Страницы

02.12.2011

Nərmin Hüseynzadə. Fransadan reportaj

Uzaqlar elə Uzaq qalsın…
…Siz heç küçədə gedə-gedə öz yerişinə güzgüdə baxan adam görmüsünüzmü?! Vallah, mən bunu ilk dəfə özümdə gördüm. Çamadanımı arxamca sürüyə-sürüyə bir-iki addım atandan sonra, çevrilib, necə getdiyimə baxırdım güzgüdə. Yoldaşlarım gülürdülər bu hərəkətimə…
…Kinolarda gördüyüm kimi, qatarın pəncərəsindən onlara əl elədim. Qatar adamı başqa cür aparırmış. Qatar adamı doğmalarından düz xətt boyunca, əvvəl asta, çox asta, sonra da get-gedə artan sürətlə qoparırmış. Yenicə yola çıxmışdıq, kövrəlmişdim. Ayrılıq həmişə qüssə gətirir.
Ancaq əmin idim ki, məni qabaqda gözəl günlər gözləyir. Yolçuluğum Uzağa – əvvəl Tiflisə, sonra Praqaya, ordan da Arzularımın Şəhəri bildiyim Parisəydi.

Səhər nəzarətçinin “sərhədə yaxınlaşırıq” xəbərdarlığı ilə açıldı. Sərhədin o tayına – Gürcüstana keçdik, yolumuza davam elədik. Gürcüstan mənim gördüyüm ilk Uzaq idi. Əvvəlcə Bakının küçələrinə, sonra Gəncənin qırmızı kərpicli evlərinə bənzətdiyim Tiflisi çox tez sevdim. Çatar-çatmaz, vaxt itirmədən, gəzməyə başladıq. Qədim tikililəri, kilsələri, küçələri ayaqdan saldıq, yorulub əldən düşənə qədər gəzdik. Uçuş vaxtımız yaxınlaşırdı. Bir az dincəlib, yola davam etməliydik. Elə bununçün də küçədəki pilləkənlərə yenicə pənah aparıb oturmuşduq ki, qucaqlarına, kürəklərinə qalın şalla körpə uşaqlar şəlləmiş arqı-sısqa qızlar qışqıra-qışqıra başımızın üstünü kəsdirdilər. Nə dildə danışırdılar, nə istəyirdilər, anlamırdıq. Əlimi-əlimə vurub: “Eeee, bircə bunlar çatmırdı yorğun vaxtımızda” – demişdim ki, qızın biri əlini belinə qoyub çımxırdı: “Aaaaaz, nə deyirsən aaazz, kəs səsini!” Ah, doğma dil, tanış ifadə! Təbii ki, səsimi kəsməkdən başqa seçimim yoxdu o anda. Bir az susandan sonra ürəklənib, haralı olduqlarını soruşdum qızlardan. Həmin qız elə əvvəlki ədayla da cavab verdi: “Mahsun Kırmızıgülü, Əmrahı tanıyırsız, bax, onlar bizim yerlimizdi” – dedi.
Gülmək tutdu məni.
…Gecədən keçirdi. Aeroporta tələsirdik. Bilmirdim, niyəsə kefim yaman yaxşı idi. Düzü, bir az da həyəcanlı idim. Axı ilk dəfə buludların üstüylə yol gedəcəkdim… Girişdə dayanıb əşyalarımızı yoxlayan əmi kefimin kök olduğunu o dəqiqə hiss elədi. Əməlli-başlı şitlik eləyirdim. Zarafatın dozasını bir az da artırmışdım ki, nəzarətçi “cavab atəşi”ylə həmən məni susdurdu: biletimə baxanda “Bu təyyarə çoxdan uçub axı” – deməklə, guya mənalı bir zarafat elədi, amma əslində ürəyimi qopartdı. Saat 4 tamamda Praqaya uçduq.
* * *
