Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında yeni musiqili bədii film çəkiləcək.
Məşhur İran rejissoru Yadulla Səmədinin çəkəcəyi filmin rollarında Azərbaycan və İran aktyorları çıxış edəcəklər.
Məhz bu filmlə bağlı danışıqlar aparmaq üçün Yadulla Səmədi Azərbaycana gəlib. Səfər çərçivəsində rejissor bu gün mətbuat nümayəndələri ilə görüşüb və filmlə bağlı məlumatları açıqlayıb. Rejissor bildirib ki, film “Məşədi İbad” adlanacaq: “Filmdə Məşədi İbad rolunu İran aktyoru canlandıracaq. Azərbaycanın xalq artisti Afaq Bəşirqızı qulluqçu Sənəm, xalq artisti Rasim Balayev isə Rüstəm bəy rolunda çıxış edəcəklər. Digər obrazların ifaçıları isə hələ müəyyənləşdirməmişik. Biz hətta çoxlu tələbələrlə də görüşdük. Amma Gülnaz və Sərvər roluna uyğun bizi qane edən bir adam da tapmadıq. Amma axtarışlarımız davam edəcək.
Filmin əsas çəkilişlərinin Azərbaycanda aparılacağını deyən rejissor Bakıda məkanların çox dəyişdiyini də vurğulayıb: “Əsərdə təsvir olunan köhnə Bakıdan əsər-əlamət qalmayıb. İçərişəhərə getdik baxdıq, bazar səhnəsinin orda çəkilməsi mümkün deyil. Eləcə də hamam səhnəsi. İndi bütün hamamlarda sauna, cakuzi var. Odur ki, bizə uyğun məkanları bölgələrdə axtarmalı olacağıq. Bəzi səhnələr isə İranda pavilyonda çəkiləcək”.
Çəkilişlər mart ayında başlayacaq və üç ay müddətində davam edəcək. Rejissor onu da qeyd edib ki, film Azərbaycan dilində çəkiləcək. Sonradan farscaya dublyaj olunacaq və hər iki dildə yayımlanacaq. Lakin filmdə səslənən bütün musiqi parçaları Azərbaycan musiqiçiləri tərəfindən ifa olunacaq. Fars variantında isə o parçalar olduğu kimi saxlanılacaq. Film hazır olandan sonra onun xarici festivallara göndərilməsi də planlaşdırılır.
Tehranda Azərbaycan mədəniyyəti və incəsənəti mərkəzinə rəhbərlik edən Abdulla Əsədullayi isə qeyd edib ki, filmdə bəzi epizodlarda dəyişikliklər ediləcək: “Bu filmi çəkməkdə əsas məqsəd Üzeyir bəyi İranda tanıtmaqdır. İranda 75 milyona qədər əhali yaşayır. Onların heç bir faizi də Üzeyir Hacıbəylini tanımır”.
Filmin bütün xərclərini İran tərəfi ödəyəcək.
APA
Комментариев нет:
Отправить комментарий