Страницы

28.12.2011

JURNALİST ABŞ-ı TƏNQİD ETDİYİNƏ GÖRƏ İŞDƏN ÇIXARILDI

İREX-in layihəsi ilə bağlı qalmaqal baş verib

ABŞ-ın İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) təşkilatının Azərbaycan Nümayəndəliyinin Xaçmazdakı İcma Məlumat Mərkəzinin administratoru, jurnalist Cəmil Məmmədli vəzifəsindən azad edilib.
C. Məmmədli APA-ya bildirib ki, administrator vəzifəsinə bu il dekabrın 15-də təyin olunub, cəmi bir həftədən sonra - dekabrın 23-də isə işdən çıxarılıb: “Mən dekabrın əvvəlində İREX təşkilatının Qubadakı icma məlumat mərkəzində SKUPE proqramı vasitəsilə müsabiqədən keçdim və mənə heç bir irad tutulmadı. Dekabrın 16-da isə İREX Bakı ofisinin paytaxtda təşkil etdiyi treninqdə iştirak etdim.

Mənə işdən azad edilməyim barədə məlumatı dekabrın 23-də Bakı ofisindən Mürsəl Əliyev telefonla xəbər verdi. Bundan sonra İREX əməkdaşı Ülviyyə Məmmədova telefon açaraq eyni məzmunda söhbət etdi. İşdən azad edilməyimin səbəbi ilə bağlı mənə heç bir şərh vermədilər”.
C. Məmmədlinin dediyinə görə, işdən çıxarılmasının səbəbini öyrənmək üçün daha sonra özünü İREX-in donorlarından biri kimi təqdim edən və icma məlumat mərkəzinin partnyor təşkilatının rəhbəri Fərqani Əliyevlə əlaqə saxlayıb: “Fərqani Əliyev dedi ki, mənim işdən çıxarılmağının əsas səbəbi bu il yanvarın 30-da ”Bolgexeber" informasiya portalında “Azərbaycanın şimalındakı müəllimlərin tərkibi dəyişdi" sərlövhəli yazımdır".
C. Məmmədli həmin yazıda ABŞ Sülh Korpusunun şimal bölgəsindəki bəzi nümayəndələrinin fəaliyyətini ciddi tənqid etdiyini və onları bəzi məsələlərdə ittiham etdiyini, Derek soyadlı amerikalının adını çəkdiyini söyləyib: “Fərqani Əliyev dedi ki, məhz buna görə işdən çıxarılmışam”.
C. Məmmədli bildirib ki, Azərbaycanda ABŞ-ı təmsil edən, demokratiya və söz azadlığından danışan beynəlxalq təşkilatın tutduğu mövqe ən azından rüsvayçılıqdır
Yazıda adıçəkilən ABC Təhsil, İnkişaf və Liderlik Məktəbinin rəhbəri Fərqani Əliyev isə APA-ya açıqlamasında C. Məmmədlinin “Azərbaycanın şimalındakı müəllimlərin tərkibi dəyişdi" adlı yazısından xəbərdar olduğunu desə də, onun işdən çıxarılmasının başqa səbəbi olduğunu söyləyib: “Onun işdən çıxarılmasının səbəbi işinin öhdəsindən gələ bilməməsi ola bilər. Onun da dediyindən məlum oldu ki, yalnız ”word" proqramında yazı yaza bilir, vəssalam".
İREX-in Azərbaycan nümayəndəliyinin əməkdaşı Ülviyyə Məmmədova məsələ ilə bağlı bu təşkilatın hüquqşünasından açıqlama almağı tövsiyə edib.
Qurumun hüquqşünası Ələsgər Məmmədli isə APA-ya açıqlamasında C.Məmmədlinin yazısına görə işdən çıxarılması ilə bağlı iddiasının qəti şəkildə doğru olmadığını vurğulayıb.

musavat.com

Комментариев нет:

Отправить комментарий