Praqa yadımda ən çox tramvaylarıyla qaldı. Bu şəhərin həm xeyli qədim, həm də kifayət qədər modern görkəmi var. Aeroportdan çıxan kimi birbaşa turist avtobusuna oturub mərkəzə gəldik. Sürücü bizi geri aparmaq üçün, müəyyən olunmuş vaxtda, elə düşürtdüyü yerdəcə gözləyəcəkdi. Elə bil burda doğulub-böyümüş adamlar kimi, arxayınca düşdük küçələrə, böyük, gözəl, qırmızı binaların arasıyla gəzdikcə gəzdik. Bir də onda ayıldıq ki, axşam düşüb, qayıtmaq lazımdı. Bir-birimizə arxayın olub, yola da fikir verməmişdik. Başladıq axtarmağa. Ora qaçdıq, bura yüyürdük, amma nə xeyri… Xeyli müddət bir binanın başına fırlanıb qaldıq. Elə də yağır, elə də yağır, lap köhnə adamlar demiş, guya aftafa lüləyindən su tökürlər. Məcbur olub, Praqanın ilk baxışdan xoşlamadığım, amma normal görünən adamlarına üz tutduq. Dayanacaqda yaşlı bir qadın cavan oğlanla söhbətdəydi. Yaxınlaşıb söz soruşmağımıza peşman olduq. Xala qayıtdı ki, bu dəqiqə sizi öldürərəm burda, niyə rusca danışırsız?! Mənim cavabım öz dilimizdə oldu: “Yox əşşi, bilməmişdim, bağışla sən Allah, 10-ca saat Praqada olacam-olmayacam, çex dilini öyrənməliydim… Pahh, demirsən, cəhənnəmə de!” Qaş-qabağımı düyünləyib, ən yaxındakı yoldaşımın – Günayın əlindən tutub arxamca dartdım. Xalaya da, yanındakı oğlana da fors eləyib, təzədən düzəldik yola. Soruşhasoruş, axtarhaaxtar, yenə bir yana çıxa bilmədik. Başladıq küçənin ortasındaca bir-birimizi günahlandırmağa: bu deyir niyə yolu yadında saxlamamısan, o deyir, sən niyə hardan hara getdiyimizə fikir vermədin. Vaxt keçirdi axı. Beləcə, bir-birimizi qıra-qıra gedirdik ki, birdən nə eşitsək yaxşıdı: “Eşq olsun, Azərbaycan xalqına!” Yenə də doğma dil, tanış ifadə! Gülərüz bir oğlan qarşımızda dayandı. Allah, Allah, sevinməzmiyəm, sevindiyimdən az qala kövrəlməzmiyəm, dərindən bir nəfəs alıb, sonra ona qoşulub ürəkdən gülməzmiyəm?! Oğlanın ilk sualı bu oldu: ”Siz nə vaxtdan bəri niyə bir-birinizi didə-didə eyni binanın başına fırlanırsız, nəsə itirmisiz?” Dəli gülmək tutmasınmı məni… Başımıza gələni tələm-tələsik danışdıq. Əlini 10-15 metr qabağa uzadıb: “Budu haa, axtardığınız buradı” – dedi. Təpədən-dırnağa suyun içində qayıtdıq aeroporta. Tam təbii üsullarla… əynimizi qurudub, səfərin növbəti mərhələsinin xəyallarını qurmağa başladıq. Köhnədən Arzuların Şəhəri olan Parisə yol aldıq. Yenə də buludların üstüylə.
* * *
Paris bizi heç yaxşı qarşılamadı. Ya da biz Parisi görməyə yaxşı halda gəlməmişdik, yorğunduq, halımız yoxuydu. Elə ilk gün yollandıq Tuluza. Tuluz qədim şəhərdi. Qaldığımız yer mərkəzdə, “Janna D,Ark” metrosunun lap yaxınındaydı. Orda olduğumuz müddətdə getdiyimiz hər yerə yol Tuluzun məşhur Capitolo-undan keçdi. Tuluz əslində Fransayla ilk tanışlığımızın məkanı oldu. Fransızların nə yeyib-içdiyini, nəyi sevib, nəyi xoşlamadığını orda öyrəndik. Əslində hər gün nəsə bir yenilik, hər gün bir maraqlı əhvalat olurdu, ancaq mən yenə də darıxırdım… Anladım ki, düz deyirlərmiş: insan hər zaman özünün olmadığı yeri arzulayır, uzaqlarda xoşbəxt olacağını düşünür. Məsələn, mən o günlərdə geriyə – Azərbaycana qayıtmaqdan başqa heç nə arzulamırdım.
