşını sürəcəyəm. Divanımızda uzanıb ayaqlarımı yığanda yük maşınının kabinəsi alınırdı və mən evimizdə ən tez tapılan əşya olan anamın rənbərəng qələmlərini götürüb iki nəfəri yük maşınının kabinəsində oturdur, qalan qələmləri isə “yük maşını”mın banına yığırdım. Ən uzaq səfərlərə çıxırdım həmin yük maşını ilə. Hə, ondan danışırdım axı, Nəcməddinin o xarab maşınının içində sükanı bir xeyli sağa – sola hərlədikdən sonra yorulub evə qayıdırdım. Uzağı bilirdim ki, anam məni palazçırpanın altına salmasa da, özünə əl qatacaq. Özünü qarğayacaq. Onda ən acığım gələn cəhət bu idi. Bəzən işdən gələndə gəlib görürdü ki, kitab rəfimizin aşağı gözü pis vəziyyətdədi, vəssalam, yazıq anam özünə bir əl qatırdı gəl görəsən. Sanki dünyanın sonu idi. İndi bilirdim yüz faiz görəcək üstü – başım it günündədir, başlayacaq öz taleyini qarğamağa. Qalxdım, beşinci mərtəbəyə qalxana kimi təngənəfəs olurdum. Yarıyolda dayanır, sonra təzədən güc yığıb bir də qalxmağa başlayırdım. Elə bilirdim ki, dalımca kimsə gəlir. Yarıyolda dayananda əslində arxaya boylanırdım ki, görüm dalımca gələn var, yoxsa yox?! Qalxdım qalxmağına, amma nəsə qeyri-adilik var idi elə bil evimizdə. Qapının ağzında çoxlu ayaqqabılar düzülmüşdü. Anamın böyük bibisi – qulağı torpaqda olsun – Çərkəz arvad məni gördü qapının ağzında. Ağzımı ayırıb ayaqqabılara baxırdım. Çərkəz arvad yanıma gəlib məni öpdü, qucaqladı. Üzümə doyunca baxıb: “get, baleymə, şağlar eşağıda seni güzetteyirler e” – dedi. Sonradan bildim ki, məndən kiçik qardaşım ölüb. Mən ondan qorxurammış. Hətta bir dəfə - bax o, yadıma gəlir – gördüm ağlayır, sakitləşdirmək üçün ağlıma daha yaxşı bir fikir gəlmədiyindən onun barmağını dişlədim. Anam indi də onu deyib gülür. İndi düşünürəm, görəsən qardaş necə olur?! Qınama, çatmır da mənə, nolar qınama!

Комментариев нет:

Отправить комментарий