Страницы

09.12.2011

Kitab yazanımızmı yoxdur, yoxsa…?


Gülər Əhmədova
Şekspirin maraqlı bir kəlamı var: “Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır”. Həqiqətən də kitabsız yaşamaq – kor, kar, dilsiz yaşamaq deməkdir. Kitab cəmiyyətin davamlı inkişafını təmin edən ən vacib atributardan biridir. Bəzən özüm-özümə sual verirəm: Respublikada yeni-yeni kitabxanalar açılır, kitab dükanları fəaliyyətə başlayır, amma yeni kitabların əksriyyəti xarici müəlliflərə aiddir. Kitab yazanımızmı yoxdur, yoxsa problem başqadır?
Bu günlərdə Azərbaycan Diplomatik Akademiyasının Kitab Mərkəzində təşkil olunmuş “Şöhrət” ordenli, yazıçı Natiq Rəsulzadənin yeni kitablarının təqdimatında iştirak etdim.

Mən bir çox kitab təqdimatlarında olmuşam. Lakin bu təqdimat zamanı bir çox vacib məqamlar diqqətimi daha çox cəlb etdi. AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev öz çıxışında müxtəlif ölkələrdə əhalinin neçə faizinin aktiv kitab oxucusu olması ilə bağlı statistik rəqəmi açıqladı. Faiz nisbətində Azərbaycanın göstəriciləri olduqca kiçik və qorxunc idi. Bəlkə də, kimlər üçünsə bu, sadəcə, bir rəqəmdir. Amma bu rəqəmin arxasında “intellektual faciə”nin dayandığını hər birimiz çox gözəl dərk edirik. Bu zaman hər kəsin ağlında yalnız bir sual yarandı: nə edək?
Təqdimatdan bir neçə gün sonra öz fəaliyyəti ilə diqqətimi çəkən Nigar Köçərli mənimlə əlaqə saxlayaraq maraqlı bir təklif irəli sürdü. Təklifin əsas mahiyyəti ondan ibarətdir ki, kitab nəşri əlavə dəyər vergisindən (ƏDV) azad olunsun. Təbii ki, Nigar Köçərlinin “bu fikri dəstəkləyirsinizmi?” sualına mən dərhal “əlbəttə” cavabını verdim. Məşhur yazar Herrikin “Kitablar – heç solmayacaq bitkilərdir” deyimi yadıma düşdü. Düşünürəm ki, əvvvəlcə bitkini torpağa düzgün basdırmaq lazımdır, sonra da qulluq etmək. Bizdə kitabı nəşrə başlamamışdan ƏDV onun kökünü ya qırır, ya da zədələyir. İlk növbədə, ona diqqət yetirmək lazımdır ki, əgər kitab üzərindən ƏDV götürülsə, bir çox vacib məsələlər də öz yerinə düşər: ilk növbədə, kitabın qiyməti aşağı düşər, bu da öz növbəsində kitab bazarını xeyli canlandırmış olar.
Bir deyim də var: ümidlə açılıb qazancla bağlanan kitab – yaxşı kitabdır. Təbii ki, burada təkcə maddi yox, eyni zamanda, mənəvi, mədəni və psixoloji qazancdan söhbət gedir. Gəlin, özümüzü bu qazanclardan məhrum etməyək. Məncə, bu haqda düşünməyə dəyər.

Комментариев нет:

Отправить комментарий