Tuluzda ən çox yadımda qalan bunlar oldu: orda həftədə bir dəfə qaradərili sakinlərə lap mərkəzdə ticarət üçün yer ayrılır. Onlar öz milli geyim nümunələrini, əşyalarını, musiqi alətlərini, müxtəlif aksesuarları orda satışa çıxarırlar. Uzaqdan baxanda gözümə bir bayraq sataşdı. Yaxınlaşdım ki, baxım, din qardaşım olduğunu öyrəndiyim adam məni söhbətə tutdu. Azərbaycandan olduğumu eşidəndə bir az fikirləşib özündənrazı tərzdə dilləndi ki, hə, hə, bilirəm, tanıyıram, sonra da ölkəmiz barədə yanlış və düşük bir fikir söyləyib, gözlərini üzümə zillədi. Məyus halda ondan aralandım.
Həmin gün gəzməkdən yorulanda bir fransız kafesində şam eləmək istədim. Menyunun ingiliscə olacağına ümidim vardı, amma boşa çıxdı. Təbii, fransızcamın sıfra bərabər olması məni yeməklərin tərkibini öyrənməkdən məhrum eləmişdi. Püşk atırmış kimi, barmağımı hərləyib sırada üçüncü yeməyin üstünə qoydum, sifariş verdim. On beş dəqiqənin tamamında qabağımdakı boşqaba yekə bir siçan qoysalar, necədi?! Quyruqlu-muyruqlu, qıpqırmizı qızardılmış siçan! Yəqin ki, yemək haqqında bundan sonrakı təəssüratlarımı bilmək istəməzsiz, odur ki, bunun üstündən keçirəm.
Burda da dilənçilərlə “problem”im oldu. Deməli, bir qadın bizim alış-veriş elədiyimiz mağazanın qarşısında oturub dilənirdi. Onu görəndə bizim ürəyiyuxa yoldaşımız Reyhan əlindəki bir topa qırmızı qəpiyi tökdü ovcuma ki, bunu ver ona. Qəpiyi uzatmağıma peşman oldum. Aman Allah, bir o qaldı, qadın abrımızı bükə ətəyimizə ki, mən siz bilən dilənçilərdən deyiləm a, əməlli pul verin, bu nədi… Ərinməz-ərinməz oturduğu yerdən qalxıb, pulu qaytardı, başa saldı ki, az olub, bu pula babat bir şey düşmür. Mat-məəttəl bir ona, bir də əlimizdəki qəpiklərə baxa-baxa qaldıq. Şükür bizimkilərə! Tuluzun soyuq, quru adamları mənə istənilən halda nəzakətli olmağı öyrətdilər: əgər əsəbisənsə, qanın qaradısa, bunun səndən başqa kimsəyə dəxli yoxdu, zəhmət olmasa, ətrafındakıların qanını qaraldıb, zəhləsini tökmə, başının çarəsinə bax! Mütləq onlara gülümsəməli, xoş üz göstərib salam verməli, yaxşı sözlər deməlisən. Onlar belə görüblər, belə öyrəşiblər, belə də eləyirlər. Düzü, mənim də xoşuma gəldi bu cəhətləri.
* * *
Nəhayət, gün o gün oldu ki, biz Tuluzdan Parisə yollanmağı qərarlaşdırdıq. Dolu, ağır çamadanları daşıdıq dəmiryol vağzalına. Bizdəkindən fərqli olaraq, Tuluzda taksi sistemi yox səviyyəsindədi. Ona görə də vağzala metroyla getməli olduq. Tələm-tələsik vaqondan düşməyə çalışırdıq ki, arxadan kiminsə bizi çağırdığını duyub, hamımız birdən geri çöndük. Bir oğlan əlində balaca bir təkər mənə yaxınlaşdı, bizim dilə tərcümədə təxminən belə dedi: “Bacı, ay bacı, bu təkər sizdən düşdü…” Çamadanım, hələ Tuluzdan çıxmamış, ağır zədə almışdı. Bu o deməkdi ki, növbəti gün məni ağır saatlar gözləyir. Gecə qatarla Tuluzdan Parisə gəldik. Qatardan düşüb xəritələrlə yolumuzu müəyyənləşdirməyə çalışırdıq. Aclıq məni özümü xoşbəxt hiss etməyə, Parisin əsl dadını duymağa qoymurdu. Amma aclıq da hərdən adama maraqlı nələrsə yaşada bilir: Biz üç yoldaşdan ikimiz – Reyhanla mən çox acmışdıq. Orda satılan buterbrodun nə qədər dadsız olduğuna Tuluzdan bələd idik. Ona görə də qərara gəldik ki, yeməkçün normal bir yer tapana qədər bir buterbrod alıb, ikimiz yeyək. Sən demə, kənardan bizə göz qoyan varmış. Elə təzəcə başlamışdıq yeməyə ki, bir xanım bizə yaxınlaşıb 1 avro uzatdı, təkidlə almağımızı istədi. Belə anladıq ki, xanım bizim pul dərdindən bircə dənə buterbrod aldığımızı, yarı bölüb yediyimizi düşünüb. 1 avronu da ona görə verib ki, o biri yoldaşımıza da yemək alaq. Hmmm… Madam ki, xanım bu qədər israr edirdi, 1 avronu almalıydım. Belə də elədim.
Uzun bir axtarışdan sonra, çətinliklə otelimizi tapıb yerləşdik. Sonra çıxdıq gəzintiyə. Parisin axşamları yaman gözəl olur. Hər yerdə işıqlar, sakitlik, küçə musiqisi – bunlar hamısı çox gözəldi, amma gözəl olmayan da çox şey vardı. Son üç gündə gəzə bildiyimiz qədər gəzdik Parisi. Senanı, Luvru, Eyfel qülləsini, Notrdamı – görməli çox yeri gördük. Bunların heç birindən aldığım təəssürat mənim darıxmağıma üstün gələ bilmədi, məyusluğumu unutdura bilmədi. Eyfel qülləsini görəndə aldığım ilk təəssürat, dilimə gələn birinci cümlə bu baxımdan çox şey anladır, məncə: “Bııyyy, elə buuu?! İşıq dirəyinə oxşayır ki! Kürdəmirin Sığırlı kəndində doludu ki bundan!” Yəqin ki, həmin an üzümdə son dərəcə bezgin, üzgün bir ifadə vardı. Sonra da gözümün qabağına hansısa kolu, ağacı, nə bilim, dəmir dirəyi müqəddəs bilib, parça, sap, rezin, bir tay corab, əli hər şeydən üzüləndə saçından bir tel bağlayıb, dilək diləyən, arzu tutan həmyerlilərimiz gəldi. Düşündüm ki, Eyfel qülləsi bizdə olsaydı,mütləq “Cındırlı pir”ə dönəcəkdi.
Geri döndüyümüz gün ağlımda bir fikir vardı: Heç demə, Paris mənim Arzularımın Şəhəri deyilmiş. Qoy lap yekəxanalığa yozulsun, amma mən Parisi sevmədim, sevə bilmədim.
…Elə gəldiyimiz kimi də geri döndük. Anladım ki, qayıtmaq hər cür getməkdən gözəldi, vallah!

kultaz.com

Комментариев нет:

Отправить комментарий